Məhkəmə qərarları › İş №1(050)-69/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-69/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-69/2025 15.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxx 1982-ci ildə Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki nəfər azyaşlı uşağı olan, işləməyən, 2-ci qrup əlil, əvvəllər Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-47/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə 03 ay 09 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü ildə cazası bitmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə, saat 11:43-də Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri, “Azərbaycan” prospektində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zamanı əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,371 qram təşkil edən xeyli miqdarda ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamin аşkar edilərək götrülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o narkotiklərdən qanunsuz istifadə etdiyinə görə əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. xx.xx.2025-ci il tarixdə səhər saatlarında bədənində ağrılar yaranmağa başladığından şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin əldə etmək məqsədi ilə yaşadığı evdən çıxıb tanımadığı avtomobilə əyləşib Cəlilabad rayonu, Göytəpə şəhərinə getmişdir. Orada əvvəllər üzdən tanıdığı şəxslə görüşüb bir ədəd şəffaf sellofan bükümdə təxminən 0,40 qram çəkidə olan metamfetamini 20 manata alıb əynində olan cins şalvarın sağ yan cibinə qoyaraq Masallı şəhərinə qayıtmışdır. Masallı şəhəri, “Azərbaycan” prospektində olduğu zaman üzərində olan metamfetamini istifadə etmək üçün uyğun yer axtarmağa başlamışdır. Həmin küçə ilə gedərkən üç nəfər şəxsin videokamera ilə ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları Şahid1, Şahid2 və Şahid3 olduğunu, onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə, üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları ondan şifahi formada üzərində narkotik vasitə və ya psixotrop maddə olubolmadığını soruşmuşdur. O, üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü və əlində olan bir ədəd özünə məxsus “İphone 5s” markalı mobil telefonunu polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı həmin metamfetamini xx.xx.2025-ci il tarixdə səhər saatlarında Cəlilabad rayonu, Göytəpə şəhərindən üzdən tanıdığı şəxsdən 20 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları Şahid1 təqdim etdiyi həmin bir ədəd bükümü açıb baxdıqda onun həqiqətəndə psixotrop maddə metamfetamin olduğunu görmüşlər. Sonra həmin metamfetamin kağızla birlikdə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 0,40 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin psixotrop maddə metamfetamin və ona məxsus “İphone 5s” markalı mobil telefon ayrı-ayrılıqda içərisi boş olan kağız zərflərə qoyularaq qablaşdırılıb üzərləri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Bundan sonra polis əməkdaşları onu Masallı Rayon Polis Şöbəsinə gətirmiş, orada əməliyyat müvəkkili Şahid1 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə əlaqədar protokol yazmış, həmin protokolu ucadan oxumuş və o, həmin protokolu imzalamışdır. X8 baş təhqiqatçısı Samir Məmmədov qanunsuz olaraq üzərində psixotrop maddə metamfetamin saxladığı üçün onu şübhəli şəxs qismində tutub hüquq və vəzifələrini elan edib bu barədə bildiriş vermişdir. Həmin vaxtı o, ərizə ilə müraciət edərək maddi imkanın olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini demişdir. Bundan sonra istəyinə əsasən Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Müdafiəçisi gəldikdən sonra təhqiqatçı zəruri sənədləşmə işlərini aparmış və o, həmin sənədləri müdafiəçilə birlikdə imzalamışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını nəzərə alıb ona mümkün qədər yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025ci il tarixdə ona ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərinin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuş və həmin günü tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat qrupunun yaradılması barədə əmr hazırlanmiş və o həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 və KTQ-nin baş inspektoru Şahid3 təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə, saat 11 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri, “Azərbaycan” prospektində olması barədə məlumat əldə etdikdən sonra Şahid2 və Şahid3la birlikdə oraya getmişdir. Həmin küçədə saat 11:43-də Təqsirləndirilən şəxs tək olduğunu görmüş və həmin vaxtı videoçəkilişlə yaxınlaşıb orada Təqsirləndirilən şəxs saxlamışlar. Sonra ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə, üzərində daşımaqda şübhəli olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib ondan üzərində narkotik maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs bir qədər düşündükdən sonra üzərində psixotrop maddə metamfetaminin olduğunu bildirib əynində olan cins şalvarın sağ yan cibindən bir şəffaf rəngli sellofan bükümü və əlində olan bir ədəd “İphone 5s” markalı mobil telefonu təqdim etmiş, təqdim etdiyi bükümün içərisində psixotrop maddə mütamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2025-ci il tarixdə səhər saatlarında Cəlilabad rayonu, Göytəpə şəhərində üzdən tanıdığı şəxsdən 20 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. O təqdim olunmuş həmin bir ədəd bükümü açıb yaxından baxmış və onun psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüşdür. Sonra həmin metamfetaminə bənzər maddəni kağızla birlikdə elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 0,40 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin metamfetaminə bənzər maddəni və “İphone 5s” markalı mobil telefonu orada ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyaraq qablaşdırmış və üzərini polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərini yoxlamış və üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar etməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılmasına dair protokolun yazılmasına şərait olmadığından onu aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə və mobil telefonla birlikdə Masallı Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişdir. Polis Şöbəsində bununla əlaqədar tərəfindən protokol yazılmış, həmin protokolu Təqsirləndirilən şəxs və iştirak edən şəxslərə ucadan oxumuş, məzmununa dair əlavə və düzəlişlər daxil olmadığı üçün həmin şəxslər tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin metamfetaminə bənzər kütləni, mobil telefonu və üzəri yoxlanılan zaman çəkilmiş videogörüntünün əks olunduğu 01 ədəd video diski RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Samir Məmmədova təqdim etmişdir. Baş Təhqiqatçı S.Məmmədov tərəfindən həmin psixotrop maddəyə və əşyalara videoçəkiliş vasitəsilə baxış keçirilərək götürülmüş və götürmə aparılması ilə əlaqədar yazılmış protokolu imzalamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid2 Nürəddin oğlu və Masallı RPŞ-nin KTQ-nin baş inispektoru Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan şübhəli şəxsin saxlanılaraq yerində üzərinə baxış keçirilməsinin video görüntülərini özündə əks etdirən diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və KTQ-nin baş inispektoru Şahid3 tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçrilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:43də Masallı şəhəri, “Azərbaycan” prospektində saxlanılaraq üzəri yoxlanılan zaman əynində olan cins şalvarın sağ yan cibində bir ədəd şəffaf rəngli sellefon bükülüdə təmiz çəkisi 0,40 qram təşkil edən xeyli miqdarda ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götrülmüşdür. İş materiallarında olan Masallı RPŞ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı Samir Məmmədov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid1, Şahid2 və KTQ-nin baş inispektoru Şahid3 tərəfindən əməliyyataxtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək ayrı-ayrı qablaşdırılmış psixotrop maddə və bir ədəd mobil telefon olan zərflər, həmçinin baxış keçirilməsi barədə video görüntünü əks etdirən disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərflərə təhqiqatçı baxış keçirən zaman bir bükümdə psixitrop maddə olan metamfetamin aşkar olunmuş və həmin büküm elektron tərzidə çəkilərkən 0,41 qram olmuş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən video diskə baxış keçirilmişdir. İş materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Qasım Hüseynov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən video diskə baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq xx.xx.2025-ci il tarixdə şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamin almaq məqsədilə Cəlilabad rayonu, Göytəpə şəhərinə getdiyini, orada üzdən tanıdığı şəxsdən 20 manat pul müqabilində bir ədəd şəffaf sellefon bükümdə psixitrop maddə metafetamin alaraq əynində olan cins şalvarın sağ yan cibinə qoyub həmin günü saat 11:43-də Masallı şəhəri, “Azərbaycan” prospektində saxlanıldığını səmimi etiraf etmişdir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan və Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(050)-8/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 11:43-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Masallı Rayon Mənzil İstismarı Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan şəxsiyyət vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X7 adlı uşaqları vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 21 yanvar 2025-ci il tarixli 19/22 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə olan metamfetaminə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,371 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir. (Metamfetaminin təmiz çəkisi-0,371 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq-0,271 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X2 dair 23 yanvar 2025-ci il tarixli 36 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetdə 2022-ci ildən toksikoman diaqnozu ilə qeydiyyatda durur. Lakin, elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş yuxarıda qeyd olunan rəydə onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması göstərilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş «Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tətbirlərin tətbiq edilməsi» Qaydasının 3.2-ci bəndinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin olunmamalıdır. Belə ki, həmin bəndə görə əlillərə və ya sağlamlıq imkanları məhdud olan uşaqlara məcburi müalicə tətbiq oluna bilməz. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-47/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə Nizami Rayon Məhkəməsinin qərarı ilə 03 ay 09 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü ildə cazası bitmiş, məhkumluğu ödənilməmiş və ya götrülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Eyni Məcəllənin 65-ci maddəsinə görə residivə, təlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən eyni xarakterli az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunmuş cəzadan bir nəticə çıxarmayıb məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətin residivi yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, əməlindən peşman olmasını və təqsirini səmimi etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əvvələr məhkum olunmasını, məhkumluğunun ödənilməməsini və ya götürülməməsini, habelə narkotik vasitələrin aludəçisi olduğunu və narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,271 qram psixotrop maddə metamfetamin məhv edilməli, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,271 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar