Məhkəmə qərarları › İş №1(050)-87/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-87/2025

07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-87/2025 07.05.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Masallı rayonu, Musaküçə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evlihimayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Masallı rayonu, Musaküçə kəndində qeydiyyatda olmaqla, yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əkbərli X4 şəhəri, H.Aslanov küçəsi ev 18-də qeydiyyatda olmaqla yaşamış X5 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi və satışında şübhəli olması ilə bağlı Masallı rayon polis şöbəsinin İstintaq bölməsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi üzrə 05 may 2024-cü il tarixdə şahid qismində dindirilərkən Azərbaycan Respublikası CM-nin 297-ci maddəsində nəzərdə tutulan bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət daşıması barədə xəbərdarlıq elan olunaraq ifadəsində, eyni zamanda həmin tarixdə şübhəli şəxs Azad Səfərovla üzləşərkən 04 may 2024-cü il tarixdə səhər saatlarında Azad Səfərovun mobil telefonuna zəng edib ondan “patı” deyilən narkotik vasitə istədiyini, həmin gün günorta saatlarında Masallı rayonu İsgəndərli kəndində Azad Səfərovla görüşüb 30 manat müqabilində 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aldığını bildirməsinə baxmayaraq, 10 sentyabr 2024-cü il tarixdə Masallı şəhəri, H.Əliyev prospektində yerləşən Masallı rayon məhkəməsinin inzibati binasında Azad Səfərovun təqsirləndirilməsinə dair qeyd olunan cinayət işi üzrə keçirilən məhkəmə iclası zamanı şahid qismində dindirilərkən ona təkrar olaraq hüquqları izah olunub Azərbaycan Respublikası CM-nin 297-ci maddəsində nəzərdə tutulan bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət daşıması barədə xəbərdarlıq elan olunaraq bu barədə iltizamı imzaladıqdan sonra 04 may 2024-cü il tarixdə Azad Səfərovdan psixotrop maddə metamfetamin almadığını bildirməklə məhkəmədə bilə-bilə yalan ifadə vermişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, uzun müddət narkotik vasitə istifadəçisi olmuş, sonuncu dəfə Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Azad Səfərovun barəsində istintaq olunan cinayət işi üzrə 05 may 2024-cü ildə istintaq orqanında şahid qismində dindirilərkən Azad Səfərovdan metamfetmamin aldığını ifadəsində bildirmiş, hətta üzləşdirmə istintaq hərəkəti zamanı da narkotik vasitəni Azad Səfərovdan aldığını onun üzünə deməklə düzgün danışmışdır. X5 barəsində olan cinayət işinə Masallı rayon məhkəməsində baxılarkən həmin iş üzrə şahid qismində dindirilməsi məqsədi ilə 2024-ci ilin sentyabr ayının əvvəllərində Azad Səfərovla birlikdə Bakı İstintaq Təcridxanasından Masallı rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə gətirildikləri zaman Azad Səfərov ondan məhkəmə tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə deyil, həmin məcəllənin 234.1-ci maddəsi hökm çıxarılmasına nail olmaq üçün iş üzrə ibtidai istintaqa verdiyi ifadəsini təkzib edib məhkəmə iclasında dindirildiyi zaman üzərində aşkar olunmuş metamfetamini ondan almadığı barədə yalan ifadə verməyini xahiş etmişdir. Əvvəlcə Azadın təklifindən imtina etsə də, ibtidai istintaqa verdiyi ifadəsini məhkəmə iclasında təkzib etməyi ilə bağlı israrlı xahişlərindən sonra əvvəllər münasibəti olduğunu nəzərə alıb Azadla razılaşmışdır. Masallı rayon məhkəməsində Azad Səfərovun barəsində olan cinayət işi üzrə şahid qismində dindirilərkən həmin iş üzrə ibtidai istintaqa verdiyi ifadəsini qəti olaraq təkzib edib xx.xx.2024-cü il tarixdə Azad Səfərovdan psixotrop maddə almadığını, bunun müqabilində ona pul vermədiyini bildirməklə yalan danışmışdır. Hazırda əməlindən səmimi peşimançılıq hissi keçirir. Azad Səfərovun daha ağır məsuliyyətdən yaxa qurtarması üçün bilə-bilə yalan ifadə verdiyini, lakin verdiyi yalan ifadənin sonradan cinayət məsuliyyətinə səbəb ola biləcəyini düşünmədiyini, himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin İB-nin müstəntiqi Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, 04 may 2024-cü il tarixdə saat 15 radələrində Masallı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Masallı rayonu, Musaküçə kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadəsi və üzərində gəzdirməsi ilə bağlı şübhəli bilinərək Masallı rayon polis şöbəsinə aparılmışdır. Polis şöbəsində keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd kağız bükülüdə metamfetaminə oxşar psixotrop maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin psixotrop maddəni könüllü olaraq polis əməkdaşlarına təqdim edərək xx.xx.2024-cü il tarixdə Masallı şəhər sakini X3 30 manata aldığını bildirmişdir. Əməliyyat tədbirlərinin davamı olaraq 04 may 2024-cü il tarixdə, saat 17 radələrində Masallı şəhər sakini X9 polis əməkdaşları tərəfindən Masallı rayon polis şöbəsinə gətirilmiş, şöbədə üzərinə keçirilmiş axtarış zamanı ondan 01 ədəd bükümdə təmiz çəkisi 0,304 qram olan və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,427 qram olan psixotrop maddə metamfetamin ilə xarici görünüşlərinə və kimyəvi kompenent tərkiblərinə görə bir-birləri ilə eynilik təşkil edən ümumi təmiz çəkisi 0,731 qram təşkil edən psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs və Azad Səfərov həmin gün Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, sonra isə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci, Azad Səfərovun barəsində isə həmin məcəllənin 234.2-ci maddəsi ilə cinayət işi başlanmışdır. Azad Səfərovun barəsində başlanmış cinayət işinin istintaqı o, Təqsirləndirilən şəxs barəsində başlanmış cinayət işinin istintaqı isə şöbənin istintaq bölməsinin digər müstəntiqi Elvin Muradov tərəfindən aparılmışdır. Azad Səfərovun barəsində olan cinayət işi üzrə Masallı rayonu Musaküçə kənd sakini Təqsirləndirilən şəxs 05 may 2024-cü il tarixdə həmin iş üzrə tərəfindən şahid qismində dindirilmiş, şahid qismində dindirilməmişdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 297-ci maddəsinin tələbləri izah olunaraq iş üzrə biləbilə yalan ifadə verəcəyi təqdirdə məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs həmin müddəa ilə tanış olduqdan sonra iş üzrə sərbəst ifadə verərək uzun müddət ki, narkotik vasitə istifadə etdiyini, son zamanlar əsasən psixotrop maddə olan metamfetamin qəbul etdiyini, narkotik vasitələrdən qanunsuz istifadəyə görə əvvəllər məhkum olunduğunu, narkotik vasitələr qəbul etmədikdə bədənində ağrılar yarandığını, xx.xx.2024-cü il tarixdə səhər satalarında bədənində ağrılar yaranmağa başladığından psixotrop maddə almaq qərarına gəldiyini, əvvəllər tanıdığı Masallı şəhər sakini Azad Səfərovun mobil telefonuna zəng edərək ondan “patı” deyilən narkotik vasitə istədiyini, Azadın ona günorta saatlarında ona 01 büküm patı deyilən metamfetamini verə biləcəyini dediyini, günorta saatlarında evdən çıxıb Masallı rayonu İsgəndərli kəndi ərazisində Azad Səfərovla görüşdüyünü, sonucunun ona üzərində 01 bükümdə psixotrop maddə metamfetamin olduğunu, əgər almaqda fikri ciddidirsə ona sata biləcəyini dediyini, həmin 01 ədəd bükümdə metamfetamini Azad Səfərova 30 manat verib aldığını göstərmişdir. İstintaq zərurəti ilə əlaqədar həmin şəxslərin arasında videoçəkilişlə keçirilmiş üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi halları Azad Səfərovun üzünə deyərək bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci, Azad Səfərovun isə həmin məcəllənin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Masallı rayon məhkəməsinə göndərilmiş və həmin işlərə qeyd edilən məhkəmədə baxılararaq hər iki şəxsin barəsində ittiham hökmü çıxarılmış və hər ikisi azadlıqdan məhrum edilmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Masallı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 məhkəməyədək icraat zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 04 may 2024-cü il tarixdə Masallı rayonu, Musaküçə kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda və istifadəsində şübhəli olması ilə əlaqədar əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılması və Masallı RPŞ-yə gətirilməsi ilə əlaqədar Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X7 tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərara əsasən şöbə rəhbərliyinin əmri ilə o, Məmməd Məmmədli və Masallı RPŞ-nin TB-nin təhqiqatçısı X6 üzvlüyündən ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Masallı şəhəri, H.Aslanov küçəsində tək piyada gəzişərkən əməliyyat müvəkkili Məmməd Məmmdli ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb əvvəlcə özlərini təqdim etmişlər, bundan sonra saxlama səbəbini izah edib psixotrop maddəni üzərində gəzdirməkdə şübhələnildiyindən üzərinə şəxsi axtarış keçirilməsi üçün Masallı RPŞ-nə dəvət etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir etiraz etmədən razılaşıb şöbəyə getmiş, şöbənin inzibati binasında təhqiqatçı Xalid Qurbanovun xidməti otağına Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri ona izah olunmaqla müdafiəçi təyin edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı predmet və ya əşya varsa, təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini görüb, əynində olan boz rəngli şalvarının sol yan cibindən “redmi” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman onun şalvarının sağ yan cibindən 01 ədəd boz rəngli kağız, bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2024-cü il tarixdə günorta saatlarında Masallı rayonu, İsgəndərli kəndi ərazisində əvvəllər tanıdığı Azad Səfərovdan 30 manata aldığını və şəxsi istifadəsi məqsədilə üzərində saxladığı bildirmişdir. Bundan sonra əməliyyat axtarış tədbirlərinin davamı olaraq Masallı şəhəri, H.Aslanov küçəsi ev 18-də qeydiyyatda olmaqla yaşayan X1 Masallı RPŞ-nə aparılmışdır. Masallı RPŞ-nin inzibati binasında təhqiqatçı Xalid Qurbanovun xidməti otağına Azad Səfərov şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri ona izah olunmuş, dövlət hesabına öz istəyi əsasında vəkil Əliheydər Hüseynov müdafiəçi təyin edilmişdir. Vioçəkilişlə keçirilən şəxsi axtarış zamanı Azad Səfərovun üzərindən bir bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Sonucnu həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 50 manata aldığını, xx.xx.2024-cü il tarixdə həmin aldığı psixotrop maddənin bir hissəsini 30 manata əvvəllər tanıdığı Təqsirləndirilən şəxs satdığını bildirməklə törətdiyi cinayəti etiraf etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(050)-161/2024 saylı qərarından görünür ki, X5 CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə məhkəmə baxış iclası zamanı şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs yalan ifadə verdiyi aşkar edildiyindən bu barədə Masallı Rayon Prokurorluğuna məlumat verilmişdir. Cinayət işinin başlanması haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Masallı Rayon Prokurorluğunda toplanmış material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməməsinin nəzərə alınması barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(050)- 129/2024 nömrəli hökmünə əsasən Azərbaycan Respublilkası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs hazırda azalıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində çəkməsi nəzərə alınmalqa barəsində qətimkan tədbiri seçilməmişdir. 05 may 2024-cü il tarixli şahidi dindirmə protokolunun surətindən görünür ki, Təqsirləndirilən şəxs 04 may 2024-cü il tarixdə Masallı rayonu İsgəndərli kəndi ərazisində əvvəllər tanıdığı X3 30 manata öz şəxsi istifadəsi üçün 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aldığını göstərmişdir. Videoçəkilişlə keçirilmiş 05 may 2024-cü il tarixli üzləşdirmə protokolunun surətindən görünür ki, Təqsirləndirilən şəxs 04 may 2024-cü il tarixdə Masallı rayonu İsgəndərli kəndi ərazisində əvvəllər tanıdığı X3 30 manata öz şəxsi istifadəsi üçün 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aldığını sonuncunun üzünə qarşı demişdir. İstintaq zamanı X5 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Masallı rayon məhkəməsində baxılmış ********* nömrəli cinayət işinə baxış keçirilmiş, 19 mart 2025-ci il tarixli protokoldan görünür ki, cinayət işinin materiallarında olan X5 şübhəli şəxs qismində tutulduqdan sonra xx.xx.2024-cü il tarixdə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməsi və götürmə aparılmasının videogörüntülərini özündə əks etdirən 01 ədəd diskə baxış keçirilən zaman Azad Səfərovun üzərində olan 01 (bir) büküm psixotrop maddə metamfetamini təqdim etdikdən sonra, həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndindən tanımadığı şəxsdən 50 manata alması, adlığı psixotrop maddənin bir qismini xx.xx.2024-cü il tarixdə Masallı rayonu Musaküçə kəndində yaşayan Təqsirləndirilən şəxs 30 manat satması, bir qismini isə istifadə etmək məqsədi ilə üzərində gəzdirməsi ilə bağlı ifadə verməsi müəyyən edildi. Bundan başqa cinayət işinin materiallarında şahid Təqsirləndirilən şəxs ilə şübhəli şəxs X5 05 may 2024-cü il tarixdə üzləşdirilməsi zamanı lentə alınmış videogörüntüləri özündə əks etdirən 01 ədəd diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Azad Səfərovun üzünə qarşı xx.xx.2024-cü il tarixdə ondan 30 manata bir bükümdə psixotrop madda aldığını deməsi müəyyən edilmişdir. 10 sentyabr 2024-cü il tarixli iltizamın surətindən görünür ki, Təqsirləndirilən şəxs bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-nin 297-ci maddəsində nəzərdə tutulan məsuliyyət daşıması barədə xəbərdar edilmişdir. 10 sentyabr 2024-cü il tarixli birinci instansiya məhkəməsinin iclas protokolunun surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə X5 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılarkən məhkəmə iclası zamanı ibtidai istintaq zamanı verdiyi əvvəlki ifadəsini təkzib edərək 04 may 2024-cü il tarixdə sonuncudan psixotrop maddə almadığını bildirmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(050)-161/2024 saylı hökmün surətindən görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli 1(106)-57/2025 saylı qərarından görünür ki, X9 və müdafiəçisi X2 hökmdən verdikləri apellyasiya şikayəti təmin edilməyərək Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(050)-161/2024 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(050)- 129/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 1(106)-987/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(050)-129/2024 nömrəli hökmündən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Masallı Rayon İcra Hakimiyyəti Başçısının Musaküçə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Əkbərli X4 rayonu, Musaküçə qeydiyyatda olmaqla yaşayır, üç nəfərdən ibarət (onlardan ikisi azyaşlı uşaqdır) ailə üzvü vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsinin xx.xx.2025-ci il tarixli 3-16-17/28/2-494/2025 saylı arayışından görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin özünün səmimi etirafı eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etməyə görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsinə əsasən məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə -min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını, həmçinin həmin Məcəllənin 59.2-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə öz əməlini könüllü olaraq etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər az ağır cinayətlər törətməsini, həmin cinayətə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyini) o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(050)-129/2024 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cinayətləin residivi nəzərə alınaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzasının əvvəli 04 may 2024-cü il tarixdən hesablanmış və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(106)-987/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(050)- 129/2024 nömrəli hökmündən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli Qərarı”ndan görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Bu mənada, müraciətdən görünür ki, təcrübədə çətinliklər yaradan məqam birinci cinayət işi üzrə ittiham hökmünün elan edildiyi vaxtdan onun qanuni qüvvəyə mindiyi anadək olan dövrdə törətdilən cinayətə görə şəxsə cəzanın hökmlərin, yaxud da cinayətlərin məcmusu üzrə təyin edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında ifadə verərkən yalan danışdığından və həmin tarixdə də məhkəmənin hökmü çıxarıldığından qeyd edilən cinayət əməli xx.xx.2024-cü il tarixdə törədilmiş hesab edilməlidir. Belə olan halda müəyyən edilir ki, Təqsirləndirilən şəxs birinci iş üzrə çıxarılmış hökm qanuni qüvvə minməmiş (birinci hökm xx.xx.2024-cü il tarixdə qüvvəyə minmişdir) qeyd edilən cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Yəni, cinayətlərin məcmusu qaydasında cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(050)-129/2024 saylı hökmü çıxarılmazdan (həmin hökm qanuni qüvvəyə mindiyi vaxtadək) əvvəl törətdiyi müəyyən olunduğundan, sonuncuya hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası birinci iş üzrə Masallı Rayon Məhkəməsinin hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq ona qəti cəza təyin edilməli və Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(050)-129/2024 saylı hökmünə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda birinci hökm üzrə cinayətlərin residivi nəzərə alınaraq ona təyin edilmiş cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edildiyindən, hazırda ona təyin ediləcək qəti cəzanı da ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməkdə davam etməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(050)-129/2024 saylı hökmünə əsasən 04 may 2024-cü il tarixdən hesablanmalı və sonuncunun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınmış iş üzrə istintaq protokollarına əlavə edilmiş bir ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 7 saat üçün nəzərdə tutulan 77 manat pul ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(050)- 129/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(050)-129/2024 saylı hökmünə əsasən 04 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut istintaq protokollarına əlavə edilmiş bir ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq Masallı rayon Vəkil bürosunun vəkilləri Müdafiəçi 7 saat üçün nəzərdə tutulan 77 (yetmiş yeddi) manat pul dövlət büdcəsinin vəsaiti hesabından tutulub Masallı rayon «Kapital Bank»dakı hesabına köçürülsün. (kod-990003611, VÖEN **********1, hesablaşma hesabı ********************) ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar