Məhkəmə qərarları › İş №1(050)-67/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-67/2025

29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-67/2025 29.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Masallı rayonu Təklə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Masallı rayon MKTB-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Masallı rayonu Mollahəsənli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 20 dekabr 2024-cü il tarixdə, saat 12:41-də Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri H.Əliyev prospektində saxlanılmış, həmin yerdə üzəri yoxlanılan zaman əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi - 0,379 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə ona əməliyyat məlumatı daxil olmuşdur ki, Masallı rayonu Mollahəsənli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə edib, qanunsuz olaraq üzərində daşıyır və istifadəsi ilə məşğuldur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Daha sonra əməliyyat qrupu yaradılmış və o, həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin CAB-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Şahid3 təyin edilmişlər. Sonra əməliyyat məlumatı daxil olmuşdur ki, Ataşov X3 şəhəri H.Əliyev prospektində piyada hərəkət halındadır. Saat təxminən 12 radələrində o, Şahid2 və Şahid3la birlikdə oraya yaxınlaşaraq videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs saxlamışlar. Sonra onlar Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdərək qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu, üzərində narkotik maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan altdakı qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd siqaret qutusunu çıxararaq təqdim etmişdir. Həmin siqaret qutusunun qoruyucu sellofanının arxa hissəsində bir ədəd gümüşü rəngli büküm olmuşdur, bundan başqa əynində olan üst gödəkçəsinin sol üst cibindən bir ədəd mobil telefon və üst gödəkçəsinin sol yan cibindən isə bir cüt əlcək çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxıldıqda içərisində metamfetaminə bənzər kütlə aşkar olunmuş və o, həmin bükülünü elektron tərəzidə çəkmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin maddənin istifadəçisi olmadığını, H.Əliyev prospektində yerləşən zibilqabının yaxınlığında tapdığını və həmin maddəni gələcəkdə istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. O, həmin bükülünü elektron tərəzidə çəkdikdən sonra ağ rəngli zərfdə qablaşdırmış, eləcədə aşkar olunmuş mobil telefonuda qablaşdırmışdır. Əlcəkləri isə özünə qaytarmışdır. Bundan sonra həmin yerdə texniki imkanlar kifayət qədər olmadığından Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verdikləri müəyyən edildi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs onun iş yoldaşı olmuşdur, birlikdə işləmişlər, hətta Təqsirləndirilən şəxs onun yaşadığı evdədə olmuş, duz-çörəkdə kəsmişlər. Təqsirləndirilən şəxs ilə münasibəti həmişə yaxşı olmuş, aralarında heç bir ədavət, düşmənçilik və qərəzli münasibətləri olmamışdır. Sadəcə övladı birinci qrup əlil olduğundan və vəziyyəti pis olduğundan pula ehtiyacı olmuşdur, eləcədə Arzumanıda uzun müddət görmədiyindən Arzumanı çağırmışdır ki, “Arzuman gəl səninlə işim var” deyə. 20 manat pul ehtiyacı olmuşdur, işçi yoldaşı olmuşlar, əvvələr bir-birilərini pul alıb-vermişlər. Arzumanın yanına çatdığı zaman işə arvadı ona zəng vuraraq pul tapdığını bildirmişdir. Buna görə də o, Arzumandan borc istəməyib onunla görüşüb salamlaşmışdır. Bu vaxt Arzuman ona siqaretinin olmadığı bildirərək ondan siqaret istəmişdir. Oda üzərində olan siqaretdən üç gilə çıxarıb Arzumana vermişdir. Daha sonra Arzumanla sağollaşaraq yanından uzaqlaşıb getmişdir. Sonradan Arzumanın başına nə hadisə gəlib harda nə iş görüb, nə ilə məşğul olmuşdursa onun günahkarı o, deyildir. Arzuman özü dəfələrlə ona müraciət edərək bildirmişdir ki, “Teymur şüşədən, yəni psixotrop maddəsən mənim üçün təşkil elə”. O, isə bildirmişdir ki, “Arzuman mən elə bir şeylə məşğul deyiləm, eləmirəm”. Vaxtı ilə olub cəzasını çəkib qurtarmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etdi ki, verilmiş ifadələr yalandır. O, zibillikdən nə siqaret tapmamış, nə narkotik vasitəni tapmamışdır. Toğrul, Şahmar və digər əməkdaş onu məcbur etmişlər, onu vurmasalarda biri onun gözünü oymuş, digər dizi ilə kürəyini oymuşdur ki, “sən bunları tapmısan”. Oda qorxusundan tapdığını demişdir. Sonra ondan istifadəçisi olmasını soruşmuşlar, o, isə istifadəçisi olmadığını, istifadə etmək istədiyini bildirmişdir. Bunları qorxudan demişdir. Polis əməkdaşları əsasəndə Toğrul ona müqavimət göstərmişdir. Onu söymək istəmişlər, lakin söyməmişlər. Teymur ona zəng etmiş harada olduğunu soruşmuş, o, harada olduğunu demiş, həmin vaxt H.Əliyev prospektində olmuş və marşuruta minməyə getdiyini bildirmiş, Teymur isə ona onu gözləməsini bildirmişdir. Oda Teymuru gözləmiş və Teymur gəlmişdir. Teymur gəldikdən sonra onu qucaqlamış, üzündən öpmüş və çıxıb getmişdir. Təxminən 3-5 dəqiqə içində olmuşdur. Teymurdan hara getdiyini soruşmuş, Teymur cavabında evə getdiyini bildirmişdir. Oda marşurut dayanacağına tərəf qalxmışdır. Yolda hərəkətdə olduğu zaman üç nəfər şəxs onu tutub itələyərək BMW markalı maşına salmışlar. O, həmin şəxslərdən kim olduqlarını soruşmuş həmin şəxslərdə əməliyyatçı olduqlarını demişlər. O, nə olduğunu, nə səbəbə olduğunu soruşmuş, həmin şəxslərdə üzərində narkotik vasitə olduğunu bildirmişlər. Onu polis şöbəsinə aprdıqları zaman Şahmar ona “o, göy kurtkalını 3-4 günə ver mənə” demişdir. Oda “mən bilirəm, o sizin adamdı, sizə işləyir, mənimdə cibimə narkotiki o atdı, nə oldu o, məndən aralanan kimi siz məni dərhal tutduz” demişdir. Həmçinin “mən sizə işləmirəm” demişdir. Polis əməkdaşıda “işlədə bizə niyə işləmirsən, 48 saat otur, 48 saatdan sonra o, göy kurtkalının 3-4 ərzində verərəsən mənə, verməsən kişi deyilsən” demişdir. Oda cavabında elə bir iş görə bilməyəcəyini demişdir. Sonra telefonunu əlindən almışlar, bir aydan sonra telefonu qaytarmışlar. Telefonu onlarda olan zaman telefonunda olan Teymura aid səs yazılarını, telefon nömrəsini pozmuşlar. Teymur ona gizli pullarını olduğunu bildirmişdir. O, Teymurun evinin harada olduğunu bilmir, bu günədək Teymurun evində olmamışdır. Teymur özü narkotiklə bağlı məhkum olunmuşdur. Narkotik vasitəni onun cibinə Teymur atmışdır. Himayəsində xəstə uşağı vardır. Həyat yoldaşı ankoloji xəstədir. Kamxozda işləyir, aylıq 300 manat əmək haqqı alır. Ailəsinidə həmin əmək haqqı ilə dolandırır. Bu günə kimi narkotik vasitədən istifadə etməmişdir. Qorxusundan istifadə etdiyini demişdir. Teymur onun yanına iki ədəd itlə gəlmiş, itləri ağaca bağlamışdır, çünki Teymur it tutan işləyir. Teymur təxminən bir aydan artıq müddətdir ki, işdən çıxarılmışdır. Məhkəmədən barəsində bəraət verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ona qarşı ittiham elan edilmiş cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilən mötəbər sübut növləri ilə (təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsi, əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara baxış keçirilməsi, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində dindirilməsi barədə protokollar və həmin protokollara əlavə edilmiş 03 ədəd CD diski, aparılmış üzləşdirmə haqqında istintaq protokolları) tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin ifadəsini səmimi qəbul etməməklə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. Masallı rayon Mənzil Kommunal Təsərrüfat Birliyində fəhlə işləyir və şəhər ərazisində urnalaradan məişət tullantıların zibil maşınlarına yığılması fəaliyyətilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Masallı şəhəri Heydər Əliyev prospektində yerləşən “Bazarstore” ərzaq mağazasının yaxınlığında olan zibil qutusuna nəzər yetirdiyi zaman orada açıq vəziyyətdə bir ədəd “Manchester” markalı siqaret qutusunun olduğunu görüb həmin qutunu əlinə götürmüş və qutunu açdıqda içərisində bir neçə ədəd siqaret və bir ədəd gümüşü rəngli bükümdə olduğunu görmüşdür. Bundan sonra həmin bükümü açıb içərisinə baxdığı zaman içərisində ağ rəngdə olan maddə görmüş, lakin, həmin maddənin nə olduğunu bilməmişdir. Sonra həmin bükümü bağlayaraq siqaret qutusunun qoruyucu sellofanın arxa hissəsinə keçirmiş və əynində olan gödəkçənin sağ yan cibinə qoymuşdur. Daha sonra zibil maşını ora yaxınlaşmış və o, məişət tullantılarının olduğu urnanı maşına qoşub urna boşaldıqdan sonra öz yerinə qaytarıb oradan uzaqlaşmışdır. Həmin yerdən təxminən 100 metr məsafədə uzaqlaşıb piyada addımlarla hərəkət edərkən iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərinin Masallı RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt özünü Masallı RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 kimi təqdim edən şəxs üzərində videoçəkiliş aparılmaqla yoxlama aparılacağını və üzərində qanunla qadağan edilmiş hər hansı bir maddə vardırsa təqdim etməyini ona təklif etmişdir. O da əynində olan gödəkçənin sağ yan cibindən siqaret qutusunu çıxarıb təqdim edərək içərisində şüşə, yəni, psixotrop maddə metamfetamin bükümü olduğunu və tapdığını polis əməkdaşlarına bildirmişdir. Həmçinin üzərində olan bir ədəd özünə məxsus “Xiaomi Redmi 6” markalı mobil telefonu və bir cüt iş əlcəyini polis əməkdaşlarına təqdim etmişdir. Şahid1 tərəfindən onun təqdim etdiyi büküm açıldıqda içərisində psixotrop maddə metamfetamin olduğu müəyyən olunmuşdur. Bundan sonra Şahid1 tərəfindən onun üzərindən aşkar olunan metamfetamin bükümü elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 0,56 qram olduğu müəyyən olunmuş, sonra kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri DİN-in 90 saylı möhürü ilə möhürlənmiş və zərfin üzərinə imzalar edilmişdir. Daha sonra Şahid1 tərəfindən onun təqdim etdiyi özünə məxsus “Xiaomi Redmi 6” markalı mobil telefonu kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri DİN-in 90 saylı möhürü ilə möhürlənmiş və zərfin üzərinə imzalar edilmişdir. Şahid1 tərəfindən onun üzərində yoxlama aparılmış və üzərindən başqa qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə aşkar olunmamışdır. Polis əməkdaşı Şahid1 ondan üzərindən aşkar edilərək götürülmüş metamfetamin bükümünü haradan əldə etdiyini soruşduqda o, həmin bükümü xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Masallı şəhəri Heydər Əliyev prospektində yerləşən zibil qabından açıq vəziyyətdə olan siqaret qutusunun içərisində tapdığını və gələcək də istifadə etmək məqsədilə siqaret qutusu ilə birlikdə üzərində daşıdığını bildirmişdir. Daha sonra Şahid1 tərəfindən onun üzərindən aşkar olunan bir cüt əlcəyi özünə geri qaytarılaraq Masallı RPŞ-yə aparılacağı barədə ona məlumat verilmiş və o, Masallı RPŞ-yə aparılmışdır. Orada xidməti otaqlardan birində özünü Masallı RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Xalid Qurbanov kimi təqdim edən şəxs qanunsuz olaraq üzərində narkotik vasitələri saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək onu şübhəli şəxs kimi tutub hüquq və vəzifələrini ona elan edib bu barədə ona bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində X10 hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra o, Masallı RPŞ-nin MSY-yə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən Masallı RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və üzərində narkotik vasitə daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyataxtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 20 dekabr 2024-cü il tarixdə, saat: 12:41 dəqiqədə Masallı şəhəri H.Əliyev prospektində saxlanılaraq üzəri yoxlanılan zaman özü boz qırmızı rəgli gödəkçənin altında olan qara rəngli gödəkçənin sağ yan cibindən 01(bir) ədəd gümüşü bükümü və əynində olan boz qırmızı rəngli gödəkçənin sol sinə cibindən bir ədəd mobil telefonu çıxardıb təqdim etmiş, üzərindən aşkar olumuş psixotrop maddə metanmetaminə oxşar kütləni xx.xx.2024-cü il tarixdə səhər saat təxminən 10 radələrində Masallı şəhəri ərazisində tapdığını, üzərində saxlayaraq Masallı şəhəri H,Əliyev prospektinə gəldiyni demişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş həmin bir ədəd bükümə baxış keçirərkən onun psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüş, sonra həmin metamfetaminə bənzər maddəni sellofanla birlikdə elektron tərəzidə çəkmişdir və ümumi çəkisinin 0,56 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin psixotrop maddə metamfetaminə bənzər maddəni və mobil telefonu orada ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyaraq qablaşdırmışdr. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyd olunanlardan başqa qanunla qadağan olunmuş hər hansı maddə və predmet aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı X5 tərəfindən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən əməliyyataxtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və Masallı RPŞ-nin KTQ-nun baş inspektoru Şahid3 tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış maddə olan zərf və baxış keçirilməsi barədə video görüntünü əks etdirən CD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman 01 ədəd bükümdə metamfetaminə bənzər psixotrop maddə olmuş və həmin büküm elektron tərəzidə çəkilərkən 0,50 qram olmuş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis kapitanı X6 tərəfindən müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, o, omumiyyətlə narkotik vasitə istifadə etməmişdir, nə olduğunu belə bilmir, əvvəllər məhkum olunmamışdır. Masallı rayon, Mənzil Kommunal Təsərrüfat Birliyində fəhlə işləyir və şəhər ərazisində məişət tullantıların zibil maşınlarına yığılması fəaliyyətilə məşğul olur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Masallı şəhəri Heydər Əliyev prospektində yerləşən “Bazarstore" ərzaq mağazasının yaxınlığında olan zibil qutusunda olan zibilləri təmizlədiyi zaman zibil qabının içində açıq vəziyyətdə bir ədəd “Manchester” markalı siqaret qutusunun olduğunu görüb həmin qutunu əlinə götürmüş və qutunu açdıqda içərisində təxminən 12-13 ədəd siqaret və bir ədəd gümüşü rəngli bükülü olduğunu görmüşdür. Bundan sonra həmin siqaret qutusunun qapağını bağlayıb çibinə qoymuşdur. Lakin, həmin bükülüdə nə olduğunu bilməmişdir. Eləcədə psixotrop maddə barədə eşitmiş olsada, lakin onun nə olduğunu bilməmişdir. Hazırdada düşünür ki, həmin bükülünü niyə atmamışdır. Səbəbini bilmir. Üzərində gəzdirməkdədə nə məqsədinin olmasını heç özüdə bilmir, çünki bir məqsədi olmamışdır. Tapmış olduğu maddəni ümumiyyətlə istifadə etmək niyyəti olmamışdır, nə tapdığı zaman nədəki gələcəkdə. Gərək tapdığı zaman həmin bükülünü atardı. Lakin axmaqlıq edərək atmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsi tərəfindən təqdim edilmiş 21 dekabr 2024-cü il tarixli, 19/789 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd bükümdə metamfetaminə bənzər kütlə.....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,379 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir (metamfetaminin təmiz çəkisi 0.379 qram, tədqiqata sərf edildi 0,07 qram, qalıq 0,309 qram). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X11 Yoxlamanın nəticələrinə dair 23 dekabr 2024-cü il tarixli, 855 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Masallı rayon İHB-nin Təklə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Ataşov X3 rayonu Mollahəsənli kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun ailə tərkibi arvadı xx.xx.1965-ci il təvəllüdlü X4, qızları xx.xx.1993-cü il təvəllüdlü X7, xx.xx.1994-cü il təvəllüdlü X8 və xx.xx.2003-cü il təvəllüdlü X2 ibarətdir. İş materiallarında olan 268509 vəsiqənin surətindən görünür ki, X7 ikinci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkoloji Mərkəzində aparılmış Ulrtasəs müayinəsinin nəticəsindən görünür ki, Alimə Ataşovada hər iki süd vəzisində fibroz-kistoz, mastopatiya, hər iki süd vəzisində kistalar, sağ süd vəzisində mikrokista və kistalar aşkarlanmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, şahidlərin ifadələri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi, əməliyyat axtarış tədbirlərini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi və şübhəli şəxs qismində dindirilməsi barədə video çəkiliş aparılması barədə CD disklər, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilən zaman vermiş olduğu ifadələri, aparılmış üzləşdirmə haqqında istintaq protokolları, həmçinin işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan aparılmış istintaq hərəkətləri zaman özünü tam şəkildə təqsirli bilərək üzərindən aşkarlanmış narkotik vasitənin ona məxsus olmasını etiraf etmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 sentyabr 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, arvadının xəstə olmasını və himayəsində ikinci qrup əlil övladının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də, təmin edilə bilər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Odur ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut kimi tanınaraq Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,309 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi, əməliyyat axtarış tədbirlərini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi, şübhəli şəxs qismində dindirilməsi və təqsirləndirilən şəxsin Şahid4 ilə üzləşdirilməsi barədə videogörüntüləri özündə əks etdirən 04 (dörd) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,309 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi, əməliyyat axtarış tədbirlərini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi, şübhəli şəxs qismində dindirilməsi və təqsirləşdirilən şəxsin Şahid4 ilə üzləşdirilməsi barədə videogörüntüləri özündə əks etdirən 04 (dörd) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar