Məhkəmə qərarları › İş №1(050)-92/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-92/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-92/2024 08.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi-Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs iştirakları ilə Masallı Rayon Məhkəməsinin binasında xx xxx 1983-cü ildə Masallı rayonu, Ərkivan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 06 mart 2024-cü il tarixdə, saat 14 radələrində Masallı rayonu, Ərkivan qəsəbəsində saxlanılaraq RPŞ-yə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən 01 ədəd butulka qapağı içərisində təmiz çəkisi-0,175 qram təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 05 mart 2024-cü il tarixdə günorta saatlarında şəxsi işləri ilə əlaqədar Lənkəran şəhərinə getmiş və orada işlərini bitirdikdən sonra “Ləvəngi” dairəsi adlanan ərazidə tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün 1 ədəd kağız bükümdə narkotik vasitə olan heroin almış və əynində olan qara rəngli qısaqol gödəkçəsinin yan cibinə qoyaraq Masallı rayonuna geri qayıtmışdır. Üzərində olan narkotik vasitə heroini istifadə etməkdən ötrü Masallı şəhəri ərazisində xatırlamadığı marketdən məişətdə istifadə olunan 1 ədəd kağız qutuda limon duzu və aptekdən 1 ədəd şpris almışdır. Həmin günü axşam saatlarında yaşadığı qəsəbədə sakit yerdə narkotik vasitə olan heroini yerdən tapdığı şüşə butulka qapağının içərisinə töküb şpris vasitəsilə damarına vurub istifadə etmiş, butulka qapağının içərisində qalan narkotik vasitə heroini növbəti gün istifadə etməsi məqsədi ilə içərisində narkotik vasitə olan butulka qapağını siqaret qutusunun sellofan üzlüyünə salmış, həmin qapağı, limon duzu və 1 ədəd şprisi üzərində olan boş siqaret qutusunun içinə salmış və əynində olan qısaqol gödəkçəsinin sağ yan cibində saxlamışdır. 06 mart 2024-cü il tarixdə, saat 14 radələrində yaşadığı Masallı rayonu, Ərkivan qəsəbəsi ərazisində piyada hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb , xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını və üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirərək Masallı RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində baş təhqiqatçı Ariz Səfərov tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, öz istəyi əsasında dövlət hesabına vəkil Müdafiəçi dəvət edilmişdir. Sonra baş təhqiqatçı Ariz Səfərov videogörüntü aparılmaqla üzərinə baxış keçirilməzdən öncə ona üzərində qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanın varsa təqdim etməsini təklif etdikdə, o, əynində olan qara rəngli qısaqol gödəkçəsinin sağ yan cibində siqaret qutusunda saxladığı 1 ədəd kağız qutuda olan limon duzu, 1 ədəd şpris və 1 ədəd şüşə butulka qapağında olan narkotik vasitə heroini çıxardıb təqdim etmişdir. Daha sonra üzərinə və əynində olan paltarlara şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş başqa maddə aşkar olunmamışdır. Bundan sonra baş təhqiqatçı tərəfindən 1 ədəd şüşə butulka qapağında olan narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş, butulka qapağı ilə birlikdə çəkisinin 1,20 qram olduğu müəyyən edilmiş, heron, 1 ədəd kağız qutuda limon duzu və 1 ədəd şpris ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmışdır. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda etdiyi əməldən peşmandır. Məhkəmədən narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq, barəsində qanuna uyğun cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizalarının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Masallı Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 mart 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda, üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması qeyd olunmuşdur. Həmin məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb Masallı RPŞyə gətirilməsi ilə əlaqədar tərəfindən “Təxirə salınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi” haqqında qərar qəbul olunmuşdur. 06 mart 2024-cü il tarixdə saat 14 radələrində Rzayev X10 rayonu, Ərkivan qəsəbəsində saxlanılmış və orada üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığına görə Masallı RPŞ-yə dəvət edilmişdir. Polis şöbəsində baş təhqiqatçı Ariz Səfərov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, hüquq və vəzifələri izah olunaraq hüquqlarının müdafiəsi üçün Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət edilmişdir. Sonra videoçəkiliş aparılmaqla baş təhqiqatçı X14 Rzayevə üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, könüllü olaraq təqdim etməsini təklif etdikdə, sonuncu əynində olan qara rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən 1 ədəd “Rothmans” markalı siqaret qutusunu çıxardıb iştirakçılara təqdim etmişdir. Daha sonra edilən sorğusual zamanı Təqsirləndirilən şəxs siqaret qutusunun içərisindən 1 ədəd şpris, 1 ədəd kağız qutuda limon duzu və 1 ədəd butulka qapağının içərisində narkotik vasitə olan heroin olduğunu, narkotik vasitəni Lənkəran şəhərində tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş başqa hər hansı bir maddə və ya əşya aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd butulka qapağının içərisində olan narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, qapaqla birlikdə çəkisinin 1,20 qram olduğu müəyyən edilmiş, 1 ədəd butulka qapağının üzərində olan narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd şpris və 1 ədəd kağız qutuda limon duzu ayrı-ayrı zərflərə qoyularaq qablaşdırılmış və zərflərin üzəri imzalanaraq DİN-nin 90 saylı möhürü ilə möhürlənmişdir. Bütün bunlar barədə protokol tərtib olunmuş, protokol iştirakçılara ucadan oxunmuş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Şahid Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X4 cinayət işinin ibtidai istintaqı zamanı vermiş olduğu və məhkəmə iclası zamanı tədqiq edildikdən sonra elan olunmuş ifadəsindən görünür ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan video diskə keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Masallı RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X6 və Masallı RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti X7 iştirakları ilə Masallı RPŞ-nin baş təhqiqatçısı X9 tərəfindən Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və əşya varsa könüllü olaraq iştirakçılara təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısaqol gödəkçəsinin sağ yan cibindən 1 ədəd “Rothmans” markalı siqaret qutusunu çıxardıb iştirakçılara təqdim edərək, siqaret qutusunun içərisindən 1 ədəd şpris, 1 ədəd kağız qutuda limon duzu və 1 ədəd butulka qapağının içərisində narkotik vasitə olan heroin olduğunu, narkotik vasitəni Lənkəran şəhərində tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra 1 ədəd butulka qapağının içərisində olan narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş, qapaqla birlikdə çəkisinin 1,20 qram olduğu müəyyən olunmuş, zərfə qoyularaq qablaşdırılmış, RPŞ-nin 90 saylı möhürü ilə möhürlənmiş və götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış davam etdirilmiş, lakin üzərindən əlavə olaraq qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. İş materiallarında olan Masallı Rayon İcra Hakimiyyəti Başçısının Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə mənfi xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin 07 mart 2024-cü il tarixli 19/217 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd butulka qapağı içərisində təmiz çəkisi: -0,175 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şpris.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd 2ml-lik tibbi şpris içərisində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisi və tədqiqata təqdim edilmiş heroin ilə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş limon duzuna oxşar maddə.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi:-3,796 qram olan ağ rəngli dənəvari kristallardan ibarət maddə narkotik, psixotrop, zəhərli və güclü təsir edən maddələrin siyahısına aid deyildir (Heroinin təmiz çəkisi-0,175 qram, tədqiqata sərf edildi- 0,03 qram, qalıq-0,145 qram). İş materiallarında olan Azərbaycan Respubllikası Səhiyyə Nazirliyinin Lənkəran şəhər X1 X2 dair 07 mart 2024-cü il tarixli 234 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Rzayev X10 Rayon Məhkəməsinin 1(050)-148/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Masallı Rayon Məhkəməsinin 1(050)-20/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış və cəza müddəti bitdiyindən azad edilmiş, hazırda məhkumluğu yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi» barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin sərəncamın 13.4-cü bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Cəzanın təyin edilməsinin ümumi əsaslarından bəhs edən Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yəni məhkumluğunun olmamasına baxmayaraq əvvəllər də eyni xarakterli cinayət əməli törətməsini, habelə narkotik vasitələrin aludəçisi olmasını, narkomaniya xəstəliyindən əzab çəkməsini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, 08 mart 2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən buraxılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə edilməli və ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, iş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,145 qram narkotik vasitə heroin məhv edilməli, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 mart 2024-cü il tarixdən 08 mart 2024-cü il tarixədək həbsdə saxlandığı müddətin bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə hesabı ilə hesablanmaqla, üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 may 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut olan və Masallı Rayon Polis Şöbəsində (maddi sübutların saxlanılması otağında) saxlanılan (ekspertiza tədqiqatından sonra qalıq qalan) ümumi çəkisi 0,145 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan (həbsdə saxlanılan məhkum üçün hökmün surətini aldığı andan) 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar