Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-74/2023 12.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxxx 1989-cu il tarixdə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4 (050)-42/2023 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini qanunsuz əldə etməklə üzərində saxlayaraq daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan 14 fevral 2023-cü il tarixdə, saat 16 radələrində Masallı şəhəri, M.Füzuli küçəsi ərazisində saxlanılaraq RPŞ-yə gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi-0,277 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, mütəmadi olaraq narkotik vasitələr qəbul etmiş, əsasən də heroindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə bədənində kəskin ağrılar yaranmağa başladığından narkotik vasitə almaq məqsədilə təxminən saat 10 radələrində yaşadığı evdən çıxıb Masallı şəhəri Seybətin dairəsi adlanan yerə gəlmiş, oradan da Lənkəran rayonu, Qumbaşı kəndinə getmişdir. Orada bir qədər piyada hərəkət etdikdən sonra təxminən saat 11 radələrində xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı şəxsə yaxınlaşıb bədənində ağrılar olduğunu və ona narkotik vasitə tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs onda narkotik vasitə olan heroin olduğunu, istəsə ona verə biləcəyini bildirdikdə, həmin şəxslə razılaşmış və 10 manat müqabilində içərəsində narkotik vasitə heroin olan 01 ədəd şəffaf rəngli sellofan bükümü ondan almışdır. Sonra heroini cibinə qoyaraq Masallı şəhərinə gəlmişdir. Təxminən saat 16 radələrində Masallı şəhəri, M.Füzuli küçəsi ərazisində piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini göstərərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Sonra polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşduqda, o, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Daha sonra polis əməkdaşları onlarla birlikdə Masallı RPŞ-nə getməli olduğunu bildirdikdə, o, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə RPŞ-yə gəlmişdir. RPŞ-yə gəldikdən sonra polis geyimində olan bir nəfər özünü Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı Ariz Səfərov kimi təqdim etmişdir. Sonra baş təhqiqatçı Ariz Səfərov qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq RPŞ-yə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirdikdə, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra baş təhqiqatçı Ariz Səfərov onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirərək, üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsini təklif etdikdə, o, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən içərisində heroin olan 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, çəkisinin 0,31 qram olduğu müəyyən olunmuşdur. Sonra üzərində axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, barəsində mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində gəzdirməsində şübhəli olması qeyd olunmuşdur. Həmin məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və Masallı RPŞ-nə gətirilməsi ilə əlaqədar Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən “təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs onun və CAB-nin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə Masallı şəhəri, M.Füzuli küçəsi ərazisində saxlanılmışdır. Həmin vaxt orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığından Masallı RPŞ-yə dəvət edilmiş və Təqsirləndirilən şəxs razılaşaraq Masallı RPŞ-yə gəlmişdir. Masallı RPŞ-də baş təhqiqatçı Ariz Səfərov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri ona izah olunaraq bildiriş verilmişdir. Bu zaman Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmiş və Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi onun müdafiəçisi qismində dəvət olunmuşdur. Daha sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə baş təhqiqatçı Ariz Səfərov axtarış aparmağa başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif etdikdə, sonuncu əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Sonra edilən sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, bükümün çəkisinin 0,31 qram olduğu müəyyən olunmuş, zərfə qoyularaq RPŞnin 90 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya, predmet və maddə aşkar olunmamışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan iştirakçılara oxunmuş və imzalanmışdır. Şahid Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan video diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Əkbar oğlu, Masallı RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Masallı RPŞ-nin baş inspektor kriminalisti, polis leytenantı X5 iştirakları ilə Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı X7 tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim edərək bükümdə olan maddənin narkotik vasitə heroin olduğunu, Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Təqdim edilmiş bir bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkmiş, ümumi çəkisinin 0,31 qram olduğunu müəyyən edilmiş, zərfə qoyularaq qablaşdırılmış və üzərinə imzalar edilmişdir. Həmçinin, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan, Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(050)-68/2020 saylı hökmündən və Masallı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, 106 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 5 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilmişdir. İş materiallarinda olan Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4 (050)- 42/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 25 mart 2023cü il tarixdən hesablanmaqla 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 15 fevral 2023-cü il tarixli 19/199 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1ədəd bükümdə təmiz çəkisi:-0,277 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (Heroinin təmiz çəkisi-0,277 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,227 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X2 dair 16 fevral 2023-cü il tarixli 189 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Masallı rayon Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yəni əvvələr də eyni xarakterli cinayət əməli törətdiyi üçün məhkum olunmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə narkotik vasitələrin aludəçisi olduğunu və narkomaniya xəstəliyindən əzab çəkməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 16 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən buraxılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Eyni zamanda Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,227 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdən 16 fevral 2023-cü il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesabı ilə hesablanmaqla, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 12 aprel 2023-cü il tarixdən hesablansın. Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 4(050)-42/2023 saylı qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alinsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,227 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-74/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-74/2023
12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver