Məhkəmə qərarları › İş №1(050)-93/2024

Masallı Rayon Məhkəməsi Qərar — İş №1(050)-93/2024

15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Masallı rayonu İş № 1(050)-93/2024 15.04.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Xüsusi ittihamçı X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 iştirakları ilə X2 cinayət məsuliyyətinə cəlb edilməsi dair X1 xüsusi ittiham qaydasında şikayətinə açıq məhkəmə hazırlıq iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: X4 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək onu təhqir etdiyinə, ləyaqətini alçatdığına, iradəsinə zidd olaraq heç bir hüquqi əsas olmadan polis şöbəsində saxlamaqla azadlıqdan məhrum edildiyinə görə Masallı RPŞ-nin DYPB-nin rəisi X2 cinayət məsuliyyətinə cəlb edilməklə cəzaya məhkum olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı xüsusi ittihamçı X4 şikayətini müdafiə edərək izahatında göstərdi ki, ona məxsus VAZ 21074 markalı, ** CU *** dövlət nömrə nişanlı avtomobil 31 mart 2024-cü il tarixdə Masallı RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru X7 tərəfindən saxlanılmış, inzibati protokol tərtib edilmiş, müvafiq sənədləşmə aparılmadan qərar və ya akt tərtib olunmadan avtomobili müvəqqəti duracağa yerləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 100.3-cü maddəsinin tələblərinə zidd olaraq YPX-nin baş inspektoru X7 ona inzibati protokolu təqdim etməkdən imtina etmişdir. O, avtomobil təmiri ilə məşğul olmaqla dostu Masallı rayonu, Ərkivan qəsəbə sakini Tərlan Nəzərova məxsus avtomobili təmir etmişdir. Tərlan Nəzərovun avtomobilinin təmiri ilə bağlı aldığı ehtiyat hissələri onun avtomobilinin yük yerində qalmış və həmin ehtiyat hissələrini götürmək zərurəti yarandığından ehtiyat hissələrini götürmək üçün Tərlan Nəzərovla birlikdə 31 mart və 01 aprel 2024-cü il tarixlərində Masallı RPŞ-nə getmişlər. 31 mart 2024-cü il tarixdə DYPB-nin baş dövlət avtomobil müfəttişi X6 tərəfindən kobud ifadələrlə təhqir olunaraq geri qayıtmışlar. 01 aprel 2024-cü il tarixdə Tərlan Nəzərova məxsus ehtiyat hissələrini avtomobilinin yük yerindən götürmək üçün yenidən onunla Masallı RPŞnə getmiş, X9 RPŞ-nin giriş qapısında qalmış, o isə Masallı RPŞ-nin DYPB-nə getmiş və həmin bölmənin əməkdaşı Ariz İsmayılova müraciət edərək, avtomobilinin yük yerində dostu Tərlan Nəzərova məxsus avtomobil ehtiyat hissələrinin olduğunu bildirmiş və həmin ehtiyat hissələrinin götürülməsinə şərait yaradılmasını xahiş etmişdir. X10 harada olmasını soruşduqda bildirmişdir ki, Tərlan Nəzərovla birlikdə gəlmiş, lakin Tərlan Nəzərov onu Masallı RPŞ-nin giriş qapısında gözləyir. Ona demişdir ki, gedib Tərlan Nəzərovu onun yanına dəvət etsin. O da Tərlan Nəzərova içəri dəvət olunduğunu demiş və onlar birlikdə Ariz İsmayılovun xidməti otağına daxil olmuşlar. Ariz İsmayılov bu zaman iş masasının üstündəki əşya və sənədləri əli ilə yerə tökmüş və demişdir ki, bunları sən etdin. Sonra onun və Tərlanın qolundan tutaraq DYPB-nin rəisi Asəf Mustafayevin xidməti otağına aparmış, Asəf Mustafayev DYPB-nin əməkdaşlarından şikayət etdikləri üçün ona və Tərlan Nəzərova “Cındır”, “Küçük” deməklə onları təhqir etmiş, onları bölmədə qız əvəzi işlədəcəyi ilə hədələmişdir. X12 göstəriş vermişdir ki, apar bunları protokollaşdır və həbs etdir ki, ağılları başlarına gəlsin və bir daha şikayət etməsinlər. Ariz İsmayılov onların qolundan tutub öz xidməti otağına aparmış və orada Tərlan Nəzərovu yumruqla vuraraq alt dodaq nahiyəsinə xəsarət yetirmişdir. Həmin gün Masallı RPŞ-nin DYPB-nin rəisi Asəf Mustafayev hüquqi əsas olmadan onu saat 18 radələrinədək Masallı RPŞ-nin inzibati binasında saxlamaqla, əsassız olaraq azadlıqdan məhrum etmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 izahatında göstərdi ki, X3 məxsus “Vaz 2107“ markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil 31 mart 2024-cü il tarixdə YPX-nin əməkdaşları tərəfindən təhlükəsizlik kəmərində istifadə etmədiyi üçün saxlanılmış, saxlanılan zaman məlum olmuşdur ki, Yusif Şirəliyev qanunsuz olaraq avtomobilinə led işıqlar və əlavə avadanlıqar quraşdırmışdır. Bu səbəbdən də avtomobili Masallı RPŞ-nin duracağına yerləşdirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə edilmişdir. 01 aprel 2024-cü il tarixdə Yusif Şirəliyev həmkəndlisi Tərlan Nəzərovla birlikdə Masallı RPŞ-yə gəlmiş, T.Nəzərov orada səs-küy salaraq onların qanuni tələbinə qəsdən tabe olmadığı üçün barəsində qanunamüvafiq tədbir görülməsi üçün raportla RPŞ-nin rəhbərliyinə müraciət olunmuş və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə T.Nəzərov cərimə edilmişdir. Hazırki şikayətdə göstərilənlər tamamilə əsassızdır. Belə ki, Yusif Şirəliyev və Tərlan Nəzərovu nə o, nədə ki, digər polis əməkdaşları təhqir etməmiş, onların ləyaqətini alçaldan hər hansı ifadə işlətməmiş və onları polis şöbəsində qanunsuz saxlamamışlar. Göstərilənləri nəzərə alaraq qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 37.2-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərərçəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. 302-ci maddəsində qeyd edilmişdir ki, aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: şikayət həmin məhkəməyə aid olmadıqda, şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə, şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 293.3.1-ci maddəsində şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2-ci maddəsində törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3-cü maddəsində cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4-cü maddəsində şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, 293.3.5-ci maddəsində cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6-cı maddəsində şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7-ci maddəsində şikayəti vermiş şəxsin imzasının olmasının şikayət ərizəsində olması göstərilməlidir. Məhkəmə qeyd edir ki, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun deyildir. Belə ki, CPM-nin 293.3.1-ci maddəsində şikayət vermiş şəxs haqqında məlumatların (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) göstərilməsi imperativ şərt kimi nəzərdə tutulmuş olsa da, şikayətdə qeyd olunan şərtə əməl olunmamışdır. Bundan əlavə xüsusi ittahamçı X4 barəsində şikayət olunan X2 cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, şikayətini kifayət qədər əsaslandırmamış, həmçinin şikayətin dəlillərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində qeyd edilmişdir ki, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə həmçinin qeyd edir ki, xüsusi ittihamçı X4 şikayətində və məhkəmə iclasında vermiş olduğu izahatında X2 onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmasını (təhqir etməsini) göstərsə də, bunu hansı kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, sübut etmə vəzifəsinin bölgüsü baxımından qeyd olunan halları təsdiq edən sübutları təqdim etmək vəzifəsini xüsusi ittiham qaydasında şikayət vermiş şəxs daşıyır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 № li qərarının 10 bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 37-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin ərizəsi əsasında CM-nin 147 (böhtan), 148 (təhqir), 165.1 (müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma) və 166.1-ci (ixtiraçılıq və patent hüquqlarını pozma) maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir. Cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olan zərər çəkmiş şəxs xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışına təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı, barəsində şikayət verilmiş şəxs isə - təqsirləndirilən şəxs qismində tanınırlar. Həmin qərarın 12 bəndinə əsasən, kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) təhqir və böhtan xarakterli məlumatı yaymış şəxs özünü bəlli etmədikdə, belə məlumatlar anonim şəkildə yayılmış məlumatlar hesab edilir, onların yayılması ilə bağlı xüsusi ittiham qaydasında verilmiş şikayət isə - CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olmayan şikayət kimi qiymətləndirilir. Belə hallarda məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən qəbul edilən qərarlardan biri də, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərardır. 302.2.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1,8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. 302.1.7-cimaddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə məhkəmə qeyd olunanlara əsasən belə hesab edir ki, X2 cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 cinayət məsuliyyətinə cəlb edilməsi barədə X1 xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti və apelyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar