Məhkəmə qərarları › İş №1(050)-78/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-78/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-78/2025 30.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxx 1970-ci ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)59/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 08 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı şəhəri, M.Ə.Sabir küçəsi ev 3-də qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə, saat 18:02-də Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri, H.Əliyev prospektində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zamanı əynində olan boz rəngli qış gödəkçənin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 0,443 qram təşkil edən xeyli miqdarda ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamin аşkаr edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o uzun müddətdir ki, narkotik vasitə istifadəçisidir və əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. xx.xx.2025-ci il tarixdə günorta saatlarında bədənində ağrılar yaranmağa başladığından şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin əldə etmək qərarına gəlmiş və bu məqsədlə yaşadığı Masallı şəhəri, M.Ə.Sabir küçəsində yerləşən evindən çıxıb tanımadığı şəxsin avtomobili ilə Lənkəran rayonu, Qumbaşı kəndinə getmişdir. Orada piyada gəzdikdən sonra xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı kişi cinsli şəxsi görüb ona yaxınlaşaraq bədənində ağrılar olduğunu deyib psixotrop maddə metamfetamin tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin şəxslə razılaşdıqdan sonra ondan bir ədəd bükümdə psixotrop maddə metamfetamini 10 manata alıb əynində olan boz rəngli gödəkçəsinin sol yan cibinə qoyaraq oradan tanımadığı şəxsin avtomobili ilə Masallı şəhəri, H.Əliyev prospektinə gəlmişdir. Orada piyada hərəkət edib üzərində olan metamfetamini istifadə etmək üçün uyğun yer axtararkən dörd nəfər şəxsin videokamera ilə ona yaxınlaşdığını görmuşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün yaxınlaşdıqlarını demişlər. Sonra polis əməkdaşları ondan şifahi formada üzərində narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşmuşlar. O, üzərində psixotrop maddə metamfetamin olduğunu polis əməkdaşlarının artıq bildiklərini başa düşdüyündən onlara üzərində psixotrop maddə metamfetamin olduğunu demişdir. Sonra həmin yerdə əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü və gödəkçəsinin sağ yan cibindən bir ədəd özünə məxsus “Fmobile” markalı mobil telefonunu çıxardıb polis əməkdaşlarına təqdim etmiş və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetaminin olduğunu, həmin metamfetamini Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşı Şahid1 təqdim etdiyi həmin bir ədəd bükümü açıb yaxından baxdıqda onun həqiqətəndə psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Daha sonra həmin metamfetamin şəffaf rəngli sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,60 qram olduğu müəyyən edilmişdir. Sonra həmin psixotrop maddə metamfetamin və “Fmobile” markalı mobil telefon ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyularaq qablaşdırılmış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Bundan sonra polis əməkdaşları onu Masallı Rayon Polis Şöbəsinə gətirmiş, orada əməliyyat müvəkkili Şahid1 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminlə əlaqədar protokol yazmış, həmin protokolu ucadan oxumuş və o da protokolu imzalamışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadəsi, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2025ci il tarixdə ona Masallı şəhəri, M.Ə.Sabir küçəsi ev 3-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərinin davam etdirilməsi üçün rəis tərəfindən ona həvalə olunmuş və həmin günü tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat qrupunun yaradılması barədə əmr hazırlanmış və o, həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və KTQ-nin baş inspektoru, polis baş leytenantı Şahid4 təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində, Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev proskpetində olması barədə məlumat əldə etdikdən sonra Şahid3, Şahid2 və Şahid4la birlikdə oraya getmişdir. Həmin proskpetdə saat 18:02-də Təqsirləndirilən şəxs asvalt yolun kənarı ilə tək piyada hərəkətdə olduğunu görmüş və həmin vaxtı videoçəkilişlə ona yaxınlaşıb orada saxlamışdılar. Sonra ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞnin əməkdaşları olduğlarını və qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib ondan üzərində narkotik maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs bir qədər düşündükdən sonra üzərində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sonra həmin yerdə özünün əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü və gödəkçəsinin sağ yan cibindən bir ədəd “Fmobile” markalı mobil telefonu çıxardıb təqdim etmiş və təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 10 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. O, təqdim olunmuş həmin bir ədəd bükümü açıb yaxından baxmış və onun psixotrop maddə metamfetaminə bənzər kütlə olduğunu görmüşdür. Sonra həmin metamfetaminə bənzər kütlə şəffaf sellofanla birlikdə elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 0,60 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin psixotrop maddə metamfetaminə bənzər kütləni və “Fmobile” markalı mobil telefonu orada ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyaraq qablaşdırmış və üzərini polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılmasına dair parotokolun yazılmasına şərait olmadığından onu aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər kütlə və mobil telefonla birlikdə Masallı Rayon Polis Şöbəsinin inzibati binasına gətirmişlər. Polis şöbəsində bununla əlaqədar tərəfindən protokol yazılmış, həmin protokol ucadan oxumuş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin metamfetaminə bənzər kütləni, mobil telefonu və üzəri yoxlanılan zaman çəkilmiş videogörüntünün əks olunduğu 01 ədəd video diski RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Asiman Abdullayevə təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin əşyalara videoçəkiliş vasitəsilə baxış keçirilərək götürülmüş və götürmə aparılması ilə əlaqədar yazılmış protokolu imzalanmışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid3 və Masallı RPŞ-nin KTQ-nin baş inispektoru Şahid4 Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. İş materiallarında olan şübhəli şəxsin saxlanılaraq yerində üzərinə baxış keçirilməsinin video görüntülərini özündə əks etdirən diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid1, Şahid3, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 və KTQ-nin baş inispektoru Şahid4 tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsi və üzərində daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:02-də Masallı şəhəri, H.Əliyev prospektində saxlanılaraq üzəri yoxlanılan zaman əynində olan boz rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli sellefon bükümdə təmiz çəkisi 0,60 qram təşkil edən xeyli miqdarda ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin və gödəkçəsinin sağ yan cibindən bir ədəd “Fmobile” markalı telefon aşkar edilərək götrülmüşdür. İş materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi Əli Şiriyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən video diskə baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq xx.xx.2025-ci il tarixdə şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamin almaq məqsədilə Lənkəran rayonu, Qumbaşı kəndinə getdiyini, orada tanımadığı şəxsdən 10 manat pul müqabilində bir ədəd şəffaf sellefon bükümdə psixitrop maddə metafetamin alaraq əynində olan boz rəngli gödəkçəsinin sol yan cibinə qoyub həmin günü saat 18:02-də Masallı şəhəri, H.Əliyev prospektində saxlanıldığını səmimi etiraf etmişdir. İş materiallarında olan Masallı RİHB-nin Masallı şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 14 fevral 2025-ci il tarixli, 19/57 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən götürülmüş bir ədəd şəffaf bükülüdə olan psixotrop maddəyə bənzər kütlə.....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi 0,443 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir. (Metamfetaminin təmiz çəkisi-0,443 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq-0,393 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X2 dair 13 mart 2025-ci il tarixli, 146 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Ərazi Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan və Masallı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-59/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 08 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götrülməmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 15 aprel 2025-ci il tarixli 1(050)-78/2025 saylı hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Eyni Məcəllənin 65-ci maddəsinə görə residivə, təlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən eyni xarakrerli az ağır cinayət törətməyə görə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunmuş cəzadan bir nəticə çıxarmayıb məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətin residivi yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini və yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, əvvələr məhkum olunmasını, məhkumluğunun ödənilməməsini və ya götürülməməsini, habelə narkotik vasitələrin aludəçisi olduğunu və narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 18:02-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən buraxılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli Qərarının 28-ci bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,393 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 fevral 2025-ci il tarixdən 15 fevral 2025-ci il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesabı ilə hesablanmaqla, üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 aprel 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə edilsin və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,393 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut 03 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar