Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-8/2023 11.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə. xx xxxxxx 1986-cı ildə Masallı rayonu, Kubin kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Kubin kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Xamiyev X6 Regional Meşə X2 kəndi yaxınlığında yerləşən 3 saylı meşə zolağında istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən əldə etdiyi çətənə toxumlarını qanunsuz olaraq 2022-ci ilin may ayında əkmiş, göstərilən toxumlardan bitən, tərkibində narkotik maddələr olan, ümumilikdə 14 ədəd, yəni xeyli miqdarda çətənə bitkilərinə qulluq etməklə onları yetişdirib həmin bitkiləri kultivasiya etmiş və 17 avqust 2022-ci il tarixdə saat 13 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı X16 X2 kəndi yaxınlığında yerləşən 3 saylı meşə zolağına baxış keçirilərkən oradan əkilib-becərilməsi qanunla qadağan olunan 14 ədəd, ümumi təmiz çəkisi 4515 qram təşkil edən narkotik təbiətli yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 237.1-ci maddəsində nəzərdə tutulan ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ilkin dindirmə zamanı ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, 11 aprel 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında ifadəsində bildirmişdir ki, törətdiyi cinayət əməlində özünü təqsirli bilir. O, əvvəlki ifadələri məsuliyyətdən yaxa qutarmaq üçün və özünü müdafiə etmək məqsədi ilə vermişdir. İbtidai istintaq zamanı şübhəli şəxs kimi tutularkən və təqsirləndirilən şəxs qismində verdiyi ifadələr doğrudur. Belə ki, 2022-ci ilin may ayının ortalarında yaşadığı kənddə yerləşən çaydan balıq tutarkən bir ədəd kibrit qutusu tapmış və açıdığı vaxt içərisində narkotik vasitə çətənə bitkisinin toxumlarının olmasını görmüşdür. Marixuana qəbul etdiyinə görə çətənə toxumlarını əkib-becərdikdən sonra istifadəsi üçün qurudulmuş marixuana əldə etmək qərarına gəlmişdir. Bu məqsədlə X16 X2 kəndi yaxınlığında yerləşən meşə zolağında əlverişli şərait olmasını düşünüb həmin yerdə çətənə toxumlarını əkib-becərə biləcəyini qərarlaşdırmışdır. Səhəri gün tapdığı çətənə toxumlarını kibrit qutusu ilə birlikdə özü ilə meşə zolağına aparmışdır. Həmin yerdə bir-birindən aralı çətənə toxumlarını torpağa basdırıb üzərinə su tökmüş və təxminən 15 gün sonra həmin bitkilər torpaqdan çıxmağa başlamışdır. O, demək olar ki, hər gün səhər tezdən özü ilə oraya su aparıb əkdiyi toxumlara silamış, qulluq etmişdir. Bir neçə gün sonra orada 14 ədəd çətənə bitkisinin cücərdiyini görmüş, həmin bitkilərin kökünə su, şirin çay və gübrə verərək qulluq etmiş və ümumilikdə 14 ədəd çətənə bitkisi şitili yetişdirməyə başlamışdır. Məqsədi həmin şitillər nisbətən böyüdükdən sonra onları çıxarmaq, həmin bitkilərə aqrotexniki qayadada qulluq göstərərək yetişdirdikdən sonra onları toplamaq və qurutduqdan sonra öz şəxsi istifadəsi üçün saxlamaq olmuşdur. 17 avqust 2022-ci il tarixdə saat 12 radələrində 14 ədəd çətənə bitkilərinə qulluq göstərdiyi zaman mülki geyimdə olan şəxslərin və 1 nəfər polis xüsusi geyim formasında olan şəxsin ona yaxınlaşdıqlarını görmüşdür. Həmin şəxslər ona tərəf yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Onlardan polis geyimində olan, özünü Masallı RPŞ-nin TB-nin təhqiqatçısı Şahid2 kimi təqdim edən şəxs ona qeyd edilən yerdə qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib becərməkdə şübhəli olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı Şahid2 ondan həmin yerdə əkilən çətənə bitkilərini ora əkib-əkmədiyini soruşmuşdur. O, səmimi olaraq polis əməkdaşlarına aşkar etdikləri çətənə bitkilərini özünün əkdiyini, vaxtlı-vaxtında həmin bitkilərə qulluq etdiyini bildirmişdir. Daha sonra orada polis əməkdaşları, mütəxəssis-aqronom və hal şahidləri qismində dəvət edilmiş şəxslərin iştirakları ilə birlikdə əkib-becərdiyi çətənə bitkilərinin olduğu yerləri təqdim etməyi təklif olunmuş, o, həmin çətənə bitkilərini təqdim edərək polis əməkdaşlarına həmin bitkiləri öz istifadəsi üçün becərdiyini bildirmişdir. Daha sonra həmin 14 ədəd çətənə bitkiləri torpaqdan çıxarılıb uzunluqları RPŞ-nin təhqiqatçısı tərəfindən ölçülmüş və bitkilər elektron tərəzidə çəkilmiş, bağlamaya qoyulub qablaşdırılmış və üzəri Masallı RPŞ-nə məxsus möhürlə möhürlənmiş və üzərinə iştirakçılar tərəfindən imzalar edilmişdir. Bundan sonra ona polis əməkdaşları ilə birlikdə Masallı RPŞ-nə getməli olduğu deyilmiş, o, polis əməkdaşlarının qanuni tələblərinə tabe olaraq onlarla birlikdə Masallı RPŞ- yə getmişdir. Masallı RPŞ-də təhqiqatçı Şahid2 xidməti otağına gətirildikdən sonra təhqiqatçı tərəfindən narkotik vasitələrin qanunsuz olaraq əkilib-becərilməsi ilə əlaqədar şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri izah olunaraq bu barədə yazılı bildiriş təqdim edilmişdir. Daha sonra o, ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etmişdir. Bundan sonra ona dövlət hesabına vəkil dəvət olunmuş, daha sonra təhqiqiqatçı tərəfindən ona təyin edilmiş Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərinə video çəkiliş vasitəsi ilə şəxsi-axtarış keçiriləcəyi bildirilmiş və şəxsi-axtarış keçirilməzdən öncə üzərində qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanın olub-olmaması barədə sual verilmişdir. Təhqiqatçı Şahid2 üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı Şahid2 tərəfindən üzərinə və əynində olan paltarlara şəxsi-axtarış keçirilmiş və üzərindən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə aşkar olunmamışdır. Törətdiyi əməldən səmimi peşmandır. Əvvəllər marixuana çəkməyə görə asılılığı olsa da, əməli aşkar olunduqdan sonra bir daha narkotik vasitə qəbul etməmiş, hal-hazırda özünü marixuana çəkməyə görə asılı xəstə hesab etmir. Şübhəli şəxs kimi saxlanılarkən onu heç kim döyməmiş, ona qarşı ləyaqəti alçaldan hərəkətə yol verilməmişdir. Məhkəmədən törətdiyi əməlinin səmimi etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Masallı rayon Kubin kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, narkotik tərkibli bitkilərin yaşadığı kəndin yaxınlığında yerləşən meşə zolağındakı ərazidə əkib-becərməsində, üzərində gəzdirməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədilə daxil olmuş məlumat əsasında tərəfindən “Təxirə salınmaz əməliyyat tədbirinin keçirilməsi” haqqında qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə təqribən saat 12 radələrində Təqsirləndirilən şəxs X16 X2 kəndi yaxınlığında yerləşən 3 saylı meşə zolağında əkdiyi narkotik tərkibli çətənə bitkilərinə qulluq göstərdiyi barədə məlumat alıb Masallı RPŞ-nin rəhbərliyi tərəfindən əmrlə tərtib olunmuş əməliyyattəhqiqat qrupunun üzvləri təhqiqatçı Şahid2, RPŞ-nin CAB-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və Masallı rayon DAİM-nin bitkiçilik sektorunun aparıcı aqronomu Şahid3 ilə birlikdə həmin yerə getmişdir. Onlar hadisə yerinə gedərkən Masallı şəhəri ərazisindən hal şahidləri Şahid4 və Şahid5 da özləri ilə birlikdə hadisə yerinə aparmışlar. Orada Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərinin yanında olmasını görüb ona yaxınlaşmışlar və xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Daha sonra təhqiqatçı Şahid2 Təqsirləndirilən şəxs 3 saylı meşə zolağında qanunsuz olaraq narkotik tərkibli bitkilər əkməsi barədə məlumat aldıqlarını və bu səbəbdən də qəbul edilmiş qərar əsasında həmin yerə baxış keçirəcəklərini bildirərək Təqsirləndirilən şəxs həmin yerdə əkilən çətənə bitkilərini ora əkib-əkmədiyini soruşmuşlar. Təqsirləndirilən şəxs səmimi olaraq polis əməkdaşlarına həmin yerə çətənə bitkilərini özünün əkdiyini, vaxtlı-vaxtında həmin bitkilərə qulluq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs könüllü şəkildə orada əkilmiş narkotik tərkibli çətənə bitkilərini təqdim edərək, təqdim etdiyi 14 ədəd bitkinin narkotik tərkibli çətənə bitkisi olmasını, 2022-ci ilin may ayında həmin bitkinin toxumlarını çayda balıq tutarkən çayın qırağında kibrit qutusunda tapdığını və istifadə etmək üçün həmin meşə dolayında əkərək becərdiyini bildirmişdir. Aşkar etdikləri 14 ədəd yaş vəziyyətdə olan çətənə bitkiləri aqronomla birlikdə torpaqdan çıxarılaraq fotoşəkilləri çəkilmişdir. Həmin meşə zolağının digər yerlərinə baxış keçirilən zaman istifadəsi və əkilibbecərilməsi qanunla qadağan edilmiş hər hansı bir əlavə predmet və ya əşya aşkar olunmamışdır. Aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərə baxış keçirilərkən onların aqrotexniki qaydada əkilməsi, qulluq olunması, becərilməsi və suvarılması müəyyən olunmuşdur. Daha sonra həmin bitkilərin uzunluğu RPŞ-nin təhqiqatçısı tərəfindən ölçülmüş, 1.85-2.15 metr aralığında olması müəyyən edilmiş, daha sonra həmin narkotik tərkibli çətənə bitkiləri təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, ümumi çəkilərinin 5,585 kq olması müəyyən olunmuşdur. Həmin 14 ədəd narkotik tərkibli çətənə bitkiləri xüsusi qaydada qablaşdırıldıqdan sonra 90 saylı möhürlə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Masallı RPŞ-yə dəvət olunmuş və təhqiqatçı Şahid2 xidməti otağında şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri ona izah edildikdən sonra müdafiəçi qismində vəkil Müdafiəçi dəvət edilmişdir. Bundan sonra təhqiqatçı Şahid2 tərəfindən onun, müdafiəçinin və digər polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə video çəkiliş vasitəsilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı bir maddə, əşya varsa iştirakçılara təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet və maddə olmadığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs əynində olan paltarlara və digər geyim əşyalarına şəxsi axtarış keçirilmiş və onun üzərindən qanunla qadağan edilmiş əlavə hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən o və ya digər polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir güc, psixi təsir və ya hədə qorxu olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Masallı rayon Kubin kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, narkotik tərkibli bitkilərin yaşadığı kəndin yaxınlığında yerləşən meşə zolağındakı ərazidə əkib-becərməsində, üzərində gəzdirməsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş və məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. xx.xx.2022-ci il tarixdə təqribən saat 12 radələrində Təqsirləndirilən şəxs X16 X2 kəndi yaxınlığında yerləşən 3 saylı meşə zolağında olduğu barədə məlumat almışlar. Qrup üzvləri dəvət olunmuş və aqronom ilə birlikdə meşəyə getmişlər. Gedərklən çay kənarında balıq ovu ilə məşğul olan Şahid4 və Şahid5 hal şahidi qismində dəvət etmişlər. Əraziyə çatdıqdan sonra Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərinin yanında olduğunu görmüşlər. Təqsirləndirilən şəxs X16 X2 kəndi yaxınlığında yerləşən 3 saylı meşə zolağında qanunsuz olaraq narkotik tərkibli bitkilər əkməsi barədə məlumat aldıqlarını və bu səbəbdən də qəbul edilmiş qərar əsasında həmin yerə baxış keçirəcəklərini bildirərək Təqsirləndirilən şəxs həmin yerdə əkilən çətənə bitkilərini ora əkib-əkmədiyini soruşmuşlar. Təqsirləndirilən şəxs səmimi olaraq polis əməkdaşlarına həmin yerə çətənə bitkilərini özünün əkdiyini, vaxtlı-vaxtında həmin bitkilərə qulluq etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü şəkildə orada əkilmiş narkotik tərkibli çətənə bitkilərini təqdim edərək, təqdim etdiyi 14 ədəd bitkinin narkotik tərkibli çətənə bitkisi olmasını, 2022-ci ilin may ayında həmin bitkinin toxumlarını çayda balıq tutarkən çayın qırağında kibrit qutusunda tapdığını və istifadə etmək üçün həmin meşə dolayında əkərək becərdiyini bildirmişdir. Aşkar etdikləri 14 ədəd yaş vəziyyətdə olan çətənə bitkiləri aqronomla birlikdə torpaqdan çıxarılaraq fotoşəkilləri çəkilmiş, bitkilərə baxış keçirilərkən onların aqrotexniki qaydada əkilməsi, qulluq olunması, becərilməsi və suvarılması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı bir güc, psixi təsir və ya hədə qorxu olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsindən görünür ki, o, Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı rayon X9 aparıcı aqronomu Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə onu X16 X2 kəndi yaxınlığında yerləşən 3 saylı meşə zolağında narkotik tərkibli bitkilərin əkilməsi ilə bağlı orada mütəxəssis kimi iştirak etməsi üçün dəvət etmişlər. Həmin tarixdə polis əməkdaşları ilə birlikdə X16 X2 kəndi yaxınlığında yerləşən 3 saylı meşə zolağına getmişdir. Orada Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərinin yanında olmasını görüb ona yaxınlaşmışlar. Daha sonra təhqiqatçı Şahid2 Təqsirləndirilən şəxs həmin yerdə əkilən çətənə bitkilərini ora əkib-əkmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs səmimi olaraq polis əməkdaşlarına həmin yerə çətənə bitkilərini özünün əkdiyini, vaxtlı-vaxtında həmin bitkilərə qulluq etdiyini bildirmişdir. Daha sonra orada polis əməkdaşları, onun və hal şahidləri qismində dəvət edilmiş şəxslərin iştirakları ilə birlikdə Təqsirləndirilən şəxs əkibbecərdiyi çətənə bitkilərinin olduğu yerləri təqdim etməyi təklif etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü şəkildə orada əkilmiş narkotik tərkibli çətənə bitkilərini təqdim etdi. Təqdim etdiyi narkotik tərkibli çətənə bitkilərinin saylı 14 ədəd olmuşdur. Aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə baxış keçirilərkən onların aqrotexniki qaydada əkilməsi, qulluq olunması, becərilməsi və suvarılması müəyyən olunmuşdur. Daha sonra həmin bitkilərin uzunluğu RPŞ-nin təhqiqatçısı tərəfindən ölçülmüş, 1.85-2.15 metr aralığında olması müəyyən edilmiş, daha sonra həmin narkotik tərkibli çətənə bitkiləri təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş, ümumi çəkilərinin 5,585 kq olması müəyyən olunmuşdur. Həmin gün onun yanında hər-hansı bir polis əməkdaşının Təqsirləndirilən şəxs zor tətbiq etməsini və ya ona hədə qorxu gəlməsini görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında tanışı Masallı şəhər sakini Şahid5 ilə birlikdə Masallı rayonu Məmmədoba kəndinin yaxınlığında yerləşən çaya balıq tutmaq üçün getmişlər. Həmin gün saat 13 radələrində bir nəfər polis forması geyimində şəxs onlara yaxılaşıb özünü Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Şahid2 kimi təqdim etdikdən sonra olduqları yerə yaxın yerləşən 3 saylı meşə zolağında narkotik tərkibli çətənə bitkilərinin əkilməsini və həmin çətənə bitkilərə baxış keçirilən zaman hal şahidi qismində iştirak etmələrini onlardan xahiş etmişlər. O və Elgün Nəbiyev heç bir etiraz etmədən polis əməkaşları ilə birlikdə 3 saylı meşə zolağına getmişdir. Masallı RPŞ-nin TBnin təhqiqatçısı Şahid2 tərəfindən ona və Elgün Nəbiyevə hüquq və vəzifələri izah edilmişdir. Meşədə adının sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxslə rastlaşmışlar və təhqiqatçı Şahid2 X16 X2 kəndi yaxınlığında yerləşən meşə zolağında qanunsuz olaraq narkotik tərkibli bitkilər əkməsi barədə məlumat aldıqlarını və Təqsirləndirilən şəxs həmin yerdə əkilən çətənə bitkilərini ora əkib-əkmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşlarına həmin yerə çətənə bitkilərini özünün əkdiyini, vaxtlı-vaxtında həmin bitkilərə qulluq etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs könüllü şəkildə orada əkilmiş narkotik tərkibli çətənə bitkilərini təqdim edərək, təqdim etdiyi 14 ədəd bitkinin narkotik tərkibli çətənə bitkisi olmasını, 2022-ci ilin may ayında həmin bitkinin toxumlarını çayda balıq tutarkən çayın qırağında kibrit qutusunda tapdığını və istifadə etmək üçün həmin meşə dolayında əkərək becərdiyini bildirmişdir. Daha sonra həmin bitkilərin uzunluğu RPŞ-nin təhqiqatçısı tərəfindən ölçülmüş, elektron tərəzidə çəkilmiş, baxış keçirmə və götürmə aparılması haqqında protokol tərtib olunmuş, o da digər iştirakçılarla yanaşı həmin protokola imza çəkmişdir. Həmin günü o, Cəsail Xamıyevə qarşı hər hansı polis əməkdaşının güc tətbiq etməsini ona psixi təsir etməsinin və ya ona hədə qorxu gəlinməsinin şahidi olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə istintaqında müdafiə tərəfinin vəsatəti ilə şahid qismində dindirilmiş X3, X4, X10, X1 Xamıyevin təqsirsizliyi ilə bağlı ifadələr versələr də, sonradan Cəsail Xamıyev özünü tam təqsirli bildiyinə görə, məhkəmə onların ifadələrini sübut növü kimi qiymət verməyə zərurət görməmiş, onların ifadələrini Cəsail Xamıyevin müdafiəsi üçün verilmiş ifadələr hesab etməklə, həmin ifadələr cinayət işi materiallarında olan mötəbər və mümkün sübutlarla tam təkzib olunmuşdur. Cinayət işinin materiallarında olan əməliyyat tapşırığına cavab raportundan görünür ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə X16 X2 kəndi yaxınlığında yerləşən 3 saylı meşə zolağından aşkar edilərək götürülmüş 14 ədəd narkotik tərkibli çətənə bitkiləri Masallı rayonu Kubin kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Təqsirləndirilən şəxs tərəfindən kultivasiya edilərək həmin meşə ərazisində əkilib-becərilmişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlindən ailə üzvlərinin əvvəlcədən məlumatı və xəbəri olmamışdır. Təqsirləndirilən şəxs çətənə toxumlarını əldə etdiyi şəxsin kimliyini və şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan məhkəmə bioloji ekspertizasının 18 avqust 2022-ci il tarixli 19/859 nömrəli rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərində “Vət Təqsirləndirilən şəxs təqdim etdiyi 14 (on dörd) ədəd narkotik tərkibli çətənə koluna bənzər bitkilər....” sözlər və imzalar olan bağlamada, ümumi sayı 14 (on dörd) ədəd, yaş vəziyyətdə ümumi təmiz çəkisi-4515,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının 19 avqust 2022-ci il tarixli 850 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan məhkəmə tərəfindən təyin olaraq keçirilmiş narkoloji mərkəzi Publik Hüquqi şəxsi təkrar Ambulator Məcburi-Narkoloji tibbi yoxlama aparılması barədə 25 yanvar 2023-cü il tarixli 366 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab kəkmir. Narkomaniyadan məcburi müalicəyə etiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan maddi sübutun tanınması haqqında qərar və protokoldan görünür ki, 17 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs əkib-becərdiyi X16 X2 kəndi yaxınlığında yerləşən 3 saylı meşə zolağından aşkar edilərək götürülmüş ümumilikdə 14 ədəd, ekspert tədqiqatından sonra qalıq çəkisi-4514,3 qram qalmış narkotik təbiətli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə verilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi-axtarışın aşkar olunduğu görüntünü əks etdirən 01 ədəd video disk iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 17 avqust 2022-ci il tarixli protokoldan və polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə 19 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2022-ci il tarixdən 19 avqust 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, narkotik vasitənin aşkar edilməsi barədə protokol, ekspretiza rəyi, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-in 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 237.1-ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsaslar yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2, 3 və 4-cü bəndlərində tövsiyyə olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hallar yoxdur. Lakin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını və cinayəti tam səmimi etiraf etməsini, narkomaniya xəstəliyindən sağalmasına yönəlik özünə tənqidi yanaşmasını və islah olunma mərhələsində olmasını, ilk dəfə cinayət törətməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, yaşı, ailə və sosial vəziyyəti, təyin olunacaq cəzanın onun ailə şəraitinə təsiri, törətmiş olduğu cinayət əməlindən sonrakı islah olunmağa doğru hərəkətləri və narkomaniya xəstəliyindən sağalması ona əsas verir ki, onun cəmiyyətdən təcrid olunmasına zərurət yoxdur, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin etməklə də o, islah oluna bilər. Bu səbəblə də azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2.1-52-1.2.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində qeyd edilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qanunun tələbinə əsasən Təqsirləndirilən şəxs 17 avqust 2022-ci il tarixdən 19 avqust 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmasına görə 02 gün ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbləinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri - 60 manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut olan - Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış və həmin vaxt yaş vəziyyətdə 4514,3 qram olmuş narkotik təbiətli 14 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, videogörüntü olan 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 17 avqust 2022-ci il tarixdən 19 avqust 2022-ci il tarixədək şübhəli şəxs kimi saxlanıldığı 02 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzası müddətinə iki gün hesablanmaqla, 04 gün Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və onun üzərində 01 (bir) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli yaşayış yeri üzrə cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilməsin. Maddi sübut - Masallı rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra ümumi yaş çəkisi 4514,3 qram olmuş narkotik təbiətli 14 ədəd çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, videogörüntü olan 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Məhkəmə kimyəvi ekspertiza xərci 60 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X5 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə verildiyi andan 20 gün müddətinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №1(050)-8/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-8/2023
11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver