Məhkəmə qərarları › İş №1(050)-74/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-74/2024

16.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-74/2024 16.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında 28 avqust 1999-cu il tarixdə Masallı şəhərində doğulmuş olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Uşaq-Gənclər İdman məktəbində məşqçimüəllim işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 21 dekabr 2023-cü il tarixdə, saat 01 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində Masallı-Ərkivan avtomobil yolunun sol kənarında yerləşən avtoservisin qarşısında olarkən, həmin vaxtı oradan piyada hərəkət edən əvvəllər tanımadığı Masallı rayonu, Ərkivan qəsəbə sakini Zərərçəkmiş şəxs gecə vaxtı nə üçün küçədə gəzməsini aydınlaşdırmaq istəyərkən Zərərçəkmiş şəxslə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş mübahisə zamanı sonuncunun üz nahiyəsinə baş və yumruqla qəsdən vuraraq Zərərçəkmiş şəxs sağ qaş nahiyəsinin əzilmiş yarası və alın nahiyənin qançırı ilə nəticələnən ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla arasında heç bir ədavət və düşmənçilik olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 01 radələrində qonşusu və qohumu olan Şahid2 ona zəng edərək, iki nəfər şəxsin yaşadıqları küçədə gəzdiyini və həmin şəxslərin şübhəli olduğunu bildirirək onların kimliyini müəyyən etməyin lazım olduğunu xahiş etmişdir. Həmin vaxt o, tək yaşadığı küçənin girişində yerləşən Masallı şəhəri İsgəndərli körpüsünün yanındakı aptekin qarşısında özünə məxsus VAZ-2107 markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobillə olduğu üçün həqiqətəndə iki nəfər tanımadığı şəxsin getdiyini görmüş və həmin şəxslərə yaxınlaşaraq kim olduqlarını və gecə vaxtı nə gəzdiklərini soruşduqda, adını sonradan bildiyi Zərərçəkmiş şəxs və Ərkivan qəsəbə sakini olduğunu bildiyi şəxs heç bir səbəb olmadan onunla aqressiv danışaraq qeyri-adekvat hərəkətlər etməyə başlamışlar. O, Əlinin məqsədinin onunla mübahisə etmək olduğunu görüb başa düşdüyü üçün ona əlavə heç bir sual vermədən yanından uzaqlaşıb avtomobilinə oturmuş, Əli və yanında olan adını sonradan Mirzəxan olduğunu biliyi şəxs isə piyada Ərkivan qəsəbəsi istiqamətində hərəkət etməyə başlamışlar. Bundan təxminən 5-6 dəqiqə sonra Şahid2 olduğu yerə gələrək ondan həmin şəxsləri görüb-görmədiyini, görmüşsə kim olduqlarını və nə üçün gecə vaxtı məhəllədə piyada gəzdiklərini öyrənib-öyrənmədiyini soruşduqda, o, Bəylərə həmin şəxsləri tanımadığını, onlardan kim olduqlarını öyrənən zaman aqressiv danışdıqlarını və sonra Ərkivan qəsəbəsi istiqamətində getdiklərini bildirmişdir. Bundan sonra Şahid2 onun VAZ-2107 markalı, **-CX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə oturmuş və avtomobilinə yanacaq vurmaq üçün Masallı-Ərkivan avtomobil yolunun üzərində yerləşən yanacaqdoldurma məntəqəsi istiqamətində idarə etməyə başlamışdır. Həmin məntəqəyə çatmağına az qalmış yolun sol kənarında yerləşən “Avtoservisin” qarşısında həmin iki nəfər tanımadığı şəxsin, yəni adları sonradan məlum olan Əli və Mirzəxanın yol kənarı ilə qaçdığını görmüşdür. Həmin şəxslərin qaçması onda şübhə yaratdığı üçün avtomobili saxlayıb onlara yaxınlaşmış və nə üçün qaçdıqlarını soruşduqda, Zərərçəkmiş şəxs qeyri etik ifadələr işlədib üzərinə gələrək sözlə mübahisə etmiş və əli ilə onu itələmişdir. Bu zaman o da, əli ilə onun sinəsindən tutub geriyə itəliyərək özündən kənarlaşdırmışdır. Həmin vaxtı aralarında təxminən 4-5 dəqiqə müddətində mübahisə baş vermişdir. Sonra qohumu Bəylər yanına gələrək mübahisənin böyüməsinə imkan verməyib onu avtomobilinə aparmış və birlikdə yaşadıqları evə getmişlər. Bir neçə gün sonra Zərərçəkmiş şəxs mübahisə zamanı onu baş və yumruqla vuraraq xəsarət yetirməsi barədə polisə şikayət etdiyini eşitmişdir. O, mübahisə zamanı Zərərçəkmiş şəxs sinəsindən tutaraq geri itələmiş, lakin Zərərçəkmiş şəxs baş və yumruqla vurmamış və ona xəsarət yetirməmişçdir. Zərərçəkmiş şəxs qarşısına çıxaraq onu saxladığı üçün əməldən peşmandır. Məhkəmədən ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunmasını, cavanlığını, idman müəllimi işləməsini və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını nəzərə alaraq, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törətməkdə özünü qismən təqsirli bilməməsi, yəni zərərçəkmiş şəxsə xəsarət yetirməməsi barədə vermiş olduğu ifadəsini inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu cinayət əməlinə görə nəzərdə tutulan cəzadan yaxa qurtarmağa yönəlmiş ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadəsi, məhkəmə-tibb ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Masallı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə, gecə saat 01 radələrində tanışı Şahid1 ilə birlikdə Masallı rayonu ərazisində yerləşən “Gənclər evi”ndən çıxıb yaşadıqları Ərkivan qəsəbəsinə gedərkən məsafəni qısaltmaq üçün “Köhnə bazar” adlanan yerdən keçib bazarın arxa tərəfində yerləşən asma körpüdən keçərək evlərinə getmək istəmişlər. Masallı şəhəri İsgəndərli küçəsi ərazisindən keçərkən aptekin qarşısına çatıqda “Toyota Camry” və “Kia” markalı iki avtomobil onların qarşısına kəsmişdir. Maşınlardan ümumilikdə 8-10 nəfər tanımadığı şəxslər düşmüşdür. Bu zaman Cəlal ona yaxınlaşaraq “Gecə saatlarında burda nə gəzirsiz” deyə soruşduqda, o Cəlala Masallı şəhəri ərazisindən gəldiyini və haradan gəlməklərinin ona heç bir aidiyyatı olmadığını demişdir. Bu zaman “Kia” avtomobilindən bir nəfər tanımadığı şəxs düşüb onlara getməklərini bildirmişdir. Sonra o, tanışı Mirzəxan ilə üzü Ərkivan qəsəbəsi istiqamətində yolun sol kənarı ilə getməyə başlamışdır. Ərkivan qəsəbəsində yerləşən “Avtoservis”in qarşısına çatdıqda Cəlal və bir nəfər tanımadığı şəxs avtomobildən düşərək onlara yaxınlaşmış və onlardan İsgəndərliyə niyə getdiklərini təkrar soruşduqda, o, yenə həmin şəxslərə bunun heç bir aidiyyatı olmadığını bildirmişdir. Bu zaman Cəlal üzərinə gələrək, qəflətən kəlləsi ilə onun sifət nahiyəsindən vurmuş və zərbənin təsirindən o, yerə yıxılmışdır. Daha sonra Təqsirləndirilən şəxs yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Bu vaxt “Toyota Corolla” markalı avtomobil gəlmiş, Cəlal və onunla birlikdə gələn tanımadığı şəxs avtomaşına minib qaçmışlar. Sonra tanışı Mirzəxan və oraya gələn tanımadığı şəxslər onu yerdən qaldırmış və onlar evə getmişlər. Evdə olarkən qardaşı Şahid3 onun xəsarət aldığını görüb nə baş verdiyini soruşduqda, o, qardaşı Qalibə baş verənlər barədə danışmışdır. Bundan sonra qardaşı Qalib DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Münaqişə təxminən 5-10 dəqiqə müddətdə baş vermiş, həmin vaxtı orada tanışı Mirzəxan və adını sonradan bildiyi Şahid2 olmuşdur. O, hal-hazıradək Təqsirləndirilən şəxslə barışmamış və hazırda da onu bağışlamır. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisi nəvəsidir. Masallı rayonu, Ərkivan qəsəbə sakini Zərərçəkmiş şəxs isə ümumiyyətlə tanımır, onunla arasında əvvəllər heç bir ədavət olmamışdır. xx.xx.2023-cü il tarixdə, gecə saat 01 radələrində evdə olarkən evinin qarşısında fit səsi eşidib həyətinə düşmüş və mal-qara tövləsinə baxıb küçəyə çıxmışdır. Bu zaman küçədə iki nəfər şəxsin dayandığını görüb, həmin şəxslərdən kim olduqlarını soruşan zaman onlar qaçıb getmişlər. Sonra cəld qonşusu və əmisi nəvəsi Cəlala zəng edib iki nəfər şübhəli şəxsin olduğunu demiş, Cəlal da ona hal-hazırda küçənin çıxışında olan aptekin qarşısında olduğunu demişdir. Sonra o, evə qayıdıb paltarını geyinib aptekin yanına getmiş və Cəlalın orada dayandığını görüb, sonuncudan həmin iki nəfər şəxsin kim olduğunu soruşduqda, Cəlal ona həmin şəxslərdən kim olduqlarını soruşarkən onunla aqressiv danışaraq üzü Ərkivan qəsəbəsi istiqamətində qaçdıqlarını demişdir. Daha sonra o, Cəlalın idarə etdiyi VAZ-2107 markalı avtomobilə əyləşib Ərkivan qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə gedib avtomobilə benzin vurmaq istəmişdir. Bu zaman həmin iki nəfər şəxsin “Avtoservis”in qarşısı ilə qaçdığını görüb, Cəlala avtomobili saxlayıb onların kim olduğunu bir də soruşacağını demişdir. Cəlal avtomobili “Avstoservis”in qarşısında saxlamış və avtomobildən düşərək yenidən həmin şəxslərə yaxınlaşmışlar. Cəlal həmin şəxslərdən təkrarən kim olduqlarını və hansı səbəbdən qaçdıqlarını soruşduqda, sonradan adını Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs Cəlala tərəf gələrək onunla aqressiv danışmağa başlamışdır. Həmin vaxtı o, Əlinin məqsədinin Cəlalın onu vurması olduğunu görüb, Cəlala avtomobilə oturmasını bildirmişdir. Cəlal da avtomobilə oturmuş və onlar yanacaqdoldurma məntəqəsinə gedərək benzin vurub yaşadıqları evə qayıtmışlar. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs arasında həmin vaxtı yalnız sözlə mübahisə olmuşdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Masallı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə, gecə saat 01 radələrində evdə olduğu vaxt qardaşı Zərərçəkmiş şəxs evə gəlib otağa keçərkən onun sifətinin burun və qaş nahiyəsində xəsarətlər olduğunu görüb, ona yaxınlaşaraq xəsarətləri harada və hansı şəraitdə aldığını soruşduqda, Əli ona həmkəndlisi Mirzəxan ilə birlikdə evə gələrkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs bir neçə nəfərlə İsgəndərli kəndində yerləşən aptekin qarşısında onların qarşısını kəsdiyini və hardan gəldiklərini soruşmuş, qardaşı Əli də Cəlala haradan gəldiyinin ona aidiyyatı olmadığını deyərək üzü Ərkivan istiqamətində gəlmişdir. X3 adlı şəxslə Ərkivan qəsəbəsində yerləşən “Avtoservis”in qarşısında qardaşı Əlinin və Mirzəxanın qarşısını kəsərək mübahisə etməyə başlamışlar. Mübahisə zamanı Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs əvvəlcə başının alın nahiyəsi ilə sifət nahiyəsindən vuraraq yerə yıxmış, sonra isə yumruq və təpiklə qardaşının sifət və bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Qardaşı Əli bunları danışdıqdan sonra o, DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra ifadəsi elan olunmuş Şahid1 ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-Tibbi Ekspertiza və X2» Publik Hüquqi şəxsin Masallı MTE və PA şöbəsinin 21 dekabr 2023-cü il tarixli 1205 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ qaş nahiyəsinin əzilmiş yarası və alın nahiyəsinin qançırı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti tibbi sənəddə qeyd olunan 21 dekabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlindən qismən də olsa peşman olmasını, cavanlığını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini və yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində islah işləri cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş üzrə üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 10 (on) faiz məbləğində pul dövlət nəfinə tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzasına məhkum olunsun. Cəzasını əsas iş yeri üzrə çəksin və cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs işlədiyi və onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablansın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar