Məhkəmə qərarları › İş №1(050)-65/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-65/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-65/2023 29.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996 ildə Masallı rayonu, Musaküçə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 il 01 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində “8 noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci Qərarının 5-ci bəndi tətbiq edilməklə azadlığın məhdualaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il müddətə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəza müddəti bitdiyindən qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 09 yanvar 2023-cü il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20 radələrində ünvan 1 ünvanında yaşayan tanışı X5 yaşadığı ünvanda sonuncudan 35 manat pul müqabilində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 1 büküm, təmiz çəkisi 0,449 qram narkotik vasitə heroini qanunsuz əldə edərək üzərində saxlamış, Masallı RPŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2023-cü il tarixdə təqribən saat 22 radələrində Masallı şəhəri, Dadva küçəsində saxlanılaraq Masallı RPŞ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükülüdə, təmiz çəkisi 0,449 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, bir müddətdir ki, ustalıq işi ilə əlaqədar olaraq bədənində olan ağrılar səbəbindən narkotik vasitə heroindən istifadə edir. 09 yanvar 2023cü tarixdə axşam saatlarında bədənində ağrılar olduğundan narkotik vasitə heroin əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə əvvəllər tanıdığı, Masallı rayonu, Dadva məhəlləsində yaşayan “Paxan” ləqəbi ilə tanınan Fəxrəddin adlı şəxsin mobil nömrəsinə zəng edərək, bədənində ağrılar olmasını və ona narkotik vasitə heroin lazım olduğunu bildirmişdir. Fəxrəddin isə mobil telefondan ondan narkotik vasitə istədiyinə görə ona iradını bildirmiş və onun yaşadığı evə getməsini xahiş etmişdir. O, yaşadığı evdən çıxıb Masallı şəhəri, Dadva küçəsinə Fəxrəddinin yaşadığı evə getmiş və qapını evinin həyət qapısını döymüşdür. Fəxrəddin küçəyə çıxmış və cibindən 1 ədəd bükümdə olan narkotik vasitəni çıxararaq demişdir ki, həmin maddə kakos deyilən heroindir və o, həmin maddəni 35 manat qarşılığında almışdır. Fəxrəddin evinə keçmiş, o, isə aldığı narkotik vasitəni əynində olan gödəkçəsinin cibinə qoyub evə getmişdir. Təxminən 2 saat evdə olmuşdur. Masallı şəhəri, Dadva küçəsində insanların gedişi az olduğundan və narkotik vasitəni qəbul etmək üçün əlverişli şərait olduğundan həmin küçəyə gəlmişdir. Saat təxminən 22 radələrində Dadva küçəsi ilə bir qədər hərəkət etmişdir ki, tanımadığı 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmışdır. Həmin şəxslər xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitələrin gəzdirməkdə şübhəli olduğundan onu Masallı RPŞ-yə dəvət etmişlər. Polis əməkdaşları ilə razılaşmış, polis şöbəsində onu təhqiqatçının xidməti otağına aparmışlar və o, şübhəli şəxs qismində tutulmuşdur. Müdafiəçinin iştirakı ilə video görüntü aparılmaqla üzərinə baxış keçirilməzdən öncə qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanın üzərində olub-olmaması barədə sual verilmişdir. Üzərinə baxış keçirələcəyini görüb əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində şəffaf sellofan bükülüdə saxladığı narkotik vasitə heroini polis əməkdaşlarına təqdim etmişdir. Üzərindən aşkar olunan narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və çəkisi 0,48 qram olması müəyyən edilmişdir. Üzərinə və əynində olan paltarlara şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş əlavə hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar olunan narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən Masallı RPŞ-yə gətirildikdə, üzərində şəxsi axtarış aparıldıqda ona qarşı heç bir fiziki təsir və ya psixi təzyiq olunmamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Masallı RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili vəzifəsində işləyir. 09 yanvar 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Masallı rayonu, Musaküçə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda və istifadəsində şübhəli olması göstərilmişdir. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılaraq Masallı RPŞ-yə gətirilməsi ilə əlaqədar tərəfindən Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis kapitanı X11 və Masallı RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid1 üzvlüyü ilə “Təxirə salınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi” haqqında qərar qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 22 radələrində Masallı şəhəri, Dadva küçəsində Təqsirləndirilən şəxs polis nəfəri Şahid1 köməkliyi ilə saxlanılmışdır. Həmin vaxt orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığına görə onu Masallı RPŞ-yə dəvət etmişlər. Şahin Əsgərli heç bir etiraz etməmişdir və Təqsirləndirilən şəxs Masallı RPŞ-nin inzibati binasında baş X15un xidməti otağına gətirilmişdir. Orada şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına Müdafiəçi ilə təmin edilmişdir. Daha sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya varsa, könüllü olaraq təqdim etməsi təhqiqatçı tərəfindən təklif olunmuş, həmin vaxt Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini görüb əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd şəffaf sellofan bükülünü çıxardıb iştirakçılara təqdim edərək həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Dadva küçəsində yaşayan “Paxan” ləqəbli Fəxrəddin adlı şəxsdən 35 manata aldığını bildirmişdir. X15 tərəfindən Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına şəxsi axtarış keçirilən zaman onun üzərində qanunla qadağan edilmiş əlavə hər hansı bir əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüdə olan narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilərək 0,48 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin zərfdə qablaşdırılmış və DİN-nin 90 saylı möhürü ilə möhürlənmişdir. Üzərinə iştirakçılar tərəfindən imzalar edilmiş, şəxsi axtarış barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verərək X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçəsinin sağ yan cibində şəffaf sellofan bükümdə aşkar edilməsi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 Bölməsinin məhkəmə fiziki-kimyəvi ekspertizasının 10 yanvar 2023-cü il tarixli 19/26 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi-0,449 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,449 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,399 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X4 X16 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 31 saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs OPOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 09 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatlarından sonra ümumi qalıq çəkisi 0,399 qram narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkar olunduğu görüntünün olduğu video disk cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 01 ay 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 25 fevral 2022-ci il tarixli 7(050)-60/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 noyabr - Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci Qərarının 5-ci bəndi tətbiq edilməklə azadlığın məhdualaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il müddətə azaldılmışdır. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra və Probasiya şöbəsinin 16 yanvar 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində Masallı Rayon Məhkəməsinin 1(050)-149/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü və hökmün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə Masallı Rayon İcra və Probasiya şöbəsinin qeydiyyat kitabından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra Hakimiyyəti başçısının Musaküçə inzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Əkbərli X9 rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla atası X8, anası X2 ibarət ailə tərkibində yaşayır, onun barəsində Masallı rayon İHB-nın Musaküçə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf edərək, peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlukəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan, qətimkan tədbirinin seçilməsinə dair Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2023-cü il tarixdə saat 22:40-da şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2., 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmağa başlandığı 09 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X4 X16 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 31 saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs OPOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan təmiz çəkisi 0,399 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmışi) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 09 yanvar 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,399 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar