Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-79/2025 23.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxx 2000-ci ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı şəhəri, Seybətin küçəsi ev 3-də qeydiyyatda olmaqla, Masallı şəhəri, C.Cabbarlı küçəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio-video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 24 dekabr 2024-cü il tarixdə, saat 22 radələrində qaynatası Zərərçəkmiş şəxs yaşadığı Masallı rayonu, Sərçuvar kəndində yerləşən fərdi yaşayış evinə gedərək sonuncunun onun arvadı Şahid2 barəsində müxtəlif şəxslərin yanında xoşagəlməz sözlər danışmasının səbəbini aydınlaşdırmaq istəyərkən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlində olan zavod üsulu ilə hazırlanmış təsərrüfat məişət təyinatlı soyuq silah hesab edilməyən vintacan ilə Zərərçəkmiş şəxs baş və kürək nahiyələrinə qəsdən iki dəfə vuraraq sonuncuya başın alın nahiyəsinin tüklü hissəsinin əzilmiş yarası və döş qəfəsinin arxa hissəsinin sıyrığı ilə müşayət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 22 yanvar 2022-ci il tarixdə Masallı rayonu, Sərçuvar kənd sakini Şahid2 ilə qeyri-rəsmi evlənmişdir. Şahid2 atası Zərərçəkmiş şəxs isə qızının onunla ailə həyatı qurmasına görə onunla soyuq münasibət saxlamışdır. 2024-cü ilin oktyabr ayında işləmək məqsədilə Bakı şəhərinə getmiş, həyat yoldaşı Şahid2 isə Masallı şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən ailə üzvlərinə məxsus fərdi yaşayış evində qalmışdır. Həmin tarixlərdə Zərərçəkmiş şəxs bir neçə dəfə sərxoş vəziyyətdə yaşadıqları evə gələrək arvadı Ramiləyə narahatçılıq yaratmış, onu kobud ifadələrlə söyüb təhqir edərək çıxıb getmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs bir neçə dəfə yaşadığı kənddə öz tanışlarının yanında onun və həyat yoldaşının ünvanına təhqiramiz ifadələr işlətmişdir. Buna görə də o, əsəbiləşib 22 dekabr 2024-cü il tarixdə Bakı şəhərindən Masallı rayonuna gəlmişdir. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində tanımadığı taksi sürücüsü ilə qayınatası Zərərçəkmiş şəxs yaşadığı Sərçuvar kəndindəki evinə gedib taksi sürücüsünə onu 5-10 dəqiqə gözləməsini xahiş etmişdir. Həyətə girib evin giriş qapısını açıb içəri daxil olduqda Zərərçəkmiş şəxs və arvadı Şahid1 evin qonaq otağında olduqlarını görmüşdür. İlk öncə dava-dalaş yaratmamaq üçün Zərərçəkmiş şəxslə sakit danışmış, ondan nə üçün sərxoş halda onların yaşadıqları evə gələrək Ramiləni söyüb təhqir etməsini, kənddə onun arvadının, yəni öz qızının arxasınca nalayiq ifadələr işlətməsini soruşmuşdur. Həmin vaxt Ramin uca səslə onun üzərinə qışqırmağa başlamışdır. Buna baxmayaraq o, yenə sakit tərzdə danışmağa davam etmiş, lakin Ramin sakitləşməmiş və ona qarşı təhqiredici ifadələr işlətmişdir. Buna görə də o, əsəbləşərək Raminə tərəf gedib onun köynəyinin yaxasından tutaraq yumruqla alın nahiyəsinə iki dəfə qəsdən zərbə vurmuş, həmin anda Ramin zərbənin təsirindən yerə yıxılmış və o da onunla birlikdə yerə yıxılmışdır. Yerdə olan zaman Raminin arvadı Südabə səs-küy salmış və o, münaqişəni davam etdirmədən evin həyətinə düşüb küçəyə çaxaraq orada dayanan taksiyə əyləşib çıxıb getmişdir. Həmin vaxt onun əlində vintaçan olmamış və Zərərçəkmiş şəxs vintaçanla xəsarət yetirməmişdir. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən zərərçəkmiş Zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ondan heç bir şikayəti və tələbi olmamasını, eyni zamanda “Vətən müharibəsi” iştirakçısı olmasını nəzərə alaraq mümkün qədər yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclas zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Lənkəran rayonu, Qumbaşı kəndində qeydiyyatda olmaqla Masallı rayonu, Sərçuvar kəndində ailəsi ilə birlikdə yaşayır. 2024-cü ilin yanvar ayının əvvəllərində qızı Şahid2 onlardan xəbərsiz Masallı şəhər sakini Təqsirləndirilən şəxs ilə qoşulub qaçmışdır. Lakin, sonradan aralarında barışıq olmuşdur. Təqsirləndirilən şəxs ilə aralarında münasibətləri həmişə yaxşı olmuşdur. xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində arvadı Şahid1 və xəstə anası ilə birlikdə yaşadığı evdə olarkən yorğun olduğu üçün çarpayıda uzanıb televizora baxırmışdır. Bu zaman Təvəkgül anidən olduqları otağa daxil olub yüksək səslə ona nə üçün qızı Ramilənin ünvanına nalayiq ifadələr işlətdiyini demişdir. Həmin vaxt o, Təvəkgülə hansı ata qızının ünvanına nalayiq ifadələr işlədər bildirmiş, bu vaxt Təvəkgül sağ qolundan qırmızı rəngli vintaçanı çıxarıb əlində tutub üzərinə hücum etmişdir. O, çarpayıdan ayağa qalxmaq istəyərkən Təvəkgül vintaçan ilə baş nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bu zaman o, yataqdan qalxıb Təvəkgülü kənara itələmək istədikdə sonuncu onun sol kürək nahiyəsinə təkrarən vintaçan ilə bir dəfə də zərbə vurmuşdur. Bundan sonra o, Təvəkgülü əli ilə itələyib evdən həyətə çıxartmışdır. Təvəkgül də küçəyə çıxıb orada olan avtomobilə əyləşib getmişdir. Bundan sonra o, hadisə barədə DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdir. Polis əməkdaşları onlara evə gələrək hadisə yerinə baxış keçirmiş və Təvəkgülün hadisə zamanı onu vurduğu vintaçanı maddi sübut kimi götürmüşlər. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, dəymiş ziyanı ödəməsini, ona qarşı şikayəti, tələbi və iddiası olmadığını qeyd edərək, barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etdi. Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X4in 25 dekabr 2024-cü il tarixli, 1171 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs başın alın nahiyəsinin tüklü hissəsinin əzilmiş yarası və döş qəfəsinin arxa hissəsinin sıyrığı müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, vintaçanın təsirindən əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan 24 dekabr 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psxiatrik X3 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli 514 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyinidərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Hal-hazırki psxiatrik müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik və psixi fəaliyyətin müvvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb. Həmin dövürdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı olmalıdır. Təqsirləndirilən şəxs hərəkəti CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 10 mart 2025-ci il tarixli, 67 saylı rəyindən görünür ki, təqdim olunmuş vintaçan zavod üsulu ilə hazırlanmış təsərrüfat məişət təyinatlı vintdir və soyuq silah hesab edilmir. İş materiallarında olan vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi” iştirakçısı olmaqla “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan və Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1 (050)-219/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilmiş və о, cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə razılıq əldə edərək barışmasını Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı tam ödəməsini Azərbaycan Respublikası CM-in 59.1.13-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmamasını, əməlindən peşman olmasını, təqsirini etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və “Vətən müharibəsi” iştirakçısı olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün sayaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində ictimai işlər cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş üzrə üzrə maddi sübut olan bir ədəd vintaçan məhv edilməli, iş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 300 (üç yüz) saat ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs ictimai işlərin çəkilməsinə cəlb olunduğu vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan bir ədəd vintaçan məhv edilsin. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-79/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-79/2025
23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver