Məhkəmə qərarları › İş №1(050)-81/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-81/2024

23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-81/2024 23.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1974-cü ildə Masallı rayonu Musaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu Musaküçə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan 446,288 qram, yəni xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib şəxsi istifadəsi üçün bir hissəsini üzərində, digər əsas kütləsini isə Masallı rayonu Musaküçə kəndində yerləşən mərhum X5 məxsus olmuş yaşayış olmayan fərdi yaşayış evində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat–axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə saxlamaqda şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində Masallı şəhəri Seybətin küçəsində saxlanılaraq Masallı RPŞ-nə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan qara-boz rəngli gödəkçənin sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 6,288 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana və həmin tarixdə saat 23 radələrində əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Masallı rayonu Musaküçə kəndində yerləşən mərhum X5 məxsus olmuş yaşayış olmayan fərdi yaşayış evinə baxış keçirilən zaman oradan 01 ədəd bağlamada ümumi təmiz çəkisi 440,0 qram olan üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuanan ilə orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, xəstə olduğundan bədənində ağrılar olduğu üçün narkotik vasitə marixuana almaq məqsədi ilə Lənkəran rayonu Qumbaşı kəndinə getmiş və orada tanımadığı şəxsdən 200 manat müqabilində qurudulmuş marixuana almışdır. Narkotik vasitə almağa getdiyi zaman yaşadığı kənddə yol kənarında ona kəndçisi Murad rastlaşmışdır. Muradla salamlaşdıqdan sonra Murad ondan hara getdiyini soruşmuş, oda cavabında marixuana almağa getdiyini bildirmişdir. Muradda marixuana almağa getdiyini dediyi üçün birlikdə getmişlər. Narkotik vasitəni aldıqdan sonra qayıtmışlar və qayıtdıqdan sonra onların yolları ayrılmış və hər biri öz yoluna getmişlər. Murad ondan ayrıldıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmışdır. Murad polis şöbəsində olduğu zaman onun onu satdığını düşünərək narkotik vasitəni ondan aldığını demişdir. Odur ki, həmin günü polis əməkdaşları Seybətin dairəsi adlanan yerdə onu tutaraq polis şöbəsinə aparmışlar. Sonradan məlum olmuşdur ki, Murad ondan ayrıldıqdan sonra tutulduğu üçün onun üzərində narkotik vasitə olması ilə bağlı polis əməkdaşlarına onun məlumat verdiyini zənn edərək əsəbləşib narkotik vasitəni ondan aldığını demişdir. Muradla birlikdə narkotik vasitə almağa getmiş olsa da, Murad onun nə qədər narkotik vasitə aldığını bilməmişdir. Törətdiyi cinayətdən peşmandır. Xəstə olmasını, oğlunun həbsdə olmasını nəzərə alaraq məhkəmədən ona azadlığın məhdudlaşdırılması cəzasının verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadə verərək bildirdi ki, saat təxminən 4-5 radələri olardı narkotik vasitə istifadə etmək qərarına gəlmiş və narkotik vasitə almaq üçün Lənkəran rayonu Qumbaşı kəndində getmək məqsədi ilə kənd yoluna çıxmışdır. Yola çıxdığı zaman Xudaverdinin yol kənarında dayandığını görüb onunla salamlaşmışdır. Xudaverdi ondan hara getdiyi soruşmuş o, cavabında Lənkəran rayonu Qumbaşı kəndinə getdiyini demiş, Xudaverdidə həmin vaxt Lənkəran rayonu Qumbaşı kəndinə getdiyini dediyi üçün birlikdə Lənkəran rayonu Qumbaşı kəndinə getmişlər. Orada o, şəxsi istifadəsi üçün narkotik vasitə almış Xudaverdidə özü üçün almışdır. Lakin Xudaverdinin nə qədər narkotik vasitə aldığını bilməmişdir. Narkotik vasitə aldıqdan sonra qayıdaraq yaşadıqları kənddə yol qırağında maşından düşmüşlər, Xudaverdi ondan ayrılaraq yaşadığı evə getmiş, o, isə Masallı şəhəri Bakı prospekti istiqamətinə getmiş və orada olduğu zaman polis əməkdaşları onu tutaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsinə gətirildikdən sonra Xudaverdinin onun üzərində narkotik vasitə olması ilə bağlı polis əməkdaşlarına məlumat verdiyini zənn edərək əsəbləşərək üzərində olan narkotik vasitəni Xudaverdidən aldığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadə verərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə Masallı rayonu Musaküçə kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr qəbul etməsi və üzərində daşıması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın realizə edilməsi məqsədilə şöbə rəisinin əmri ilə qrup üzvləri Masallı RPŞ-nin TB-nin baş təhqiqatçı, polis kapitanı X3 və Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 olmaqla, qrup rəhbəri kimi onun iştirakından ibarət əməliyyat-təhqiqat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri Seybətin küçəsində piyada hərəkətdə olmasını görüb əməliyyat müvəkkili Şahid2la birlikdə ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər və onu Masallı RPŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edib baş təhqiqatçı Xalid Qurbanovun xidməti otağına gətirdikdən sonra şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib müdafiəçi ilə təmin edilmişdir. Daha sonra baş təhqiqatçı videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış keçirməyə başlamışdır. Şəxsi-axtarışa başlayan zaman ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etdi. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara-boz rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd alışqanı, bir ədəd qara rəngli sellofan bükümü və həmin gödəkçənin sağ yan cibindən isə bir ədəd içərisində 5 ədəd siqaret olan “VİCEROY” markalı siqaret qutusunu, eləcə də 2 ədəd iyirmi manatlıq, 2 ədəd on manatlıq, 16 ədəd beş manatlıq, 6 ədəd bir manatlıq pul əskinazlarını çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli sellofan bükümdə olan maddənin qurudulmuş marixuana olduğunu, həmin marixuananı öz şəxsi istifadəsi üçün təxminən iki ay əvvəl Lənkəran rayonu Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən 200 manata aldığını, həmin marixuanın bir hissəsini yaşadığı Masallı rayonu Musaküçə kəndində yerləşən qohumuna məxsus evdə gizlətdiyini, ayırdığı bir hissəni isə özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Həmçinin şəxsi-axtarış zamanı baş təhqiqatçı Təqsirləndirilən şəxs Lənkəran rayonu Qumbaşı kəndindən aldığı narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini gizlətdiyi Masallı rayonu Musaküçə kəndində yerləşən yaşayış olmayan evi və orada olan narkotik vasitə qurudulmuş marixuanın yerini təqdim edə bilib-bilməyəcəyini soruşmuş və Təqsirləndirilən şəxs həmin evdə gizlətdiyi qurudulmuş marixuananı təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra iştirakçılarla birlikdə Masallı rayonu Musaküçə kəndində yerləşən yaşayış olmayan evə getmişlər. Orada baş təhqiqatçı müdafiəçinin və onların yanında Təqsirləndirilən şəxs gizlətdiyi narkotik vasitə qurudulmuş mariuxuananı təqdim etməyini təklif etmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin yaşayış olmayan evin birinci mərtəbəsində yerləşən otağa daxil olub otağın sağ divarında olan pəncərə oyuğunda qoyduğu bir ədəd üzəri yapışqanlı lentlə bağlanmış və bir hissəsi kəsilmiş qara rəngli sellofan bükülüdə olan qurudulmuş marixuananı baş təhqiqatçıya təqdim etmişdir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə və Masallı rayonu Musaküçə kəndində yerləşən mərhum X5 məxsus olmuş yaşayış olmayan fərdi yaşayış evinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD disklərə baxış keçirilərkən Təqsirləndirilən şəxs narkotik vasitəni könüllü olaraq əynində olan qaraboz rəngli gödəkçənin sol yan cibindən çıxararaq təhqiqatçıya təqdim etdiyi və Masallı rayonu Musaküçə kəndində yerləşən mərhum X5 məxsus olmuş yaşayış olmayan fərdi yaşayış evindən aşkar edildiyi müəyyən edildi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin Materialların məhkəmə ekspertizası, “məhkəmə bioloji eskpertizasının 20 yanvar 2024-cü il tarixli, 19/57 saylı rəyində qeyd edilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə qurudulmuş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -6,288 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs oğlunun təqdim etdiyi, Masallı rayonu Musaküçə kəndində yerləşən tikilidən götürülmüş bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd paketdəki, bir ədəd sellofan bükülüdə təmiz çəkisi: -440,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Beləliklə, Təqsirləndirilən şəxs üzərindən və gizlətdiyi tikilidən aşkar edilmiş ümumilikdə təmiz çəkisi: -446,288 qram marixuanalar orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərilərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir bükümdə qurudulmuş marixuanaya bənzər kütlə.....”, “Vət. Bayamov Xudaverdi oğlunun təqdim etdiyi, Masallı rayonu Musaküçə kəndində yerləşən tikilidən götürülmüş bir ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə.....” və “Şahid3 üzərindən aşkar edilmiş 1 büküm marixuana Rəy №- 19/56.....’’ sözlər və imzalar olan 2 ədəd zərfdəki və 1 ədəd paketdəki ümumilikdə 3 ədəd olamaqla marixuanalar, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər (marixuananın təmiz çəkisi 446.288 qram, cəmi tədqiqata sərf edildi 0,2 qram, (hər ob.-0.01qram) qalıq 446.088 qramdır). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X6 Yoxlamanın nəticələrinə dair 31 yanvar 2024-cü il tarixli 80 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və müvafiq hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(050)-180/2019 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Masallı Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli 1(050)-62/2018 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 1 (bir) ay 22 (iyirmi iki) günü hazırki hökmlə təyin edilmiş cəzaya tamamilə birləşdirilməklə, qəti olaraq 2 (iki) il 1 (bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. xx.xx.2021-ci ildə cəzasını tam çəkib qurtarmışdır. İş materiallarına əlavə edilmiş Masallı rayonu İcra Hakimiyyəti Başçısının Musaküçə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu Musaküçə kəndində qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan Masallı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 230 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs HCV pozitiv diaqnozu ilə dispanser qeydiyyatındadır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disk, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, törətdiyi cinayət əməlini etiraf etməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını və xəstə olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini pis səciyyələndirməklə ona daha sərt cəza olan azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 21 yanvar 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nəzərə alınmaqla cəza təyin etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Porosessaul Məcəlləsinin 346.1.22-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 23 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, təqsirləndirilən şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, maddi sübit kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 446.088 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, video çəkilişin aparılmasına dair 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkoloji ekspertizanın dəyəri olan 60 (altımış) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdən 21 yanvar 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 23 aprel 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyatada alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalan 446.088 qram bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi görüntülərini özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar