Məhkəmə qərarları › İş №1(050)-82/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-82/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-82/2025 27.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Masallı şəhəri S.Məmmədov küçəsi ev 21-də qeydiyyatda olmaqla yaşayan, əvvəllər Masallı Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 25 (iyirmi beş) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmiş, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 01:18-da Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri H.Əliyev prospektində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zamanı əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,585 qram təşkil edən xeyli miqdarda ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs bu hərəkəti ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, tarixini dəqiq xatırlamadığı 2025-ci ilin yanvar ayında Xətai parkında olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onu saxlamışlar. Saxlanıldığı zaman üzərindən narkotik vasitə aşkar olunmuşdur. Əvvəllər narkotik vasitə istifadəçisi olduğu üçün beynində qaldığından üzərində saxlamışdır. Belə ki, Bakı şəhəri 20 Yanvar dairəsində olduğu zaman tanımadığı şəxs ona yaxınlaşaraq 20 manat pul qarşılığında ona narkotik vasitə təklif etmiş, o, isə üzərində 15 manat olduğunu, rayona getdiyini, əgər verirsə 15 manat versin demişdir. Həmin şəxs razılaşdığından oda şəxsi istifadəsi üçün 15 manata almış və gödəkçəsinin cibinə qoymuşdur. Əməlindən peşmandır. Məhkəmədən xəstə olmasını və yaşını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 22 yanvar 2025-ci il tarixdə ona Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsində şübhəli olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatı raportla şöbə rəhbərliyinə məruzə etmiş və realizəsi ona həvalə olunmuşdur. Daha sonra əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs olduğu yerə, yəni Masallı rayonu, H.Əliyev prospekti ərazisinə yaxınlaşıb onun piyada hərəkətdə olduğunu görərək videoçəkilişlə yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Hüquqlarını izah etdikdən sonra, ona müdafiəçi hüququn olduğunu bildirmişlər, Təqsirləndirilən şəxs müdafəçinin müququndan imtina etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş əşya predmet, narkotik vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən telefon və sellofan bükülü çıxararaq təqdim etmiş və sellofan bükülünün içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin psixotrop maddəni təxminən 1 həftə əvvəl Bakı şəhərində 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 15 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Onlar həmin bükülünü açıb baxdıqları zaman həqiqətəndə psixotrop maddə metamfetaminə bənzər şəffaf maddə olmasını müəyyən etmişlər, daha sonra həmin bükülünü və “f+” markalı mobil telefonu ayrı-ayrı zərflərdə qablaşdıraraq 90 saylı möhürlə möhürləmişlər. Ardınca Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya aşkar etməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerdə texniki imkanlar kifayət etmədiyindən Masallı RPŞnin inzibati binasına getmişlər və orada Təqsirləndirilən şəxs üzərindən götürülmüş şəyalar protokollaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən götürülmüş əşyalar və həmin vaxtı çəkilmiş video disk baş təhqiqatçı Samir Məmmədova videoçəkiliş vasitəsi ilə təqdim olunmuşdur. İş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 ifadələrindən görünür ki, onlar Şahid1 ilə eyni məzmunlu ifadə verdilər. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Masallı Rayon Polis Şöbəsinin Kibercinayətkarlıqla Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Masallı RPŞ-nin Kriminalistik tədqiqatlar qrupunun baş inspektoru Şahid3 tərəfindən Masallı RPŞ-yə Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və üzərində narkotik vasitə daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdə, saat 01:18-də Masallı şəhəri, H.Əliyev prospektində saxlanılaraq üzəri yoxlanılan zaman özü əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01(bir) ədəd şəffaf sellofan bükümü və əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən bir ədəd “f+” markalı mobil telefonu çıxardıb təqdim etmiş, təqdim etdiyi bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini Bakı şəhərində olan zaman tanımadığı şəxsdən 15 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş həmin bir ədəd bükümə baxış keçirərkən onun psixotrop maddə metamfetaminə bənzər maddə olduğunu görmüş, sonra həmin metamfetaminə bənzər maddəni sellofanla birlikdə elektron tərəzidə çəkmişdir və ümumi çəkisinin 0,63 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin psixotrop maddə metamfetaminə bənzər maddəni və “f+” markalı mobil telefonu orada ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyaraq qablaşdırmışdr. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyd olunanlardan başqa qanunla qadağan olunmuş hər hansı maddə və predmet aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı X7 tərəfindən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı Rayon Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Masallı Rayon Polis Şöbəsinin Kibercinayətkarlıqla Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış maddə və telefon olan zərf və baxış keçirilməsi barədə video görüntünü əks etdirən CD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümlərə təhqiqatçı baxış keçirən zaman 01 ədəd bükümdə metamfetaminə bənzər psixotrop maddə və 01 ədəd bükümdə “f+” markalı mobil telefon olmuş və psixotrop maddə olan büküm elektron tərəzidə çəkilərkən 0,63 qram olmuş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X4 tərəfindən müdafiəçisi Müdafiəçi iştirakı ilə X2 şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD diskə məhkəmə iclsasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Rauf Məmmədov ona verilən sualları tam şəkildə cavablandıraraq törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin materialların məhkəmə ekspertizası, Məhkəmə kimyəvi eskpertizasının 22 yanvar 2025-ci il tarixli, 19/24 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,585 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir (metamfetaminin təmiz çəkisi- 0,585 qr., tədqiqata sərf edildi-0,05qr., qalıq-0,535 qr). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X9 Yoxlamanın nəticələrinə dair 23 yanvar 2025-ci il tarixli, 33 nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (TOKSİKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən və işə əlavə edilmiş hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərarına əsasən 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 25 (iyirmi beş) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməmişdir. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 07 fevral 2025-ci il tarixli 2-223/25-62-16 saylı məktubdan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-1613/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs cəzasının 1 ay 25 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Qərar və qərarın icrası barədə göstəriş xx.xx.2025-ci tarixdə Masallı Rayon İcra və Probasiya şöbəsinə daxil olmuşdur. Məhkumun bu günə çəkilməmiş cəzası 14 gün təşkil edir. İş materiallarına əlavə edilmiş Masallı Rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş 29 aprel 2025-ci il tarixli 2-580/25-62-16 saylı məktubdan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-1613/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs təyin edilmiş hökm üzrə cəzasının çəkilməmiş 1 ay 25 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Qərar və qərarın icrası barədə hakimin göstərişi Masallı Rayon İcra və Probasiya şöbəsinə xx.xx.2025-ci tarixdə daxil olmuş, xx.xx.2025-ci il tarixdə müddət bitdiyi üçün şöbənin probasiya qeydiyyatından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş Masallı rayonu İcra Hakimiyyəti Başçısının Masallı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, S.Məmmədov küçəsi, ev 21-də qeydiyyatda olmaqla ailə üzləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə birliyi PHŞ Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 12 fevral 2025-ci il tarixli 18-1-60/2-341/2025 nömrəli məktubunda qeyd edilmişdir ki, Masallı şəhəri S.Məmmədov küçəsi, ev 21-də qeydiyyatda olan Təqsirləndirilən şəxs “Masallı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in psixo-nevroloji kabinetində dispanser qeydiyyatda durur. Diaqnoz: “Eyni vaxtda müxtəlif növ narkotiklərdən istifadə nəticəsində yaranan psixi və davranış pozuntulardan asılılıq sindromu”. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsinin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli, 637 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Anamnezindı narkotik vasitələrdən sui-istifadə müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl zamanı hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək itqidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD disk, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-in 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10-cu bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; - törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmin Sərəncamın 13-cü bəndinə məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və törətdiyi cinayət əməlini etiraf etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Onun əməlində cinayətin residivi var. Cinayətin residivi Azərbaycan Respublikasının Cinayət Məcəlləsininin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət əməli törətməklə məhkum olunmasını, cinayət törətməyə meyilli şəxs olmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Həmçinin Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini pis səciyyələndirməklə təyin olunacaq cəzanın şəxsin islah olunması yönümündə yetərli olmasını nəzərə alaraq daha sərt cəza yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikasının Cinayət Məcəlləsinin 65.2ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri, ictimai təhlukəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə ilə bağlı cəzanın təyin edilməsi qanuni və əsaslıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən üzərində qəti olaraq 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli qərarına əsasən 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 25 (iyirmi beş) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, lakin o, cəzanın çəkilməmiş hissəsi ərzində yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6, 76.6.3-ci maddələrinə əsasən məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 01 (bir) ay 25 (iyirmi beş) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli və ona Cinayət Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2025-ci il tarixdə saat 02:20-də şübhəli şəxs qismində tutulmuş və 23 yanvar 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saat 18:00-da saxlanıldığı yerdən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi nəzərə alınmaqla cəza təyin etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsində göstərilmişdir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 27 may 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə isə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicəyə ehtiyacı var. İş üzrə maddi subut kimi tanınaraq Masallı RPŞ-də saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,535 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi, əməliyyat axtarış tədbirlərini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 (üç) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs biloloji ekspertizanın dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. Hökmün maddi sübutlar ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 27 dekabr 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş qalan 01 (bir) ay 25 (iyirmi beş) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökmlə təyin edilmiş azadlıqdan mərhum etmə cəzasına Masallı Rayon Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 1(050)-132/2023 saylı hökmü ilə təyin edilmiş azadlıqdan mərhum etmə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 25 (iyirmi beş) gün hissəsi tam birləşdirilsin və ona qəti olaraq 02 (iki) il 01 (bir) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 27 may 2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində toksikomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altımış beş) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,535 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi, əməliyyat axtarış tədbirlərini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 (üç) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün maddi sübutun məhv edilməsi hissəsinin icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar