Məhkəmə qərarları › İş №1(050)-9/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-9/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-9/2024 17.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ X4 (sədrlik edən), Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1959-cu ildə Masallı rayon Yeddioymaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü ildə saat 20:25 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Hyundaı Azera” minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə, Masallı-Qızılağac yolunun Yeddioymaq kəndi ərazisində, Masallı rayon istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, yolun hərəkət hissəsinin sol kənarı ilə eyni istiqamətdə hərəkətdə olan piyada ilə təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin etdikdən sonra keçib getməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, yolun hərəkət hissəsinin sol kənarı ilə Masallı rayon istiqamətdə piyada hərəkətdə olan Zərərçəkmiş şəxs avtomaşının qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs qapalı kəlləbeyin travması, baş beynin əzilməsi, baş beyin toxumasına və baş beynin yumşaq qişasına yayılmış qansızma, sağ almacıq sümüyünün sınığı, sağ baldır sümüklərinin aşağı 1/3-nin açıq sınığı, döş qəfəsinin qapalı küt travması, sağ İİ, İİİ, İV və sol İV, V, Vİ, Vİİ qabırğaların sınığı, başın alın nahiyyəsinin və çənəaltı nahiyyənin əzilmiş yarası, alnın tüksüz hissəsinin, sol yanaq nahiyyəsinin, burnun, döş qəfəsinin və qarnın ön və yan hissələrinin, sağ və sol diz nahiyyəsinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almaqla, sonuncunun elə həmin gün saat 22:13-də “Bioloji Təbabət” klinikasında ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, 22 sentyabr 2023-cü il tarixdə Masallı-Qızılağac yolu ilə hərəkətdə olmuşdur. Saat neçə olduğunu xatırlamır, lakin həmin vaxt hava qaranlıq olmuşdur. Qarşısında avtomobil hərəkətdə olmuş o da həmin maşının arxası ilə hərəkət etmişdir. Təxminən 4-5 metr məsafədən piyadanın hərəkətdə olduğunu görmüşdür. Həmin anda avtomaşının əyləcini basmış, lakin məsafə yaxın olduğundan hadisədən yayına bilməmiş, piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsini törətmişdir. Daha sonra avtomaşını saxlayaraq maşından düşmüş, həmin vaxt oraya iki nəfər şəxs gəlmişdir. O, həmin şəxslərə vurduğu şəxsi onun avtomobilinə qoyub xəstəxanaya aparmasına köməklik etmələrini demişdir. Lakin həmin şəxslər lazım olmadığını X24 çağırdıqlarını demişlər. Hətta o, avtomobilinin axra qapısını açmışdır, lakin həmin şəxslər öz avtomobilləri ilə aparacaqlarını demişlər. Daha sonra bir ağ maşın gəlmiş və vurduğu şəxsi həmin avtomobilə qoyub xəstəxanaya aparmışlar. O da onların arxası ilə birbaşa Masallı RPŞ-yə gedərək təslim olmuşdur. Sonra yaxınları gəlmiş o da onlara xəstəxanaya getmələrini nə köməklik lazım olarsa etmələrini demişdir. Daha sonra polis əməkdaşları onu hadisə yerinə aparmışlar və hadisə yerində çəkiliş olunmuşdur. Polis əməkdaşları sərxoşluğun yoxlanılması ilə əlaqədar onu alkotestrdən keçirmişlər və qan nümunələri götürmüşlər. İdarə etdiyi avtomobili isə duracağa yerləşdirmişlər. Günahını boynuna alır. Hadisə zamanı içkili olmamışdır. O, öz yaxın dostunu vurmuşdur, vurduğu şəxsin kim olduğunu bildiyi zaman başına-gözünə dizinə vurmuşdur. Kaş dostu deyildə o, özü ölərdi. Barışıqla bağlı 5 gün yaxın qohumları zərərçəkmiş tərəfin evinə getmişlər, əvvəlcə heç bir problem olmamışdır, lakin sonradan kimsə zərərçəkmiş tərəfə nəsə dedisə onlar barışıqdan imtina etmişlər. O, bilə-bilə onu vurmamışdır. Zərərçəkmiş tərəfdən dəfələrlə üzr istəyir, ayaqlarına düşür. Etdiyi əməldən peşmandır. Özü onkoloji xəstədir. Məhkəmədən göstərilənlərin nəzərə alınmasını xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun səmimi etirafı ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, hadisə yerinə keçirilmiş baxış protokolu, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi və digər sübutlarla aşağıdakı qaydada təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 ifadə verərək bildirdi ki, yaşadığı evdə olduğu zaman xəbər vermişlər ki, əri Xanağa müəllimi avtomobil vurmuş və ayağı sınmışdır. Həyəcanlanaraq stres keçirmiş yerə yıxılaraq huşunu itirmişdir. Daha sonra olanlardan xəbəri olmamışdır. Sakit həmin günü içkili olmuşdur. Barışmamışdır. Şikayətçidir. Məhkəmədən təqsirləndirilən şəxsə ağır cəzanın verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Nümayəndə2 ifadə verərək bildirdi ki, hadisə baş verən zaman o, hadisə yerinə yaxınlıqda, təxminən 5 ev uzaqlıqda yaşayan baldızı gildə keçirilən ad günü məclisində olmuşdur. Həmin vaxt həyat yoldaşının istifadə etdiyi mobil telefona zəng olunaraq “qayınatanı maşın vurub” bildirmişlər. O, qaçaraq hadisə baş vermiş yerə getmək istəmiş, bu zaman baldızı əri onu avtomobili ilə hadisə yerinə aparmışdır. Hadisə yerinə çatdığı zaman atasının yerdə huşsuz olduğunu, qan itirdityini görmüşdür. Həmin vaxt Sakiti də orada görmüşdür. Atasının vaxtında xəstəxanaya çatdırsaydılar qan itirməzdi, ölməzdi bəlkədə. İki oğlanın yaxınlaşdığı dediyi oğlanlardan biri əmisi oğlu Elvin olmuşdur. Elvin yaxınlaşdığı zaman şəxsin, yəni sürücü Sakitin sərxoş olduğunu görüb atasının onun aparmasını qoymamışdır, “aparıb bizidə öldürəcəksən, daha vurmusan, piyansan sənin maşınına necə qoyaq” demişdir. Hadisə yerinə çatdığı zaman atasını kimin vurduğunu soruşmuş, bəlli olmuşdur ki, atasını atasının dostu Sakit vurmuşdur. Məhkəmədən təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, hadisənin baş vermə tarixini xatırlamır. Axşam vaxtı olmuş, o şam yemək üçün evinə gəlmişdir. Yaşadığı evlə asvalt yol arasında 3 metr məsafə vardır. Evdə olduğu zaman küçədən tappıltı səsi eşitmiş, nə baş verdiyini öyrənmək üçün küçəyə çıxdıqda həmkəndlisi Xanağanın avtomaşınla vurulduğunu və yerdə olduğunu görmüşdür. Həmin vaxt yoldan keçən bir neçə maşına əllə saxlama işarəsi vermiş olsalarda maşınlar saxlamamışlar, eləcədə X22 zəng etmişlər, lakin zəng çatmamışdır. Ona görə də orada olanlarla birgə Xanağanı ona məxsus Vaz 2107 minik markalı avtomaşına qoyaraq Masallı RMX-na aparmışlar. Kamera görüntüləri onun quraşdırdığı kameradandır. Sakit xəsarət almış şəxsi öz maşını ilə aparmaq istədi xəstəxanaya maşının arxa qapısını da açdı ki, qoyun aparım, lakin orada olan şəxslər dedilər ki, “aparmasın hansı vəziyyətdə olduğunu bilmirik”, ona görə qoymamışlar aparsın. Həmin vaxt o, mərhumun yanında olmuşdur ki, baxsınki nəfəsi gəlir ya gəlmir. Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olub-olmaması barədə məlumatı yoxdur. Çünki həmin vaxt o, Sakitə yaxınlaşmamışdır, ondan təxminən 10 metr kənar olmuşdur. Kamera görüntülərinə baxıldığı zaman onun Sakitdən kənarda olduğunu dəqiq görmək olacaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Masallı RPŞ-nin DYPB-nin baş inspektoru vəzifəsində işləyən Şahid2 ifadə verərək bildirmişdir ki, 22 sentyabr 2023-cü il tarixdə Yeddioymaq kəndi ərazisində yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olmuşdur. Daha sonra sürücü Sakit adlı şəxs polis şöbəsinə yaxınlaşaraq hadisə barədə məlumat vermişdir. Sürücünü alkotestr müayinəsində keçirmişlər və sürücünün ayıq olduğu müəyyən edilmişdir. Bundan sonra o, müstəntiqlə və sürücü ilə birlikdə hadisə yerinə getmişdir. Orada müstəntiq tərəfindən səndələşmə işləri aparılmışdır. Həmin vaxt orada təxminən 50 nəfərə yaxın vətəndaş olmuşdur. Müstəntiq tərəfindən hadisə yerinə baxış protokolu tərtib olunmuş o həmin protokolu imzalamışdır. Lakin həmin protokola müstəntiqin daha kimə imza etdirdiyini bilməmişdir. Onun vəzifəsi yol-nəqliyyat hadisəsi törətmiş şəxsin sərxoşluğunu müəyyən etmək məqsədilə sürücünü alkotester müayinəsindən keçirmək və yol hərəkəti qaydalarını tənzimləməkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, 22 sentyabr 2023-cü il tarixdə Yeddioymaq kəndində yol kənarında olan mağaza qarşısında oturmuşdur. Həmin vaxt hava qaranlıq olmuşdur. Bu zaman avtomobilin adam vurduğunu demişlər. O hadisə yerinə qaçaraq getmişdir. Hadisə yerinə çatdığı zaman Təqsirləndirilən şəxs vurduğunu demişlər. Vurduqdan sonra Sakit öz maşını ilə xəsarət almış şəxsi xəstəxanaya aparmaq istədiyini demişdir. Lakin mərhumun qardaşı oğlu özləri aparacağını bildirmişdir. Hadisə yeri təxminən 20-30 metr ondan aralıda olmuşdur, şəxs vurulduqdan sonra avtomobil yolun sağına keçmiş və Təqsirləndirilən şəxs avtomobildən düşmüşdür. O, Sakitdən aralı olmuşdur, bu səbəbdən onun sərxoş olub olmadığını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirdi ki, hadisə yaşadığı kənddə baş vermişdir. O, hadisə yerindən 50 metr aralıda dayanmışdır. Hadisə yerinə gələn üçüncü şəxs o, olmuşdur. Rəhmətlik öz yolu ilə getmişdir. Sakit vatomobili ilə onu vurduqdan sonra maşın əks yola keçmış və maşını saxlamışdır. Hadisə yerinə çatdığı zaman vurulmuş şəxsin əmisi olduğunu bilməmiş, vurulmuş şəxsi çevirdiyi zaman həmin şəxsin əmisi olduğunu görmüşdür. Sakit maşından düşərək vurduğu şəxsin kim olduğunu soruşduğu zaman o, əmisi Vəli müəllimin olduğunu demişdir. Onlar əmisi Xanağaya Vəli məllim demişlər. Sakit vurduğu şəxsi əmisi olduğunu bildikdən sonra başına vuraraq “Allah qızımı öldürsün mən toya getmirdim qızım elədi, mən toya niyə getdim” demişdir. Sonra Sakit maşının qapısını açaraq maşına qoymalarını demişdir. O “onu öldürmüsən aparıb bizidə öldürmək istəyirsən, sən sərxoşsan” demişdir. Bir çox avtomobillər saxlamışlar, lakin o, Aydına “maşını çıxar qoyaq maşınına aparaq xəstəxanaya” demiş, Aydında maşını çıxarmış aparmışlar xəstəxanaya. Sakit isə polis şöbəsinə getmişdir. Daha sonra polis əməkdaşları Sakiti kəndə gətirmişlər. Kənd cavanları Sakitin və polis əməkdaşlarının üzərinə hücum etmişlər. Sakit həmin vaxt sərxoş olmuşdur, faktiki olaraq ayaq üstə dura bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirdi ki, hadisə baş verən zaman yaşadığı evdə olmuşdur. Qardaşı ona zəng vuraraq hadisə barədə məlumat vermişdir. O, dərhal avtomobilinə əyləşib hadisə yerinə getmişdir. Hadisə yerinə çatdığı zaman rəhmətliyi maşına qoyduqlarını görmüşdür. Təqsirləndirilən şəxs vəziyyəti isə göz qabağında olmuş, həmin vaxt sərxoş olmuşdur. X16 avtomaşınına qoyub xəstəxanaya aparmışlar, onlarda xəstəxayana getmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid7 ifadə verərək bildirdi ki, yol nəqliyyat hadisəsi baş verən zaman o, Sakitin yanında olmamışdır. Sadəcə toya Sakitlə birlikdə getmişdir və toyda bir masa arxasında oturmuşlar. Belə ki, həmkəndliləri oğlu üçün toy şənliyi keçirmiş və toy Çaxırlı kəndində yerləşən “Möcüzə” şadlıq sarayında olmuşdur. Həmin günü saat təxminən 19 radələrində Sakit onu yaşadıqları kənddə yol kənarından maşını ilə götürərək birlikdə toya getmişlər. Toy şənliyinə çatdıqları zaman qonaqlar artıq gəldikləri üçün və toyda qonaq çox olduğu üçün onlara birtəhər yer tapıb yer etmişlər. Təxminin 40-50 dəqiqə toy şənliyində oturduqdan sonra Sakit xəstə olduğundan bədəni ağrıdığını dediyi üçün toy şənliyindən tez çıxmışlar və Sakit onun yaşadıqları kənddə yol kənarında düşürdükdən sonra evinə getmişdir. Sakit getdikdən sonra nə baş verdiyindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs onunla birlikdə olduğu müddətdə spirtli içki qəbul etməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid6 ifadə verərək bildirdi ki, tarixini xatırlamır, lakin ötən il təxminən axşam saat 10-11 arası olardıkı rayon polis şöbəsinin qarşısından keçdiyi zaman bir nəfər polis əməkdaşı onu çağırmış o da, həmin əməkdaşa yaxınlaşmışdır. Bu zaman polis əməkdaşı ondan şahidlik edə biləcəyi barədə soruşmuş o, razılaşmışdır. Hazırda məhkəmə zalında olan şəxs orada sərxoşluq müayinəsindən keçirilərək alkotester aparatına üfüləmişdir. Nəticəsinə baxdığı zaman nəticəsinin “00” olduğunu görmüşdür. Daha sonra bununla bağlı sənədləri imzalamış və şöbədən çıxıb getmişdir. Məhkəmə iclasında iş materiallarına əlavə edilmiş yol-nəqliyyat hadisəsinin görüntülərini özündə əks etdirən DVD diskə baxış keçirililərkən müəyyən olundu ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Azera” minik markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun əks zolağına çıxaraq Zərərçəkmiş şəxs yolun ehiyyat hissəsində vurmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8/2933 saylı ekspert rəyində qeyd edilmişdir ki, “Hyundai Azera minik” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 publik hüquqi şəxsi tərəfindən verilmiş 29 sentyabr 2023-cü il tarixli 3518/K saylı ekspert rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəlli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10 publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 19 saylı ekspert rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: Qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, baş beyin toxumasına və baş beynin yumşaq qışasına yayılmış qansızma, sağ almacıq sümüyünün sınığı, sağ baldır sümüklərinin aşağı 1/3-nin açıq sınığı, döş qəfəsinin qapalı küt travması, sağ İİ, İİİ, İV və sol İV, V, Vİ, Vİİ qabırğaların sınığı, başın alın nahiyyəsinin və çənəaltı nahiyyənin əzilmiş yarası, alnın tüksüz hissəsinin, sol yanaq nahiyyəsinin, burnun, döş qəfəsinin və qarnın ön və yan hissələrinin, sağ və sol diz nahiyyəsinin sıyrıqları. Müəyyən olunan xəsarətlər həyati ağır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı hərəkətdə olan avtomaşının hissələrinin təsirindən və zərbənin təsirindən tullanılaraq yer örtüyünə çırpıması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beynin əzilməsi, baş beyin toxumasına və baş beynin yumşaq qişası altına yayılmış qansızma olmuşdur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə kimyəvi tədqiqatı nəticəsində qanında alkoqol və hər hansı bir narkotik maddə aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 01233 saylı alkoqolun miqdarının təyin edilməsinə dair alkotrseter cihazının qəbzindən görünür ki, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsi baş verən zamanı sərxoş vəziyyətdə olmamışdır. İş materiallarında olan AF № 136286 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «BC» dərəcəli nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İş materiallarında olan AD 340343 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Hyundai Azera minik” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs adınadır. İş materiallarında olan qəbzdən görünür ki, “Hyundai Azera minik» markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Masallı rayonu İcra Hakimiyyəti Başçısının Yeddioymaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Rəhimov X13 rayonu, Yeddioymaq kəndində qeydiyyatda olmaqla, həyat yoldaşı xx.xx.1959-cu il təvəllüdlü X6, oğlu xx.xx.1990-cı il təvəllüdlü X14, gəlini xx.xx.1993-cü il təvəllüdlü X12, nəvəsi xx.xx.2017-ci il təvəllüdlü X7, qızı xx.xx.1982ci il təvəllüdlü X11, bacıları xx.xx.1962-ci il təvəllüdlü X5 və xx.xx.1957-ci il təvəllüdlü X8 ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materiallarına əlavə edilmiş əlillik barədə elektron bildirişdən görünür ki, X5 epilepsiya nəticəsində yaranan şəxsiyyət dəyişkənliyi tez-tez baş verən qıcolma tutmaları diaqnozu ilə ikinci dərəcəli əlildir və əlillik müddətsizdir. İş materiallarına əlavə edilmiş əlillik barədə elektron bildirişdən görünür ki, X11 şizofreniya paranoid forma, paranoid qüsur halı diaqnozu ilə üçüncü dərəcəli əlildir və əlilliyin müddəti xx.xx.2024-cü il tarixədəkdir. İş materiallarına əlavə edilmiş əlillik barədə elektron bildirişdən görünür ki, Rəhimov X2 digər formaları, ÜİX:Gərginlik stenokardiyası İİİ fs (NYHA). 150.0 Durğunluq ürək çatmamazlığı, Xr QDÇ-İİ dərəcə, Beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı. Beyin qan dövranının pozğunluğu-sol orta beyin arteriyası hövzəsində keçirilmiş işemik insultun qalıq əlamətləri. G83 Digər paralitik sindromlar. Sağ tərəfli hemiparez. 111.0 [Durğunluq] ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələlənməsi ilə hipertenziv [hipertoniya] xəstəlik [-yi], Hipertoniya xəstəliyi İİİ dərəcə, çox yüksək əlavə risk. 125.2 Əvvəllər keçirilən miokard infarktı, İnfarktdan sonrakı kardioskeleroz diaqnozu (eyni diaqnozlar iş materiallarına əlavə edilmiş 1733 saylı və 89 saylı epikrizlərdə də əks olunmuşdur) ilə ikinci dərəcəli əlildir və əlillik müddəti xx.xx.2024-cü il tarixədəkdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli epikrizdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə sidikliyin daşları diaqnozu ilə spinal anesteziya altında Sistolitotripsiya (endoskopik) əməliyyatları icra olunmuşdur. İş materiallarına əlavə edilmiş 1415/2023 nömrəli xx.xx.2023-cü il tarixli epikrizdən görünür ki, Təqsirləndirilən şəxs bronxial astma, infeksion allergik forma, orta-ağır dərəcəli kəskinləşmə mərhələsi, tənəffüs çatmamazlığı İİ dərəcə, boğulma tutmaları, təngnəfəslik, öskürək, çətin bəlğəm ifrazı, ürəkdöyünmə kliniki diaqnozu qoyulmuş və daimi terapevt həkim nəzarəti məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş ambulator xəstənin 0016 saylı tibbi kartasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə spinal anesteziya altında “Hemorroyektomiya” əməliyyatları icra olunmuşdur. İş materiallarına əlavə edilmiş stasionar xəstənin 0209 saylı tibbi kartasından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə spinal anesteziya altında “Sistolitotripsiya, Prastat vəzinin TUR-əməliyyatı” əməliyyatı icra olunmuşdur. Beləliklə məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsüf edilmişdir. Odur ki, təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində göstərilən cəzasını yüngülləşdirən hallar yoxdur. Lakin, məhkəmə Təqsirləndirilən şəxs cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməsi üçün tədbirlər görməsini, zərərçəkmiş şəxsin yaxın qohumları ilə barışıq əldə edilməsi üçün dəfələrlə cəhdlər etməsini, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, xəstəliyini, ikinci dərəcəli əlil olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndində qeyd edilir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyat keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzalarını təyin etməyi qanuni olmaqla, həm də ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə iclas zalında həbs edilməli və seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Porosessaul Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 17 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbi baxımından Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə “Hyundai Azera” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanındıqdan sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması və mülki iddianın olmaması nəzərə alınmalı və maddi sübut olan törədilmiş yol nəqliyyat hadisəsini özündə əks etdirən 1 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli 17 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə “Hyundai Azera” minik markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanındıqdan sonra qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar