Məhkəmə qərarları › İş №1(050)-89/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-89/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-89/2023 18.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Bəhmənov Habil Xanoğlan oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Nəzrin Fikrət qızının katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbənin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs3 və mülki iddiaçı və zərərçəkmiş X3 vəkili-nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə2, Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə. xx xxxxxx 1987-cı il tarixdə Masallı rayonu, Qızılavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxsn verilmiş ittihamlara əsasən o, “Qarant” Lombardın ünvan 1 ünvanda yerləşən filialında menecer vəzifəsi kimi fiziki şəxs X7 ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli əmək və “tam maddi məsuliyyət haqqında” müqavilələrə əsasən, filialın cari fəaliyyətinə rəhbərliyi həyata keçirmək, filialın balansında olan maddi əşyaların, o cümlədən avadanlıqların, invertarların hərəkəti və istismarına nəzarəti həyata keçirmək, filialın kassasına daxil olan və məxaric edilən nağd pul vəsaitlərinin hərəkəti və qalığına nəzarəti və yoxlamanı həyata keçirmək, filialın balansında olan nağd pul vəsaitləri ilə əlaqədar hesabları təsdiqləmək, filialın işçi heyətini idarə etmək, filial işçilərinin səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək, filial əməkdaşlarının effektliyi, peşəkarlıq və bilik səviyyəsini inkişaf etdirmək üçün çalışmaq, filialın kredit portfelini idarə və maliyyə əməliyyatlarına nəzarət etmək, müştərilərlə bağlılıq yaratmaq, rəqiblərin vəziyyətini və bazar paylarını analiz etmək, rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib fiziki şəxsin hüquqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edərək xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində istintaqa dəqiq məlum olmayan vaxtlarda filialın kassasından hissəhissə olmaqla ümumilikdə 29456.00 manat xeyli miqdarda vəsaiti təkrarən qulluq mövqeyindən istifadə edib mənimsəməklə və ya israf etməklə talayıb fiziki şəxs X4 29456.00 manat məbləğdə maddi ziyan vurmuşdur. Bundan başqa o, “Qarant” Lombardın ünvan 1 ünvanda yerləşən filialında menecer vəzifəsi kimi fiziki şəxs X7 ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli əmək və “tam maddi məsuliyyət haqqında” müqavilələrə əsasən, filialın cari fəaliyyətinə rəhbərliyi həyata keçirmək, filialın balansında olan maddi əşyaların, o cümlədən avadanlıqların, invertarların hərəkəti və istismarına nəzarəti həyata keçirmək, filialın kassasına daxil olan və məxaric edilən nağd pul vəsaitlərinin hərəkəti və qalığına nəzarəti və yoxlamanı həyata keçirmək, filialın balansında olan nağd pul vəsaitləri ilə əlaqədar hesabları təsdiqləmək, filialın işçi heyətini idarə etmək, filial işçilərinin səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək, filial əməkdaşlarının effektliyi, peşəkarlıq və bilik səviyyəsini inkişaf etdirmək üçün çalışmaq, filialın kredit portfelini idarə və maliyyə əməliyyatlarına nəzarət etmək, müştərilərlə bağlılıq yaratmaq, rəqiblərin vəziyyətini və bazar paylarını analiz etmək, rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə edərək “Qarant Kredit” Lombardın Masallı filialında kredit mütəxəssisi vəzifəsi üzrə stajor işləyən Zərərçəkmiş şəxs1 stajorluqdan vaxtından əvvəl çıxması üçün təşkilatın Masallı rayon filialına qızıl əşyası girov qoyub kredit götürməli olduğunu bildirərək özünə inandırıb Zərərçəkmiş şəxs1 tərəfindən 31 yanvar 2022-ci il tarixdə 3000 manat dəyərində qızıl əşyaları filiala girov qoymasına baxmayaraq həmin məbləğdə olan pulu filialın kassasında saxlayaraq istənilən vaxt götürə biləcəyi barədə müxtəlif bəhanələr gətirməklə özü götürüb Zərərçəkmiş şəxs1 verməyərək üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla etibardan sui-istifadə edib aldadaraq Zərərçəkmiş şəxs1 3000 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, “Qarant Kredit” Lombardın ünvan 1 ünvanda yerləşən filialında menecer vəzifəsi kimi fiziki şəxs X7 ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli əmək və “tam maddi məsuliyyət haqqında” müqavilələrə əsasən, filialın cari fəaliyyətinə rəhbərliyi həyata keçirmək, filialın balansında olan maddi əşyaların, o cümlədən avadanlıqların, invertarların hərəkəti və istismarına nəzarəti həyata keçirmək, filialın kassasına daxil olan və məxaric edilən nağd pul vəsaitlərinin hərəkəti və qalığına nəzarəti və yoxlamanı həyata keçirmək, filialın balansında olan nağd pul vəsaitləri ilə əlaqədar hesabları təsdiqləmək, filialın işçi heyətini idarə etmək, filial işçilərinin səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək, filial əməkdaşlarının effektliyi, peşəkarlıq və bilik səviyyəsini inkişaf etdirmək üçün çalışmaq, filialın kredit portfelini idarə və maliyyə əməliyyatlarına nəzarət etmək, müştərilərlə bağlılıq yaratmaq, rəqiblərin vəziyyətini və bazar paylarını analiz etmək, rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi təkrarən öz qulluq mövqeyindən istifadə edərək 2022-ci ilin iyun ayında filial tərəfindən satışa çıxarılan qızıl- zinyət əşyasını Masallı rayon sakini Zərərçəkmiş şəxs2 1100 manata satmaq adı ilə sonuncu tərəfindən edilən 600 manat ilkin ödənişi filialın kassasına mədaxil etmədən şəxsi ehtiyacları üçün xərcləyərək üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla etibardan sui-istifadə edib aldadaraq Zərərçəkmiş şəxs2 600 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa “Qarant Kredit” Lombardın ünvan 1 ünvanda yerləşən filialında menecer vəzifəsi kimi fiziki şəxs X7 ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli əmək və “tam maddi məsuliyyət haqqında” müqavilələrə əsasən, filialın cari fəaliyyətinə rəhbərliyi həyata keçirmək, filialın balansında olan maddi əşyaların, o cümlədən avadanlıqların, invertarların hərəkəti və istismarına nəzarəti həyata keçirmək, filialın kassasına daxil olan və məxaric edilən nağd pul vəsaitlərinin hərəkəti və qalığına nəzarəti və yoxlamanı həyata keçirmək, filialın balansında olan nağd pul vəsaitləri ilə əlaqədar hesabları təsdiqləmək, filialın işçi heyətini idarə etmək, filial işçilərinin səlahiyyətlərinə uyğun şəkildə işləməsini təmin etmək, filial əməkdaşlarının effektliyi, peşəkarlıq və bilik səviyyəsini inkişaf etdirmək üçün çalışmaq, filialın kredit portfelini idarə və maliyyə əməliyyatlarına nəzarət etmək, müştərilərlə bağlılıq yaratmaq, rəqiblərin vəziyyətini və bazar paylarını analiz etmək, rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək və digər təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarına malik rəhbər vəzifəli şəxs kimi təkrarən öz qulluq mövqeyindən istifadə edərək 31 mart 2022-ci il tarixdə Yardımlı rayon sakini Zərərçəkmiş şəxs3 tərəfindən ödənilən 900 manat kredit borcunu filialın kassasına mədaxil edib müvafiq rəsmiləşdirmə aparmadan şəxsi ehtiyacları üçün xərcləyərək üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla etibardan sui-istifadə edib aldadaraq Zərərçəkmiş şəxs3 900 manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətlərinə görə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 179.2.3, 179.2.4 və 308.1-ci maddələrində nəzərdə tutulan ittihamlar verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 08 dekabr 2021-ci ildən “Qarant” lombard təşkilatının Masallı rayon filialının meneceri vəzifəsində işləmişdir. Əmək funksiyası üzrə vəzifəsi kredit ödənişlərinə və kredit verilməsinə nəzarət etmək olmuş və onunla tam maddi məsuliyyət müqaviəsi bağlanmışdır. Filialın əsas funksiyası qızıl girov qoyulmaqla faizlə kredit vermək olmuşdur. Təşkilata 29000 manat ziyan vurması ilə bağlı qeyd etmişdir ki, həmin ziyanın 12200 manat hissəsini Lənkəran rayon Liman qəsəbə sakini X5 görə yaranmışdır. Belə ki, Səadət Qasımova “Express Lombard” təşkilatında qızıl girov qoyaraq pul götürdüyünü və həmin aktı təqdim edərək “Qarant” lombard təşkilatından 11500 manat pul götürərək “Express Lombard” təşkilatından olan borcunu ödədikdən sonra qızılını gətirib onlara verməyi vəd etmişdir. Razılıq əsasında 11500 manat pulu Səadət Qasımovaya vermiş və sistemə işləmişdir. Səadət “Express Lombard” təşkilatına gedib ona verilən pul ilə borcunu ödəmişdir. O, borcunu ödədikdən təxminən 1-2 saat sonra qəbzi bir daha “Express Lombard” təşkilatına təqdim edərək borcunu ödəmək istəmədiyini, qızılları həmin lombard təşkilatında qalmaqla pulu geri istəmişdir. “Express Lombard” təşkilatı da Səadətə verilmiş ödəniş qəbzini geri alaraq pulu ona qaytarmışdır. Həmin vaxt o, Səadətə inanaraq pulu ona vermiş və o, qızıllarını götürüb ona təhvil verməmişdir. Səadət onu aldatdıqdan sonra dəfələrlə Səadətlə danışmaq istəsə də sonuncu pulu geri qaytarmamışdır. Onun israf edərək Səadətə verdiyi 11500 manat pul “Qarant” lombard təşkilatının maddi vəsaiti olduğu üçün maddi itki lombard təşkilatı tərəfindən onun üzərinə yazılmışdır. Çünki həmin məbləği heç bir əməliyyat aparmadan vermişdir. Götürülmüş əsas məbləğ 11500 manat faizlə birlikdə 12200 manat təşkil edir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, işlədiyi təşkilatdan şəxsi ehtiyacları üçün müəyyən məbləğlərdə pullar mənimsəmişdir. 2022-ci ilin təxminən fevral ayının 22də adını bilmədiyi müştəri ona yaxınlaşaraq qızıl-zinət əşyası təqdim etməklə 10.000- 12.000 manat kredit götürmək istədiyini bildirmiş, o, rəhbərliyə müraciət etmiş və 10.000 manat pul istəmişdir. Rəhbərlik ona 10.000 manat pulu onun şəxsi hesab kartına göndərmişdir. Lakin müştəri gəlməmiş və kredit rəsmləşmədiyindən, 10.000 manatı və ümumilikdə kassada olan bütün pulları rəhbərlik geri istəmişdir. Həmin vaxt kassada təxminən 23-24 min manat pul olmalı olduğu haldda, kassada təxminən 1000 manat pul qalmışdır. Bundan başqa bir neçə müştəriyə girov qızıl götürmədən, onların vədinə inanaraq lombardın kassasından təxminən 5000 manat pulu özbaşına vermişdir. Lakin həmin şəxşlər girov qızılı gətirməmiş və pulları kassadan özbaşına götürüb həmin şəxslərə verərək israf etdiyi üçün rəhbərliyə məruzə etməmişdir. Daha sonra kassada olan çatışmazlıqlar aşkara çıxdıqdan sonra Bakı şəhərinə gedib rəhbərliyin qəbuluna girərək etdiyi əməli qəbul edib izahat yazmış və arvadı Şahid1 həmin pulları geri qaytarmağa kömək etmək məqsədilə “Qarant” lombarda işə düzəlmişdir. Bundan başqa Zərərçəkmiş şəxs1 adlı işçi filiala stajor kimi işə düzəlmişdir, o, stajorluq müddəti başa çatmadan daimi işə qəbul olması üçün təxminən 10.000 manat kredit yığmalı idi. Buna görə o, Nuridəyə 5000 manatlıq qızıl əşyasını lombarda qoyacağı və əvəzində formal kredit götürərək həmin məbləği tamamlamağı ona təklif etmişdir. O, filialın meneceri olduğundan Nuridə ona etibar edərək razılaşmış və 5000 manat məbləğində qızıl əşyalarını lombarda girov qoymuş, lakin Nuridəyə pul verməyərək, həmin məbləği kassadan özbaşına götürüb kəsrlərin əvəzinə qoymuşdur. Həmin borcun 2368 manatını qaytarsa da, 3000 manatını qaytara bilməmişdir. Bundan başqa 2022-ci ilin iyun ayında Zərərçəkmiş şəxs2 “Qarant” lombard təşkilatına satışa çıxarılan qızıl-zinət əşyası almaq üçün müraciət etmiş və o, zaminə lombard tərəfindən satışa çıxarılan bir ədəd qızıl boyunbağını almaq istədiyini bildirmişdir. Almaq istədiyi qızılın həqiqi dəyəri 1100 manat olmuşdur. Buna görə ilkin olaraq 600 manat pul verməli, qızıl gələndən sonra isə 500 manatı da verib qızılı götürməli idi. O, 600 manatı vermiş, lakin qızıl zinət əşyasını Zərərçəkmiş şəxs2 verməmişdir. Bundan əlavə zərərçəkmiş Elmir Məmmədovun qardaşı X11 Federasiyasından onun hesab kartna 900 manat pul göndərmiş, lakin o, artıq işdən çıxdığına görə həmin məbləği kredit pulu kimi “Qarant” lombardın hesabına ödəməyərək öz şəxsi ehtiyacına xərcləmişdirr. O, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəməmişdir, ödəməyə madddi imkanı yoxdur. Əməlindən peşmandır, mülki iddianı qəbul edir və mülki iddia üzrə məbləği hissəhissə ödəyə bilər. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 vəkili-nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə2 məhkəmə istintaqında ifadə verərək bildirdi ki, “Qarant” lombard təşkilatı Masallı şəhərində yerləşən filialın meneceri Təqsirləndirilən şəxs 08 dekabr 2021-ci il tarixində “Qarant” lombarda Masallı rayonunun filial müdiri vəzifəsinə təyin olunmuş, ilk əvvəl ona qarşı etibarları olmuş, filialın pulları ona həvalə olunmuşdur. Onun əsas vəzifəsi filiala rəhbərlik etmək, ona əmanət olunmuş maddi vəsaitləri və qızıl əşyalarını idarə və nəzarət etmək, kredit vermək, işçilərə nəzarət etmək və s. olmuşdur. 2022-ci ilin fevral ayında Zamin kredit vermək üçün pul sifariş etmiş, 17 fevral 2022-ci il tarixdə Masallı filialının kassasına 18.000 manat pul göndərilmişdir. Fevral ayının 20-si kassada təxminən 32.000 manat pul olmuş, lakin kredit verilməmişdir. O, bu vəziyyətdən şübhələnmiş, buna görə işçi Misyaflı Zahiri filialı yoxlamağa göndərmişdir. Zahir Misyaflı yoxlama aparan zaman filialın kassasında 25811 (iyirmi beş min səkkiz yüz on bir) manat pulun və icarə üçün ayrılmış 700 (yeddi yüz) manat pulun çatışmazlığını aşkar etmişdir. Bu hadisənin səhəri gün Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə üzr istəməyə, səhvini boynuna almağa, pulu götürüb şəxsi ehtiyacları üçün xərclədiyini bildirməyə gəlmiş, izahat yazaraq, qısa zaman içində hissə-hissə mənimsədiyi pulu qaytaracağına söz vermişdir. Ona vaxt verilmiş və qarşılıqlı razılaşma əsasında işinə qayıtmışdır. Sonradan Zaminin təkrarən eyni əməlləri törətdiyini, pulları mənimsədiyini öyrənmiş, 17 iyun 2022-ci il tarixdə Şahid5, Şahid4 və Şahid3 Masallı filialına maliyyə dövriyyəsini yoxlamaya göndərmiş, yoxlama zamanı kassada pulların olmadığını, müştərilərdən borcların alınıb ödənilmədiyi müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində onlara məlum olmayan vaxtlarda Təqsirləndirilən şəxs filialın kassasından hissə-hissə olmaqla ümumilikdə 29.456.00 manat xeyli miqdarda vəsaiti mənimsəmiş və ya israf etməklə talamışdır. Hazırda dəymiş ziyan ödənilməmişdir. Mülki iddianın tam həcmdə təmin edilməsini xahiş edir. Məhkəmədən təqsirləndirilən şəxsə qeyd edilən maddələrin sanksiyasında ağır həddə cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə istintaqında ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxsla ədavət və düşmənçiliyi yoxdur. 22 dekabr 2021-ci ildən 18 iyun 2022-ci ilədək “Qarant” lombard təşkilatının Masallı rayon filialında əvvəl stajor sonra isə kredit mütəxəssisi vəzifəsində işləmişdir. Stajorluq dövründə daimi işə qəbul olması üçün aylıq 20.000 manat kredit verməyə çalışırmış, bunun üçün 2021-ci ilin dekabr ayında Təqsirləndirilən şəxs ona 5000 manat miqdarında “Qarant” lombard təşkilatına qızıl girov qoyaraq kredit götürməyi və stajorluqdan tez çıxmağı məsləhət görmüşdür. O, da Təqsirləndirilən şəxs inanaraq 2021-ci ilin dekabr ayının təxminən 28-i 3000 manatlıq dəyərində qızıl əşyasını, 2 gün sonra yəni 30 dekabr 2021-ci il tarixində isə 2368 manatlıq qızıl əşyasını Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs qızılları sənədləşdirmiş və ona qızılların qarşılığında veriləcək pulu götürməməyi təklif etmişdir. O, da Zaminlə razılaşmış və qızılın qarşılığında verilməli olan pulu götürməmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs stajorluğu bitirib əmrlə kredit mütəxəssisi olmaq vaxtını soruşduqda o, müxtəlif bəhanələrlə sənədlərin gecikdiyini demişdir. 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs arvadı Şahid1 filiala gələrək ağlamış, nə olduğunu soruşduqda Ülkər əri Zaminin filialdan pul mənimsədiyini demişdir. Həmin gün Zamin, Ülkər və Zaminin anası Əsmail Bakı şəhərinə Nümayəndə1 olanları danışmaq üçün getmişlər. O, Təqsirləndirilən şəxs nə qədər pul mənimsədiyini, hansı yollarla etdiyini bilməmiş və heç kimdən soruşmamışdır. 2022-ci ilin mart ayının əvvəlində “Qarant” lombard təşkilatının əməkdaşı Şahid5 filiala yoxlamaya gəlmiş, həmin vaxt işçilərdən təklif və ya iradlarının olubolmamasını soruşanda o, girov qoyduğu qızıllarla bağlı məlumat vermişdir. Daha sonra Nümayəndə1 ilə görüntülü danışmış və Teymur ona narahat olmamağını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs arvadı Şahid1 da orada olmuş və ağlayaraq qızılları geri qaytaracağını demişdir. 19 mart 2022-ci il tarixində Şahid1 2368 manat dəyərində olan qızılı geri qaytarmış, lakin 3000 manatlıq dəyərində olan qızıllar isə ödəniş edilmədiyi üçün filial qaytara bilməmişdir. Daha sonra Zamin ona qalan 3000 manatlıq dəyərində olan qızılı qaytaracağına söz vermişdir. 2022-ci ilin may ayında Şahid5 bir daha filiala yoxlamaya gəlmiş və qızıllarla bağlı bir daha narahat olmamağı, Zaminlə danışdığını və tez zamanda həll olunacağını demişdir. 2022-ci ilin iyun ayında bir daha Şahid5, Aysel Tağıyeva və Əfqan adlı şəxs filialı ümumi yoxlamaya gəlmişdir. Daha sonra qızılları qayıtmadığından məcbur başqa bankdan kredit götürərək Təqsirləndirilən şəxs verdiyi 3000 manatlıq dəyərindəki qızılın ödənişini ödəyib girovda olan qızılları götürə bilmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəmə istintaqında ifadə verərək bildirdi ki, 2022-ci ilin mart ayında ona təcili pul lazım olduğundan qardaşı Elnur Mənsimliyə onun adına kredit götürməyi xahiş etmişdir. Qardaşı onunla razılaşmış və o, qızıl əşyası girov qoyaraq qardaşı Elnur Mənsimovun adına “Qarant” lombardın Masallı rayon filialından 800 manat pul götürmüşdür. Qardaşı pulu götürüb ona vermiş və özü Rusiya Federasiyasına işləməyə getmişdir. O, 800 manat kreditə görə təxminən 100 manat faiz pulu ödəməli və ümumilikdə “Qarant” lombarda 900 manat pul verməli olmuşdur. Qardaşının da həmçinin ona 900 manat borcu olmuşdur. X12 Federasiyasından ona 900 manat borcunu ödəmək istədikdə ona pulu ona vermək əvəzinə kredit üçün Təqsirləndirilən şəxs verməyi tapşırmışdır. Qardaşı da 900 manat pulu “Qarant” lombardın meneceri Təqsirləndirilən şəxs hesab kartna göndərmişdir. O, artıq borcunun bağlandığını hesab etmiş, daha sonra “Qarant” lombardda adını bilmədiyi şəxs ona borcunun gecikdiyini və ödəməli olduğunu deyəndə o, borcun ödənildiyini demiş, daha sonra Təqsirləndirilən şəxs 900 manat kredit ödənişini alaraq kassaya mədaxil etmədiyini və ona 900 manat maddi ziyan vurduğunu öyrənmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən görünür ki, 2022-ci ilin iyun ayında Masallı şəhərində yerləşən “Qarant” lombard təşkilatına satışa çıxarılan qızıl - zinət əşyası almaq üçün müraciət etmişdir. Həmin filialın rəhbəri Zamin adlı şəxs onu qəbul etmişdir. O, Zaminə lombard tərəfindən satışa çıxarılan bir ədəd qızıl boyunbağını almaq istədiyini bildirmişdir. Almaq istədiyi qızılın həqiqi dəyəri 1100 manat olmuşdur. Buna görə Zaminə ilkin olaraq 600 manat pul verməli, qızıl gələndən sonra isə 500 manatı da verib qızılı götürməliymiş. Aralarında razılıq əldə olunmuş o, səhəri gün 600 manatı gətirib Zaminə vermiş və Zamin ona qızıllar Bakı şəhərindəki baş ofisdən gələndən sonra xəbər edəcəyini demişdir. O, da bir neçə gün gözləmiş və Zamin xəbər etməmişdir. Buna görə bir neçə gün sonra “Qarant” lombard təşkilatına gedib Zaminlə görüşmək istədikdə oradan adını bilmədiyi lombard təşkilatının əməkdaşı ona Zaminin işdən uzaqlaşdırıldığını demişdir. Ondan sonra Təqsirləndirilən şəxs ilə əlaqə saxlaya bilməmişdir. Təqsirləndirilən şəxs ona olan etibarından sui istifadə edərək 600 manat maddi ziyan vurmuşdur. Məhkəmə istintaqında ifadəsi elan olunmuş Şahid1 ifadəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs onun əridir. Sonuncu 2021-ci ilin dekabr ayından “Qarant” lombard təşkilatının Masallı rayon filialına menecer vəzifəsinə təyin olunmuş, əsas vəzifəsi filiala rəhbərlik etmək, ona əmanət olunmuş maddi vəsaitləri və qızıl əşyalarını idarə və nəzarət etmək, kredit vermək, işçilərə nəzarət etmək olmuşdur. Zamin işlədiyi müddətdə Masallı filialı normal fəaliyyət göstərmişdir. 2022-ci ilin yanvar ayında ona “Qarant” lombard təşkilatının kassasında kəsr olduğu məlum olmuşdur. Bunu bilən Nümayəndə1 Şahid6 yoxlamaya göndərmiş, həmin yoxlama olan zaman həqiqətən kassada pul çatışmazlığının olması öz təsdiqini tapmışdır. O, Nümayəndə1 "xxxx" BOKT MMC–də işlədiyini bildirmiş və əri Zaminin borclarını qaytarmağa kömək etmək üçün “Qarant” lombard təşkilatında işə düzələ biləcəyini təklif etmişdir. Daha sonra Nümayəndə1 Zaminə borcunu qaytarması üçün vaxt vermiş və işə qaytarmışdır. Lakin Zamin ümidləri doğrultmamış və təkrarən kassadakı pulları mənimsəməyə başlamışdır. 2022-ci ilin iyun ayında Şahid3, Şahid5 və Əfqan adlı şəxs yoxlamaya gələrək kassada əksikliklərin olması məlum olmuşdur. Bundan sonra əri ilə birlikdə vəzifədən uzaqlaşdırılmışdır. Təşkilatın ümumi yoxlaması zamanı nə qədər əksikliklərin olmasından məlumatı olmamış, daha sonra Zaminin “Qarant” lombard təşkilatının kassasından təxminən 29000 manat pul mənimsədiyi məlum olmuşdur. O, işlədiyi müddətdə Zaminə borclarını qaytarması üçün kömək etsə də, o, gizlin pulları götürmüşdür. O, dəfələrlə Zaminə borcların qaytarılmasının zəruri olmasını, etdiyi hərəkəti bir daha təkrarlamamasını xahiş və tələb etsə də Zamin öz bildiyini etmişdir. Onun Zaminlə əlbirliyi olmamış, ərinin pulları mənimsəməsindən xəbəri olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs iş yoldaşı kimi tanıyır. 2022-ci ilin fevral ayında Zamin onlara kredit vermək üçün pul sifarişi vermişdir. Həmin vaxt Zaminə 18000 manat pul göndərilmişdir. Ümumiyyətlə Zaminin son vaxtlar onlara tez-tez pul sifarişi göndərməsi onlarda şübhə yaratmışdır. Bununla əlaqədar rəhbərlik tərəfindən Masallı rayon filialına o və digər əməkdaşlar yoxlamaya göndərilmişlər. Yoxlama zamanı məlum olmuşdur ki, 25811 manat pul və icarə üçün 700 manat pul çatışmır. Zamindən pulların harada olmasını soruşduqda əvvəlcə o, müxtəlif bəhanələr gətirsə də sonradan onlara etdiyi mənimsəmələri etiraf etmişdir. Daha sonra kredit sənədlərini götürərək müştərilərə zəng edib kredit ödənişlərini edib-etməmələrini soruşmuşlar. Müştərilər də ödənişləri Zaminə etdiklərini bildirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs iş yoldaşı kimi tanıyır. “Qarant” lombard təşkilatının Masallı filialında menecer işləmişdir. Həmin işə 2021-ci ildə daxil olmuşdur. Filialın pulları ona həvalə edilmişdir. 17 fevral 2022-ci il tarixdə Zaminin sifarişinə əsasən kredit vermək üçün 18000 manat pul göndərilmişdir. Həmin vaxt kassada 32000 manat pul olmuşdur. Lakin kredit verilməmişdir. Bir müddət sonra Masallı filialına yoxlama gəlmiş və aparılmış yoxlamalar zamanı pulların əskik olması müəyən edilmişdir. Zamin müxtəlif bəhanələr gətirsə də sonradan etdiyi əməli etiraf edərək pulları qaytaracağını vəd etmişdir. Bundan əlavə rəhbərlik tərəfindən kredit ödənişini gecikdirmiş bəzi müştərilərə zəng olunaraq ödənişləri etmələri tələb edilmişdir. Lakin həmin müştərilər ödənişləri Zaminə edərək kreditlərini tam bağlamalarını və özlərinə məxsus qızılları geri aldıqlarını bildirmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, 2019-cu ildən “Qarant” lombard təşkilatında işləyir. Təqsirləndirilən şəxs filialın meneri kimi taınıyır. 2022-ci ilin fevral ayında Zamin baş ofisdən kredit vermək üçün pul sifarişi etmiş, 17 fevral 2022-ci il tarixdə ona 18.000 manat pul göndərilmişdir. Fevral ayının 20-si kassada təxminən 32.000 manat pul olmuşdur. Lakin kredit verilməmişdi. Zaminin son zamanlar mütəmadi olaraq pul sifariş etməsi şübhə yaratmışdı. Buna görə Nümayəndə1 tərəfindən Şahid8, Misyaflı Zahir və Şahid4 Masallı rayon filialına yoxlamaya göndərilmişdir. Onlar yoxlama aparan zaman filialın kassasından 25811 (iyirmi beş min səkkiz yüz on bir) manat pulun və icarə üçün ayrılmış 700 (yeddi yüz) manat pulun çatışmamazlığı məlum olmuşdur. Nümayəndə1 tərəfindən Təqsirləndirilən şəxs pulların geri qaytarması üçün vaxt verilmiş və vəzifəsinə geri qaytarılmışdır. 2022-ci ilin iyun ayında Nümayəndə1 onu, Şahid3 və Şahid4 yoxlamaya göndərmiş, yoxlama zaman müştərilərdən alınmış kreditləri Təqsirləndirilən şəxs tərəfindən kassaya mədaxil edilmədiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan audit yoxlamasının nəticələrinə dair xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X4 məxsus Masallı şəhəri Heydər Əliyev prospektində yerləşən, vergi uçot kodu **********-64001 olan “Qarant” lombard adlı təsərrüfat subyektində menecer vəzifəsində işləmiş maddi-məsul şəxs Təqsirləndirilən şəxs maddi məsuliyətində olan nağd pul vəsaitlərinin mədaxil və məxarici əməliyyatları üzrə dövriyələrin və son qalığın xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə düzgünlüyünün yoxlanılması nəticəsində Masallı filialının kassasında xx.xx.2022-ci il tarixinə 29456.00 manat nağd pul çatışmazlığı müəyyən olunmuşdur. Məhkəmə-mühasibatşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9/9043 saylı rəyində qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli audit aktının düzgünlüyü istintaq tərəfindən nəzərə alındıqda Təqsirləndirilən şəxs hesabı üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə “Qarant” lombard təşkilatının Masallı rayon filialına dəymiş ziyan 29.456.00 manat məbləğində müəyyən olunur. Cinayət işi materillarında olan xx.xx.2021-ci il tarixli “Tam maddi məsuliyyət haqqında” müqavilənin surətinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs ilə fiziki şəxs X7 arasında tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Cinayət işi materiallarında olan xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətinə əsasən məlum olur ki, Təqsirləndirilən şəxs həmin tarixdə “Qarant” lombardın Masallı rayon filialına menecer kimi işə qəbul edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsində göstərilir ki, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, audit yoxlamasının nəticələrinə dair akt, ekspertiza rəyi, eləcə də, işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 179.2.3, 179.2.4 maddələri ilə ona elan olunmuş ittihamlar üzrə təqsiri tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikasının CPM-in 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada hüquqi qiymət verərək, eləcə də həmin Məcəllənin 346 və 349-cu maddəsinin tələblərinə riayət edərək hesab edir ki, baş vermiş cinayət hadisəsini Təqsirləndirilən şəxs törətməsi, onun təqsirliliyi məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayətdir, məhkəmənin müəyyən etdiyi hallar tədqiq olunmuş sübutlara uyğun gəlir, əməl Azərbaycan Respublikası CM-in 178.2.2, 178.2.3, 179.2.3, 179.2.4-cü maddələri əsasında təqsirləndirilən şəxsə ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, əməlin cinayət olmasını aradan qaldıran, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi əsasları yoxdur, odur ki, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ilə verilmiş ittihama münasibətdə qeyd edir ki, təqsirləndirilən şəxsə həmin maddə ilə elan olunmuş ittiham cinayətin əlamətlərinə uyğun olmadığına və həmin əməl Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə əhatə olunduğundan, CM-in 308.1-ci maddəsi ittihamdan xaric edilməlidir. Belə ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 07 saylı Qərarının 23-cü bəndində qeyd olunmuşdur ki, “Qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətmiş vəzifəli şəxsin əməli CM-nin 178.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan həmin əməlin əlavə olaraq CM-in 308, 309 və ya 341-ci maddələri ilə tövsif edilməsinə ehtiyac olmur.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 saylı qərarı dələduzluq cinayətləri ilə bağlı olsa da, mənimsəmə və ya israf etmə cinayəti də eyni fəsildən olan talama, yəni mülkiyyət əleyhinə olan cinayətlər təsnifatına aiddir. Belə olan halda qeyd olunan Plenum qərarı CM-in 179.2.3-cü maddəsinə də şamil olunmalıdır. Məhkəmə həmçinin vurğulayır ki, zərərçəkmiş Aydın Əhmədova dəymiş maddi ziyanla bağlı verilmiş ittihamda “...xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə edərək....” qeyd olunsa da, tədqiq edilən sübutlarla cinayətin motivi müəyyən edilərkən Təqsirləndirilən şəxs mənimsəmə və israf etmə cinayət əməlini vəzifəli şəxs kimi səlahiyyətlərindən suiistifadə edərək, xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxs üçün qanunsuz üstünlük əldə etmək motivi ilə cinayət əməli tötərməsi sübuta yetmir. Bununla da, Təqsirləndirilən şəxs tam maddi məsul şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş pul vəsaitini mənimsəmə və ya israf etməklə talamışdır. Masallı rayon İHB Masallı rayon Qızılavar İƏRDÜ Nümayəndəsi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Qızılavar kəndində qeydiyyatdadır, himayəsində xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2014-cü il təvəllüdlü X2 ibarət azyaşlı uşaqları vardır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2.-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə həmçinin həmin Məcəllənin 59.2-ci maddəsini əsas götürərək onun törətdiyi cinayət əməlinə görə səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallardan yoxdur. Məhkəmə təyin ediləcək cəzanın növü və həddi məsələsini müzakirə edərək qeyd edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti, cinayətin ictimai təhlükəliliyi, törədilmə üsulu və xarakteri, dəymiş maddi ziyanları tam və ya qismən ödəməməsi, zərərçəkmiş şəxslərlə barışıq əldə etməməsi əsas verir ki, o, məhz azadlıqdan məhrumetmə ilə əlaqədar cəza çəkməklə islah oluna bilər. Bu səbəblə də, azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunması ədalətli və qanuni hesab edilməklə cəzanın məqsədlərinə və sosial ədalətin bərpasına nail oluna bilər. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən müəyyən müddətə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və yardımçı vəzifə tutma hüququndan məhrum edilməklə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2. və 66.4-cü maddələrinə əsasən təyin olunacaq azadlıqdan məhrumetmə cəzaları və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” ləğv edilərək barəsində həbs qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülməlidir. Məhkəmə mülki iddia ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia həmin Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Cinayət işi materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində fiziki şəxs X4 29.456 (iyirmi doqquz min dörd yüz əlli altı) manat məbləğində maddi ziyan dəymiş və təqsirləndirilən şəxs tərəfindən həmin ziyan üzrə heç bir ödəniş olunmamışdır. Beləliklə, məhkəmə dəyən maddi ziyanın məbləğini müzakirə edərək qeyd edir ki, mülki iddia tam təmin olunmalı, Təqsirləndirilən şəxs 29.456 (iyirmi doqquz min dörd yüz əlli altı) manat məbləğində pul alınaraq mülki iddiaçı X4 ödənilməlidir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 onlara vurulmuş maddi ziyanla bağlı mülki icraat qaydasında iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan olunmuş Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinib, CMin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və yardımçı vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-in 179.2.2, 179.2.3 və 179.2.4cü maddələri ilə təqsirli bilinib, CM-in 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və yardımçı vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2. və 66.4-cü maddələrinə əsasən təyin olunmuş azadlıqdan məhrumetmə cəzalarını və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il, 06 (altı) ay müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında rəhbər və yardımçı vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri” dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbsə alınsın və həbs qətiimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvədə saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2023-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **********, X1 KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22, VÖEN **********, AZ3434CTRE******************** hesabına köçürülsün. Mülki iddia tam təmin olunsun, 29.456 (iyirmi doqquz min dörd yüz əlli altı) manat maddi ziyan mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq mülki iddiaçı X4 ödənilsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 onlara vurulmuş maddi ziyanla bağlı mülki icraat qaydasında iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Hökm elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Habil Bəhmənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar