Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-85/2023 03.05.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Azər Şəmsəddin oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında 01 avqust 1994-cü ildə Masallı rayonu, Şıxlar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olan, Masallı şəhəri, H.Əliyev prospektində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz əldə etdiyi narkotik vasitə heroini üzərində qanunsuz saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan 14 fevral 2023-cü il tarixdə, saat 18 radələrində Masallı şəhəri, Füzuli küçəsi ərazisində saxlanılaraq Masallı RPŞ-nə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,325 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 3-4 ildir ki, narkotik vasitələr qəbul edir. xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində narkotik vasitə almaq üçün yaşadığı evdən çıxıb tanımadığı şəxsin idarə etdiyi avtomobilə əyləşərək Lənkəran rayonu, Qumbaşı kəndinə getmişdir. Orada əvvəllər tanımadığı və narkotik vasitə qəbul edən birinə oxşayan şəxsə yaxınlaşıb ona narkotik vasitə heroin istədiyini bildirmişdir. Həmin şəxs də ona heroin sata biləcəyini dedikdə, o, üzərində olan 10 manat pulu çıxarıb ona vermişdir Bundan sonra həmin şəxs üzərindən 1 ədəd bükümü çıxarıb ona vermiş və həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. O da həmin bükümü aldıqdan sonra əynində olan qara rəngli cins şalvarın sol yan cibində gizlətmiş və tanımadığı şəxsin idarə etdiyi avtomobil ilə Masallı şəhəri ərazisinə gəlmişdir. Saat 18 radələrində Masallı şəhəri Füzuli küçəsində piyada hərəkət etdiyi zaman əvvəllər tanımadığı 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra narkotik vasitələrin istifadəsində və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirmiş və onu Masallı RPŞ-nə dəvət etmişlər. O, etiraz etmədən polis əməkdaşları ilə birlikdə Masallı RPŞ-nə getmişdir. Masallı RPŞ-də baş təhqiqatçısı Ariz Səfərovun xidməti otağında şübhəli şəxs qismində tutulmuş və hüquqlarını müdafiə etmək üçün Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət olunmuşdur. Sonra video çəkiliş aparılmaqla müdafiəçinin və polis əməkdaşlarının iştrakları ilə təhqiqatçı Ariz Səfərov ona üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya olarsa təqdim etməsini təklif etdikdə, o, əynində olan qara rəngli cins şalvarın sol yan cibində gizlətdiyi, içərisində narkotik vasitə heroin olan bükümü təhqiqatçı Ariz Səfərova təqdim etmişdir. Sonra təhqiqatçı tərəfindən heroinə bənzər maddə elektron tərəzidə çəkilmiş, çəkisinin 0,43 qram olduğu müəyyən olunmuş, zərfə qoyularaq qablaşdırılmış və üzərinə imzalar edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsiaxtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, barəsində mümkün qədər cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Masallı Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 fevral 2023-cü il tarixdə Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olan, Masallı şəhəri H.Əliyev prospektində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlamaqda və onlardan istifadə etməkdə şübhəli olması barədə NMQ-nin əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuş, daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanması və Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunmasından ötrü əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla Masallı RPŞ-nin rəisinə məruzə edilmişdir. Tərtib olunan raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən Şahid1 həvalə olunmuş, raport əsasında qərar qəbul olunmuş və qərar rəisə məruzə edildikdən sonra həmin gün təsdiq olunmuşdur. Həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri Füzuli küçəsi ərazisində piyada hərəkət edən ona yaxınlaşıb özlərini təqdim edərək narkotik maddələrin qəbulunda və üzərində gəzdirməkdə şübhəli olmasını bildirib polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə Masallı RPŞ-nə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs baş təhqiqatçı Ariz Səfərov tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunaraq hüquqlarını müdafiə etmək üçün Masallı rayon Vəkil Bürosunun vıkili Müdafiəçi dəvət edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə varsa iştirakçılara təqdim etməsini təklif etdikdə, sonuncu əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd büküm çıxararaq təhqiqatçıya təqdim etmişdir. Sonra edilən sorğu-sual zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükülünün içərisində narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Byndan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd büküm elektron tərəzidə çəkilmiş, çəkisinin 0,43 qram olduğu müəyyən edilmiş, zərfə qoyularaq DİN-in 90 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsiaxtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan iştirakçılara oxunmuş və imzalanmışdır. Şahid Masallı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan video diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Masallı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Masallı RPŞ-nin RTQ-nin baş inspektor kriminalisti, polis leytenantı X3 iştirakları ilə Masallı RPŞ-nin TB-nin baş təhqiqatçısı X5 tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd büküm çıxararaq təhqiqatçıya təqdim edərək, təqdim etdiyi bükülünün içərisində narkotik vasitə heroin olduğunu, heroini xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Təqdim edilmiş bir bükümdə narkotik vasitə olan heroin sellofanla birlikdə elektron tərəzidə çəkmiş, ümumi çəkisinin 0,43 qram olduğunu müəyyən edilmiş, zərfə qoyularaq qablaşdırılmış və üzərinə imzalar edilmişdir. Həmçinin, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilməsi davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət ərzində heç bir yazılı və şifahi ərizə daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X2 Bölməsinin 15 fevral 2023-cü il tarixli 19/200 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər kütlə......” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:-0,325 qram olan maddə tiryəkdən kutar üsulla hazırlanmış narkotik vasitə heroindir (Heroinin təmiz çəkisi-0,325 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq- 0,275 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər narkoloji xəstəxanasının ambulator məcburi-narkoloji tibbi yoxlamaya dair 16 fevral 2023-cü il tarixli, 188 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2023-cü il tarixdə cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 16 fevral 2023-cü il tarixli 4(050)-26/2022 saylı qərarı ilə barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan və Masallı rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli, 107 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 2 il müddətə azadlıqdan məhrum etmə və 2000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, 2000 manat cərimə cəzası ödənilməmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(050)-193/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsinə əsasən 2 il müddətə azadlıqdan məhrum etmə və 2000 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə isə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.11-ci bəndinə əsasən 2000 manat cərimə cəzasından azad edilmiş, Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(002)-1166/2021 saylı qərarı ilə cəzasının çəkilməmiş hissəsindən 1 ay 18 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2022ci il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlkəli residivi sayılır. Həmin Məcəllənin 61.1 və 61.1.1-ci maddələrinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hal hesab olunur. Eyni Məcəllənin 65-ci maddəsinə görə residivə, təlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Qeyd olunan Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətməyə görə iki dəfə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, təyin olunmuş cəzalardan bir nəticə çıxarmayıb məhkumluğu götürülmədən və ya ödənilmədən yenidən qəsdən hazırkı cinayət əməlini törətmiş və bununla da onun əməlində cinayətlərin təhlükəli residivi yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin edilməlidir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını və təqsirini səmimi etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi, cinayətin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə narkotik vasitələrin aludəcisi olmasını, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda əvvələr də eyni xarakterli cinayət əməli törətdiyi üçün məhkum olunmasını, məhkumluğunun ödənilməməsini və ya götürülməməsini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. Eyni zamanda Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,275 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 fevral 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə polinarkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,275 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-85/2023
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-85/2023
03.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver