Məhkəmə qərarları › İş №1(050)-93/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-93/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-93/2025 01.07.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 hüquqi varisi X1, Zərərçəkmiş şəxs3 nümayəndəsi, Zərərçəkmiş şəxs2, müdafiəçi Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1980-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2n, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsi olan minik avtomobili idarə etməklə, yol hərəkəti qaydalarını pozub, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 01 fevral 2025-ci il tarixdə saat 20:40 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz C 200 CDİ” minik markalı **- DR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara-İran sərhədi avtomobil yolunun Masallı rayon ərazisindən keçən 142,5-ci km/də Astara rayon istiqamətdə hərəkətdə olmuşdur. Bu zaman o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni 3.24 ”Maksimum sürətin məhdudlaşdırılması” yol nişanın tələblərinə əməl etməli, nəqliyyat vasitəsini 60 km/saat sürətdən artıq sürətlə idarə etməməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, qarşıda dumanlı havada sağ zolaqla yük avtomobilin hərəkətdə olmasını nəzərə alaraq vaxtında minik avtomobilin sürətini azaltmalı, yük avtomobili ilə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli, lazım gələrsə sola doğru təhlükəsiz manevr aparmaqla yük avtomobilin sol tərəfindən ötüb keçməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, eyni istiqamətdə sağ zolaqla hərəkətdə olan X3 idarə etdiyi “DİMA H4X2T490C4” yük markalı **-AE-*** İran qeydiyyat nişanlı, **-AE-*** nömrəli qoşqulu avtomobilə arxadan çırpılmışdır. Nəticədə Təqsirləndirilən şəxs ehtiyyatsızlıqdan “Mercedes Benz C 200 CDİ” minik markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs1 açıq kəllə-beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma, alın sümüyünün basılmış, kəllə qapağı və kəllə əsası sümüklərinin qəlpəli sınığı, başın alın və təpə nahiyyəsinin, sağ gözaltı nahiyyəsinin və sağ yanağın əzilmiş yarası, sağ yanaq nahiyyəsinin sıyrığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun ölümü ilə nəticələnən, digər sərnişin Zərərçəkmiş şəxs2 sağ almacıq sümüyünün ikiqat basılmış sınığı, sol İ qabırğanın boynundan başına və qabırğa fəqərə birləşməsinə keçən yerdəyişməmiş sınığı və sifətin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, digər sərnişin Zərərçəkmiş şəxs3 əsas, sağ əng, sağ almacıq sümüklərinin sınıqları, sağ alınxəlbir tikişinin travmatik aralanması, travmatik subaraxnoidal qansızma və travmatik pnevmosefaliya ilə müşayiət olunan başın küt travması, onurğa beyninin əzilməsi ilə müşayiət olunan onurğa sütununun İ,İİ,İV,V,Vİ boyun fəqərələrinin sınıqları, ağciyərlərin əzilməsi, sağ qaşüstü nahiyyənin əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, 01 fevral 2025-ci ildə saat 20:40 radələrində idarə etdiyi “Mercedes Benz C 200 CDİ” minik markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara yolu ilə Astara rayonu istiqamətdə 80 km/saat surətlə hərəkətdə olmuşdur. Həmin vaxt qabaq sərnişin oturacağında Zərərçəkmiş şəxs1, arxa sərnişin oturacağında onun arxa tərəfində Zərərçəkmiş şəxs2, ortada uşaq, sağ tərəfdə isə Zərərçəkmiş şəxs2 arvadı Zərərçəkmiş şəxs3 oturmuşdur. Aydın havada qarşısında hərəkətdə olan avtomobillə arasında 50-60 metr məsafə olmuşdur. Masallı rayon ərazisində olan YPX postuna az məsafə qalmış ani anda duman olduğundan yolda görünüş məsafəsi azalmışdır. Dumana daxil olandan sonra xəbərdarlıq siqnalı kimi 3 dəfə tormozdan istifadə etmişdir ki, arxadan hərəkətdə olan avtomobil onu görsün, eyni zamanda surətini 50-60 km/saat surətə qədər azaltmışdır. Lakin kəskin əyləcdən istifadə etməmişdir, çünki özü də, qəzaya səbəb ola bilərdi. Dumanda 50-60 metr hərəkət etdikdən sonra qarşısında təxminən 5 metr məsafədə eyni istiqamətdə qoşqulu yük avtomaşının yolun hərəkət hissəsində dayandığını və kəskin əyləc işıqlarından istifadə etdiyini görmüşdür. Yük avtomaşınını sol tərəfindən keçib getmək üçün sükanı sola tərəf hərəkət etdirsə də, avtomaşının qabaq sağ hissəsi arxa sol tərəfdən yük avtomaşının qoşqusuna çırpılmışdır. Materiallarda qeyd etmişlər ki, zəruri olan haldan istifadə etməmiş, halbuki istifadə etmişdir. Hadisəni törətdikdən sonra arxadan Tır maşınının gəldiyini görüb avtomobili qəzalı vəziyyətdə sürüb toqquşduğu Tır maşınının qarşısında saxlamışdır ki, onun idarə etdiyi maşını arxadan vurmasın. Hadisə zamanı avtomaşında qabaq sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs1 vəfat etmişdir. Avtomaşında olan digər sərnişinlər xəsarət aldığından onlara yardım etməklə Masallı rayon Mərkəzi xəstəxanasına yola salmışdır. Zərərçəkmiş şəxs3 müalicəsi üçün maddi imkanı aşağı olduğundan 3700 manat məbləğində pul vermişdir. Həmin pulun 1200 manatını zərərçəkmiş şəxs tərəfin kartına göndərilmiş, 2500 manatı isə yas mərasimi vaxtı atası Zərərçəkmiş şəxs2 vermişdir. Sığorta şirkəti tərəfindən isə zərərçəkmiş şəxslərə 3000 manat məbləğində vəsait ödənilmişdir. Əlavə olaraq zərərçəkmiş şəxs qəbul etsə avtomibilini təmir edib sataraq 5000 manat ödəniş edə bilər. Törətdiyi əməldən səmimi peşmançılığının və xəstəliyinin nəzərə alaraq yüngül cəzanın təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin ifadələri və işdə toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs1 hüquqi varisi X2 ifadəsində bildirmişdir ki, 02 fevral 2025-ci ildə gecə saat 02 radələrində evə olduğu zaman əri Zərərçəkmiş şəxs1 meyidini evə gətirmişlər. Həmin vaxta kimi ərinin qəzada ölməsini ondan gizlətmişlər. Sonradan bilmişdir ki, Elnur adlı şəxsin idarə etdiyi “Mercedes Benz C 200 CDİ” minik markalı avtomobil yük avtomaşının qoşqusuna çırpılmış və nəticədə əri Zərərçəkmiş şəxs1 ölmüşdür. Dəymiş ziyanla bağlı oğlu Raminə 2500 manat birdəfəlik verilmiş, 1200 manat pul isə hissə-hissə karta göndərilmişdir. Hazırda gəlini Zərərçəkmiş şəxs3 evdə nəfəs aparatına qoşulmuşdur, huşu aydın olsa da, yemək yeyə və hərəkət edə bilmir. Təqsirləndirilən şəxsdən gəlinini sağaltmasını istəyir. Lakin əri Rəsulun ölümü ilə bağlı pul tələb etmir. Təqsirləndirilən şəxs ilə barışmadığını, ərinin ölümü və gəlinin xəsarəti ilə bağlı şikayətçi olduğunu, təqsirləndirilən şəxsin 6 ay müddətdə bir dəfə olsun onlarla əlaqə saxlamadığını bildirərək Təqsirləndirilən şəxs həbs olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 nümayəndəsi, Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, 01 fevral 2025-ci ildə saat 20:40 radələrində Elnurun idarə etdiyi “Mercedes Benz C 200 CDİ” minik markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətdə hərəkətdə olmuşlar. Həmin vaxtda qabaq sərnişin oturacağında atası Rəsul, arxada isə o, ailə üzvləri ilə birgə əyləşmişdir. Masallı rayon ərazisindən keçdikdə arxa sərnişin oturacağında yatmışdır və ayıldıqda xəstəxanada olduğunu görmüşdür. Həmin vaxt telefonunun yanında olan nömrə ilə əlaqə saxlamışdır. Ad olaraq İdrak qeyd olunsa da, təqsirləndirilən şəxsin Azər adlı dostu ilə əlaqə saxlamış və o, nə lazım olsa kömək edəcəyini demişdir. Sonra əmisi oğlu Əlikrama zəng edib ailə üzvləri barədə maraqlandıqda atası Rəsulun vəfat etdiyini, arvadı Şeydanın isə xəstəxanada olduğunu bildirmişdir. 02 fevral 2025-ci il tarixdən arvadı Zərərçəkmiş şəxs3 xəstəxanaya yerləşdirilmişdir. Arvadının müalicəsinə 16000 manata yaxın vəsait sərf olunmuşdur ki, həmin məbləğin 3700 manatı təqsirləndirilən şəxs tərəfindən qarşılanmışdır. Sığorta şirkəti onun və arvadının sağlamlıqlarına dəymiş ziyana görə hər birinə 1500 manat ödəniş etmişdir. Elnuru hadisədən sonra 04 fevral 2025-ci il tarixdə Neyrocərrahiyə xəstəxanasına arvadının yanına gedəndə görmüşdür. Təqsirləndirilən şəxsin atası iki nəfər şəxslə birlikdə atasının 7 mərasiminin axşamı gəlmişdir, ondan başqa heç vaxt gəlməmişlər. Təqsirləndirilən şəxs 15000 manat ödəniş etsə onu bağışlayar, ona qarşı şikayət və tələbi olmayacaqdır. Onların təqsirləndirilən şəxsə qarşı şikayəti arvadına dəymiş maddi ziyanla bağlıdır. Atasının ölümü ilə bağlı təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ilə barışmadığını, atasının ölümü və arvadının xəsarəti ilə bağlı şikayətçi olduğunu, təqsirləndirilən şəxsin 6 ay müddətdə bir dəfə olsun onlarla əlaqə saxlamadığını bildirərək Təqsirləndirilən şəxs həbs olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs3 istintaq zamanı ifadəsində bildirmişdir ki, 01 fevral 2025-ci ildə saat 20:40 radələrində Elnurun idarə etdiyi “Mercedes Benz C 200 CDİ” minik markalı **-DR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Ələt-Astara yolu ilə üzü Astara rayon istiqamətdə hərəkətdə olarkən qabaq sərnişin oturacağıda qaynatası Rəsul, arxada isə əri Ramin və oğlu Yusiflə birgə əyləşmişdir. O, arxa sərnişin oturacaqda yatmış və ayıldıqda xəstəxanada olduğunu görmüşdür. Həmin vaxt yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığını bilmişdir. Hal-hazırda müalicəsi davam edir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid X5 istintaq zamanı ifadəsində bildirmişdir ki, 01 fevral 2025-ci ildə saat 20:40 radələrində idarə etdiyi “DİMA H4X2T490C4” yük markalı **-AE-*** İran qeydiyyat nişanlı, **-AE-*** nömrəli qoşqulu avtomaşınla Ələt-Astara yolu ilə Astara rayon istiqamətdə sağ zolaqla hərəkətdə olmuşdur. Masallı rayon ərazisində YPX postuna yaxınlaşdıqda, yolda duman olduğundan avtomaşının sürətini saatda 40 km/ə qədər azaltmışdır. YPX postuna az qalmış arxadan tappıltı səsi eşidib avtomaşını saxlamış və aşağı düşdükdə “Mercedes Benz C 200 CDİ” minik markalı avtomobilin qabaq sağ hissəsinin arxadan yük avtomaşının qoşqusuna çırpıldığını görmüşdür. Daha sonra minik avtomobildə olan sərnişinlərə yardım etmişdir. Hadisə zamanı özü xəsarət almamışdır. “Mersedes Benz C 200 CDİ” minik markalı avtomaşında olan kişi sərnişinin vəfat etdiyini sonradan bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X7 Publik hüquqi şəxsin Masallı rayon şöbəsinin məhkəmə-tibb ekspertizasının 01 fevral 2025-ci il tarixli 06 nömrəli ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs1 meytində aşkar edilmiş xəsarətlər – açıq kəllə-beyin travması, baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına qansızma, alın sümüyünün basılmış, kəllə qapağı və kəllə əsası sümüklərinin qəlpəli sınığı, başın alın və təpə nahiyyəsinin, sağ gözaltı nahiyyəsinin və sağ yanağın əzilmiş yarası, sağ yanaq nahiyyəsinin sıyrığı həyati olub ağır bərk küt əşyanın (əşyaların) güclü təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, qərarda qeyd edilən vaxtda, yol nəqliyyat hadisəsi zamanı avtomaşının salonundakı hissələrin təsirindən əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlikəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Mərhum Zərərçəkmiş şəxs1 ölümünə səbəb kəllə qapağı və kəllə əsası sümüklərinin sınığı nəticəsində əmələ gələn baş beyin toxumasının əzilməsi, baş beyin toxumasına və qişalarına yayılmış qansızma olmuşdur. Mərhum Zərərçəkmiş şəxs1 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində alkoqol və narkotik maddə aşkar edilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X7 Publik hüquqi şəxsin Masallı rayon şöbəsinin məhkəmə-tibb ekspertizasının 20 fevral 2025-ci il tarixli 120 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində - sağ almacıq sümüyünün ikiqat basılmış sınığı, sol İ qabırğanın boynundan başına və qabırğa fəqərə birləşməsinə keçən yerdəyişməmiş sınığı və sifətin sıyrıqları müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir. Yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 01 fevral 2025-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb ekspertizası və X7 Publik hüquqi şəxsin məhkəmə-tibb ekspertizasının 24 fevral 2025-ci il tarixli 91\MEŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində aşkar edilmiş xəsarətlər – əsas, sağ əng, sağ almacıq sümüklərinin sınıqları, sağ alın-xəlbir tikişinin travmatik aralanması, travmatik subaraxnoidal qansızma və travmatik pnevmosefaliya ilə müşayiət olunan başın küt travması, onurğa beyninin əzilməsi ilə müşayiət olunan onurğa sütununun İ,İİ,İV,V,Vİ boyun fəqərələrinin sınıqları, ağciyərlərin əzilməsi, sağ qaşüstü nahiyyənin əzilmiş-cırılmış yarası bərk küt əşyanın (əşyaların) güclü təsirindən törənmişdir, qərarda qeyd edilən vaxtda yəni, 01 fevral 2025-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlikəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisəsi ekspertizasının 28 fevral 2025-ci il tarixli, 3-16-16\2-8\332\2025 nömrəli rəyindən görünür ki, “Mercedes Benz C200 CDİ” minik markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uygunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə, onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs maksimum hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km\saata qədər məhdudlaşdırılmış yolda 80 km\saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. - Lənkəran rayonlararası narkoloji xəstəxananın 01 fevral 2025-ci il tarixli 47 nömrəli Sərxoşluq hallarının bütün növlərinin təyini məqsəi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. - Azərbaycan Respublikası DİN-in BDYPİ-nin 12 fevral 2025-ci il tarixli 3-13-16\2- 28717\2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 19 aprel 2023-cü ildə BD serialı 050757 nömrəli “BC” katiqorialı sürücülük vəsiqəsi verilmişdir və sürücülük hüququndan məhrum edilənlər siyahısında olmadığı müəyyən olunmuşdur. - AZ-İİ seriyalı 482864 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 01 fevral 2025-ci ildə baş beyin travması nətciəsində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2025-ci ilin fevral ayının 14 günündə 187 № ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat idarəsi Yolnəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin baş müstəntiqi Ramin Əhədovun 18 mart 2025-ci il tarixli maddi sübutun tanınması və təhvil verilməsi haqqında qərarından görünür ki, “Mercedes Benz C 200 CDİ” minik markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomaşın və “DİMA H4X2T490C4” yük markalı ** AE *** İran qeydiyyat nişanlı qoşqulu avtomaşın iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahiblərinə qaytarılmışdır. - qəbzdən görünür ki, “Mercedes Benz C 200 CDİ” minik markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomaşın dayanacaqdan götürülmüşdür. - qəbzdən görünür ki, X5 “DİMA H4X2T490C4” yük markalı ** AE *** İran qeydiyyat nişanlı qoşqulu avtomaşını qoşqusunda olan yüklə birgə dayanacaqdan götürmüşdür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 10 fevral 2025-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxx 1980-cı ildə Sumqayıt şəhərində anadan olmuş Təqsirləndirilən şəxs – Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 14 noyabr 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək narkomaniyadan məcburi müalicə təyin edilməklə 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 17 iyul 2007-ci ildə həbd edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 25 iyul 2013-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 11 ay 22 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 17 may 2010cu il tarixli qərarı ilə narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Apellyasiya Məhkəməsinin 25 sentyabr 2012-ci il tarixli qərarı ilə 6 saylı Cəzaçəkmə müəssisəsinə qaytarılmışdır. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143- 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Əməlin cinayət olmasını aradan qaldıran hallar, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayəthüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Qərarın 50-ci bəndinə əsasən məhkəmə residivin müəyyən olunması zamanı CM-in 18-ci maddəsinin tələblərinə əməl etməli və bu zaman CM-in 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv etdiyindən, belə məhkumluqlar istər residivin müəyyən edilməsi, istərsə də başqa şəkildə, o cümlədən təqsirləndirilənin şəxsiyyətini xarakterizə edən hal qismində nəzərə alınmamalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də, göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, iki azyaşlı uşağının olmasını və xəstəliyini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halları müəyyən etmədi. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 47-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Həmin Plenum qərarının 48-ci bəndinə əsasən cinayət qanununun sanksiyası müəyyən müddətə azadlıqdan məhrum etmə ilə yanaşı, başqa daha yüngül cəza növünü nəzərdə tutursa və təqsirkara məhz azadlıqdan məhrum etmə cəzası təyin edilirsə, hökmdə daha yüngül cəza növünün və ya həddinin təyin edilməməsinin səbəbləri göstərilməlidir. Eləcə də, təqsirkarın şərti məhkum olunması, ona təqsirli bilindiyi cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi, cəzadan azad edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, maddədə müəyyən edilmiş aşağı həddən də, az cəza təyin edilə bilməsi və ya həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edilməsinin müzakirə olunması üçün əsaslar da, yoxdur. Çünki Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzasından başqa alternativ cəza nəzərdə tutulmamışdır. Buna görə də, ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məhkəmə qanunauyğun hesab edir. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də, nəzərə almışdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 14 noyabr 2007-ci il tarixli hökmü ilə təyin edilmiş 7 il müddətə azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardığı gündən 6 ildən çox vaxt keçdiyindən məhkumluğu ödənilmişdir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində müəyyən edilir. Məhkəmə, CPM-in 346.1.13-cü maddəsinin tələbinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 01 iyul 2025-ci il tarixdən hesab olunmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələbinə əsasən qətimkan tədbiri məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.2-ci maddəsinə əsasən iş üzrə maddi sübut “Mercedes Benz C 200 CDİ” minik markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomaşının Təqsirləndirilən şəxs, “DİMA H4X2T490C4” yük markalı ** AE *** İran qeydiyyat nişanlı qoşqulu avtomaşının qoşqusunda olan yüklə birgə X4 qaytarılması nəzərə alınmalıdır. İş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 12 (on iki) saat vaxt sərf etmişdir. Ona görə də, 132 (bir yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən Müdafiəçi ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasının əvvəli 01 iyul 2025-cil il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut “Mercedes Benz C 200 CDİ” minik markalı ** DR *** dövlət qeydiyyat nişanlı avtomaşının Təqsirləndirilən şəxs, “DİMA H4X2T490C4” yük markalı ** AE *** İran qeydiyyat nişanlı qoşqulu avtomaşının qoşqusunda olan yüklə birgə X4 qaytarılması nəzərə alınsın. İş üzrə 200 (iki yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə 132 (bir yüz otuz iki) manat məbləğində vəsait Azərbaycan Respublikasının dövlət büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün verildiyi andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar