Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-64/2024 18.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxx 1995-ci il tarixdə Masallı rayonu, Türkoba kəndində doğulmuş olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-14/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 15 faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 12 fevral 2024-cü il tarixdə, saat 22 radələrində Masallı rayonu, Türkoba kəndi ərazisində yerləşən Şahid1 məxsus fərdi yaşayış evinin həyətində həmkəndlisi Zərərçəkmiş şəxs onu spirtli içki qəbul etməsi səbəbindən yaşadığı evə aparmaq istəməsi ilə bağlı aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncunun sinə nahiyəsindən qəsdən bıçaqla vuraraq Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının ön hissəsində bir ədəd döş boşluğuna nüfuz etməyən kəsilmişdeşilmiş yarası ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, onunla münasibəti hər zaman yaxşı olmuş, əvvəllər aralarında narazılıq və ya düşmənçilik və ədavəti olmamışdır. X1 hərbi xidmətə gedəcəyi üçün xx.xx.2024-cü il tarixdə yaşadığı evin həyətində yığıncaq təşkil etdiyi üçün həmin gün saat 18 radələrində İlkinin yaşadığı evin həyətinə gedib orada olan çadırda əyləşərək həmkəndliləri ilə birlikdə yemək yeyərək spirtli içki qəbul etmişdir. Həmin gün saat 22 radələrində çadırdan çölə çıxıb yaşadığı evə getmək istəyərkən həmkəndlisi Fərid ona yaxınlaşıb onu evinə aparmaq istədiyini demiş və Fərid ilə birlikdə İlkinin yaşadığı evin həyətində künc hissəyə çəkilmişlər. Həmin vaxt ağır dərəcəli sərxoş olduğu üçün Fəridin onu evə aparmaq istəməsi ona pis təsir etmiş, Fəridə özü gedəcəyinə deməsinə baxmayaraq, yenə də Fərid onu evinə aparacağını dediyi üçün bərk əsəbiləşib İlkingilin həyətindən götürdüyü əlində olan bıçaqla sonuncunun sinə nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra etdiyi əməldən peşman olub Fəriddən üzr istəmiş və həmin yeri tək etmişdir. Yaşadığı evə gedərkən bıçağı yolda hazırda xatırlamadığı yerdə tullamışdır. Həmin bıçaq qara dəstəyi olan mətbəx bıçağı olmuşdur. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ondan heç bir şikayəti və tələbi olmadığını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onunla münasibəti həmişə yaxşı olmuş, əvvəllər aralarında hər hansı narazılıq olmamışdır. X1 hərbi xidmətə gedəcəyi üçün xx.xx.2024-cü il tarixdə yaşadığı evin həyətində yığıncaq təşkil etdiyi üçün həmin gün 19 radələrində onlara getmişdir. İlkin Hadıyevin yaşadığı evin həyətində olan çadırda əyləşərək həmkəndliləri ilə birlikdə yemək yeyərək əylənmişdir. Həmin gün saat 22 radələrində çadırdan çölə çıxıb yaşadığı evə gedərkən Təqsirləndirilən şəxs çatıdrdan kənara çıxdığını, ağır dərəcəli sərxoş olduğu üçün yeriyə bilmədiyini görüb, ona yaxınlaşaraq bir neçə dəfə yaşadığı evə aparmaq istədiyini demişdir. Onun bu sözündən sonra Elvin əsəbləşərək bıçaqla onun sol sinə nahiyəsindən vurmuşdur. Həmin vaxt kiminsə onun üzərində qan olmasını görməməsi üçün kənara çəkilmək istəyən zaman İlkinin anası Şahid1 ona yaxınlaşıb üzərində qan izlərini görüb, nə baş verdiyini soruşduqda, o, Nabata Elvin ilə aralarında sözlə mübahisə baş verdiyini və mübahisə zamanı Elvinin onun sinə nahiyəsindən bıçaq ilə vurmasını demişdir. Nabat ona tibbi yardım göstərmək istəməsinə baxmayaraq o, həmin yeri tərk edib yaşadığı evə getmişdir. xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində sinə nahiyəsində ağrı olduğu üçün anası Günel ondan nə baş verdiyini soruşduqda, o, baş vermiş hadisəni anasına danışmışdır. Bundan sonra anası Günel onu Masallı rayon Mərkəzi Xəstəxanasına aparmış, orada həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs bıçaqla ona xəsarət yetirdiyi zaman hava qaranlıq olduğu üçün bıçağın xüsusi əlamətlərini görə bilməmişdir. Hadisə vaxtı əynində olan qara rəngli qış gödəkçəsi, qara rəngli köynəyi və ağ rənli alt paltarı (maykası) deşilərək üzərlərində qan ləkələri olduğu üçün saxlamağa lüzum bilməyib tullamışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayəti, tələbi və iddiası olmadığını qeyd edərək, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi olmaqla münasibətləri həmişə yaxşı olmuşdur. Zərərçəkmiş şəxs isə onun oğludur. X7 hərbi xidmətə gedəcəyi üçün xx.xx.2024-cü il tarixdə yaşadığı evin həyətində yığıncaq təşkil etmiş, bu səbəbdən də Fərid həmin gün saat 19 radələrində onlara getmişdir. Həmin gün saat 23 radələrinədək Fərid evə gəlməmiş, o da yatmışdır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yaşadığı evdə olduğu zaman oğlu Fəridin ağrıyaraq sinə nahiyəsini tutduğunu görüb ondan nə baş verdiyini soruşduqda, Fərid ona xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində İlkinin yığıncağı olan çadırdan çölə çıxıb yaşadığı evə gələrkən Təqsirləndirilən şəxs çadırdan kənara çıxdığını və ağır dərəcəli sərxoş olduğundan yeriyə bilmədiyini görüb, ona yaxınlaşaraq yaşadığı evə aparmaq istədiyini bir neçə dəfə dediyi üçün sonuncunun əsəbləşərək bıçaqla onun sol sinə nahiyəsindən vurduğunu bildirmişdir. Bundan sonra o, Fəridi Masallı rayon Mərkəzi Xəstəxanasına aparmış, orada həkimlər tərəfindən Fəridə tibbi yardım göstərilmiş, daha sonra Masallı RPŞ-nə ərizə ilə müraciət etmişlər. Hazırda Təqsirləndirilən şəxs şikayətçi deyillər. Şahid qismində dindirilmiş X4 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndlisidir, onlarla münasibəti hər zaman yaxşı olmuşdur. İlkin Bəşirov isə onun oğludur. İlkin hərbi xidmətə gedəcəyindən xx.xx.2024-cü il tarixdə onun üçün yığıncaq təşkil etmiş və yaxınlarını həmin yığıncağa dəvət etmişdir. Həmin gün saat 22 radələrində yaşadığı evin həyətinə düşdüyü zaman həyətin künc hissəsində Zərərçəkmiş şəxs üzərinin qan olmasını görüb, dərhal ona yaxınlaşmış və sonuncudan nə baş verdiyini soruşduqda, Fərid ona Elvin spirtli içkinin təsiri altında olduğu üçün onu evə aparmaq istədiyini, lakin Elvinin əsəbləşərək bıçaqla onun sol sinə nahiyəsinə vuraraq xəsarət yetirməsini demişdir. Həmin vaxt Elvini orada görməmişdir. Bundan sonra Fəridə ilkin tibbi yardım göstərmək istəməsinə baxmayaraq, Fərid oradan uzaqlaşaraq çıxıb getmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Türkoba kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X5» Publik Hüquqi şəxsin Masallı MTE və PA şöbəsinin 13 fevral 2024-cü il tarixli 141 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının ön hissəsində bir ədəd döş boşluğuna nüfuz etməyən kəsilmiş-deşilmiş yara müəyyən olundu, müəyyən olunan xəsarət kəsici-deşici əşyanın, ola bilər ki, bıçağın təsirindən törənmiş, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-14/2023 saylı hökmündən və Masallı ryon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 2-475/24-62-16 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Həmçinin, xx.xx.2022-ci il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına CM-nin 73.2-ci maddəsinə əsasən xitam vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmasını Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmamasını, əməlindən peşman olmasını və təqsirini etiraf etməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində əvvəllər Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinin icraatına CM-nin 73.2-ci maddəsinə əsasən xitam verildiyi üçün hazırki cinayət işi üzrə zərərçəkmiş şəxslə barışsa da, iş üzrə icraata xitam verilməsi yol verilməzdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-52-1.2.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Bundan əlavə Məcəllənin 52-1.3.1-52-1.3.4-cü maddələrinə əsasən məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, islah olunmasına kömək edən digər vəzifələr qoya bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. İş üzrə üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 68.3.1-ci maddələrinə əsasən Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-14/2023 saylı hökmü ilə təyin edilmiş aylıq qazancından 15 (on beş) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 1 (bir) il müddətə islah işləri cəzasının iki günü azadlığın məhdudlaşdırılması cəzasının bir gününə hesablanmaqla, hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və üzərində qəti olaraq 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrası yaşadığı yer üzrə Masallı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin və cəzaçəkmə müddətinin əvvəli həmin orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-64/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-64/2024
18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver