Məhkəmə qərarları › İş №1(050)-77/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-77/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-77/2025 15.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1988-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşamış, barəsində Masallı Rayon Məhkəməsinin 4(050)-7/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarı ilə 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə etməklə üzərində saxlayıb daşımışdır. Narkotik vasitələri qəbul etməkdə, üzərində gəzdirməkdə və daşımaqda şübhəli olduğundan o, 20 yanvar 2025-ci il tarixdə, saat 19:46 dəqiqədə Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri, H.Əliyev prospekti ərazisində saxlanılmışdır. Orada üzərinə keçirilən yoxlama və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd sellofan bağlamada təmiz çəkisi 410,0 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, gündə 2 dəfə olmaqla arada-bir narkotik maddə qurudulmuş marixuanadan istifadə edir. 20 yanvar 2025-ci il tarixdə Cəlilabad rayonu, Göytəpə qəsəbəsində bazarın yaxınlığında tanımadığı şəxsdən 200 manat pulun müqabilində 400 qram çəkidə qurudulmuş marixuana almışdır. Həmin günü Masallı rayonu, H.Əliyev prospektində qəbristanlığın yaxınlığında piyada hərəkətdə olan zaman polis əməkdaşları video çəkiliş aparmaqla ona yaxınlaşıb narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olmağını bildirib üzərinə yoxlama aparılacağını demişlər. O, polis əməkdaşlarına üzərində narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmiş və əynində olan qara rəngli gödəkçənin sol içəri cibindən bir ədəd sellofan bağlamanı çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Eyni zamanda həmin gödəkçənin sağ yan cibindən bir ədəd Samsung A10 markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Qurudulmuş marixuana elektron tərəzidə çəkdikdən sonra polis əməkdaşları onu Masallı rayon Polis şöbəsinə dəvət etmişlər. Suallara cavab olaraq bildirmişdir ki, polis şöbəsində ona qarşı fiziki təsir və güc tətbiq olunmamışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu, atasının vəfat etdiyini bildirərək yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Masallı rayon Polis şöbəsinin X2 əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, üzərində gəzdirmə və daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Post patrul xidməti bölüyünün polis nəfəri Şahid2 və KTQ-nin baş inspektoru Ramal Şükürovla birlikdə onu 20 yanvar 2025-ci il tarixdə, saat saat 19:46-da Masallı şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olakən videoçəkilişlə saxlamışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını, bununla bağlı üzərinə yoxlama və götürülmə aparılacağını bildirərək üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs qara rəngli gödəkçənin sol iç tərəfindən bir ədəd sellofan bağlamanı təqdim edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu demişdir. Qurudulmuş marixuana elektron tərəzidə çəkilərək 440 qram olduğu müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində başqa əşya olub-olmamasını soruşmuş, o, da gödəkçənin sağ yan cibindən bir ədəd “Samsung” markalı telefonu çıxarıb təqdim etmişdir. Aşkar olunmuş qurudulmuş marixuana və “Samsung” markalı telefonu zərflərə qoyaraq qablaşdırmışdır. Təqsirləndirilən şəxs Masallı rayon Polis şöbəsinə gətirərək qurudulmuş marixuananı, mobil telefonu və yoxlama zamanı çəkilmiş videogörüntü olan 01 ədəd video diski təhqiqatçı Əli Sadıqova təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin əşyalara videoçəkiliş vasitəsilə baxış keçirilərək götürülmüş və bu barədə protokol tərtib olunaraq imzalanmışdır. Suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı fiziki zor və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahidlər Masallı rayon Polis şöbəsinin Post patrul xidməti bölüyünün polis nəfəri Şahid2 və KTQ-nin baş inspektoru X7 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şübhəli şəxs qismində tutma barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2025-ci il tarixdə, saat 20:50-də şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, 20 yanvar 2025cil il tarixdən, saat 19:46-dan hesab edilmişdir. - Masallı Rayon Məhkəməsinin 4(050)-7/2025 nömrəli, 22 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 20 yanvar 2025-cil il tarixdən hesab edilmişdir. - Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi barədə 20 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunmuş əşyalar varsa təqdim olunması təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol iç hissəsindən bir ədəd sellofan bükümdə, narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni təqdim etdi. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldı. Yoxlama zamanı sonuncunun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olundu. Təqsirləndirilən şəxs verilən suallar cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni Cəlilabad rayonunda “Bazar” adlanan yerdə tanımadığı şəxsdən aldığını bildirdi. Narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə elektron tərəzidə çəkildi və büküm ilə birlikdə çəkisi 440 qram oldu. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 21 yanvar 2025-ci il tarixli, 19/20 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs məxsus qurudulmuş marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan bir ədəd bağlamadakı 01 ədəd bükülüdə təmiz çəkisi: 410,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına 0,1 qram sərf edildikdən sonra 409,9 qram qalıq qalmışdır”. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X4 Publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının 22 yanvar 2025-ci il tarixli, 43 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmadı. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 23 yanvar 2025-ci il tarixli, 35 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin ambulator məhkəmə psixatrik ekspertizasının 11 fevral 2025-ci il tarixli, 426 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinyət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. - Masallı rayon Polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab olaraq tərtib olunmuş 01 mart 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd sellofan bağlamada təmiz çəkisi 410,0 qram narkotik vasitə qurudulmuş marixuana onun özünə məxsus olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrdən mütəmadi istifadə etmiş və aludəçisi olmaqla asılı hala düşmüşdür. Təqsirləndirilən şəxs narkotik maddələrdən qanunsuz istifadə etdiyinə görə əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, islah olunmamış, cinayətə meyilli şəxslərlə daimi və sıx əlaqə olmuş, eyni əməllərini azadlığa çıxdıqdan sonra yenidən törətmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş olan qurudulmuş marixuananı öz şəxsi istifadəsi üçün əldə etmiş və özü istifadə etmək niyyəti ilə üzərində daşıyaraq saxlamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitə qurudulmuş marixuananı dəqiq olaraq harada, hansı vaxtda və kimdən alması, onun narkotik vasitələrin, narkotik vasitələrin satışı ilə məşğul olması, həmçinin onun narkotik vasitəni həqiqətən də Qabil adlı şəxsdən alıb-almaması, həmin şəxsin şəxsiyyətinin kim olması və əməliyyat tapşırığında qeyd edilən digər məsələlərlə bağlı hələlik müsbət nəticə əldə etmək mümkün olmamışdır. - “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 23 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin narkoloji kabinetində dispanser qeydiyyatında durmur. Psixo-nevroloji kabinetində dispanser qeydiyyatındadır. “Digər stimulytorların istifadəsi nəticəsində yaranan psixi və davranış pozuntuları” diaqnozu. - “Lənkəran şəhər Psixatriya xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 23 yanvar 2025-ci il tarixli məktubdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Sadıqov X5 şəhər Psixatriya xəstəxanasında qeydiyyatda deyil. - Masallı rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 14 mart 2025-ci il tarixli, 542 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə üzvləri vardır: anası X3, qardaşı X8. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 03 fevral 2025-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxxxx 1988-ci ildə Masallı rayonunda anadan olmuş Təqsirləndirilən şəxs – Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CMnin 69.3-cü maddəsinə əsasən 2 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 4 ay 05 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 07 noyabr 2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyydan çıxarılmışdır. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Əli Şiriyevin 21 yanvar 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın ekpertizadan sonrakı qalığı 409,9 qram maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanması üçün Masallı rayon Polis şöbəsinə təhvil verilmişdir. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Əli Şiriyevin 14 mart 2025-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekpertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 409,9 qram qalmış narkotik vasitə qurudulmuş marixuananın məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək qəbul edilmiş qərarla maddi sübut kimi tanınaraq Masallı rayon Polis şöbəsinin saxlanc yrində saxlanması nəzərə alınmış, əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsini özündə əks etdirən 1 ədəd DVD disk, əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsini özündə əks etdirən 1 ədəd DVD disk, ümumilikdə 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmə iclasında verdiyi ifadələri, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, atasının vəfat etməsini, bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cinayətin residivini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması növündə alternativ cəza nəzərdə tutulmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Məhkəmə qeyd edir ki, daha yüngül cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da, yoxdur. Çünki Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətmişdir və əməlində cinayətin residivi vardır. Ona görə də, məhkəmə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də, nəzərə almışdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətdiyindən onun əməli cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə, CPM-in 346.1.13-cü maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, 20 yanvar 2025-cil il tarixdən hesab olunmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CPM-nin 132.1.4-cü maddəsinə əsasən Masallı rayon Polis şöbəsinin saxlanc yerində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın ekpertizadan sonrakı qalığı 409,9 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsini özündə əks etdirən 1 ədəd DVD disk, əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsini özündə əks etdirən 1 ədəd DVD disk, ümumilikdə 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilməsini əks etdirən 1 ədəd DVD disk cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut qismində tanınmasa da, məhkəmə hesab edir ki, həmin DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halın müəyyən edilməsinə kömək edən əşya olduğundan maddi sübut hesab edilməli və cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra Sa ailə üzvlərinə qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 6 (altı) saat 40 (qırx) dəqiqə vaxt sərf etmişdir. Ona görə də, 40 (qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli 20 yanvar 2025-cil il tarixdən hesablanmaqla cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, yaşadığı ərazi üzrə Narkoloji kabinetdə qeydiyyata alınsın. Masallı rayon Polis şöbəsinin saxlanc yerində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın ekpertizadan sonrakı qalığı 409,9 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi” haqqında protokola əlavə edilmiş 01 ədəd DVD disk, əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokola əlavə edilmiş 1 ədəd DVD disk və şübhəli şəxsin dindirilməsi haqqında protokola əlavə edilmiş 1 ədəd DVD disk, ümumilikdə 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs aşkar olunmuş 1 ədəd “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəsini aldıqdan sonra ailə üzvlərinə qaytarılsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 40 (qırx) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar