Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-92/2025 01.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi- Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Masallı rayonu, Banbaşı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Banbaşı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Masallı rayonu Böyük Xocavar kəndində daimi qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs qardaşı Şahid dayandırılmış pensiyasını ümumilikdə 1500 manat pul qarşılığında bərpa etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2024-cü ilin avqust ayının 20-si ərəfələrində Masallı rayonu Banbaşı kəndində 700 manat, 2024-cü ilin avqust ayının axırlarında Masallı rayonu Mərkəzi Xəstəxanasının həyətində 400 manat, 2024-cü ilin sentyabr ayının 20-si ərəfələrində Masallı rayonu Banbaşı kəndində 200 manat, 2024-cü ilin sentyabr ayının axırlarında Masallı rayonu Mərkəzi Xəstəxanasının həyətində 200 manat pulu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 1500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Masallı rayonu Banbaşı kəndində qeydiyyatda olmaqla ailəsi ilə birlikdə yaşayır. Konkret olaraq hər hansı bir işlə məşğul olmur. Əvvəllər törətdiyi dələduzluq cinayət əməllərinə görə məsuliyyətə cəlb edilmişdir. Zərərçəkmiş şəxs əvvəllər, hələ uşaqlıq vaxtlarından tanımış, aralarında hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. 2024-cü ilin avqust ayının ortalarında Masallı rayon Mərkəzi Xəstəxanasının həyətində olan zaman Ceyhunla rastlaşmışdır. Aralarında olan söhbət zamanı Ceyhun ona qardaşı İsmayılı həkim müayinəsi üçün gətirdiyini, İsmayılın pensiyasının kəsilməsini, buna görə də onun dayandırılmış pensiyasını bərpa etdirmək istədiyini bildirmişdir. Söhbət zamanı Ceyhuna qardaşı İsmayılın pensiya işini düzəldə biləcəyini demişdir. Əsl həqiqətdə isə özünün başqa şəxslərə pul borcu olduğundan, həmin borcları ödəmək məqsədi ilə Zərərçəkmiş şəxs dələduzluq yolu ilə pul əldə etmək niyyətinə düşmüşdür. Halbuki, Şahid pensiya işi ilə əlaqədar həkim müayinəsindən keçirmək və şəxsin müayinədən keçirilməsi üçün vasitəçilik etmək kimi niyyəti olmamışdır. Ceyhuna onun qardaşının kəsilmiş pensiyasının bərpasını həll edə biləcəyini, bu işin müqabilində ümumilikdə ən azı 1500 manat pul lazım olacağını bildirmişdir. Ceyhun isə onu uzun müddət tanıdğına görə səmimiyyətinə inanmışdır. Aralarında olan razılıq əsasında Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda hissə-hissə olmaqla ona ümumilikdə 1500 manat pul vermiş, Zərərçəkmiş şəxs aldığı pulları şəxsi məqsədləri üçün istifadə etmişdir. Zərərçəkmiş şəxs qardaşı Şahid işi ilə əlaqədar hər hansı real hərəkət etməmiş, bu məqsədlə hər hansı şəxslərlə danışıqlar aparmamışdır. Bu məqsədlə bir müddət Zərərçəkmiş şəxs aldatmağa davam etmişdir. Aradan xeyli müddət keçdikdən sonra Ceyhun qardaşı İsmayılın işinin düzəlmədiyini görüb onu aldatdğını başa düşərək verdiyi pulu ondan geri istəmişdir. O, isə Ceyhuna ona möhlət verməsini, ondan aldığı pulu geri qaytaracağını bildirmişdir. 2025-ci ilin fevral ayının əvvəllərində 1500 manat puldan 400 manat pulu Ceyhuna geri qaytara bilmişdir. Lakin, qalan pulu isə qaytara bilmədiyi üçün Ceyhun onun barəsində Masallı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Sonda təqsirləndirilən şəxs M.M. Feyzullayev əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödədiyini, ona qarşı şikayət və tələbin olmadığını bildirib barəsində yüngül və ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Masallı rayonu Böyük Xocavar kəndində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı kənddə özünə məxsus olan mebel sexi vardır. Həmin sexi işlətməklə ailəsini dolandır. Qardaşı Şahid 2000-ci ildən böyrək çatışmazlığı ilə əlaqədar olaraq 2-ci qrup əlil olmuş və buna görə də dövlət tərəfindən müəyyən edilmiş məbləğdə pensiya almışdır. 2019-cu il tarixdən isə İsmayılın pensiyası kəsilmişdir. Buna görə də o, qardaşı İsmayılın pensiyasını qanuni yolla bərpa etdirməyə çalışmış və qardaşını bir neçə il həkim müayinələrinə aparmışdı. 2024-cü ilin avqust ayının ortalarından sonra Masallı rayon Mərkəzi Xəstəxanasında qardaşı İsmayılı həkim müayinəsi üçün gətirən zaman xəstəxananın həyətində əvvəllər tanıdığı Təqsirləndirilən şəxs görmüşdür. O, xəstəxanaya gəlib getdiyi ərəfələrdə Mircavadın çox zaman xəstəxana ərazisində əlində sənədlərlə hərəkət etdiyini görmüşdür. Buna görə də 2024-cü ilin avqust ayında Mircavadı bir daha Mərkəzi xəstəxanada görən zaman ona yaxınlaşıb söhbət etməyə başlamışdır. Aralarında olan söhbət zamanı o, Mircavada qardaşı İsmayılın təqaüdünün kəsilməsini, onu bərpa elətdirmək üçün gəlib-getdiyini bildirmişdir. Mircavad isə ona baş həkimin onun tanışı olmasını, eyni zamanda bu işləri onun asanlıqla həll etdiyini, hətta qardaşının bir neçə il ərzində kəsilmiş pensiyasını belə bərpa etdirəcəyini bildirmişdir. O, Mircavadı əvvəllər də xəstəxanada əlində sənədlərlə gördüyü üçün onun həqiqətən qardaşının kəsilmiş pensiyasını həll edə biləcəyini düşünüb onun sözlərinə inanmışdır. Aralarında olan sonrakı danışıq zamanı Mircavad ona qardaşı İsmayılın pensiyasının bərpası üçün ümumilikdə ən azı 1500 manat pul lazım olacağını, pulun bir hissəsini qabaqcadan verməsini, qalanını isə sonradan hissə-hissə verməli olmağını bildirmişdir. O, Mircavadın sözlərinə inadığı üçün onunla razılaşmışdır. Aralarında olan razılıq əsasında təxminən 2024-cü ilin avqust ayından sentyabr ayının axırlarına kimi hissə-hissə olmaqla ümumlikdə 1500 manat məbləğdə pulu Miracavada vermişdir. Mircavad qardaşının pensiyasının 1-2 ay ərzində hazır olacağını və qısa müddət ərzində pensiya kartını ona verəcəyini dediyinə görə razılaşaraq həmin müddəti gözləmişdir. Arabir isə Mircavada zəng edərək pensiyanın bərpası ilə bağlı maraqlanmışdır. Lakin, pensiya işinin düzəlmədiyini və Miracavadın verdiyi vədə əməl etməyərək müxtəlif bəhanələr gətirdiyini və onu aldatdığını görüb dəfələrlə pulunu geri istəməyə başlamışdır. Mircavad isə ona pulunu qısa müddətə qaytaracağına söz versə də, lakin müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmağa çalışmışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs 1500 manat puldan 2025-ci ilin fevral ayında 400 manatı geri qaytarmışdır. Lakin, Miracavad ona qalan məbləği qaytarmadığı üçün onun barəsində RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxs onu aldadaraq aldığı 1500 manat pulu ona qaytararaq ona vurduğu maddi ziyanı tam şəkildə ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. O, təqsirləndirilən şəxsin barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs ifadəsi ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Masallı RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı Qasım Hüseynov tərəfindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış, icraata qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Masallı rayonu, Böyük Xocavar kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddədə nəzərədə tutulan ittiham elan edilmişdir. Qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə Azərbaycan Respublikasını CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək müxtəlif rayon məhkəmələrinin hökmləri ilə cərimə, islah işləri cəzalarına məhkum olunmuş, həmin hökmlər üzrə məhumluğu ödənilmiş, eyni zamanda CM-nin 178.1-ci maddəsi ilə Yasamal RPİ-də istintaqı aparılmış ********* nömrəli cinayət işinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının CPM-nin 40.3-cü və CM-nin 73.2-ci maddələrinə (zərərçəkmiş şəxslə barışmaqla vurulmuş ziyan ödənildiyinə görə) əsasən xitam verilmiş, bundan əlavə Masallı RPŞ-də Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının CPM-nin 39.1.3-cü maddəsilə (cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə) xitam verilmişdir. Masallı rayon İcra və probasiya şöbəsinin tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məlumatından görünür ki, Təqsirləndirilən şəxs barəsində Masallı rayon İcra və probasiya şöbəsinin qeydiyyatında hər hansı hökm üzrə cəza və cinayət hüquqi xarakterli tədbir yoxdur. Masallı Rayon İcra Hakimiyyəti başçısının Banbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 11 aprel 2025-ci il tarixli arayış və xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Banbaşı kəndində qeydiyyatda olmaqla, iki nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Zərərçəkmiş şəxs tərəfindən yazılmaqla imzalanmış xx.xx.2025-ci il tarixli ərizədə göstərilir ki, cinayət əməli nəticəsində ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ona ödənilmişdir. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Barısində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Masallı rayonu Böyük Xocavar kəndində daimi qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs qardaşı Şahid dayandırılmış pensiyasını ümumilikdə 1500 manat pul qarşılığında bərpa etdirəcəyinə dair yalan vəd verməklə üzərinə götürdüyü öhdəliyi əvvəlcədən yerinə yetirmək niyyətində olmadan, yəni özgənin əmlakını əvəzsiz olaraq ələ keçirmək niyyətində olmaqla aldadaraq özünə inandırdıqdan sonra 2024-cü ilin avqust ayının 20-si ərəfələrində Masallı rayonu Banbaşı kəndində 700 manat, 2024-cü ilin avqust ayının axırlarında Masallı rayonu Mərkəzi Xəstəxanasının həyətində 400 manat, 2024-cü ilin sentyabr ayının 20-si ərəfələrində Masallı rayonu Banbaşı kəndində 200 manat, 2024-cü ilin sentyabr ayının axırlarında Masallı rayonu Mərkəzi Xəstəxanasının həyətində 200 manat pulu vahid niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 1500 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan suiistifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə həmin maddə ilə cinayət məsuliyyətinə səbəb olur. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində Yasamal RPİ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işinin icraatına xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının CPM-nin 40.3cü və CM-nin 73.2-ci maddələrinə istinad edilməklə xitam verilmişdir. Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə edib vurulmuş zərəri tam şəkildə ödəsə də, yuxarıdakı əsaslara görə məhkəmə hesab edir ki, ona artıq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 24 dekabr 1921-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini CM-in 59.1.13-cü maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə- min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın müəyyən edilməməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə həmçinin Cinayət Məcəlləsinin 52-1.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuni və məqsədə müvafiq hesab edir. Cəzaçəkmə müddətinin əvvəli Masallı rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 110 manat pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 110 (bir yüz on) manat pul dövlət büdcəsinin vəsaiti hesabından tutulub Masallı rayon «Kapital Bank»dakı hesabına köçürülsün. (kod-990003611, VÖEN **********1, hesablaşma hesabı ********************). Hökmün icrası Masallı rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №1(050)-92/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-92/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver