Məhkəmə qərarları › İş №1(050)-80/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-80/2023

07.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-80/2023 07.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Heydərov Rəşad Allahyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə. 07 oktyabr 1974-cü ildə Masallı rayonu, Musaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Masallı Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarına əsasən vaxtından əvvəl şərti olaraq azad edilmiş, hər iki məhkumluğu ödənilməmiş, Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla yaşamış, 10 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)-21/2023 saylı, 12 fevral 2023-cü il tarixli qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmiş; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini qanunsuz əldə etməklə üzərində saxlayaraq daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan 10 fevral 2023-cü il tarixdə saat 22 radələrində Masallı rayonu Musaküçə kəndi ərazisində saxlanılaraq RPŞ-nə gətirilib orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə ümumi təmiz çəkisi 0,598 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bu əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1.-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddətdir narkotik vasitə qəbul edir və məcburi müalicəyə ehtiyacı vardır. 10 fevral 2023-cü il tarixdə bədən təlabatı ilə əlaqədar narkotik vasitə almaq üçün Lənkəran şəhərinə gəlmişdir. Lənkəran şəhərində xarici görkəminə görə narkotik vasitələrin istifadəçisinə oxşatdığı şəxsə yaxınlaşaraq narkotik vasitə olan heroin almaq istədiyini bildirmiş və razılaşmalarına əsasən 15 manat pul müqabilində heroini alaraq Masallı rayonuna qayıtmışdır. Masallı rayonu, Musaküçə kəndində bir qədər piyada hərəkət etdikdən sonra tanımadığı iki nəfər şəxs mülki geyimdə ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib, Masallı RPŞ-nə dəvət etmişlər. X3 xidməti otağına gətirildikdən sonra ona hüquq və vəzifələri izah edilmiş və dövlət hesabına Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi ona təqdim edilmişdir. Müdafiəçi, digər iki polis əməkdaşının iştirakları ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı ondan üzərində qanunla qadağan olunmuş hər hansı vasitə və ya predmetin olub-olmaması soruşulduqda əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə olan heroini təqdim etmişdir. Hazırda əməlindən peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində Şahid2 ifadəsində göstərdi ki, 10 fevral 2023cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda, üzərində gəzdirməsində və istifadəsində şübhəli olması qeyd olunmuşdur. Həmin məlumat üzrə əməliyyat qrupu yaradılmış və o da, həmin qrupa daxil edilmşdir. Həmin gün saat 22 radələrində Təqsirləndirilən şəxs Masallı rayonu, Musaküçə kəndi ərazisində saxlayarq özlərini təqdim etdikdən sonra ona saxlanılmasının səbəbini izah etmiş və onu Masallı RPŞ-nə dəvət etmişlər. Masallı RPŞ-də X3 xidməti otağında Təqsirləndirilən şəxs istəyi əsasında dəvət edilmiş Müdafiəçi və onların iştirakları ilə video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı vasitə və ya predmet olması soruşulduqda əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız büküm təqdim edərək həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün Lənkəran şəhərindən tanımadığı şəxsdən alaraq üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskinə məhkəmə istintaqında “HP” markalı komputerdə baxış keçirilərək, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kağız bükülüdə heroin aşkar edilib götürülməsi, həmin vaxt müdafiəçinin iştrakının təmin olunması müəyyən edildi. Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmə bioloji ekspertizasının 11 fevral 2023-cü il tarixli 19/183 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bükümdə heroinə bənzər kütlə......” sözlər və imzalar olan 1 ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,598 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,598 qram, tədqiqata sərf olundu -0,05 qram, qalıq-0,548 qramdır. Məhkəmə-narkoloji ekspertizasının 13 fevral 2023-cü il tarixli 180 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetdə 2017ci ildən “Opium narkomanlığı” dioqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2.-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs verilmiş Azərbaycan Respublikası CM-nin 234.1.-ci maddəsi ilə ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nin 234.1.ci maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında 10 fevral 2023cü il tarixli protokoldan və 12 fevral 2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 12 fevral 2023-cü il tarixdə Masallı Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 19 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Masallı Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 07 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli qərarına əsasən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. Masallı Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli və Masallı Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli hökmləri üzrə məhkum Təqsirləndirilən şəxs məhkum olunmasına dair məhkumluqlar ödənilməmişdir. Masallı rayon İcra Hakimiyyəti Başçısının Masallı rayon Musaküçə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla yaşayır, yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1.-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1.-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Lakin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin təhlekəi residivinin olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1.-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1. və 83.3.3.-cü maddələrinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində- onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Ona görə də onun əməli cinayətin təhlükləli residivi sayılır. Belə ki,Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Masallı Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli hökmü üzrə Təqsirləndirilən şəxs cəzasını 19 mart 2021-ci il tarixdə başa vurduğu üçün həmin hökm üzrə məhkumluuğunun ödənilməsi üçün nəzərdə tutulmuş iki il müddət keçməmişdir. Həmçinin Masallı Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli hökmü üzrə məhkum Təqsirləndirilən şəxs 28 oktyabr 2022-ci il tarixdə vaxtından əvvəl şərti olaraq azad edildiyi üçün həmin hökm üzrə də nəzərdə tutulmuş iki il müddət keçməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.1. və 65.2.-ci maddələrinin tələbinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1. və 56.1.3.-cü maddələrinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1. və 93.1.2.-ci maddələrinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər eyni cinayətə görə məhkum olunmuş şəxsdir, məhkumluğu ödənilməmiş, islah olunmayaraq yenidən qəsdən cinayət törətmişdir. Bu halda məhkəmə hesab edir ki, o, yalnız azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna bilər. Bu səbəblə də azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ilə ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Həmçinin ona cinayətin təhlükləli residivinə görə cəza təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Porosessaul Məcəlləsinin 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 10 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Rayonlararası X1 X5 Yoxlamanın nəticələrinə dair rəyini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə olunması zərurəti vardır, məcburi müalicəyə qarşı əks göstərişi yoxdur, ona görə də Cinayət Məcəlləsinin 93.1.2.-ci maddəsinə əsasən barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli, o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri-60 manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi subut olan-Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış -0,548 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, videogörüntü olan disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və Azərbaycan Respublikasının CM-nin 99-1.-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il, 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 10 fevral 2023-cü il tarixdən hesablansın, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Masallı rayon polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonrakı çəkisi 00,548 qram qalan narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, videogörüntü olan 01 (bir) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Maddi sübut 0,548 qram qalan narkotik vasitə heroinin məhv edilməsi hissədə hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. 60 (altmış) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X2 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ**********00 00003944, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE**********000 ******* hesabına köçürülsün. Hökm elan olunduqdan və həbsdə saxlanılan təqsirləndirilən şəxsə verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar