Məhkəmə qərarları › İş №1(050)-81/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-81/2023

06.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-81/2023 06.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ X2 Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon Vəkillər Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-cı ildə Cəlilabad rayonu, Prişib şəhərində anadan olmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, məhkumluğu olmayan, Masallı rayonu Əhmədli kəndində qeydiyyatda olmaqla yaşamış, Masallı Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərarı ilə 19 dekabr 2022-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seşilmiş, hazırda həbsdə olan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il il tarixdə, saat 12 radələrində Masallı rayonu “Köhnə bazar” ərazisində əvvəllər tanımadığı Masallı rayonu Mahmudavar kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs əlində olan göyümtül rəngli torbasında 100 və 50 manatlıq pul əskinaslarının olmasını görmüş, həmin torbanı ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Masallı rayonu “İsgəndərli” dairəsindən Mahmudavar kəndi istiqamətinə getmək üçün mindiyi mikroavtubusu idarə etdiyi BMV markalı, **-SD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə izləmiş, Zərərçəkmiş şəxs Mahmudavar kəndi ərazisində mikrovtobusdan düşərək piyada fərdi yaşayış evinə doğru getdiyini gördükdən sonra bir qədər avtomobil ilə onu izləyib daha sonra avtomobildən düşərək piyada onun arxasınca getmiş, Zərərçəkmiş şəxs fərdi yaşayış evinə daxil olaraq pilləkənlə yuxarı qalxan zaman onun arxasınca qanusuz olaraq evə daxil olmuş, evin pilləkənində Zərərçəkmiş şəxs əlindən həmin torbanı dartıb alaraq qaçmış, Zərərçəkmiş şəxs əlindən dartıb aldığı torbanı geri qaytarmasını tələb etsə də o, sonuncunun bu tələbinə məhəl qoymadan qaçaraq özünə məxsus BMV markalı, **-SD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinə minib oradan uzaqlaşmaqla Zərərçəkmiş şəxs ümumilikdə 700 manat məbləğində pulunu açıq yolla talayaraq soyğunçuluq etmişdir. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 13 dekabr 2022-ci il tarixdə Masallı rayonu Köhnə bazar ərazisində olduğu zaman əvvəllər tanımadığı sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxsin əlində olan torbadan pul çıxardığını görmüşdür. Bundan sonra idarə etdiyi qara rəngli BMW markalı avtomobili ilə Zərərçəkmiş şəxs təqib etməyə başlamış, onu izləyərək Zərərçəkmiş şəxs yaşadığı kəndə gəlib çıxmışdır. İdarə etdiyi avtomobili Zərərçəkmiş şəxs yaşadığı evə gedən yolda saxlayıb, piyada Narxanımı təqib etmiş, Narxanım evinə gəlib çıxmış, həyətə daxil olmuş daha sonra Zərərçəkmiş şəxs evin giriş qapısını açıb evinə daxil olduğunu görüb onun arxasınca gedərək qapıdan içəridə, pilləkənlərdə Zərərçəkmiş şəxs əlində olan pul qoyduğu torbanı dartaraq əlindən alıb qaçmışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Məhkəmədən hazırda törətdiyi əməli etiraf edərək, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın ödənilməsini nəzərə alaraq ədalətli qərar qəbul etməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, üzləşdirmədə dindirmə istintaq hərəkəti, hadisə yerinə keçirilmiş baxış, ifadənin yerində yoxlanılması protokolu və iş üzrə toplanmış digər sübutlarla da tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Rusiya Federasiyasında yaşayan oğlu Mahir evlərində işləmiş ustaya borclu qaldıqları 700 manat məbləğində pulu göndərdiyi üçün həmin pulu götürmək üçün 13 dekabr 2022-ci il tarixdə Masallı rayonunda yerləşən Respublika Banka getmişdir. Oğlunun göndərmiş olduğu pulu bankdan almış və əlində olan balaca düyü torbanın içinə qoymuşdur. Daha sonra yaşadığı evə getmək üçün İsgəndərli dairəsində dayanmış yaşıl rəngli mikroavtobusa minmişdir. Kəndə çatdığı zaman mikroavtobus magistral yolun kənarında saxlamış və o, saat 12 radələrində mikroavtobusdan düşərək piyada yaşadığı evə getmişdir. Yolla yaşadığı ev arasında müəyyən qədər məsafə vardır. Kənd yolunda piyada hərəkət edən zaman 2-3 dəfə arxaya baxmış və bu zaman göy rəngli maşının asta sürətlə gəldiyini görmüşdür. Lakin həmin maşının kənddə yaşayan kiminsə maşını olduğunu və yaşadığı evə yaxın küçədə qonşulardan birinin qapısında dayandığından elə zənn etmişdir ki, qonşusunun Bakı şəhərindən qonaqları gəlmişdir. Bu səbəbdən də həmin avtomobilin onu izlədyindən şübhələnməmişdir. Bundan sonra o, yaşadığı evinə getmişdir. Dəmir darvazadan həyətə daxil olmuş daha sonra evə girmək üçün qapının ağzındakı pilləkənə qalxıb evin qapısını açıb evə daxil olmuş və içəri tərəfdə olan pilləkənə keçərək evin giriş qapısını bağlamış və yataq xəstəsi olan ərinə baş çəkmək üçün pilləkənləri qalxmağa başlamış, bir neçə pillə qalxdıqdan sonra arxadan kiminsə gəldiyini hiss edib arxaya tərəf döndüyü zaman əvvəllər tanımadığı bir nəfər şəxs onun əlində olan, oğlunun göndərdiyi pulu qoyduğu balaca düyü torbasını dartıb əlindən qapıb qaçmaq istəmişdir. O, torbanı həmin şəxsə verməmək üçün torbanı dartıb geri almaq isəmiş, lakin qoca olduğundan və həmin şəxsin ondan güclü olduğunu, torbanı buraxmayacağı təqdirdə isə pilləkənlərdən yıxılaraq xəsarət alacağından qorxaraq məcburiyyət qarşısında qalıb torbanı buraxmışdır. Həmin şəxs isə onun əlindən torbanı dartıb aldıqdan sonra qaçmışdır. O, da həmin şəxsin arxasınca qaçmış, lakin çata bilməmişdir. Küçəyə çıxdığı zaman isə artıq həmin şəxs avtomobilinə oturaraq uzaqlaşmışdır və avtomobil uzaq olduğuna görə avtomobilin nömrəsini görə bilməmişdir. Həmin şəxs içində pul olan torbanı onun əlindən aldığı zaman üzündə maska olmuşdur. Bu səbəbdən də həmin şəxsin kim olduğunu bilməmiş, onu tanımamışdır. Sonra istintaq zamanı həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Həmin şəxs içində pul olan torbanı onun əlindən alan zaman ona qarşı hər hansı bir zor tətbiq etməmiş, heç səsini belə çıxarmamışdır. Sadəcə əlində olan torbanı onun əlindən alaraq qaçmışdır. Hadisə nəticəsində çox qorxmuş və nəticədə xəstələnərək uzun müddət müalicə olunmuşdur. Həmin vaxt təqsirləndirilən şəxsin pulu ondan aldığını görən olmamışdır. Belə ki, həmin vaxt yaşadığı evdə qoca, gözü görməyən, qulağı eşitməyən yataq xəstəsi olan əri olmuşdur. Onunla birlikdə yaşayan qızını isə evə gəldiyi zaman yolda məscidin yanında nəvəsi ilə görmüş və həmin vaxt qızı nəvəsini məktəbə aparmışdır. Qonşuları isə Rusiya Federasiyasında yaşadıqları üçün onun harayına gələn olmamışdır. 2-3 saat sonra qızı məktəbdən evə gəldiyi zaman hadisəni ona danışmışdır. Hazırda Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən də məhkəmədən Təqsirləndirilən şəxs cəza verilməməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə anası Zərərçəkmiş şəxs Rusiya Federasiyasında yaşayan qardaşının göndərdiyi 700 manat pulu bankdan almaq üçün Masallı şəhərinə getmişdir. O, isə günortadan sonra övladını məktəbə aparmaq üçün evdən çıxmışdır və uşağı məktəbə aparan zaman anası ilə kənd yolunda məscidin qarşısında rastlaşmışdır. Anası həmin vaxt evə getmişdir. O, isə uşağını məktəbə aparmışdır. Uşağı məktəbdə tək qalmadığı üçün oda məcbur olaraq 2-3 saat uşaqla birlikdə məktəbdə qalır. Həmin vaxt anasını kiminsə təqib etdiyini görməmişdir. Kənd yolu olduğu üçün yoldan çox maşın keçdiyi üçün həmin maşınlardan kiminsə anasını təqib etdiyinə fikir verməmişdir. Məktəbdə dərs bitdikdən sonra anası ilə birlikdə yaşadığı evə gəlmişdir. Lakin həmin zaman anası evdə olmamışdır. Bir qədər sonra evlərinə polis əməkdaşları gələrək anasının polis şöbəsində olduğunu və pulunun əlindən alındığı barədə ərizə verdiyini demişdir. Daha sonra anası evə gəldikdən sonra bir nəfər naməlum şəxsin həyətə daxil olub evin pilləkənində əlindən içərisində 700 manat pul və pensiya kartları olan torbanı alıb qaçdığını bildirmişdir. O, hadisənin necə baş verməsini birbaşa görməsə də baş verənləri anasından öyrənmişdir. Hadisəni törədən adının sonradan Rüfət olmasını bildiyi şəxsi əvvəllər tanımamışlar. Onunla heç bir ədavət düşmənçilyi olmamışdır. Cinayət işində olan əməliyyat məlumatlarını özündə əks etdirən CD diskə baxış keçirilən zaman müəyyən edildi ki, diskdə 00:36 saniyə, 00:29 saniyə, 00:31 saniyə, 01:31 dəqiqə və 00:38 saniyə intervalında olan beş video yazılar vardır. 00:36 saniyə intervalında olan video yazıya baxış zamanı görüntü kamerasının Masallı şəhəri İsgəndərli dairəsi kimi tanınan yeri videolentə alması görünür. Görüntünün 00:02 saniyəsindən 00:13 saniyəsinə qədər olan hissəsində bir nəfər qadının əlində olan torba ilə yolu ötüb kənd mikroavtobuslarının dayandığı yerə doğru hərəkət etməsi müşahidə olunur. Görüntünün 00:22 saniyəsindən 00:33 saniyəsinə qədər olan hissəsində isə “İsgəndərli dairəsi”nin əks tərəfindən qara rəngli BMV markalı avtomobilin üzü Masallı şəhəri istiqamətində hərəkət etməsi görünür. 00:29 saniyə intervalında olan videogörüntüyə baxış zamanı BMV markalı avtomobilin görüntünün 00:14 saniyəsindən 00:26 saniyəsinə qədər olan hissəsində üzü Masallı rayonu Ərkivan qəsəbəsinə doğru hərəkət etməsi görünür. 00:31 saniyə intervalında olan videogörüntüyə baxış zamanı yaşıl rəngli mikroavtobusun kənd yolu ilə hərəkətdə olması və BMV markalı avtomobilin isə onu təqib etməsi müşahidə olunur. 01:31 dəqiqə intervalında olan videogörüntüyə baxış zamanı isə videogörüntünün 00:36 saniyəsindən 00:47 saniyəsinə qədər olan hissəsində Narxanım Zamanvanın kənd yolu ilə piyada hərəkət etməsi, 01:23 saniyəsindən 01:31 saniyəsinə qədər olan hissəsində isə BMV markalı avtomobilin yavaş sürətlə Zərərçəkmiş şəxs hərəkət istiqaməti ilə onun arxasınca yoldan ötüb keçməsi müşahidə olunur. Diskdə olan 00:38 saniyə intervalında olan videogörüntüdə isə eyni videomüşahidə kamerasının görüntüsünün olması və görüntünün 00:25 saniyə intervalından 00:28 saniyə intervalında olan hissəsində BMV markalı avtomobilin gəldiyi yolu sürətlə geri qayıtması müşahidə olunur. Cinayət işində olan və məhkəmə baxışında tədqiq olunmuş Hadisə yerinə keçirilmiş baxış protokolundan görünür ki, soyğunçuluq hadisəsi Masallı rayonu Mahmudavar kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin içərində yerləşən pilləkəndə baş vermişdir. Cinayət işində olan və tədqiq olunmuş İfadənin yerində yoxlanılması istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Rusiya Federasiyası Komi Respublikası Uxtinsk Şəhər Məhkəməsinin xx.xx.2004cü il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, yenidən Rusiya Federasiyası Komi Respublikası Uxtinsk Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsinin 1-ci hissəsi və 69-cu maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, yenidən Rusiya Federasiyası Sosnoqorsk Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsinin 1-ci hissəsi və 69-cu maddəsinin 5-ci hissəsi ilə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O, yenidən Rusiya Federasiyası Uxtin Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 291-ci maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 02 (iki) il 01 (bir) gün müddətə azadlıqdan məhrum etmə cəzasına və 300 000 (üç yüz min) rubl cərimə cəzasına məhkum edilmiş və xx.xx.2014-cü il tarixdə cəzasinin sonu ilə azad edilmişdir. O, yenidən Rusiya Federasiyası Komi Respublikası Sıktıvkar Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 161-ci maddəsinin 1-ci hissəsi və 69-cu maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı rayon Təzə Alvadı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X1 rayonu, Təzə Alvadı kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin və şahidin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3.-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2.-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cı maddələrinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3.-cü maddəsi əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1.-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını Cinayət Məcəlləsinin 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini Cinayət Məcəlləsinin 59.1.13-cü, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti 1949-cu il təvəllüdlü qoca qadına qarşı törətməsini Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)-100/2022 saylı, 21 dekabr 2022-ci il tarixli qərarı ilə barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Masallı Rayon Məhkəməsinin 4(050)-39/2023 saylı, 15 mart 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 30 mart 2023-cü il tarixədək uzadılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutulduğu 19 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 19 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Əməliyyat məlumatlarını özündə əks etdirən CD iş materiallarında saxlanılsın. Hökm elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar