Məhkəmə qərarları › İş №1(050)-92/2023

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-92/2023

17.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-92/2023 17.04.2023 MASALLI RAYON MƏHKƏMƏSİ hakim Quliyev Ceyhun Əmir oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Masallı rayonu, Zuvandlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2 azyaşlı övladı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Masallı rayonu, Ağakişibəyli kəndində yaşayış yeri üzrə qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçil seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı şəhəri, H.Əliyev prospektində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zaman əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd qara rəngli kağıza bükülmüş, təmiz çəkisi 0,404 qram təşkil edən ağ rəngli kristal formada olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 11 radələrində bədənində ağrılar yaranmağa başladığından şəxsi istifadəsi üçün psixotrop maddə metamfetamin almaq məqsədilə Lənkəran rayonu, Qumbaşı kəndinə getmək qərarına gəlmişdir. Bu məqsədlə həmin vaxt yaşadığı Masallı rayonu, Ağakişibəyli kəndində yerləşən evdən çıxaraq əvvəlcə Masallı şəhəri “Seybətin dairəsi” adlanan yerə və oradan da Lənkəran rayonu istiqamətində hərəkətdə olan tanımadığı şəxsə məxsus taksi ilə Lənkəran rayonu, Qumbaşı kəndinə gedib kəndin mərkəzindən keçən yolun kənarında avtomobildən düşmüşdür. Qumbaşı kəndinin mərkəzində bir qədər piyada hərəkət etdikdən sonra xarici görkəmcə narkotik aludəçisinə oxşatdığı əvvəllər tanımadığı şəxsə yaxınlaşıb bədənində ağrılar olduğunu və psixotrop maddə metamfetamin tapmaqda köməklik etməsini xahiş etmişdir. Həmin tanımadığı şəxs onda psixotrop maddə metamfetamin olduğunu, həmin metamfetamini istəsə ona satacağını demişdir. Daha sonra həmin şəxs cibindən bir ədəd qara rəngli kağıza bükülmüş maddəni çıxardıb ona göstərərək həmin bükümün içində metamfetamin olduğunu və həmin bir büküm metamfetamini 10 manata satmaq istədiyini bildirmişdir. Həmin vaxt o, tanımadığı şəxslə razılaşıb ondan bir ədəd qara rəngli kağıza bükülmüş psixotrop maddə metamfetamini 10 manat pulun qarşılığında alıb əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibinə qoyaraq oradan uzaqlaşmışdır. Daha sonra Masallı rayonu istiqamətində yolun kənarında dayanıb taksi gözləmiş və yarım saatdan çox keçməsinə baxmayaraq hər hansı bir taksi tapa bilmədiyindən piyada Masallı rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Bir müddət yolla piyada Masallı rayonu, Təzəkənd kəndi istiqamətində hərəkət etdikdən sonra Masallı rayonu istiqamətində hərəkətdə olan tanımadığı şəxsin idarə etdiyi “Qazel” markalı sərnişin mikroavtobusun yanında dayandığını görmüşdür. O, həmin tanımadığı şəxsə məxsus mikroavtobusa oturub Masallı şəhəri “Seybətin dairəsi” adlanan yerə gəlib orada düşmüşdür. Masallı şəhərində özünə aid bir sıra işlərini gördükdən sonra Masallı rayonu, Ağakişibəyli kəndində yerləşən yaşadığı evə getmiş, evdə bir az yemək yeyib çay içmiş və yorğun olduğu üçün yatıb dincəlmişdir. Həmin günü saat 22 radələrində tanımadığı şəxsdən aldığı üzərində olan bir büküm psixotrop maddə metamfetamini qəbul etməkdən ötrü yaşadığı evdən çıxıb Masallı şəhərinə gəlib orada özünə uyğun yer axtarmağa başlamışdır. Masallı şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olan vaxtı iki nəfər mülki geyimdə olan şəxslərin ona yaxınlaşdığını görmüşdür. Həmin şəxslər ona xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin Mehman və Nüsrət adlı əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğu üçün yaxınlaşdıqlarını demişdirlər. Sonra polis əməkdaşları ondan şifahi formada üzərində narkotik vasitə olub-olmamasını soruşmuşdur. Həmin vaxt o, qorxduğundan polis əməkdaşlarına heç bir cavab verməmişdir. Polis əməkdaşları cavab vermədiyini görüb ona üzərinə baxış keçirilməsindən ötrü birlikdə polis şöbəsinə getməli olduğunu demişdir. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Masallı rayon Polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra həmin iki nəfər polis əməkdaşı onu xidməti otağa aparmış və xidməti otaqda polis geyimində olan bir nəfər şəxs ona özünü Masallı RPŞ-nin TB-nin təhqiqatçısı kimi təqdim etmişdir. Sonra təhqiqatçı qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu və bu səbəbdən saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan edib bu barədə bildiriş vermişdir. Daha sonra o, ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra istəyinə əsasən vəkil Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra təhqiqatçısı üzərində şəxsi-axtarış aparılacağını və bu zaman video çəkilişdən istifadə olunacağını ona demişdir. Əvvəlcə təhqiqatçı ona üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt o, əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd qara rəngli kağıza bükülmüş içərisində psixotrop maddə olan metamfetamini və arxa sağ cibindən 1 manatlıq pul əskinazını çıxardıb təqdim edərək təqdim etdiyi psixotrop maddə metamfetamini xx.xx.2023-ci il tarixdə saat 11 radələrində Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat pulun qarşılığında aldığını və istifadə etməkdən ötrü üzərində gəzdiridiyini bildirmişdir. Təqdim etdiyi bir bükümdə psixotrop maddə metamfetamini qara rəngli kağızla birlikdə elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 0,53 qram olduğunu müəyyən etmişdir. Sonra həmin psixotrop maddə metamfetamin kağız zərfə qoyularaq qablaşdırılmış və möhür ilə möhürlənərək imzalanmışdır. Daha sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi-axtarış keçirilmiş və üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 1 manatlıq pul əskinazı isə iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Bundan sonra üzərinə keçirilən şəxsi-axtarış barədə protokol tərtib etmiş, həmin protokol təhqiqatçı tərəfindən uca səslə oxunmuş və o, da iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, ailədə yeganə qazanc gətirən şəxsin olmasını nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Masallı rayonu, Ağakişibəyli kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün Şahid2 raportla RPŞ-nin rəisinə məruzə etmişdir. Tərtib etdiyi raportun icrası tədbirlərin davam etdirilməsi üçün rəis tərəfindən Şahid2 həvalə olunmuş və həmin günü sonuncu tərəfindən qərar qəbul edilərək təsdiqlənmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat-təhqiqat qrupunun yaradılması barədə şöbə rəisi tərəfindən əmr imzalanmış və Şahid2 həmin qrupun rəhbəri, üzvləri isə RPŞ-nin TB-nin təhqiqatçısı Vafis Ağazadə və o, təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxs Masallı şəhəri, H.Əliyev prospektində piyada hərəkətdə olması barədə məlumat əldə edib Şahid2 ilə birlikdə həmin yerə getmişdir. Həmin yerdə Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduqlarını və qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişdirlər. Sonra ondan şifahi formada üzərində narkotik vasitə və yaxud psixotrop maddə olub-olmamasını soruşmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir cavab vermədiyini görüb ona birlikdə polis şöbəsinə getməli olduğunu demişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra o, təhqiqatçı Vasif Ağazadənin xidməti otağına aparılmış və bu barədə aidiyyəti üzrə raportla məruzə edilmişdir. Bundan sonra təhqiqatçısı V.Ağazadə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğu üçün saxlanılaraq polis şöbəsinə gətirildiyini deyərək ona şübhəli şəxs kimi hüquq və vəzifələrini izah edib bu barədə bildiriş vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək maddi imkanı olmadığına görə dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Sonra müdafiəçi qismində Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Daha sonra təhqiqatçısı V.Ağazadə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsilə şəxsi-axtarış aparılacağını deyərək əvvəlcə üzərində qanunla qadağan olunmuş hər hansı vasitə, predmet və ya əşya varsa, təqdim etməyi barədə təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd qara rəngli kağıza bükülmüş bükülünü və arxa sağ cibimdən 1 manatlıq pul əskinazını çıxardıb təqdim edərək təqdim etdiyi bükülünün içərisində psixotrop maddə metamfetaminin olduğunu və həmin metamfetamini xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldıb üzərində saxladığını bildirmişdir. Təqdim edilmiş bir büküm qara rəngli kağız təhqiqatçı tərəfindən açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu görünmüşdür. Sonra təhqiqatçı V.Ağazadə həmin bir bükümdə psixotrop maddə metamfetaminə bənzər kütləni kağızla birlikdə elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 0,53 qram olduğunu müəyyən etmişdir. Daha sonra həmin psixotrop maddə metamfetaminə bənzər kütlə kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri polis şöbəsinin 90 saylı möhürü ilə möhürlənərək imzalanmışdır. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi-axtarış keçirilmiş və üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bir ədəd 1 manatlıq pul əskinaz isə iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Bundan sonra təhqiqatçı V.Ağazadə şəxsiaxtarışın keçirilməsi barədə protokol tərtib etmiş, həmin protokol təhqiqatçı tərəfindən uca səslə oxunmuş və oda iştirakçılarla birlikdə həmin protokolu imzalamışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla arasında hər hansı ədavəti və düşmənçiliyi olmamış, xx.xx.2023-cü il tarixdə saxlanılıb polis şöbəsinə gətirildikdə və orada üzərinə şəxsi axtarış aparıldıqda ona qarşı heç bir fiziki güc və ya psixi təsir göstərməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Masallı CAB-nın əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasında tədqiq edilməklə elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ilə oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilərək, psixotrop maddənin əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd qara rəngli kağıza bükülmüş bükülüdə təqdim edərək, bükülüdə olan psixotrop maddə metamfetamini həmin günü səhər saatlarında Lənkəran rayonu, Qumbaşı kəndndə tanımadığı şəxsdən 10 manata almasını deməsi müəyyən edildi. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin 07 mart 2023-cü il tarixli, 19/264 saylı rəyin təsviri və nəticə hissələrində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş,üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd kağıza bükülmüş metamfetaminə bənzər kütlə....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -0,404 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. (Metamfetaminin təmiz çəkisi 0,404 qram, tədqiqata sərf olundu, 0,05 qram, qalıq 0,354 qramdır.) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X8 Yoxlamanın nəticələrinə dair 10 mart 2023-cü il tarixli 278 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN VƏ STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Maddi sübutun tanınması və təhvil verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi - 0,354 qram olan psixotrop maddə metamfetamin xx.xx.2023-cü il tarixdə maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetaminin aşkar olunduğu görüntünü əks etdirən 01 ədəd video disk iş üçün əhəmiyyətli olduğundan sübut növü kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Masallı Rayon Mənzil İstismar sahəsi tərəfindən verilmiş xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Ağakişibəyli kəndində qeydiyyatda olmaqla, arvadı 1995-ci il təvəllüdlü X2, oğlu 2014-cü il təvəllüdlü X6 və qızı 2107-ci il təvəllüdlü X3 ibarət ailə tərkibində yaşayır, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə Masallı rayon İHB-ın Şərəfə İƏDÜ nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən təqsirləndirilən şəxsin etirafı, şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilən sübutlara Azərbaycan Respublikası CPM-nin 144-146-cı maddələrində nəzərdə tutulmuş qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 59.2-ci maddəsin əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı övladının olmasını CM-nin 59.1.4-cü maddəsinə; əməlini səmimi etiraf edərək törətdiyi əmələ görə peşmançılıq çəkməsini CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs azadlığın məhdudulaşdırılması növündə cəza təyin olunacağı təqdirdə də təmin edilə bilər, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərədə tutulmuş daha ciddi cəza növünün tətbiq edilməsi üçün əsas yoxdur. İş materallarında olan şübhəli şəxsin tutulması haqqında və qətimkan tədbirinin seçilməsinə dair qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 08 mart 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə saxlanıldığı yerdən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq saxlandığı müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuna və məqsədə müvafiq hesab edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1 və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Cinayət işi üzrə müvafiq tibbi yoxlamanın rəyindən də görünür ki, Təqsirləndirilən şəxs KANNABİNOİDLƏRİN VƏ STİMULYATORLARİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması görülmüşdür. Odur ki, Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan 0,354 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, psixotrop madənin təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülməsini özündə əks etdirən 1 ədəd video CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertizanın dəyəri olan 65 (altmış beş ) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə mülki iddia yoxdur. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutularaq saxlandığı 06 mart 2023-cü il tarixindən 08 mart 2023-cü il tarixədək olan 2 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan, tədqiqata sərf edildikdən sonra qalıq qalan 0,354 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar