Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-86/2025 22.04.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsi ilə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. 25 fevral 2025-ci il tarixdə saat 15:33-də Masallı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən təxirə salınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı rayonu Qızılağac kəndində “köhnə poliqon yeri” adlanan ərazidə saxlanılmışdır. Həmin yerdə üstü yoxlanılan zaman onun əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən şəffaf rəngli bir ədəd sellofan bükümdə təmiz çəkisi 7,709 qram təşkil edən xeyli miqdarda cətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 10 il olar ki, qurudulmuş marixuanadan çəkməklə istifadə edir. Tutulmamışdan təxminən 20 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 20 manata istifadəsi üçün bir büküm qurudulmuş marixuna almışdır. Həmin marixunadan hissə-hissə istifadə etmişdir. 25 fevral 2025-ci il tarixdə saat 15 radələrində evdən çıxıb küçə ilə piyada gedərkən üç nəfər şəxs ona yaxınlaşmış, onlardan biri isə videokamera ilə çəkiliş aparmışdır. Polis əməkdaşları olduqlarını bildirdikdən sonra üzərində nə olmasını soruşmuş, o isə gödəkcənin cibindən bir büküm qurudulmuş marixunanı təqdim etmişdir. Marixuna tərəzidə çəkdikdən sonra polis əməkdaşı üzərini yoxlamış və üzərindən başqa heçnə aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları onu Masallı rayon Polis şöbəsinə dəvət etmişlər. Suallara cavab olaraq bildirmişdir ki, polis şöbəsində ona qarşı fiziki təsir və güc tətbiq olunmamışdır. Törətdiyi əməldən səmimi peşman olduğunu, himayəsində yaşlı atasının və anasının olduğunu bildirərək yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Masallı rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat müvəkkili Şahid2 və KTQ-nin baş inspektoru Şahid3la birlikdə onu 25 fevral 2025-ci il tarixdə, saat 15:33-də Masallı rayonu Qızılağac kəndində “köhnə poliqon yolu” adlanan ərazidə piyada hərəkətdə olakən videoçəkilişlə saxlamışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını, bununla bağlı üzərinə yoxlama və götürülmə aparılacağını bildirərək üzərində hər hansı bir qanunsuz əşya və ya predmet varsa təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd ağ rəngli sellofan büklünü təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu demişdir. Qurudulmuş marixuana elektron tərəzidə çəkilərək 8,41 qram olduğu müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs paltarlarına şəxsi axtarış keçirilsə də, onun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş qurudulmuş marixuana zərfə qoyaraq qablaşdırmışdır. Təqsirləndirilən şəxs Masallı rayon Polis şöbəsinə gətirərək qurudulmuş marixuananı və yoxlama zamanı çəkilmiş videogörüntü olan 01 ədəd video diski təhqiqatçı Vasif Ağazadəyə təqdim etmişdir. Təhqiqatçı tərəfindən həmin əşyalara videoçəkiliş vasitəsilə baxış keçirilərək götürülmüş və bu barədə protokol tərtib olunaraq imzalanmışdır. Suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən ona qarşı fiziki zor və psixi təzyiq göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı rayon Polis şöbəsinin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 və istintaq zamanı ifadəsi elan olunmuş şahid KTQ-nin baş inspektoru Şahid3 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Şübhəli şəxs qismində tutma barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. - Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdə saat 16:40-da şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli onun faktiki saxlanıldığı vaxtdan yəni, saat 15:33-dən hesab edilmişdir. - Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi barədə 25 fevral 2025-ci il tarixli protokoldan görünür ki, üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs üstündə qanunla qadağan olunmuş əşyalar varsa təqdim olunması təklif olunmuş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd sellefon bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni təqdim etdi. Narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkildi və büküm ilə birlikdə çəkisi 8,41 qram oldu. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Qasım Hüseynovun “tutulmuş şəxsin azad edilməsi və polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə” 27 fevral 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saxlanıldığı Masallı rayon Polis şöbəsinin Müvəqqəti saxlama yerindən azad olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 26 fevral 2025-ci il tarixli, 19/83 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi - 7,709 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin” siyahısına (Siyahı İ) daxildir. Ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra 7,659 qram qalıq qalmışdır”. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X1 Publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının 27 fevral 2025-ci il tarixli, 138 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmadı. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin 27 fevral 2025-ci il tarixli 106 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. - Masallı rayon Polis şöbəsindən daxil olmuş əməliyyat tapşırığına cavab olaraq tərtib olunmuş 18 mart 2025-ci il tarixli raportdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə hesab edilən marixuana kütləsini Bakı şəhərində naməlum şəxsdən almışdır. Lakin həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə hesab edilən marixuananı şəxsi istifadəsi məqsədi ilə üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs cinayətə meyilli şəxslərlə daimi əlaqədə olur. Lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatı əldə olmamışdır. - “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 28 fevral 2025-ci il tarixli məktubdan görünür ki, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs “Masallı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında durmur. - “Lənkəran şəhər Psixatriya xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş 27 fevral 2025-ci il tarixli, 166 nömrəli məktubdan görünür ki, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan Abbasov X3 şəhər Psixatriya xəstəxanasında qeydiyyatda deyil. - Masallı rayon İcra Hakimiyyəti başçısının Qızılağac kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 04 mart 2025-ci il tarixli, 119 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı ailə üzvləri vardır: atası X2, anası X4. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 05 mart 2025-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs – 1) Masallı Rayon Məhkəməsinin 28 noyabr 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 03 avqust 2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. 2) Lənkəran Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 4 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 20 fevral 2017-ci il tarixli qərarı ilə Lənkəran Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 26 dekabr 2018ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 1 ay 07 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. 02 fevral 2019-cu il tarixdə cəza müddəti bitdiyi üçün Masallı rayon İcra və Probasiya şöbəsinin qeydiyydan çıxarılmışdır. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Qasım Hüseynovun 01 mart 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi və təhvil verilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuananın ekpertizadan sonrakı qalığı 7,659 qram maddi sübut kimi tanınmış və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanması üçün Masallı rayon Polis şöbəsinə təhvil verilmişdir. “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi” haqqında protokola əlavə edilmiş 1 ədəd DVD disk, “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 1 ədəd DVD disk, ümumilikdə 02 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. - Masallı rayon Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi Qasım Hüseynovun 26 mart 2025-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş, ekpertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 7,659 qram qalmış narkotik vasitə qurudulmuş marixuananın məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək qəbul edilmiş qərarla maddi sübut kimi tanınaraq Masallı rayon Polis şöbəsinin saxlanc yerində saxlanması, “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi” haqqında protokola əlavə edilmiş 1 ədəd DVD disk, “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 1 ədəd DVD disk, ümumilikdə 02 ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidin məhkəmə iclasında verdiyi ifadəsi, əməliyyat tapşırığının cavabı və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Qərarın 50-ci bəndinə əsasən məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: - cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, himayəsində yaşlı atasının və anasının olmasını, məhkumluğunun olmamasını və yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutulmasına baxmayaraq məhkəmə təqsirləndirilən şəxsə həmin cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Abbasov X3 Rayon Məhkəməsinin 26 yanvar 2017-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 4 ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsindən 26 dekabr 2018-ci il tarixdə şərti olaraq vaxtından əvvəl azad edildiyindən və həmin müddətdən 2 ildən çox vaxt keçdiyindən məhkumluğu ödənilmişdir. Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən əvvəllər cinayət törətməsi hazırki cinayətlə bağlı cəza təyin edilməsi zaman təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alına bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Buna görə məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdən 27 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı yaşayış yer üzrə çəkməli, onun üzərinə cəza çəkdiyi müddətdə Masallı rayonunun hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CPM-nin 132.1.4-cü maddəsinə əsasən Masallı rayon Polis şöbəsinin saxlanc yerində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın ekpertizadan sonrakı qalığı 7,659 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.6-cı maddəsinə əsasən iş üzrə maddi sübut “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi” haqqında protokola əlavə edilmiş 1 ədəd DVD disk, “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 1 ədəd DVD disk, ümumilikdə 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilməsini əks etdirən protokola əlavə edilmiş 1 ədəd DVD disk cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut qismində tanınmasa da, məhkəmə hesab edir ki, həmin DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halın müəyyən edilməsinə kömək edən əşya olduğiundan maddi sübut hesab edilməli və cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, yaşadığı ərazi üzrə Narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 11 (on bir) saat vaxt sərf etmişdir. Ona görə də, 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 fevral 2025-ci il tarixdən 27 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşadığı yer üzrə çəksin. Cəzanın icrası Masallı rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddətdə Masallı rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək Masallı rayonu, Qızılağac kəndində yerləşən fərdi yaşayış evini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış, iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbir tətbiq edisin və o, yaşadığı ərazi üzrə Narkoloji kabinetdə qeydiyyata alınsın. Masallı rayon Polis şöbəsinin saxlanc yerində maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın ekpertizadan sonrakı qalığı 7,659 qram hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi” haqqında protokola əlavə edilmiş 1 ədəd DVD disk, “əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 1 ədəd DVD disk və Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilməsini əks etdirən protokola əlavə edilmiş 1 ədəd DVD disk, ümumilikdə 03 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 60 (altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 66 (altmış altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov
Məhkəmə qərarları › İş №1(050)-86/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-86/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver