Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-70/2025 18.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1997-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmasına baxmayaraq məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, Masallı şəhəri, ünvan 1 ünvanda yaşamış, 20 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(050)- 15/2024 saylı qərarına əsasən barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 20 fevral 2025-ci il tarixdə, saat 18:46-da Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri Qarabağ küçəsində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zaman əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi -0,327 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza müddəti başa çatdığına görə qeydiyyatdan çıxarılmasına baxmayaraq məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmişdir. Üzərində aşkar olunan narkotik vasitə heroinlə bağlı onu qeyd edir ki, qanunla qadağan edilmiş maddəni 20 fevral 2025-ci il tarixdə Masallı rayonu, Köhnə Bazar adlanan ərazidə tanımadığı şəxsdən 10 manata almışdır. Həmin gün aldığı narkotik vasitəni heroini istifadə etmək üçün özünə uyğun yer axtaran zamanı Masallı şəhəri, Qarabağ küçəsində piyada hərəkətdə olan zaman iki nəfər şəxsin videokamera çəkilişi ilə ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün yaxınlaşdıqlarını demişdir. Sonra özünü polis əməkdaşı Şahid1 kimi təqdim edən şəxs ona şifahi formada üzərində qanunla istifadəsi qadağan edilmiş əşya predment vardırsa, təqdim etməyini bildirmişdir. Bu zaman o, əynində olan gödəkçənin sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bir ədəd şəffaf sellofana bükülmüş heroini təqdim etmişdir. Üzərində aşkar edilmiş heroin ilə bağlı polis əməkdaşları tərəfindən bir sıra istintaq hərəkətləri aparılmaqla sənədləşdirmə işləri aparılmışdır. Hal-hazırda əməlindən peşmançılıq hissini keçirməsini və qan xərçəngi xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 Natiq oğlu ifadəsində göstərmişdir ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə ona Masallı şəhəri Füzuli küçəsi ev 35 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla RPŞ-nin rəisinə məruzə etmiş, tərtib etdiyi raportun icrası tədbirlərinin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuş və həmin günü onun tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat qrupunun yaradılması barədə əmr hazırlanmış və o, həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin CAB-in əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və RPŞ-nin X1 (KTQ) baş inspektor kriminalisti Şahid3 təyin edilmişlər. xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri Qarabağ küçəsində piyada hərəkətdə olması barədə məlumat əldə etdikdən sonra qrupun üzvəri ilə birlikdə oraya getmişdir. Həmin küçədə saat 18:46-da Təqsirləndirilən şəxs tək piyada hərəkətdə olduğunu görmüş və həmin vaxtı videoçəkilişlə yaxınlaşıb, orada Təqsirləndirilən şəxs saxlamışlar. Sonra ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək, Masallı RPŞ-nin əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib sonuncudan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs bir qədər düşündükdən sonra üzərində narkotik vasitə heroinin olduğunu bildirmiş, sonra həmin yerdə özü əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümü çıxardıb təqdim edərək həmin bükümdə heroin olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə heroini haradan əldə etdiyini soruşduğu vaxt sonuncu qan xərçəngi xəstəsi olduğunu, narkotik vasitənin istifadəçisi olduğunu və şəxsi istifadəsi üçün əldə edib üzərində daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd mobil telefonu çıxararaq təqdim etmişdir. Daha sonra cinayət prosesual qanunvericiliyinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində üzərində aşkar olunmuş narkotik vasitə heroinlə bağlı istintaq hərəkətləri aparılmaqla müvafiq sənədləşdirmə işləri aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin KTQnın baş inspektoru Şahid3 ifadəsindən görünür ki, o, Masallı Rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili Şahid1 Natiq oğlunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Masallı Rayon Polis Şöbəsinin RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 Murədəli oğlunun ifadəsindən görünür ki, o, Masallı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 Natiq oğlunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 Natiq oğlu , Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2, Masallı RPŞ-nin X1 baş inspektoru Şahid3 tərəfindən Masallı RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və qanunsuz olaraq narkotik vasitə əldə edərək, üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 20 fevral 2025-ci il tarixdə, saat 18:46-da Masallı şəhəri, Qarabağ küçəsində saxlanılaraq, üzəri yoxlanılan zaman özü əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütləni və əynində olan şalvarı sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonu çıxardıb təqdim etmiş, Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərində aşkar olunmuş, narkotik vasitə olan heroini Masallı şəhər ərazisində tanımadığı şəxsdən 10 manat pulun müqabilində aldığını demişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş həmin bir ədəd bükümə baxış keçirərkən onun narkotik vasitə heroinə bənzər maddə olduğunu görmüş, sonra həmin heroinə bənzər maddəni sellofanla birlikdə elektron tərəzidə çəkmişdir və ümumi çəkisinin 0,39 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin heroinə bənzər maddəni və “Samsung” markalı mobil telefonu orada ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyaraq qablaşdırmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyd olunanlardan başqa qanunla qadağan olunmuş hər hansı maddə və predmet aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı polis mayoru Bəhmən Əsgərli tərəfindən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 Natiq oğlu, Masallı RPŞ-nin X1 baş inspektoru Şahid3 və Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid2 tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək hər biri ağ rəngli zərfdə qablaşdırılmış 1 ədəd şəffaf sellofon bükümdə narkotik vasitə heroinə oxşar kütlə, 1 ədəd “Samsung” markalı mobil telefon və baxış keçirilməsi barədə video görüntünü əks etdirən CD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman 01 bükümdə heroinə bənzər kütlə olmuş və həmin büküm elektron tərzidə çəkilmiş, təqdim edilmiş “Samsung markalı telefona baxış keçirilmiş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X6 tərəfindən müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Şübhəli şəxsin tutulması haqqında 20 fevral 2025-ci il tarixli protokoldan və xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:46-da şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Masallı Rayon Məhkəməsinin qərarına əsasən barəsində 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 21 fevral 2025-ci il tarixli, 19/72 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinə bənzər kütlə....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,327 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,327 qram, tədqiqata sərf olundu 0,06 qram, qalıq 0,267 qramdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 111 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2022-ci ildən “Opium narkomanlığı" diaqnozu ilə qeydiyyatdadır 22 fevral 2025-ci il tarixli maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 0,267 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Həmçinin “əməliyyat-axtarış tədbiri, şübhəli, şəxslərin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında" protokola əlavə edilmiş 01 ədəd, “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd və şübhəli şəxsin dindirilməsi protokoluna əlavə edilmiş 01 ədəd olmaqla ümumilikdə 03 ədəd video disk iş üçün əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən imzalanmış qəbzdən görünür ki, o, Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X2 özünə məxsus olan 1 ədəd “Samsung” markalı mobil telefonu saz vəziyyətdə təhvil almışdır. Masallı Rayon Mərkəzi X7 Şəxs tərəfindən verilmiş 04 mart 2025-ci il tarixli, 18-1- 60/2-486/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Mərkəzi X7 Şəxsin psixo-nevroloji kabinetində dispanser qeydiyyatında durmur. Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 172 saylı məktubdan görünür ki, Masallı şəhəri, Füzuli küçəsi ev 35-də qeydiyyatda olan və yaşayan Əsədzadə X3 şəhəri Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən, işə əlavə edilmiş hökmün və Masallı Rayon İcra və Probasiya Şöbəsinin 03 mart 2025-ci il tarixli, 2- 390/25-62-16 saylı məktubundan surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 13 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəza müddəti xx.xx.2024-cü il tarixdə başa çatdığına baxmayaraq məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, Füzuli küçəsi ev 35-də qeydiyyatdadır. Yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Lakin barəsində hər hansı yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs xroniki mieloid leykemiya (CML). BCR/ABLmüsbət, Xroniki mieloid Leykemiya diaqonozu ilə ikinci dərəcəli əlildir. B.Eyvazov Adına Azərbaycan X5 və Transfiziologiya İnistutu tırıfindən verilmiş 40977 saylı ambulator kartdan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildən X5 və Transfiziologiya İnistutunda “Xroniki mieloleykoz BCR/ABL+ pozitiv” diaqnozu ilə müalicə və dispanser qeydiyyatındadır. Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddəsinin tələbinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs yerində saxlanılaraq üzərinə baxış keçirilərkən üzərində narkotik vasitə heroin aşkar edilməsi, polis şöbəsinə dəvət olunub əməliyyataxtarış tədbiri zamanı aşkar edilmiş əşyalara baxış keçirilməsi, eləcə də şübhəli şəxs qismində tutularkən cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırki iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün tam etirafı ilə yanaşı, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə video çəkilişin aparılmasına dair CD disklər, şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara CPM-in 144-146-cı maddələri ilə nəzərdə tutulmuş qaydada qiymət verərək, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CMin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik maddə olan heroinin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi-0,15 qram təşkil edir. Məhkəmə istintaq zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi-0,327 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, xroniki mieloid leykemiya (CML) BCR/ABL-müsbət, Xroniki mieloid Leykemiya diaqonozu ilə ikinci dərəcəli əlil olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə həmin cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, xroniki mieloid leykemiya (CML) BCR/ABL-müsbət, Xroniki mieloid Leykemiya diaqonozu ilə ikinci dərəcəli əlil olmasını, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 fevral 2025-ci il tarixdən 18 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı və ev dustaqlığında olduğu cəmi 1 (bir) ay 29 (iyirmi doqquz) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.19-cu maddəsinin tələbi baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspert tədqiqatından sonra qalıq çəkisi-0,267 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. İş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd “Samsung” markalı mobil telefonun özünə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə CPM-in 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olubolmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməli, ərazi narkoloji xəstəxanasında 2022-ci ildən “Opium narkomanlığı" diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Belə ki, məhkəmə-narkoloji ekspertizasının 03 mart 2025-ci il tarixli 111 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında 2022-ci ildən “Opium narkomanlığı" diaqnozu ilə qeydiyyatdadır. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 8 (səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də, 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 fevral 2025-ci il tarixdən 18 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı və ev dustaqlığında olduğu cəmi 1 (bir) ay 29 (iyirmi doqquz) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında 2022-ci ildən “opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda durması nəzərə alınsın. İş üzrə maddi sübut: Masallı rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,267 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılsın. İş üzrə 1 ədəd “Samsung” markalı mobil telefonun Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 48 (qırx səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ellara Abbasova
Məhkəmə qərarları › İş №1(050)-70/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-70/2025
18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver