Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-83/2024 15.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Masallı rayonu, Musaküçə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində 2 azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində Masallı şəhəri, Bakı prospekti ərazisində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi təmiz çəkisi - 5,939 qram təşkil edən tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə səhər saatlarında bədənində ağrılar yaranmağa başladığından narkotik vasitə almaq məqsədilə Lənkəran rayonu, Qumbaşı kəndinə getmək qərarına gəlmişdir. Həmin gün təxminən saat 17 radələrində yaşadığı evdən çıxaraq Masallı rayonu, Musaküçə kəndinin girişinə getmişdir. Həmin vaxt Masallı rayonu, Qumbaşı kəndinə getmək üçün Lənkəran rayonu istiqamətində gedən avtomobillərə baxan zaman əvvəllər tanıdığı, narkotik istifadəçisi olduğunu bildiyi həmkəndlisi Şahid3 ona tərəf gəldiyini görmüşdür. Həmin vaxt Xudaverdi onunla salamlaşdıqdan sonra orada hansı məqsədlə gözlədiyini soruşan zaman o, Xudaverdiyə bədənində ağrılar olduğunu və narkotik vasitə qurudulmuş marixuana almaq üçün Lənkəran rayonu, Qumbaşı kəndinə getmək istədiyini bildirmişdir. Bu zaman Xudaverdi ona özünün də marixuana almaq üçün Lənkəran rayonu, Qumbaşı kəndinə getmək niyyətində olduğunu bildirmiş və birlikdə Qumbaşı kəndinə gedib öz istifadəsi üçün qurudulmuş marixuana almağı təklif etmişdir. O, yol xərcini bölüşəcəklərini nəzərə alıb Xudaverdi ilə birlikdə getməyə razılaşmışdır. Bundan sonra Xudaverdi Musaküçə kəndinin girişindən Lənkəran rayonu istiqamətində hərəkətdə olan tanımadığı şəxsə məxsus dövlət qeydiyyat nişanını xatırlamadığı ağ rəngli “VAZ 2106” markalı avtomobilə əli ilə işarə edib saxlatdırdıqdan sonra həmin şəxsdən onları Lənkəran rayonuna apara bilib-bilməyəcəyini soruşmuşdur. Həmin tanımadığı şəxs onları Lənkəran rayonuna apara biləcəklərini bildirdikdən sonra o, Xudaverdi ilə birlikdə həmin şəxsə məxsus avtomobillə Lənkəran rayonu, Qumbaşı kəndinə gedib kənd mərkəzində yolun kənarında avtomobildən enmişdir. Həmin vaxt o, Xudaverdiyə yol pulunu birlikdə verməyi təklif etsə də, Xudaverdi ona imkan verməyib avtomobilin sürücüsünə özü 10 manat pul vermişdir. Bundan sonra həmin avtomobil Lənkəran rayonu istiqamətində hərəkətini davam etdirmişdir. Həmin vaxt o və Xudaverdi ətrafda heç kimin olmadığını görüb Qumbaşı kənd məscidi istiqamətində hərəkətlərinə davam etmişlər. Bir qədər piyada hərəkət etdikdən sonra onlardan bir qədər aralıda yolun kənarında dayanan, xarici görkəmcə narkotik aludəçisinə oxşatdıqları əvvəllər tanımadıqları bir nəfər şəxs görüb həmin şəxsə yaxınlaşmışlar. Həmin vaxt Xudaverdi həmin tanımadığı şəxslə salamlaşıb ona ikisinin də narkotik aludəçisi olduqlarını və bədənlərində ağrılar olduğunu deyib, onlara narkotik vasitə qurudulmuş marixuana tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs, onda qurudulmuş marixuana bükümlərinin olduğunu, istəsələr onlara verə biləcəyini bildirmişdir. O, həmin şəxsə 10 manat pulunun olduğunu və həmin pulun müqabilində bir qədər qurudulmuş marixuana almaq istədiyini bildirmişdir. Bundan sonra həmin şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb ona göstərərək, həmin bükümdə təxminən 7 qrama yaxın qurudulmuş marixuana olduğunu və həmin bükümü 10 manata satdığını bildirmişdir. O, da həmin tanımadığı şəxslə razılaşmışdır və həmin şəxs bir ədəd bükümü ona verdikdən sonra o, da, həmin şəxsə üzərində olan 10 manat pulu vermişdir. O, bükümü aldıqdan sonra həmin bükümü əynində olan qara rəngli gödəkçəsinin sol yan cibinə qoymuşdur. Xudaverdi isə həmin vaxt tanımadığı həmin şəxsə uzun müddət istifadə edə bilməsi üçün bir qədər çox narkotik vasitə qurudulmuş marixuanaya ehtiyacı olduğunu bildirib üzərində 200 manat pulunun olduğunu və həmin pula ona qurudulmuş marixuana verməsini xahiş etmişdir. O, həmin vaxt onların yanından bir neçə metr uzaqlaşıb ətrafa nəzarət etməyə başlamışdır. Həmin vaxt həmin şəxsin əynində olan gödəkçəsinin iç cibindən bir ədəd şəffaf rəngli sellofan çıxarıb daha sonra həmin sellofanı açaraq içərisində olan bir ədəd üzəri yapşqanlı lentlə bağlanmış qara rəngli sellofan bükümü Xudaverdiyə verdiyini görmüşdür. Həmçinin, Xudaverdi də həmin şəxsə bir qədər pul vermişdir. Lakin həmin vaxt o, Xudaverdinin hansı miqdarda marixuana aldığını bilməmişdir. Daha sonra Xudaverdi həmin bükümü əynində olan gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Onlar həmin şəxsdən öz istifadələri üçün qurudulmuş marixuana aldıqdan sonra sağollaşıb həmin şəxsin yanından uzaqlaşaraq Masallı rayonu istiqamətində yolun kənarı ilə yavaş-yavaş hərəkət etməyə başlamışdılar. Bir qədər piyada hərəkət etdikdən sonra Xudaverdi özü Masallı rayonu istiqamətində hərəkətdə olan tanımadığı şəxsə məxsus avtomobilə əl ilə işarə edib saxlatdırdıqdan sonra həmin şəxsdən onları Masallı rayonu, Musaküçə kəndinə aparmasını xahiş etmişdir. Bundan sonra o, Xudaverdi ilə birlikdə həmin şəxs məxsus avtomobillə Masallı rayonuna qayıdıb Musaküçə kəndinin girişində avtomobildən enmişdir. Avtomobildən endikdən sonra Xudaverdi öz evinə gedəcəyini bildirib, onunla sağollaşıb yanından uzaqlaşıb getmişdir. O, isə Qumbaşı kəndindən aldığı qurudulmuş marixuanadan bir qədər istifadə etmək üçün Masallı şəhəri istiqamətində piyada getməyə başlamışdır. Həmin vaxt məqsədi Masallı şəhəri, Bakı prospektində yerləşən yol kənarında olan kafelərdən birinə gedib orada qurudulmuş marixuana istifadə etmək olmuşdur. O, bu məqsədlə xx.xx.2024cü il tarixdə təxminən saat 19 radələrində Masallı şəhəri, Bakı prospektində piyada hərəkət edən zaman iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar. Həmin şəxslər xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin polis əməkdaşları olduqlarını və onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuş və o, həmin vaxt qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları onlarla birlikdə Masallı RPŞyə getməli olduğunu bildirdikdə o, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Masallı RPŞ-yə gəlmişdir. RPŞ-yə gəldikdən sonra həmin polis əməkdaşları onu xidməti otağa gətirmişlər. Xidməti otaqda polis geyimində olan bir nəfər ona özünü Masallı RPŞnin TB-nin baş təhqiqatçısı Xalid Qurbanov kimi təqdim etmişdir. Baş təhqiqatçı Xalid Qurbanov qanunsuz olaraq üzərimdə narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq Masallı RPŞ-yə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Müdafiəçi qismində Masallı Rayon Vəkil Bürsosunun vəkili Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra baş təhqiqatçı Xalid Qurbanov onun üzərində şəxsi axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını bildirmişdir. Baş təhqiqatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməsi barədə təklif etmişdir. O, da əynində olan qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılıb RPŞ-yə gətirilən zaman üzərində narkotik vasitə olması barədə həmkəndlisi Xudaverdinin polisə məlumat verdiyini düşündüyü üçün şəxsi axtarış zamanı əsəbləşib təqdim etdiyi bükümdə olan maddənin qurudulmuş marixuana olmasını və həmin qurudulmuş marixuana bükümünü xx.xx.2024-cü il tarixdə axşam saatlarında həmkəndlisi Xudaverdidən öz şəxsi istifadəsi üçün 10 manata aldığını və üzərində saxladığını bildirmişdir. Sonradan üzərində şəxsi axtarış davam etdirilən zaman baş təhqiqatçı tərəfindən əynində olan gödəkçənin sağ yan cibindən ona məxsus bir ədəd qara rəngli “Redmi” markalı mobil telefonu aşkar olunsa da, üzərindən qanunla qadağan olunmuş başqa hər hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. Daha sonra təqdim etdiyi sellofan bükülüdə olan qurudulmuş marixuana baş təhqiqatçı Xalid Qurbanov tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 7,42 qram olduğu müəyyən olunmuşdur. Təqdim etdiyi qurudulmuş marixuana içərisi boş olan kağız zərfə qoyularaq Masallı RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Bundan başqa ona məxsus üzərindən aşkar olunan “Redmi” markalı mobil telefonu da içərisi boş olan kağız zərfə qoyularaq Masallı RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən zərfin üzəri imzalanmışdır. Üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərində qanunsuz olaraq qurudulmuş marixuana saxladığından təkcə həmkəndlisi Şahid3 xəbəri olmuşdur. Bu səbəbdən o, polis əməkdaşları onu saxlayan zaman Xudaverdinin onun barəsində polisə məlumat verdiyini düşünüb RPŞ-də üzərinə şəxsi axtarış aparılan zaman marixuananı Xudaverdidən aldığını bildirmişdir. Polis əməkdaşları ona yaxınlaşan vaxt, Masallı RPŞ-yə dəvət etdikləri zaman və üzərində şəxsi axtarış aparılan zaman ona qarşı heç bir fiziki güc və yaxud zor tətbiq etməmişdilər. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istifadəsi üçün üzərində narkotik vasitə daşıması ilə bağlı ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın realizə edilməsi məqsədilə şöbə rəisinin əmri ilə qrup üzvləri Masallı RPŞ-nin TB-nin baş təhqiqatçı, polis kapitanı X4 və Masallı RPŞ-nin CABnin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 olmaqla, qrup rəhbəri kimi onun iştirakından ibarət əməliyyat-təhqiqat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə saat 19 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri, Bakı prospekti ərazisində piyada hərəkətdə olmasını görüb əməliyyat müvəkkili Şahid2 ilə birlikdə ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını, onun narkotik vasitələrin qanunsuz istifadəsində və üzərində saxlamasında şübhəli olduğunu bildirmişlər. O, şifahi şəkildə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmamasını soruşduğu zaman Təqsirləndirilən şəxs ona heç bir cavab verməyib özünü daha da şübhəli aparmağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirmək üçün şərait olmadığından onu Masallı RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edib baş təhqiqatçı Xalid Qurbanovun xidməti otağına gətirdikdən sonra Xalid Qurbanov ona tutulma səbəbini və şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib bu barədə yazılı bildiriş vermişdir. Daha sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi onun müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra baş təhqiqatçı Xalid Qurbanov videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Baş təhqiqatçı Xalid Qurbanov şəxsi axtarışa başlayan zaman ilk əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet varsa, təqdim etməsini xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükümdə olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin bükümü xx.xx.2024-cü il tarixdə axşam saatlarında Masallı rayonu, Musaküçə kəndində yaşayan Xudaverdi adlı şəxsdən 10 manata aldığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Sonradan baş təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış davam etdirilən zaman Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli “Redmi” markalı mobil telefon aşkar olunsa da, üzərindən qanunla qadağan olunmuş başqa hər hansı maddə, predmet və ya əşya aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükülüdə olan qurudulmuş marixuana baş təhqiqatçı Xalid Qurbanov tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 7,42 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən qurudulmuş marixuana içərisi boş olan kağız zərfə qoyularaq Masallı RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri onlar tərəfindən imzalanmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs məxsus “Redmi” markalı mobil telefon da içərisi boş olan kağız zərfə qoyularaq Masallı RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində həyata keçirilən şəxsi axtarış barədə protokol tərtib edilmişvə iştirakçılar tərəfindən imzalanmışdır. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla əvvəllər heç bir münasibəti, o cümlədən ədavəti və düşmənçiliyi olmamışdır. O, sadəcə olaraq barəsində əməliyyat məlumatı daxil olduqdan sonra Təqsirləndirilən şəxs saxlanılması istiqamətində əməliyyat tədbirinin həyata keçirilməsinə rəhbərlik etmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanıldıqda, RPŞyə gətirildikdə və üzərində axtarış aparıldıqda Təqsirləndirilən şəxs qarşı heç bir fiziki güc və ya zor, o cümlədən psixiki təsir göstərilməmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs təqdim etdiyi bir bükümdə olan qurudulmuş marixuananı Musaküçə kənd sakini Xudaverdi adlı şəxsdən aldığını bildirsə də, tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə həmkəndlisi Şahid3 ilə birlikdə Lənkəran rayonu, Qumbaşı kəndinə gedərək orada əvvəllər tanımadığı şəxsdən öz istifadəsi üçün aldığı müəyyən edilmişdir. Həmin şəxsin şəxsiyyətini və olduğu yeri müəyyən etməyə çalışsa da, hal-hazıradək müsbət nəticə əldə edə bilməmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatları daxil olsa da, onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməsi barədə hər hansı bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 9.01.2024-cü il tarixdə günorta saatlarında bədənində ağrılar yaranmağa başladığından narkotik vasitə almaq məqsədilə Lənkəran rayonu, Qumbaşı kəndinə getmək qərarına gəlmişdir. Həmin gün təxminən saat 17 radələrində yaşadığı evdən çıxaraq Masallı rayonu, Musaküçə kəndinin girişinə getmişdir. Həmin vaxt Lənkəran rayonu istiqamətində gedən avtomobilin yolunun kənarında əvvəllər tanıdığı, narkotik istifadəçisi olduğunu bildiyi həmkəndlisi Təqsirləndirilən şəxs dayandığını görmüşdür. O, həmin vaxt Murada yaxınlaşıb salam verdikdən sonra orada hansı məqsədlə gözlədiyini soruşan zaman Murad bədənində ağrılar olduğunu və narkotik vasitə qurudulmuş marixuana almaq üçün Lənkəran rayonu, Qumbaşı kəndinə getmək istədiyini ona demişdir. O, da Murada özünün də marixuana almaq üçün Lənkəran rayonu, Qumbaşı kəndinə getmək niyyətində olduğunu bildirib və birlikdə Qumbaşı kəndinə gedib öz istifadələri üçün qurudulmuş marixuana almağı təklif etmişdir. Həmin vaxt Murad onunla birlikdə getməyə razılaşmışdır. Bundan sonra o, Musaküçə kəndinin girişindən Lənkəran rayonu istiqamətində hərəkətdə olan tanımadığı şəxsə məxsus dövlət qeydiyyat nişanını xatırlamadığım ağ rəngli “VAZ 2106” markalı avtomobilə əli ilə işarə edib saxlatdırdıqdan sonra həmin şəxsdən onları Lənkəran rayonuna apara bilib-bilməyəcəyini soruşmuşdur. Həmin tanımadığı şəxs onları Lənkəran rayonuna apara biləcəyini bildirdikdən sonra o, Muradla birlikdə həmin şəxsə məxsus avtomobillə Lənkəran rayonu, Qumbaşı kəndinə gedib kənd mərkəzində yolun kənarında avtomobildən enmişdir. Həmin vaxt Murad ona yol pulunu birlikdə verməyi təklif etsə də, o, üzərində 300 manatdan çox pulu olduğu üçün Muradın maddi vəziyyətini nəzərə alıb yol pulunu özünün verəcəyini bildirib avtomobilin sürücüsünə 10 manat pul vermişdir. Bundan sonra həmin avtomobil Lənkəran rayonu istiqamətində hərəkətini davam etdirmişdir. Həmin vaxt o və Murad ətrafda heç kimin olmadığını görüb Qumbaşı kənd məscidini istiqamətində hərəkətlərini davam etdirmişlər. Bir qədər piyada hərəkət etdikdən sonra onlardan bir qədər aralıda yolun kənarında dayanan, xarici görkəmcə narkotik aludəçisinə oxşatdıqları əvvəllər tanımadığı bir nəfər şəxs görüb həmin şəxsə yaxınlaşmışlar. Həmin vaxt o, tanımadığı həmin şəxsə salam verib ona ikisinin də narkotik aludəçisi olduqlarını və bədənlərində ağrılar olduğunu deyib, onlara narkotik vasitə qurudulmuş marixuana tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs, onda qurudulmuş marixuana bükümlərinin olduğunu, istəsə onlara verə biləcəyini bildirmişdir. Bu zaman Murad həmin şəxsə 10 manat pulunun olduğunu və həmin pulun müqabilində bir qədər qurudulmuş marixuana almaq istədiyini bildirmişdir. Bundan sonra həmin şəxs əynində olan şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb Murada göstərərək, həmin bükümdə təxminən 7 qrama yaxın qurudulmuş marixuana olduğunu və həmin bükümü 10 manata satdığını bildirmişdir. Murad həmin tanımadığı şəxslə razılaşmış və həmin şəxs bir ədəd bükümü Murada verdikdən sonra Murad da həmin şəxsə üzərində olan 10 manat pulu vermişdir. Murad bükümü aldıqdan sonra həmin bükümü əynində olan qara rəngli gödəkçəsinin cibinə qoymuşdur. Murad marixuananı aldıqdan sonra onun yanından bir neçə metr uzaqlaşıb ətrafı müşahidə etməyə başlamışdır. Bundan sonra o, tanımadığı həmin şəxsə uzun müddət istifadə edə bilməyi üçün bir qədər çox narkotik vasitə qurudulmuş marixuanaya ehtiyacı olduğunu və üzərində olan 200 manat pula ona qurudulmuş marixuana verməsini xahiş etmişdir. Bu zaman həmin şəxs əynində olan gödəkçəsinin iç cibindən bir ədəd şəffaf rəngli sellofan çıxarıb daha sonra həmin sellofanı açaraq içərisində olan bir ədəd üzəri yapşqanlı lentlə bağlanmış qara rəngli sellofan bükümü ona göstərərək həmin bükümdə təxminən 450 qramdan bir qədər çox qurudulmuş marixuana olduğunu, həmin bükümü ona 200 manata sata biləcəyini bildirmişdir. Həmin vaxt o, həmin bükümü tanımadığı həmin şəxsdən alıb əlinə götürərək içərisində qurudulmuş marixuana olduğunu bildikdən sonra həmin şəxsdən bükümü almağa razılaşmış və cibində olan puldan 200 manat ayırıb həmin tanımadığı şəxsə vermişdir. Daha sonra həmin bükümü əynində olan gödəkçəsinin sağ yan cibinə qoymuşdur. O və Murad həmin şəxsdən öz istifadələri üçün qurudulmuş marixuana aldıqdan sonra həmin şəxslə sağollaşıb yanından uzaqlaşaraq Masallı rayonu istiqamətində yolun kənarı ilə yavaş-yavaş hərəkət etməyə başlamışlar. Bir qədər piyada hərəkət etdikdən sonra o, Masallı rayonu istiqamətində hərəkətdə olan tanımadığı şəxsə məxsus avtomobilə əli ilə işarə edib saxlatdırdıqdan sonra həmin şəxsdən onları Masallı rayonu, Musaküçə kəndinə aparmasını xahiş etmişdir. Bundan sonra o, Muradla birlikdə həmin şəxsə məxsus avtomobillə Masallı rayonuna qayıdıb Musaküçə kəndinin girişində avtomobildən enmişdir. Avtomobildən endikdən sonra o, Murada evə gedəcəyini bildirib sağollaşaraq piyada yaşadığı küçə istiqamətində getməyə başlamışdır. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, narkotik vasitəni əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxararaq təqdim etməsi, təhqiqatçının verdiyi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf rəngli sellofan bükümdə olan maddənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin bükümü xx.xx.2024-cü il tarixdə axşam saatlarında Masallı rayonu, Musaküçə kəndində yaşayan Xudaverdi adlı şəxsdən 10 manata aldığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirməsi müəyyən edildi. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkətlərinin aparılmasını aparılmasına dair CD-yə baxış keçirilərək müəyyən edilmişdir ki, müstəntiq tərəfindən verilən suala Murad Kərmov cavab olaraq onun üzərində qanunsuz olaraq qurudulmuş marixuana saxladığından təkcə həmkəndlisi Şahid3 xəbəri olduğunu, bu səbəbdən polis əməkdaşları onu saxlayan zaman Xudaverdinin onun barəsində polisə məlumat verdiyini düşünüb RPŞ-də üzərinə şəxsi axtarış aparılan zaman marixuananı Xudaverdidən aldığını bildirməsini deməsi, lakin həmin narkotik vasitəni Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata alıb üzərində saxlamasını bildirməsi, Şahid3 da həmin faktı üzləşdirmə zamanı təsdiqləməsi müəyyən edildi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X6 Bölməsinin 20 yanvar 2024-cü il tarixli, 19/56 nömrəli saylı rəyin təsviri və nəticə hissələrində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər maddə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi - 5,939 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Marixuananın təmiz çəkisi - 5,939 qram, tədqiqata sərf olundu, 0,05 qram, qalıq 5,889 qramdır.) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Mərkəzi X2 X11 Yoxlamanın nəticələrinə dair 11 yanvar 2024-cü il tarixli, 20 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Əşyanın maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən təmiz çəkisi 5,939 qram olmaqla aşkar edilərək götürülmüş, ekspert tədqiqatından sonra təmiz çəkisi 5,889 qram qalmış narkotik vasitə qurudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək maddi sübut kimi tanınaraq RPŞ-in saxlanc yerində saxlanılır. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” və Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkətlərinin aparılmasının görüntülərini əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılmışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Masallı Rayon İHB-ın Musaküçə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən və arayışdan görünür ki, Kərimov X8 rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla arvadı X7, oğlu xx.xx.2009-cu il təvəllüdlü X9, oğlu -xx.xx.2014-cü il təvəllüdlü X10 və qızı - xx.xx.2017-ci il təvəllüdlü X3 ibarət ailə tərkibində yaşayır. Kərimov X1 yaşadığı müddətdə özünü həmişə nümaunəvi vətəndaş kimi aparmış, qonşularla münasibəti normaldır. Gənc olmasına baxmayaraq, kəndin xeyir və şər işlərində yaxından iştirak edir. Təqsirləndirilən şəxs barəsində Masallı rayon İHB-ın Musaküçə kənd İƏD üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, maddənin sanksiyasında törədilmiş əmələ görə ilk növbədə azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Məhkəmə şəxsə ilk növbədə həmin cəzanın təyin edilməsinin mümkünlüyü məsələsini qiymətləndirməlidir. Məhkəmə tərəfindən cəza təyin edilərkən şəxsə daha ağır cəzanın təyin edilməsi o halda məqbul hesab edilə bilər ki, təyin ediləcək yüngül cəza cəzanın məqsədlərini təmin edə bilməsin. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də təmin edilə bilər, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərədə tutulmuş daha ciddi cəza növünün tətbiq edilməsi üçün əsas yoxdur. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında və qətimkan tədbirinin seçilməsinə dair qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 21 yanvar 2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlandığı müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən də görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan 5,889 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” və Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkətlərinin aparılmasının görüntülərini əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutularaq saxlandığı 19 yanvar 2024cü il tarixindən 21 yanvar 2024-cü il tarixədək olan 2 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 5,889 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” və Təqsirləndirilən şəxs ilə Şahid3 arasında üzləşdirmə istintaq hərəkətlərinin aparılmasının görüntülərini əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ceyhun Quliyev
Məhkəmə qərarları › İş №1(050)-83/2024
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-83/2024
15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver