Məhkəmə qərarları › İş №1(050)-7/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-7/2024

08.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-7/2024 08.01.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.2, 66.5 və 69.3-cü maddələrinə əsasən 01 il 09 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay müddətə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada götürülməmiş, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, xx.xx.2023-cü il tarixdən həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə olan heroini qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, 28 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq Masallı Rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,816 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində əvvəllər tanıdığı X2 məxsus Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə hasardan aşmaqla qanunsuz daxil olaraq həmin həyətdə yerləşən çardağın altında olan Zərərçəkmiş şəxs məxsus bir metrinin qiyməti 0.90 manat olmaqla cəmi 270 manat dəyərində 2 x 2.5 mm ölçülü ümumi uzunluğu 300 metr olan elektrik kabelini, cəmi 180 manat dəyərində olan 1000 vatt gücündə 1 ədəd “CİHAN" markalı elektrik lampasını və cəmi 300 manat dəyərində 1 ədəd "ÖZTÜRK" markalı elektrik sayğacını gizli yolla talayıb oğurlamaqla Zərərçəkmiş şəxs ümumilikdə 750 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 28 oktyabr 2023-cü il tarixdə səhər saat 10 radələrində Lənkəran rayonu, Qumbaşı kəndinə getmişdir. Həmin kənddə adının Azay olduğunu bildiyi şəxslə görüşmüş və həmin şəxsdən ona narkotik maddə olan heroin satmasını istəmişdir. Azay da ona üzərində hazırda narkotik maddə olduğunu bildirmişdir. O, həmin Azay adlı şəxsə 10 manat pul vermiş və Azay həmin pulun qarşılığında ona bir ədəd gümüşü rəngli kağız büküm vermişdir. Həmin bükümün içərisində kakos deyə bildiyi narkotik vasitə olan heroin olmuşdur. O, həmin heroini əynində olan şalvarının sol yan cibinə qoyub geri Masallı rayonuna qayıtmışdır. Onun məqsədi axşam saatlarında sakitlik olanda həmin heroindən yaşadığı evdə istifadə etmək olmuşdur. O, Masallı rayonuna gəldikdən sonra şəhər ərazisində 20 Yanvar küçəsində olan zaman mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Daha sonra onlar narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və bununla bağlı Masallı RPŞ-yə getməli olduqlarını demişlər. O da polis əməkdaşlarına heç bir etiraz etməmiş və onlar birlikdə rayon polis şöbəsinə gəlmişlər. Polis əməkdaşları ilə polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan bir nəfər özünü X13 kimi təqdim etmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutularaq üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirilmişdir. O, vəkillə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra onun ərizəsi əsasında Müdafiəçi qismində dəvət olunmuşdur. Bundan sonra təhqiqatçı proses iştirakçılarının və müdafiəçimin iştirakı ilə üzərinə video çəkiliş vasitəsi ilə şəxsi axtarış keçirməyə başlamışdır. Təhqiqatçı əvvəlcə ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyini təklif etmişdir. O, da əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Təhqiqatçı həmin bükümün nə olmasını soruşmuş, o, da həmin bükümdəki maddənin kakos olmasını bildirmişdir. O, təhqiqatçının suallarına cavab olaraq həmin bükümdə olan heroini Qumbaşı kəndindən öz istifadəsi üçün Azay adında şəxsdən aldığını bildirmişdir. Lakin Azay adlı şəxsi dəqiq tanımır. Təhqiqatçı onun əynində olan paltarla şəxsi axtarış keçirmiş və heç bir qanunla qadağa edilmiş əşya və ya predmet aşkar etməmişdir. Onun təqdim etdiyi narkotik maddə bir ədəd kağız bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,90 qram olması ona məlum olmuşdur. Həmin bir ədəd kağız büküm ağ rəngli kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. Polis şöbəsinə gələrkən polis əməkdaşları tərəfindən heç bir fiziki və ya başqa formada zorakılığa məruz qalmamış, ona fiziki zor tətbiq edilməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qonşusu, həm də onun ata tərəfdən qohumudur. O, həm də Coşqunun atası evinin yerləşdiyi məhəllədə qalmışdır. Coşqunla arasında heç bir düşmənçilik və ədavət olmamışdır. Zərərçəkmiş şəxs Ərkivan qəsəbə stadionunu təmir etdirdiyi üçün tikintisi üçün çoxlu avadanlıqlar və əşyalar alaraq atası evinin həyətində saxlamışdır. Pula ehtiyacı olduğundan Zərərçəkmiş şəxs atası evinin həyətində təmir materiallarının olduğunu bildiyindən oğurluq etməyi qərara almışdır. Belə ki, o, 03 oktyabr 2023-cü il tarixdə gecə saat 02 radələrində Coşqunun ata evinin həyətinə hasardan tullanaraq keçmişdir. Coşqunun Ərkivan qəsəbəsində stadion tikintisi üçün aldığı avadanlıq və əşyaların olduğunu görmüş, həmin əşyaların içərisində ümumi 300 metr uzunluqda elektrik kabelini götürmüş və həyətdən çıxaraq yolda ağacların arasında olan kolluqda gizlətmişdir. Sonra isə evə gedib yatmışdır. 03 oktyabr 2023-cü il tarixdə səhər tezdən oyanıb elektrik kabellərini gizlətdiyi yerə getmiş və həmin kabeli oradan götürüb bazara aparmışdır. Onun məqsədi həmin kabeli tez bir şəkildə satıb pul əldə etmək olmuşdur. O, bazarda tanımadığı şəxslərə elektrik kabellərini satmışdır. O, həmin vaxt tək olmuş və oğurluq əməlini tək törətmişdir. Ona başqa kimsə kömək etməmişdir. Coşqun oğurluqdan bir neçə gün sonra onunla görüşmüş və ondan əşyalarını oğurlayıb-oğurlamadığını soruşmuşdur. O, da Coşquna hər şeyi olduğu kimi etiraf eləmişdir. O, Coqunla qohum olması səbəbindən Coşqunun şikayət etməyəcəyini və pula ehtiyacı olduğunu üçün belə etdiyini düşünmüşdür. Lakin Zərərçəkmiş şəxs onun barəsində şikayət etmişdir. Zərərçəkmiş şəxs evindən 300 metr uzunluqda kabeldən başqa heç bir əşya və ya avadanlıq oğurlamamışdır. İtihamda göstərilmiş digər əşyaların kim tərəfindən və hansı şəraitdə oğurlanmasını bilmir. İstintaq zamanı ona heç bir təzyiq göstərilməmiş, müstəntiq tərəfindən sərbəst şəkildə ifadə alınmış, ifadəsinin altındakı imza ona məxsusdur. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməllərə görə səmimi peşman olduğunu, himayəsində azyaşlı uşaqlarının olmasını, Zərərçəkmiş şəxsla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, dəymiş ziyanın zərərçəkmiş şəxsə tam şəkildə ödənilməsini nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ittiham olunduğu oğurluq cinayətini törətməsində özünü qismən təqsirli bilsə də, onun həmin əməli törətməsi, ibtidai istintaq zamanı verdiyi özünün ifadəsi, zərərçəkmiş şəxsin ibtidai istintaqda verdiyi ifadəsi ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünümüdafiə xarakterli ifadə və törətdiyi əmələ görə cəzalanmaqdan yaxa qurtarmaq cəhdi kimi qəbul edir. Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı veridiyi ifadəsi (oğurluq cinayətinə münasibətdə) tədqiq edilərək elan edilmişdir. o, Zərərçəkmiş şəxs tanıyır. Coşqun onun ata tərəfdən qohumudur. O, həm də Coşqunun atası evinin yerləşdiyi məhəllədə qalmışdır. Coşqunla arasında heç bir düşmənçilik və ədavət olmamışdır. O, Coşqunun ata evinin həyətindən pula ehtiyacı olduğu üçün bəzi əşyaları yəni, 1 ədəd “CİHAN” markalı elektrik lampasını, 1 ədəd “ÖZTÜRK" markalı elektrik sayğacını və ümumi uzunluğu 300 metr olan elektrik kabelini oğurlamışdır. Belə ki, o, 03 oktyabr 2023-cü il tarixdə gecə saat 02 radələrində Coşqunun ata evinin həyətinə hasardan tullanaraq keçmişdir. Coşqun həmin vaxt Ərkivan qəsəbəsində stadion tikintisi üçün çoxlu avadanlıqlar və əşyalar almışdır. O, həmin əşyalardan 1 ədəd CİHAN” markalı elektrik lampasını, 1 ədəd “ÖZTÜRK” markalı elektrik sayğacını və ümumi 300 metr uzunluqda elektrik kabelini götürmüş və həmin əşyaları, həyətdən çıxaraq yolda ağacların arasında olan kolluqda gizlətmişdir. Sonra isə evə gedib yatmışdır. 03 oktyabr 2023-cü il tarixdə səhər tezdən oyanıb əşyaları gizlətdiyi yerə getmiş və həmin əşyaları oradan götürüb bazara aparmışdır. Onun məqsədi həmin əşyaları tez bir şəkildə satmaq olmuşdur. O, bazarda tanımadığı şəxslərə həmin əşyaları satmış və həmin əşyaların satışından ümumilikdə 300 manat qazanmışdır. Polis əməkdaşları ona heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. O, həmin vaxt tək olmuş və oğurluq əməlini tək törətmişdir. Ona başqa kimsə kömək etməmişdir. Coşqun oğurluqdan bir neçə gün sonra onunla görüşmüş və ondan əşyalarını oğurlayıboğurlamadığını soruşmuşdur. O da Coşquna hər şeyi olduğu kimi etiraf eləmişdir. O, Coqunla qohum olması səbəbindən Coşqunun şikayət etməyəcəyini və pula ehtiyacı olduğunu üçün belə etdiyini düşünmüşdür. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs məhkəməyə ərizələr ünvanlayaraq məhkəməyə gəlmək imkanının olmadığını, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın onun yaxınları tərəfindən tam olaraq ödənildiyini və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqı zamanı veridiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, istintaqda verdiyi ifadəsində göstərmişdir ki, onun Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən ata evi vardır. O, həmin ata evində doğulmuşdur. Evi 2 mərtəbəli tikilidir. Həmin evdə anası X4, qardaşı X6 və qardaşının ailəsi yaşamışlar. O, həmin evə ayda bir dəfə gəlib bir neçə gün yaşayıb qayıtmışdır. O, Ərkivan kəndinə öz məhəlləsində stadion tikintisi üçün bəzi avadanlıqlar almışdır. Aldığı əşyaların və avadanlıqların hamısını həmin evdə həyətdə saxlamışdır. Həyəti də daş hasarla çevrəlidir. Belə ki, 2023-cü ilin sentyabr ayında o, həmin əşyaları almışdır. 01 oktyabr 2023-cü il tarixdə o, yenidən Bakı şəhərinə qayıtmışdır. Həmin əşyalar və avadanlıqlar da evin həyətində qalmışdır. O, 07 oktyabr 2023-cü il tarixdə Masallı rayonuna geri qayıtmışdır. Anası və qardaşı ona həmin aldığı avadanlıqlardan bəzilərinin oğurlanmasını demişlər. O, həyətdə yığdığı əşyalara bir-bir baxmışdır və 3 ədəd hər biri 100 metr uzunluqda olan 2x2.5 diametrli elektrik kabeli, 1 ədəd 1000 vatt gücündə “CİHAN “markalı projektor. 1 ədəd “ÖZTÜRK” markalı elektrik sayğacın oğurlanmasını görmüşdür. O, həmin əşyaların kim tərəfindən oğurlanmasını dəqiq bilməmişdir. Lakin sonradan o, qohumu olan Təqsirləndirilən şəxs şübhələnmişdir. O, Eminlə Eminin evində görüşmüş və Emindən həmin əşyaları oğurlayıb oğurlamadığını soruşmuşdur. Emin də ona həmin avadanlıqları evin həyətinə daxil olaraq oğurlamasını etiraf eləmişdir. O, Eminə oğurladığı əşyaları geri qaytarmasını demişdir. Lakin Emin ona 10 gün möhlət istəmişdir. O, da Eminlə razılaşmamış və evdən çıxaraq Masallı RPŞ-yə gəlmişdir. Təqsirləndirilən şəxs Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən doğulduğu evin həyətindən hər birində 100 metr uzunluqda olan 2x2.5 mm diametrli elektrik kabeli olan 3 ədəd elektrik kabeli topu, 1 ədəd 1000 vatt gücündə “CİHAN" markalı projektor, 1 ədəd “ÖZTÜRK" markalı elektrik sayğacını oğurlamışdır. Hər bir 100 metrlik elektrik kabeli topunun qiyməti 90 manat olmaqla ümumilikdə 3 ədəd topun qiyməti 270 manat, 1 ədəd 1000 vatt gücündə “CİHAN" markalı projektorun qiyməti 180 manat, 1 ədəd "ÖZTÜRK" markalı elektrik sayğacının qiyməti 300 manatdır. O, Masallı rayonuna qayıtdığı gün yəni 07 oktyabr 2023-cü il tarixdə həmin əşyaların oğurlanmasını ailəsindən öyrənmişdir. Anası və qardaşı isə həmin əşyaların oğurlanmasından ondan bir neçə gün əvvəl xəbər tutmuşlar. O, Eminin həmin əşyaları qaytarmaq üçün yenidən oğurluq etmək niyyətində olmasını fikirləşmiş və bu səbəbdən Masallı RPŞ-yə şikayət etmişdir. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 750 manat məbləğdə maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Masallı Rayon Polis şöbəsinin CAB-ın əməliyyat müvəkkilidir. xx.xx.2023-cü il tarixində Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz üzərində narkotik vasitələri əldə etməsi və üzərində daşıması ilə bağlı onun icraatına əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat onun tərəfindən ilk öncə aidiyyatı üzrə rəhbərliyə məruzə edilmiş, sonra müvafiq əmrlə qrup rəhbəri kimi əməliyyat müvəkkili onun, qrup üzvləri kimi X13nin və PPXB-in polis nəfəri Şahid2 daxil olduğu əməliyyat-təhqiqat qrupu yaradılmışdır. xx.xx.2023-cü il tarixdə əməliyyat qrupu tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Masallı şəhəri, 20 Yanvar küçəsində saxlanılmışdır. Onlar Təqsirləndirilən şəxs saxlayan zaman Eminə özlərini təqdim etmişlər. Daha sonra Eminə narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olmasını bildirmişlər. Təqsirləndirilən şəxs şifahi şəkildə üzərində narkotik vasitə olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs onlara üzərində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs barəsində olan şübhəylə bağlı Masallı Rayon Polis şöbəsinə gəlməli olduğunu demişlər. Bundan sonra Təqsirləndirilən şəxs onların qanuni tələblərinə tabeçilik göstərərək onlarla birlikdə Masallı Rayon Polis şöbəsinə gəlmişdir. Onlar polis şöbəsinə gəldikdən sonra əməliyyat qrupunun üzvü olan X13 Təqsirləndirilən şəxs hüquq vəzifələrini izah edib hüquq və vəzifələri ilə bağlı bildirişi vermişdir Təqsirləndirilən şəxs öz müdafiəçisi olmadığı üçün özünə müdafiəçi təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqdim edilmiş vəkillərin siyahısından Masallı rayon vəkil bürosunun müdiri Müdafiəçi dəvət edilməsini xahiş etmişdir. Dəvət edilmiş Müdafiəçi və polis əməkaşlarnının iştirakı ilə təhqiqatçı Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmasını, üzərinə videoəkilişlə şəxsi axtarış keçiriləcəyini izah etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirməyə başlamış və Eminə üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə varsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli kağız büküm çıxardıb təqdim etmişdir. X13 Təqsirləndirilən şəxs həmin bir ədəd bükümün nə olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs isə cavabında “kakos” demişdir. Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq həmin bükümü Lənkəran rayonu, Qumbaşı kəndindən əldə etdiyini demişdir. Bundan başqa Təqsirləndirilən şəxs həmin maddəni 28 oktyabr 2023-cü il tarixdə səhər saatlarında öz şəxsi istifadəsi üçün əldə etdiyini də bildirmişdir. Həmçinin X13 Emindən bu kağız bükümdə olan maddəni kimdən almasını soruşduqda Təqsirləndirilən şəxs tanımadığı şəxsdən lakin adının Azay olduğunu bildiyi şəxsdən aldığını da demişdir. Təqsirləndirilən şəxs bundan başqa həmin bükümü 10 manat pul qarşılığında aldığını və üzərində öz şəxsi istifadəsi üçün gəzdirdiyini də demişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heç bir narkoitk maddə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkoitk vasitə olan heroinə bənzər kütlə bir ədəd kağız bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,90 qram olması məlum olmuşdur. Aşkar edilmiş narkotik vasitə olan heroin təhqiqatçı tərəfindən ağ rəngli kağız zərfdə qablaşdırılmış və üzəri bütün iştirakçılar tərəfindən imzalanmaqla möhürlənmişdir. Sonda Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq əvvəllər məhkum olunmasını, polis şöbəsinə gələrkən heç bir fiziki təsirə və ya zor tətbiqinə məruz qalmadığını və aparılan şəxsi axtarışla bağlı heç bir narazılığının olmadığını bildirmişdir. Şəxsi axtarışın keçirilməsi ilə bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Onun Təqsirləndirilən şəxs ilə əvvəllər tanışlığı və aralarında heç bir ədavət, düşmənçiliyik olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanıldıqda, RPŞ-yə gətirildikdə, onun üzərində şəxsi axtarış aparıldıqda heç bir zor və ya güc tətbiq olunmamışdır. Müdafiəçinin və digər proses iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülən bir büküm narkotik vasitə olan heroin kağız bükülü vəziyyətdə olmuş və kağız bükümlə birlikdə elektron tərəzidə çəkildiyi üçün çəkisi 0,90 qram olması müəyyən edilmişdir. Lakin ekspertiza tədqiqatı zamanı həmin narkotik vasitə olan heroin təmiz halda çəkilmiş və təmiz çəkisi 0,816 qram müəyyən edilmişdir. Ekspertin tərəzisi dəqiq və düzgün çəkdiyi üçün rəydə göstərilən çəki əsas götürülməlidir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən könüllü olaraq əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitə heroini çıxarıb təqdim etdiyi müəyyən olunmuşdur. Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. 28 oktyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd kağız bükülüdə ümumi çəkisi 0,816 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 bölməsinin 17 avqust 2023-cü il tarixli, 19/964 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərind aşkar olunmuş kütlə...” sözləri və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi - 0,816 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələr” Siyahısına daxildir. Heroinin təmiz çəkisi 0,816 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,766 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X15 Yoxlamanın nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 1005 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN, KANNBİNOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Hadisə yerinə baxış keçirilməsi haqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus olan oğurlandığı qeyd edilən əşyaların olduğu ev Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşir. Həmin evin həyətində sütunlar üzərində çardaq vardır. Zərərçəkmiş şəxs stadion tikintisi üçün aldığı avadanlıq və əşyaları həmin çardağın altında yığaraq saxladığını göstərmişdir. Baxış zamanı foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan əşyanın maddi sübut hesab edilməsi haqqında 29 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,766 qram qalmış heroin məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək tərəfimdən qəbul edilmiş qərarla maddi sübut kimi tanınaraq RPŞ-in saxlanc yerində saxlanılır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin yazılı olduğu 1 ədəd CD disk cinayət işinin matriallarına əlavə edilmişdir. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyin nəticə hissəsində göstərilir ki, 1.Qeyd olunmuş 2x2.5 mm ölçülü, ümumi uzunlu 300 maetr olan elektrik kabelinin bir metrinin qiyməti 0,90 manat olmaqla, cəmi qiyməti 270 manatdır

2. Qeyd olunmuş 1000 Vatt gücün “CİHAN” markalı elektrik lampasının qiyməti 180 manatdır.

3. Qeyd olunmuş “ÖZTÜRK” markalı elektrik sayğacının qiyməti 300 manatdır. Qeyd olunan elektrik mallarının qiymətləri orta bazarda tələb və təklifə uyğun olaraq müəyyənləşdiyindən qeyd olunan qiymətlər dəyişə bilər. Cinayət işinin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə əməl həmin Məcəllənin 234.1 və 177.2.3-cü maddələrinə tövsif edilmiş və istintaqı davam etdirilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması istintaq hərəkəti keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 oktyabr 2023-cü il tarixdə saat 02 radələrində qonşusu olan Nəzakət Məmmədovanın həyətinə hasardan qanunsuz daxil olmuş, həmin evin həyətində olan çardağın altında yığılı əşyalardan 300 metr uzunluqda elektrik kabelini, 1 ədəd “CİHAN” markalı elektrik lampasını və 1 ədəd “ÖZTÜRK” markalı elektrik sayğacını oğurlamışdır. Həmin oğurladığı əşyaları özü birlikdə həyətdən çıxardaraq Masallı rayon bazarında naməlum şəxslərə sataraq qarşılığında 300 manat pul qazanmışdır. İstintaq hərəkəti zamanı foto şəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 66.2, 66.5 və 69.3-cü maddələrinə əsasən 01 il 09 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən barəsində “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay müddətə azaldılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən verilmiş məhkumun cəza müddətinin qeydiyyatı barədə arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci cəzasının sonu ilə həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmişdir. Masallı rayon İHB-nın Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla atası xx.xx.1961-ci il təvəllüdlü X7, anası-xx.xx.1965-ci il təvəllüdlü X5 və qardaşı xx.xx.1992-ci il təvəllüdlü X3 ibarət ailə tərkibində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Hal-hazıra kimi onun barəsində Ərkivan qəsəbə ərazi nümayəndəliyinə təqsirləndirici material daxil olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə elektron qaydada ünvanlanmış ərizədə qeyd olunmuşdur: Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbim yoxdur. Zərərçəkmiş şəxs olaraq mənə vurulmuş maddi ziyan təqsirləndirilən şəxsin yaxınları tərəfindən mənə tam olaraq ödənilmişdir. Ondan heç bir şikayət və tələbim yoxdur. Xahiş edirəm nəzərə alasınız. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxin ibtidai istitaqda və şahidlərin məhkəmə istintaqında verdikəri ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eksper rəyi, hadisə yerinə baxış keçiriılməsi protokolu, ifadənin yerində yoxlanılması barədə protokol, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində göstərilən cinayətləri üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisələrini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 177.2.3 və 234.1-ci maddələri əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətlərin əlamətlərinə uyğundur, əməllərin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur, odur ki, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3.-ci maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. Onun əməlində cinayətlərin residivi var. Cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduqda təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:50-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 4(050)-113/2023 saylı, 30.10. 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 28.10. 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1. və 93.1.2.-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2., 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına daxil edilməlidir. Azərbaycan Respublikasının CM-nin 66-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin ediləcək cəzalar toplanılmaq yolu ilə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-nin 66.1-ci maddəsində qeyd edilmişdir ki, cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətlərinin hansı tarixdən başlanılması məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmağa başlandığı 28 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN, KANNBİNOİDLƏRİN və STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra təmiz çəkisi 0,766 qram qalmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi görüntülərini özündə əks etdirən video CD iş materiallarında saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qiymətləndirmə xərclərinə dair 20 (iyirmi) manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin hesabına və məhkəmə ekspertizasının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə 750 (yeddi yüz əlli) manat məbləğində maddi ziyanın Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınsın. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nini 66.2.-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli onun həbsə alındığı gündən, yəni 28 oktyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,766 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs qiymətləndirmə xərclərinə dair 20 (iyirmi) manat məbləğində pul tutularaq "xxxx" MMC-nin hesabına (“Bank Respublika” Lənkəran filialı, kod 504357, VOEN **********, M/h AZ80NABZ********************, SWİFTBRESAZ22, İBAN AZ11BRES**********1 2********) köçürülsün. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi ziyan 750 (yeddi yüz əlli) manat məbləğində pulun Zərərçəkmiş şəxs ödənilməsi nəzərə alınsın. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar