Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-90/2024 28.08.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı)-Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh)-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxxx 1975-ci il tarixdə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Masallı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(050)-57/2015 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.5-ci maddəsinə əsasən 5 il müddətə azadlıqdan məhrum etmə və 4500 manat cərimə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə və 4500 manat cərimə cəzasına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən 6 ay 27 gün cəzadan vaxtından əvvəl azad edilmiş, xx.xx.2018-ci il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş (4500 manat cərimə ödənilməmişdir), Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs X8 ibtidai istintaq orqanı tərəfindən məhkəməyə verilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə həmkəndlisi əvvəllər tanıdığı, Masallı rayonu, Ərkivan qəsəbə sakini Zərərçəkmiş şəxs1 arvadı X3 4050 manat məbləğdə pul qarşılığında əlillik dərəcəsi alıb əlilliklə bağlı sosial müavinət düzəltdirəcəyinə dair Zərərçəkmiş şəxs1 yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra Zərərçəkmiş şəxs1 yaşadığı Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evində xx.xx.2020-ci il tarixdə 1300 manat, xx.xx.2020-ci il tarixdə 600 manat, xx.xx.2020-ci il tarixdə 750 manat, xx.xx.2020-ci il tarixdə 550 manat, xx.xx.2020-ci il tarixdə 450 manat, xx.xx.2021-ci il tarixdə 300 manat və xx.xx.2021-ci il tarixdə 100 manat pulu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 4050 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını təkrarən ələ keçirmək məqsədilə həmkəndlisi Zərərçəkmiş şəxs1 vasitəsilə tanıdığı, Masallı rayonu, Mahmudavar kənd sakini Zərərçəkmiş şəxs2 oğlu Feyruz Nəzirova 1350 manat məbləğdə pul qarşılığında əlillik dərəcəsi alıb əlilliklə bağlı sosial müavinət düzəltdirəcəyinə dair Zərərçəkmiş şəxs2 yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra xx.xx.2020-ci il tarixdə Zərərçəkmiş şəxs1 yaşadığı Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən fərdi yaşayış evində 900 manat, xx.xx.2020-ci il tarixdə Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən dairədə 450 manat pulu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 1350 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs (eyni zamanda mülki cavabdeh) X8 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 həmkəndlisi kimi tanıyır. O, 18 ilə yaxın müddətdə Masallı rayon X5 Yardım şöbəsində tibb qardaşı işləmişdir. 2020-ci ilin yay aylarında o, bir neçə dəfə Zərərçəkmiş şəxs1 evlərinə gedib xəstə olduğu üçün ona müalicə məqsədi ilə iynə vurmuşdur. Zərərçəkmiş şəxs1 həmin vaxtlar şəkərli diabet xətəliyindən əziyyət çəkmişdir. O, Namiqin evində olan zaman Namiqin arvadı Rövlanənin ağır mədə xərçəngi olmasını öyrənmişdir. Həmin vaxt Namiq ondan arvadı Rövlanə üçün əlillik dərəcəsi və təqaüd alması üçün xahiş etdikdə, o Namiqin istəyi ilə razılaşmış və sonuncuya xəstəxanada işlədiyi vaxtlarda bu cür işləri həll edə bilən şəxslərlə tanışlığı olmasını və onların vasitəsilə Rövlanəyə əlillik dərəcəsi ala biləcəyini demişdir. Sonra Namiqin arvadı Rövlanə üçün əlillik dərəcəsi və təqaüd almasından ötrü Namiqdən hissə-hissə olmaqla ümumilikdə 4050 manat məbləğində pul almışdır. 2020-ci ilin noyabr ayında Namiqin bacanağı Zərərçəkmiş şəxs2 onunla əlaqə saxlamış və onlar Namiqin Ərkivan qəsəbəsində yerləşən evində görüşərkən Nəzir ondan oğlu Feyruz Hacıyev üçün eyni qaydada əlillik dərəcəsi alıb pensiya düzəltməsini xahiş etmişdir. O, Nəzirə oğlu Feyruz üçün əlilliklə bağlı pensiya düzəldəcəyini söz vermiş və Nəzirdən 1350 manat pul almışdır. Həmin vaxtlarda sənədləşmə işlərinin çətinləşməsinə görə əlillik dərəcəsi ala bilməmişdir. O, Namiqdən və Nəzirdən aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra Namiqdən aldığı 4050 manat puldan hissə-hissə olmaqla ümumilikdə 1700 manat pulu Namiqə qaytarmış, qalan hissəsini qaytara bilməmişdir. O, Namiqə və Nəzirə qarşı dələduzluq edərkən heç kimlə qabaqcadan əlbir olmamış və aldığı pulları tək özü üçün xərcləmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi məhkəməyə ərizə ilə müraciət edərək törətdiyi cinayət əməllərinə görə özünü təqsirli bildiyini, hazırda etdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslərlə vurulmuş ziyanın hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə edərək barışmasını, Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın qismən ödənilməsini, eyni zamanda cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən barəsində cinayət təqibinə xitam verilərək məsuliyyətdən azad edilməsini və mülki iddianın baxılmamış saxlanmasını xahiş etdi. Təqsirləndirilən şəxs X2 törətmiş olduğu cinayət əməli özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, şəkərli diabet xəstəsidir, həyat yoldaşı X6 isə mədə xərçəngidir. Arvadı təxminən 4 ilə yaxındır ki, bu ağır xəstəlikdən əziyyət çəkir. Bundan başqa bacanağı olan Zərərçəkmiş şəxs2 oğlu Feyruz Hacıyevin də sağ qolu şikəstdir. O, həm arvadı, həm də bacanağının oğlu üçün əlillik dərəcəsi almağa çalışmışdır. Həmin vaxtlarda həmkəndlisi olan Təqsirləndirilən şəxs xəstəliyi ilə bağlı müalicə etmək üçün onların evinə gəlib getmişdir. Elsevərə arvadı Rövlanə üçün əlillik almağa çalışdığını deyərkən, Elsevər ona əvvəllər xəstəxanda işlədiyini və çox adama əlillik dərəcəsi almağa köməklik etdiyini deyib arvadı Rövlanə üçün də əlillik dərəcəsi ala biləcəyini və pensiya təyin etdirəcəyini bildirmişdir. O da Elsevərin bu cür inandırıcı sözlər deməsinə inanmış və 2020-ci ilin oktyabr ayının 18-dən başlayaraq arvadı Rövlanə üçün əlillik dərəcəsi almasından ötrü Elsevərə hissə-hissə olmaqla 4050 manat pul vermişdir. Bundan sonra bacanağı Zərərçəkmiş şəxs2 onun əlillik düzəlməsi üçün Elsevərlə olan münasibətindən xəbər tutmuşdur. O, Nəzirə Elsevər barədə danışmış və Elsevərin Rövlanə üçün iş görməsini demişdir. Nəzir də ondan Elseverlə tanış etməsini və oğlu Feyruz üçün əlillik almaqda Elsevərin köməklik etməsini xahiş etdikdə, o, bacanağı Nəzirlə Elsevəri tanış etmiş və onlar Feyruz üçün əlillik almaqla bağlı razılığa gəlmişlər. X11 bu işi görmək üçün 1350 manat pul almışdır. Sonra Elsevərlə əlaqə saxlayarkən sonuncu hər dəfəsində “Bir az gözlə sənin bank kartını verəcəm, sənin işin düzəlib, qərar veriblər” demişdir. Lakin, Elsevər belə sözlərlə onu yola vermişdir. Elsevər onlara qarşı dələduzluq edərək pullarını xərcləmiş və sənədləri də alaraq yoxa çıxarmışdır. Daha sonra o, Elsevərdən pullarını istəmiş və Elsevər ona hissə-hissə olmaqla ümumilikdə 1700 manat pul geri qaytarmış, 2350 manatı isə qaytarmamışdır. Elsevər Nəzirdən isə aldığı 1350 manat puldan heç bir məbləği geri qaytarmamışdır. Zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs X4 qarşı şikayətçi olmadığını, vurulmuş ziyanın hissəhissə ödənilməsi ilə bağlı razılaşaraq barışdığını nəzərə alaraq, barəsində qanuni qərar qəbul edilməsini və mülki iddianın baxılmamış saxlanmasını xahiş etdi. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onun fiziki cəhətdən qüsurlu olan Feyruz Hacıyev adında bir oğlu vardır. O, bir neçə dəfə oğlu Feyruza əlillik dərəcəsi almağa çalışsa da, buna nail ola bilməmişdir. Zərərçəkmiş şəxs1 onun qohumudur. 2020-ci ilin oktyabr ayında bacanağı Namq ona Elsəvər adlı şəxsin arvadı Rövlanə üçün əlillik dərəcəsi almağa söz verdiyini və bu işi görmək üçün 1300 manat da verdiyini demişdir. Sonra Namiq obu Elsəvərlə tanış etmiş və o, Feyruz üçün əlillik dərəcəsi almaqdan ötrü Elsevər razılaşmış və bu işin qarşılığında 1350 manat pulu Elsəvərə vermişdir. Təxminən 2 ay sonra o, artıq bir nəticə olmadığını görüb Elsevərlə əlaqə saxlamağa çalışmış, lakin Elsevər ona müxtəlif bəhanələr gətirərək işi yubatmışdır. O, bir müddət sonra aldadıldığını başa düşmüş və Elsevərdən pulunu tələb etmiş, lakin Elsevər həmin vaxtdan hazırki vaxta qədər ondan aldığı 1350 manat puldan heç bir məbləği geri qaytarmamışdır. Bundan əlavə Elsevər ondan oğlu ilə bağlı aldığı tibbi sənədləri də geri qaytarmamışdır. Zərərçəkmiş şəxs2 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs X4 qarşı şikayətçi olmadığını, vurulmuş ziyanın hissə-hissə ödənilməsi ilə bağlı razılaşaraq barışdığını nəzərə alaraq, barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, təqsirləndirilən şəxs X1 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(050)-57/2015 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 66.5-ci maddəsinə əsasən 5 il müddətə azadlıqdan məhrum etmə və 4500 manat cərimə cəzasına məhkum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarına əsasən 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə və 4500 manat cərimə cəzasına məhkum edilmiş, Masallı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən 6 ay 27 gün cəzadan vaxtından əvvəl azad edilmiş, xx.xx.2018-ci il tarixdə cəzası başa çatmış, məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. İş materiallarında olan Masallı rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 2-972/24-62-16 saylı məktubundan görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(050)-57/2015 saylı hökmü ilə X4 təyin olumuş 4500 manat cərimə cəzasından 50 manat ödənilmişdir. Məhkəmə prosses iştirakçılarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilsə də, həmin maddə üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməlidir. Belə ki, cinayət işinin materiallarından və təqsirləndirilən şəxs X4 verilən ittihamdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində hissə-hissə olmaqla vahid niyyətlə Zərərçəkmiş şəxs1 ümumilikdə 4050 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmiş, həmçinin o, xx.xx.2020-ci il tarixdə və xx.xx.2020-ci il tarixdə 900 manat və 450 manat olmaqla vahid niyyətlə Zərərçəkmiş şəxs2 ümumilikdə 1350 manat məbləğində pulunu ələ keçirərək dələduzluq etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs elan edilmiş ittihama görə hər iki epizod üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçmişdir. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci və 2-ci bəndlərinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası CM-in 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-in 39.1 və 39.1.3-cü maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin tələbləri baxımından hər bir cinayətə görə məsuliyyətə cəlb etmə müddəti müstəqil hesablandığından, eyni və yaxud həmcins cinayətlərin təkrar törədilməsi zamanı əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi halda ikinci əməl təkrarlıq yarada bilməz. Şərh olunanlardan aydın olur ki, X2 Zərərçəkmiş şəxs1 qarşı törətdiyi dələduzluq cinayəti xx.xx.2021-ci il tarixdə başa çatdığından və əməli böyük içtimai əməl törətməyən cinayətlər koteqoriyasına aid olduğundan cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Belə olan halda X2 Zərərçəkmiş şəxs2 qarşı törətdiyi ikinci dələduzluq cinayəti üzrə təkrarlıq yaranmır. Eyni zamanda X2 Zərərçəkmiş şəxs2 qarşı törətdiyi dələduzluq cinayəti xx.xx.2020-ci il tarixdə başa çatdığından və həmin əməl böyük içtimai əməl törətməyən cinayətlər koteqoriyasına aid olduğundan hazırki epizod üzrə də cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan olunan hər iki ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən CPM-in 39.1.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxs X4 qarşı mülki iddia ilə müraciət edərək cinayət nəticəsində vurulmuş ziyana görə 2350 manat və ödənilmiş dövlət rüsumuna görə 43 manat 50 qəpik, cəmi 2393 manat 50 qəpik məbləğində pulun Təqsirləndirilən şəxs alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs X8 ilə aralarında razılığa gəldikləri üçün mülki iddiasının baxılmamış saxlanmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs (eyni zamanda mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia baxılmadan saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki məhkəmə icraatı qaydasında verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1 və Cinayət Prosessual Məcəlləsinin 39.1.3, 43.3, 321, 344-347, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. X8 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. İş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia baxılmadan saxlanılsın. Qərardan, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev
Məhkəmə qərarları › İş №1(050)-90/2024
Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-90/2024
28.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver