Məhkəmə qərarları › İş №1(050)-69/2023

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-69/2023

28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-69/2023 28.03.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Heydərov Rəşad Allahyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. 15 avqust 1996-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, tələbə, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Lürən kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həmkəndlisi Zərərçəkmiş şəxs, 1925 manat pul müqabilində yaşadığı Lürən kənd ərazisində yerləşən orta məktəbdə xadiməçi olaraq işə düzəldəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Masallı rayonu, Lürən kəndində yaşayan Zərərçəkmiş şəxs fərdi yaşayış evinin həyətində 2021-ci ilin aprel ayının əvvəllərində əvvəlcə 500 manat, iyul ayın ayında 700 manat, okyabr ayında 150 manat, 2022-ci ilin iyul ayında 540 manat, avqust ayında isə 35 manat pulu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 1925 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Elnurə ilə aralarında əvvəllər heç bir ədavət və düşmənçiliyi olmamışdır. 2021-ci ilin aprel ayında o, qonşusu Elnurənin yaşadığı evin həyətinə getmişdir. Elnurə ona demişdir ki, işləmək üçün iş yeri axtarır və iş tapmaq məsələsində köməklik etsin. Həmin vaxt onun pula ehtiyacı olduğu üçün Elnurəni aldadaraq köməklik edəcəyini bildirmişdir. Səhəri gün o, Elnurəyə demişdir ki, Masallı rayon, Lürən kəndində yerləşən orta məktəbdə xadiməçi olaraq işə düzəldə bilər. Bunun üçün ümumilikdə 2000 manat pul lazım olacaq. Elnurə əvvəlcə ona 500 manat yaşadığı evin həyətində ona vermişdir. O, Elnurəyə demişdir ki, işlə təmin olunmasında Bakı şəhərində yaşayan Cavid adlı dostu köməklik edəcək. 2021-ci ilin iyul ayında isə o, yenidən Elnurənin yaşadığı evə getmiş və demişdir ki, işi düzəlmək üzrədir və bunun üçün 700 manat da pul lazımdır. Elnurə bir neçə günə həmin 700 manat pulu düzəltmiş və ona vermişdir. O, Elnurəyə demişdir ki, Bakı şəhərində yaşayan Cavid adlı tanışı birbaşa olaraq Təhsil Nazirliyi vasitəsilə işi dürüb-qoşacaq. O, Elnurəyə demişdir ki, bir neçə ay gözləsin, sonra işlə təmin olunacaqdır. Bir müddət sonra Elnurə onu öz evinə çağırmışdır. Elnurə ondan işinin nə yerdə olduğunu soruşduqda demişdir ki, işi düzəlmək üzrədir və bunun üçün Bakı şəhərinə gedib Cavid adlı şəxslə görüşməlidir. Elnurədən Bakı şəhərinə getmək üçün əlavə olaraq 150 manat da pul almışdır. Bir neçə gün sonra Elnurə yenidən onu evinin həyətinə çağırmışdır. O, Elnurəyə demişdir ki, Masallı rayon, Lürən kənd orta məktəbində xadiməçi kimi işə düzəlməsi biraz vaxt çəkir. Elnurə ondan əgər alınmırsa, ona verdiyi ümumilikdə 1350 manat pulu qaytarmasını istəmişdir. 2022-ci ilin iyul ayında o, Elnurəyə demişdir ki, əlavə olaraq 540 manat pul lazımdır ki, Bakı şəhərinə gedərək, Fərrux adlı şəxsə versin. 2022-ci ilin avqust ayında Elnurə həmin 540 manat, həmçinin onun Bakı şəhərinə getməsi üçün əlavə olaraq 35 manat pulu düzəltmiş və ona vermişdir. O, tezliklə Elnurənin işlə təmin olunacağını demiş və Bakı şəhərində yaşayan tanışı Cavid adlı şəxsin nömrəsini vermişdir. Çünki o, həmin pulu Elnurədən həqiqətdə onun pula ehtiyacı olduğu üçün işə düzəldəcəyi adı ilə almışdır. Fikirləşmişdir ki, iş adı ilə biraz vaxt keçəcək və o, Elnurədən aldığı pulu qaytaracaq. Lakin Elnurə işi ilə bağlı ondan hər gün soruşumuş. O, da Bakı şəhərində yaşayan tanışı Cavid adlı şəxsə telefonla zəng edərək, məsələ barədə məlumat vermiş və Elnurə adlı şəxsin ona zəng edəcəyi təqdirdə guya ki, işə düzəltmək üçün onun Cavidə müraciət etdiyini bildirmişdir. O, Cavidin özünü də, Elnurəni işə düzəldəcəyinə inandırmışdır. Elnurə daha sonra Cavidin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə telefonla zəng etmiş, həmçinin “Watssap” proqramı vasitəsilə mesajlar yazmışdır. Cavid də onun sözü ilə Elnurəyə bildirmişdir ki, Təhsil Nazirliyində işləyən tanışı Fərrux adlı şəxsin köməkliyi ilə tezliklə işlə təmin olunacaqdır. 2022-ci ilin oktyabr ayında o, Elnurəyə demişdir ki, Elnurənin məktəbdə xadiməçi olaraq işə düzəlməsi məsələsi alınmır. Buna görə də alınmış pul Elnurənin özünə qaytarılacaq. Hətta Elnurəyə demişdir ki, özü üçün bankdan kart hesabı açılsın ki, onlar Elnurəyə pulu göndərək. Elnurə də "xxxx"dan özü üçün pul kartı almışdır ki, onlar həmin hesaba pulu göndərəcək. Həqiqətdə Elnurəyə işə düzəldəcəyi vədini o, vermiş, işə düzəltmək adı ilə pulu o, almış və aldığı 1925 manat pulu qaytarmasını öz öhdəsinə götürmüşdür. Maddi vəziyyəti pis olduğuna görə pulu vaxtında qaytara bilməmişdir. Əməlindən peşmandır, hazırda zərərçəkmiş şəxsə dəymiş ziyan valideynləri tərəfidən tam olaraq ödənilmişdir. Ona görə də barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək səmimi peşmançılığını, Zərərçəkmiş şəxs ilə barışmasını və vurulmuş zərəri aradan qaldırmasını nəzərə alaraq barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Sahiblə əvvəllər aralarında heç bir ədavət və düşmənçilik münasibəti olmamışdır. Sahibin təxminən 26-27 yaşı vardır və hazırda Lənkəran Dövlət Universitetində oxuyur. Onun maddi çətinlikləri olduğundan iş axtarmaq qərarına gəlmişdir. 2021-ci ilin aprel ayında Sahib onun olmuş və o, Sahibə iş axtarmasını bildirmişdir. Sahib ona demişdir ki, Masallı rayon icra hakimiyyətində tanışı Cavid adlı şəxs vardır və həmin Cavid adlı şəxsin köməkliyi ilə onu guya ki, Lürən kənd tam orta məktəbində xadiməçi düzəldəcək. Bunun üçün ümumilikdə təxminən 2000 manat pul lazımdır ki, Cavid adlı şəxsin onu işə düzəldəcəyi müqabilində pulu həmin Cavid adlı şəxsə versin. O, da Sahibə etibar etdiyi üçün razılaşmış və demişdir ki, hazırda 2000 manat pulu yoxdur, həmin pulu hissə-hissə verə bilər. Sahib də onunla razılaşmışdır. Bir neçə gün ərzində o, 500 manat pulu düzəltmiş və Sahibə onun evinə gəlməsini xahiş etmişdir. Sahib onun evinin həyətinə gəlmiş, o, həyətə düşüb Sahiblə görüşmüş və 500 manat pulu vermişdir. Sahibin deməsinə görə həmin 500 manat pulu Cavid adlı şəxsə verəcəkdir. Bir müddət sonra o, Sahibdən işinin nə yerdə olduğunu soruşduqda, Sahib ona demişdir ki, Cavid adlı şəxsi işdən çıxarıblar və hazırda Bakı şəhərində yaşayır. Buna görə də onun işə düzəlməsi alınmamışdır. O, Sahibə demişdir ki, əgər alınmırsa onun 500 manat pulunu geri qaytarsın. Sahib isə ona demişdir ki, tanışı Cavid adlı şəxs onun iş məsələsini Bakı şəhərində birbaşa olaraq Nazirlik vasitəsilə həll edə bilər və bunun üçün 700 manat pul da lazımdır. 2021-ci ilin iyul ayında o, Sahibə yenidən 700 manat pulu yaşadığı evin həyətində vermişdir. Sahib tezliklə onun işlə təmin olunacağını bildirmişdir. 2021-ci ilin oktyabr ayında onlara gələrək, yenidən ondan 150 manat pul almışdır. Sahibin deməsinə görə Bakı şəhərinə getmiş və işinin alınmadığını bildirmişdir. O, Sahibdən əgər işi alınmırsa, onun Sahibə verdiyi 1350 manat pulunu qaytarmasını tələb etmişdir. Sahib isə onu yenidən işə düzəldəcəyinə inandırmışdır. 2022-ci ilin iyul ayında yenidən ondan 540 manat pulu işə düzəldəcəyi, avqust ayında ayında isə əlavə 35 manat pulu da almışdır. Həmçinin Sahib ona ***-***-**-** saylı mobil nömrəni vermiş və demişdir ki, həmin nömrənin sahibi Sahibə adlı qızdır və onun işi barədə ona məlumat verəcək. O, həmin nömrə ilə əlaqə saxlamışdır. Həmin şəxs özünü Bank işçisi Sahibə adlı şəxs kimi təqdim etmişdir, onun işə düzəlməsi ilə bağlı sənədlərin hazırlanmasını və xx.xx.2022-ci il tarixdə işi ilə bağlı əmək haqqı kartının gələcəyini bildirərək, ondan əlavə 200 manat pul istəmişdir. O, isə pulunun olmadığını deyib telefonu söndürmüşdür. Ümumilikdə o, Təqsirləndirilən şəxs 1925 manat pul vermişdir. Sahib isə onu işə düzəldəcəyi və onun üçün sosial müavinət düzəldəcəyi vədini vermişdir. Sahib ona tanışı Cavid adlı şəxsin ***-***-**-** saylı mobil nömrəsini vermişdir. O, həmin Cavid adlı şəxslə dəfələrlə əlaqə saxlamışdır. Cavid adlı şəxs də onu işə düzəldəcəyini bildirmişdir. Lakin sonradan Cavid onun zənglərinə cavab verməmişdir. O, Sahibə zəng edib işi ilə bağlı soruşduqda, Sahib demişdir ki, onun işi müəyyən səbəblərdən alınmır. O, Sahibdən pulunun geri qaytarılmasını tələb etmişdir. Sahib də ona söz vermişdir ki, tezliklə pulunu qaytaracaq. Həmçinin Sahib onun üçün 4169 7388 0784 9587 hesab nömrəli "xxxx" ASC-yə məxsus pul kartı alıb vermişdir ki, guya hər ay ona verdiyi 1925 manat pulu hissə-hissə ona qaytaracaq. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizədən görünür ki, təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyanın tam ödənilmişdir, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, mülki iddiadan imtina edir, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəməyə gəlmədiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmş Şahid ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs əvvəllər ümumiyyətlə tanımamışdır. Təqsirləndirilən şəxs isə bir neçə il bundan əvvəl Masallı rayon ərazisində keçirilən futbol yarışında tanımışdır. Sahiblə aralarında yaxın dostluq münasibəti olmuşdur. 2021-ci ilin iyun ayının əvvəllərində o, yaşadığı evdə olarkən tanışı Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng etmişdir. O, telefona cavab vermişdir. Sahib əvvəlcə onunla salamlaşmış, daha sonra demişdir ki, bir nəfər şəxsi yaşadığı Lürən kəndində yerləşən orta məktəbdə xadiməçi olaraq işə düzəltmək istəyir. Bunun üçün həmin şəxsdən müəyyən qədər pul da almışdır. Lakin pulun məbləğini ona deməmişdir. Lakin iş üçün sənədlər gec hazırlandığından adını sonradan bildiyi Elnurə adlı şəxsin işə düzəlməsi gecikmişdir. Sahib ona demişdir ki, vaxt qazanmaq lazımdır. Sahib həmin vaxtın qazanılmasında ona köməklik etməsini ondan xahiş etmişdir. O, həmin köməkliyin nədən ibarət olmasını Sahibdən soruşmuşdur. Sahib ona demişdir ki, Masallı rayon, Lürən kənd sakini Elnurə adlı şəxs vardır. Sahib Elnurədən müəyyən məbləğdə pul almış və onu işə düzəldəcəyi vədini vermişdir. Lakin həmin Elnurə adlı şəxsi işə düzəltmək üçün heç bir imkanı yoxdur. Elnurə adlı qadına onun mobil nömrəsini verəcək və deyəcək ki, guya ki o, Bakı şəhərində yaşayır və Elnurənin işə düzəlməsi onun köməkliyi ilə olacaqdır. O, Sahibdən həmin Elnurə adlı şəxsi işə düzəldəcəyi adı ilə pul almasında niyyətinin həmin şəxsi aldatması olub-olmamasını soruşmuşdur. Sahib onu da inandırmışdır ki, Elnurə adlı şəxs qonşusudur, Elnurə kasıb olduğundan həqiqətən onu məktəbdə xadiməçi olaraq işə düzəldəcək. O, da Sahibə inanmışdır. Bu səbəbdən də Sahiblə razılaşmışdır. Bir neçə gün sonra Elnurə adlı qadın onun mobil telefonuna zəng etmiş və işlə nə vaxt təmin olunacağını soruşmuşdur. O da Sahibin dediyi kimi etmiş və Elnurəyə cavab vermişdir ki, Elnurənin işlə təmin olunması ilə bağlı bir sıra prosedurlar gedir və tezliklə işlə təmin olunacaq. Daha sonra Sahib ona zəng edib demişdir ki, həmin Elnurə adlı şəxsi Bakı şəhərində Təhsil Nazirliyində onun Fərrux adlı tanışı vasitəsilə işə düzəldəcək və əgər Elnurə iş barədə soruşsa desin ki, həmin Fərrux adlı şəxs köməklik edəcək. Lakin Elnurə adlı şəxs ona demişdir ki, Sahib onu aldadaraq pulunu almışdır. O, Sahibin onu da aldatmasını, onu çətin vəziyyətə saldığını görüb Sahibdən tələb etmişdir ki, həmin Elnurə adlı şəxsdən aldığı pulu geri qaytarsın. Sahib isə tezliklə həmin şəxsin pulunu qaytaracağını bildirmişdir. Elnurə adlı şəxs 2022-ci ilin noyabr ayının sonunadək onunla telefon əlaqəsi saxlamışdır. Həmin vaxta qədər Sahib Elnurənin pulunu verməmişdir. Daha sonra Elnurə ilə heç bir telefon əlaqəsi saxlamamışdır. dostu Təqsirləndirilən şəxs əvvəlcə ona deməsinə görə həmkəndlisi və qonşusu Zərərçəkmiş şəxs yaşadığı Lürən kənd ərazisində yerləşən orta məktəbdə xadiməçi olaraq işə düzəldəcəkmiş. Sahib onun özünü də buna inandırmışdı. Buna görə də Sahibin dediyi kimi etmiş və Elnurə ilə iş barədə danışaraq Sahibə vaxt qazandırmışdır ki, Elnurəni işlə təmin etsin. Daha sonra isə ona məlum olmuşdur ki, Sahib Elnurəni işlə təmin edəcəyi adı ilə ümumilikdə 1925 manat pul almış və aldatmışdır. Bunu bildikdən sonra Zərərçəkmiş şəxs zənglərinə cavab verməmişdir. O, Zərərçəkmiş şəxs heç bir vəd verməmiş, Elnurənin pulunu almamışdır. Sahibin deməsinə görə Zərərçəkmiş şəxs, ümumilikdə 1925 manat pulu Sahibə yaşadığı evi həyətində vermişdir. Lakin həmin vaxt o, orada olmamışdır. O, X2 Sövdümovanın etibarından sui-istifadə edərək, aldatmaq niyyətinin olmasından heç bir xəbəri olmamışdır. Sahib onu da inandırmışdır ki, qonşusu Elnurə adlı şəxsi işlə təmin edəcəkdir. Aralarında əvvəlcədən hər hansı razılaşma olmamışdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı rayon Lürən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Lürən kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş və ifadələri məhkəmə iclasında tədqiq olunmuş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələrini, istintaq, məhkəmə hərəkətlərini, dindirmə protokollarını və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.-1.1-ci maddəsində göstərilir ki, CM-nin Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət işinə üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur və Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxs ilə barışmasını, ziyanın tam ödənilməsini və onların cinayət işinə xitam verilməsi barədə məhkəməyə müraciət etmələrini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, o, cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1. və 43.1.2.-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Belə ki, həmin Məcəllnin 39.1 və 39.1.8.-ci maddələrinin tələbinə görə zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Mülki iddiaçı Zərərçəkmiş şəxs dəymiş ziyan tam olaraq ödənildiyi və onun heç bir şikayət və tələbi olmadığına, mülki iddiadan imtina etdiyinə görə mülki iddia üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 186.1.-ci madddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. Cinayət işinə üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43, 321, 346, 347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Mülki iddia üzrə icraata xitam verilsin. Qərar elan olunduqdan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə qərar həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar