Məhkəmə qərarları › İş №1(050)-75/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-75/2025

18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-75/2025 18.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, birinci dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1977-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında audio və videoçəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımış, psixotrop maddələri qəbul etməkdə, üzərində gəzdirməkdə və daşımaqda şübhəli olduğundan 01 fevral 2025-ci il tarixdə, saat 15:19 dəqiqədə Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri, S.Vurğun küçəsi ərazisində saxlanılaraq üzərinə keçirilən yoxlama və götürmə zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,467 qram təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərdi ki, üzərində aşkar olunan şüşə kimi bildiyi psixotrop maddə metamfetamini 01 fevral 2025-ci il tarixdə Lənkəran rayonu ərazisində tanımadığı şəxsdən 10 manata almışdır. Həmin gün günorta saatlarında Masallı şəhəri, S.Vurğun küçəsində piyada hərəkətdə olan zaman iki nəfər şəxsin videokamera çəkilişi ilə ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün yaxınlaşdıqlarını demişdir. Sonra özünü polis əməkdaşı Şahid1 kimi təqdim edən şəxs ona şifahi formada üzərində qanunla istifadəsi qadağan edilmiş əşya predment vardırsa, təqdim etməyini bildirmişdir. O, isə əynində olan şalvarın sağ yan cibindən içərisində metamfetamin olan bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Üzərində aşkar edilmiş psixotrop maddə ilə bağlı polis əməkdaşları bir sıra istintaq hərəkətləri aparılmaqla sənədləşdirilmişdir. Hal-hazırda əməlindən peşman olmasını nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 01 fevral 2025-ci il tarixdə Masallı şəhər, M.ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən həmin tarixdə qəbul edilmiş müvafiq qərar və əmr əsasında Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, olmaqla, üzvləri isə Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 və KTQ-nın baş inspektoru X5 təyin edilmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 01 fevral 2025-ci il tarixdə saat 15:19 dəqiqədə Masallı şəhəri, S.Vurğun küçəsi ərazisində piyada hərəkətdə olan zaman saxlanılmışdır. Həmin vaxt video çəkiliş aparılmaqla onlar Təqsirləndirilən şəxs əvvəlcə xidməti vəsiqələrini göstərib özləriniin polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və daşımasında şübhəli olması və bununla bağlı üzərinə yoxlama və götürmə aparılmalı olduğunu demişlər. Təqsirləndirilən şəxs həmin vaxt müdafiəçinin yardımına ehtiyacı olmadığını və üzərinə yoxlama aparılmasına heç bir etiraz etmədiyini demişdir. Bundan sonra o, Yalçına üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan büküm çıxardıb onlara təqdim etmiş və həmin bükümün içərisində şüşə deyə bildiyi maddə olduğunu demişdir. Onlar həmin sellofan bükümün içərisinə baxdıqda içərisində ağ rəngli kristallardan ibarət olan psixotrop maddə metamfetaminə bənzər kütlələr olmasını aşkar etmişlər. O, həmin metamfetamini 01 ədəd sellofan bükümlə birlikdə elektron tərəzidə çəkmiş və bükümlə birlikdə çəkisinin 0,56 qram olması aydın olmuşdur. O, Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütləni 01 ədəd sellofan bükümlə birlikdə ağ rəngli kağız zərfə qoymuş, zərfin üzəri orada olan şəxslər tərəfindən imzalanmış və möhürlənərək qablaşdırılmışdır. O, daha sonra Təqsirləndirilən şəxs üzərində yoxlama aparmış və hər hansı başqa bir qanunsuz əşya və ya predmet aşkar etməmişdir. O, sonda Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün nə olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs isə cavabında ona həmin şüşə deyə bildiyi metamfetamini təxminən bir həftə əvvəl Lənkəran rayonu ərazisində tanımadığı şəxsdən 10 manat pul qarşılığında aldığını, narkotik maddələrdən asılı olduğunu və öz şəxsi istifadəsi üçün üzərində daşıyaraq, saxladığını bildirmişdir. Bundan sonra çəkiliş sonlandırılmış və onlar birlikdə Masallı RPŞ-nin inzibati binasına gəlmişlər. Masallı RPŞnin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə aparılan yoxlama və götürmə ilə bağlı protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. O, daha sonra Təqsirləndirilən şəxs Masallı RPŞ-ni Məsul Növbətçisinə təhvil vermiş və yoxlama və götürmə aparılması ilə bağlı tərtib edilmiş sənədləri, 01 ədəd DVD diski və içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 01 ədəd kağız zərfi Masallı RPŞ-nin təhqiqatçısı Vasif Ağazadəyə təqdim etmişdir. Təhqiqatçı tərəfindən təqdim edilən 01 ədəd kağız zərf açılmış və içərisində olan psixotrop maddə yenidən çəkildikdən sonra başqa bir ağ rəngli kağız zərfdə qablaşdırılmaqla möhürlənmişdir. O, daha sonra təyin edilərək keçirilmiş olan məhkəmə fiziki kimyəvi ekspertizasının rəyində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş olan psixotrop maddə metamfetaminin təmiz çəkisinin 0,467 qram olmasını öyrənmişdir. Onun Təqsirləndirilən şəxs ilə əvvəllər tanışlığı və aralarında heç bir ədavət, düşmənçiliyik olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saxlanıldıqda, üzərinə yoxlama və götürmə aparıldıqda Masallı RPŞ-yə gətirildikdə ona heç bir zor və ya güc tətbiq olunmamışdır. Onlar xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs saxlayan zaman Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə metamfetamini yerin üzərində elektron tərəzi vasitəsilə çəkmişlər. Həmin vaxt elektron tərəzinin yerdə sabit və düz qalması ola bilsin ki, bir qədər fərqli olduğundan ölçü aparan zaman metamfetaminin çəkisində fərqli rəqəmlər görünmüşdür. Lakin ekspertiza tədqiqatı zamanı həmin metamfetamin təmiz halda çəkilmişdir. Ekspertin tərəzisi dəqiq və düzgün çəkdiyi üçün rəydə göstərilən çəki əsas götürülməlidir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan olunmaqla tədqiq edilmiş: Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Masallı Rayon Polis Şöbəsinin Post patrul xidməti bölüyünün, polis nəfəri polis serjantı Şahid2, Masallı RPŞ-nin Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru X5 tərəfindən Masallı RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və qanunsuz olaraq narkotik vasitə əldə edərək, üzərində daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 01 fevral 2025-ci il tarixdə, saat 15:19-da Masallı şəhəri, S.Vurğun küçəsində saxlanılaraq üzəri yoxlanılan zaman özü əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəfaf rəngli sellofana bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərində aşkar olunmuş, psixotrop maddə olan metamfetaminə oxşar kütləni Lənkəran rayon ərazisində tanımadığı şəxsdən 10 manat pulun müqabilində aldığını demişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş həmin bir ədəd bükümə baxış keçirilərkən onun psixotrop maddə metamfetaminə bənzər kütlə olduğunu görmüş, sonra həmin metamfetaminə bənzər maddəni sellofanla birlikdə elektron tərəzidə çəkmişdir və ümumi çəkisinin 0,56 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin psixotrop maddə metamfetaminə bənzər maddəni içi boş olan kağız zərfə qoyaraq qablaşdırmışdr. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyd olunanlardan başqa qanunla qadağan olunmuş hər hansı maddə və predmet aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Vasif Ağazadə tərəfindən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən əməliyyataxtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 və Masallı Rayon Polis Şöbəsinin Post patrul xidməti bölüyünün, polis nəfəri polis serjantı Şahid2 və Masallı RPŞ-nin Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru X5 tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək, hər biri ağ rəngli zərfdə qablaşdırılmış 1 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə və baxış keçirilməsi barədə video görüntünü əks etdirən CD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman 01 bükümdə metamfetaminə bənzər psixotrop maddə olmuş və həmin büküm elektron tərzidə çəkilmiş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis baş leytenantı X6 tərəfindən müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq, törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan və tutulmuş şəxsin azad edilməsi və polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2025-ci il tarixdə saat 15:19-da şübhəli şəxs qismində tutulmuş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə 03 fevral 2025-ci il tarixdə,. saat 13:00-da müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 02 fevral 2025-ci il tarixli, 19/41 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: 0,467 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. Metamfetamin təmiz çəkisi 0,467 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,417 qramdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 51 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Təqdim edilən arayışa əsasən İ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır, ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2025-ci il tarixli maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 0,417 qram olan psixotrop maddə metamfetamin xx.xx.2025-ci il tarixdə maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Masallı Rayon Mərkəzi X4 Şəxs tərəfindən verilmiş 04 fevral 2025-cü il tarixli, 18-1- 60/2-265/2025 saylı məktubdan görünür ki, Əliyev X3 Rayon Mərkəzi X4 Şəxsin psixonevroloji kabinetində dispanser qeydiyyatında durur. “Diaqnoz: Eyni zamanda bir neçə narkotik vasitədən istifadə nəticəsində yaranan psixi və davranış pozuntuları. Lənkəran Şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 94 saylı məktubdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü ünvan 1-də qeydiyyatda olan və yaşayan Əliyev X2 şəhəri Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X3 şəhəri, ünvan 3 ünvanında qeydiyyatdadır. Yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə-psixiatrik ekspertizasının 11 fevral 2025-ci il tarixli, 425 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan Təqsirləndirilən şəxs barəsində anlaqlı hesab edilməlidir.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddəsinin tələbinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs yerində saxlanılaraq üzərinə baxış keçirilərkən üzərində ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilməsi, polis şöbəsinə dəvət olunub əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara baxış keçirilməsi, eləcədə şübhəli şəxs qismində tutularkən cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırki iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün tam etirafı ilə yanaşı, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə video çəkilişin aparılmasına dair CD disklər, şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri və məhkəmə istintaqında tədqiq olunmuş digər dəlillərlə tam sübuta yetirildi. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara CPM-in 144-146-cı maddələri ilə nəzərdə tutulmuş qaydada qiymət verərək, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CMin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalı və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda psixotrop maddə olan metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi-0,15 qram təşkil edir. Məhkəmə istintaq zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi-0,467 qram təşkil edən ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallardan yoxdur. Lakin məhkəmə Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11 - 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-in Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. CPM-in 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında aşağıdakı məsələlər göstərilən ardıcıllıqla məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır):....346.1.11. təqsirləndirilən şəxsə məhz hansı cəzanın (o cümlədən cinayətlərin residivi, cinayətlərin məcmusu, hökmlərin məcmusu, cəzaların birləşdirilməsi, cəza müddətlərinin hesablanması, cəzanın əvəz edilməsi, şərti məhkum etmənin tətbiq edilməsi imkanı nəzərə alınmaqla təyin edilməli olduğu; 346.1.12. təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı; 346.1.13. təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olduğu; 346.1.14. cinayətin törədilməsində təqsirli hesab edilmiş təqsirləndirilən şəxs barəsində əlavə cəzaların və məhz hansı cəzanın təyin edilməsinin zəruri olub-olmadığı; CPM-in 353.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmünün təsviriəsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir:....353.2.7. bu Məcəllənin 346.1.11—346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri; Məhkəmə, təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, yaşı, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri, əməlinin yüngülləşdirici halları, cinayəti törətmə üsulu və əməlin ictimai təhlükəliliyi, bu növ əmələ görə əvvəllər inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmaması ona əsas verir ki, o cəmiyyətdən təcrid olunmadan, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlama müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına daxil edilməlidir. Məhkəmə CPM-in 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olubolmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməli, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Belə ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 51 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Təqdim edilən arayışa əsasən İ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,417 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə CPM-in 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə CPM-in 346.1.22-ci maddəsinin tələbinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 9 (doqquz) saat vaxt sərf etmişdir. Ona görə də, 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-356 və 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 07 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutularaq, saxlanıldığı 01 fevral 2025ci il tarixindən 03 fevral 2025-ci il tarixədək olan 02 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut: Masallı rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalmış 0,417 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılması, üzərindən aşkar edilmiş psixotrop maddəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Məhkəmə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 54 (əlli dörd) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökm elan olunduqdan sonra 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar