Məhkəmə qərarları › İş №1(050)-94/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-94/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-94/2024 30.05.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Zeynalov Zeynal Ağabala oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əhmədov Xəyyam Adəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Masallı rayonu Ərkivan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-cü maddəsi ilə təqsirli bilinərək, CM-nin 66-2-ci maddəsinin tələbinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmiş, Masallı rayonu, Ərkivan qəsəbəsində yaşayış yeri üzrə qeydiyyatda olan, xx.xx.2024-cü il tarixdən şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)-8/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilməklə hazırda həbsdə olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah hesab edilən Makarov konstruksiyalı PM modelli tapançanı, onun komplekt hissəsi hesab edilən darağı və həmin silahın döyüş sursatı hesab edilən 08 ədəd patronu əldə edib üzərində qanunsuz olaraq saxlamaqla gəzdirmiş, 06 fevral 2024-cü il tarixdə saat 17 radələrində Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində saxlanılaraq Masallı rayon polis şöbəsinə gətirilmiş, orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın arxa tərəfindən istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib üzərində saxlayaraq gəzdirdiyi, 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, yivii odlu silah hesab edilən, texniki cəhətdən saz və atəş üçün yararlı oian “Makarov” konstruksiyalı PM modelli tapança, əynində olan gödəkcənin sağ yan cibindən 08 ədəd Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli, döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadə və atəş üçün yararlı olan “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançaların ştat patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı oian döyüş sursatı hesab edilməyən daraq aşkar edilərək götürülmüşdür. Həmin əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadə verərək bildirdi ki, tapançanı tapmışdır. Bunun onun mobil telefonunun anten siqnalı ilə də yoxlanıla bilər. O, bu barədə müstəntiqə verdiyi ifadəsindədə göstərmişdir. Tapança heç bir yerdə nümayiş olunmamış, göstərilməmişdir. Hətta üzərində belə gəzdirməmişdir. Özünü günahkar bilir çünki həmin silahı tapdıqdan sonra gətirib təhvil verməli idi. Masallı rayonunda 4 dəfə məhkum olunmuşdur. Bundan əlavə CM-nin 234.4.3-cü maddəsi ilə tutulmuş, lakin tutulduğu zaman yaşadığı evdə axtarış keçirilməmişdir. 3 ay sonra isə evində axtarış keçirilmiş və tövlədən silah aşkarlanmışdır. Bununla bağlıda məhkum olunmuşdur. Qardaşı həbs olunmuş və ona təziq olunmuşdur ki, narkotik vasitəni boynuna götürsün. Hazırkı işlə bağlı onu səhər saat doqquz, ona işləmiş saxlayıblar. Hardan məlumat alınmışdır ki, onun üzərində silah vardır. Onu niyə saxlamışlar ki, o özü şöbəyə gedirmiş. Lakin üzərinə baxış keçirmədən onu tutub şöbəyə aparmışlar. Narkotik vasitəni qarşısına qoymuşlar ki, bunu götürməlisən. Evindədə deyilsə ki, Ramin narkotik vasitə ilə tutulmuşdur inanarlar. Çünki o, özü artıq bu yalanlara inanmağa başlamışdır. Çünki 13-14 il bir insanın həyatından almazlar. O, ilk dəfə CM-nin 221-ci maddəsi ilə cinayət əməli törətmişdir, bunu danmır. Lakin sonra narkotik vasitə istifadəcisi kimi tutulmuş, daha sonra onu ləkələyib narkotik vasitələrin satışı ilə tutmuşlar. Lakin o, narkotik vasitəni kimdən, hardan əldə etməsi, kimə satması araşdırılmamışdır. O, Ərkivan qəsəbəsində idman müəllimi işləyir. Bəzən vicdanının səsinə qulaq asmamalıdır, ədalətə qanuna güvənməlidir, kiminsə səmimiyyətinə inanıb izma etməməlidir. O, demir günahı yoxdur, günahı var, lakin araşdırılsın. Səhər saat 9-da gəlib onu kafedə tutmuşlar. Ailə qura bilməmişdir, iki nəfər yetim uşağı himayəyə götürmüşdür ki, övlad qoxusu alsın. Daxili qoşunlarda xidmət etmişdir. Güləş idman ilə məşğul olmuşdur. 13 dəfə Daxili qoşunlar çempionu olmmuşdur. Azərbaycan çempionudur. İranda keçirilən turniri qazanmışdır. Zakir Həsənovdan 4 dəfə təşəkkürü vardır. DİN-də güləşmişdir. O, cinayətkar olmamışdır. Həbsdən çıxdıqdan sonra islah olması yönümündə addımlar atmışdır. İdman zalı açmışdır. Lakin onu tutmuşlar ki, o, narkotik vasitə satır. Azadlığa çıxdıqdan sonra ona maşın almışlar, onu tutub şöbəyə aparmışlar ki, maşını haradan almışdır. Silahı bir iki gün olardıkı tapmışdır və gətirib təhvil vermək istəmişdir. O, silahı nə edir, Silahı tapmamışdır. Ona demişlər ki, sən həbsə getməlisən. Onun bu gün ədaləti sübut etməsinə gücü yoxdur və ləkələnmiş arxivi imkan vermir. Dərinə gedilsə silah onun deyildir. Onun tutulmasında bir müddət əvvəl polis şöbəsində işləyən Xırmandalı kəndindən olan bir serjantın üzərindən aşkarlanıb götürülmüşdür. İndi isə onun üzərinə qoymuşlar. Silah onun deyildir. Narkotik vasitə istifadə etmişdir, səhv etmişdir. Lakin uzun illərdir istifadə etmir. Onun idman dərəcəsi vardır. Silahı iki gün qabaq İstisuda tapmışdır. Qanunla araşıdırılmış olsa o silah onun deyil sadəcə o formada rəsmləşdirilmişdir. Bu yalandır, oda artıq bu yalana inanır. Güllələrdə barmaq izləri yoxdur. Sadəcə demişlər ki, götür silahı qoy belinə yoxsa CM-nin 234.4.3-cü maddəsi ilə gedəcəksən. Təqsirləndirilən şəxs ona qarşı ittiham elan edilmiş cinayət əməlini törətməkdə özünü təqsirli bilməsə də, onun həmin əməli törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilən mötəbər sübut növləri ilə tam sübuta yetirilmişdir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin ifadəsini səmimi qəbul etməməklə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilərək elan edilmişdir. O, həmin ifadəsində göstərmişdir ki, o, konkret olaraq hər hansı bir işlə məşğul olmur. Əvvəllər müxtəlif növ cinayətlər törətdiyi üçün bir neçə dəfə məhkum olunmuşdur. Sonuncu dəfə isə Lənkəran Ağır cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 228.1, 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Hazırki vaxta qədər isə hər hansı bir cinayət əməli törətməmişdir. 2024-cü ilin yanvar ayının 20-si ərəfələrində Masallı rayonu Qəriblər kəndi ərazisində yerləşən “İstisu” istirahət mərkəzinə gedən yolda meşə ərazisində piyada hərəkətdə olarkən meşənin içərisində yerdə bir ədəd tapançanın olmasını görmüşdür. Yaxınlaşıb həmin tapançanı yerdən götürmüş və tapançanın “Makarov” tipli tapança olmasını bilmişdir. Həmin tapançanın üzərində olan darağı çıxarıb baxarkən darağın içərisində 08 ədəd patron olmasını müəyyən etmişdir. Bundan sonra darağı tapançanın üzərindən çıxarıb ayrıca cibində saxlamışdır. Silahı isə belinə qoyaraq üzərində gəzdirməyə başlamışdır. Silahı tapmağı barədə isə hər hansı bir şəxsə məlumat verməmişdir. Bu minvalla hər gün evdən çıxarkən silahı və içərisində 08 ədəd patron olan sandıqcanı üzərində götürürmüş və axşam saatlarında evə qayıdarkən silahı və içərisində 08 ədəd patron olan sandıqcanı yatdığı çarpayının altına qoyurmuş. xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən “Ümid” kafesində yemək yeyib bayıra çıxaraq piyada hərəkətdə olan zaman iki nəfər polis əməkdaşı, adlarının sonradan İlkin və Fərid olmasını öyrəndiyi şəxslər ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim edərək qanunsuz olaraq üzərində odlu silah gəzdirməkdə şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları şifahi formada üzərində odlu silahın olub-olmamasını soruşduqları zaman o üzərində bir ədəd tapança və içərisi patronla dolu sandıqca olmasını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldikdən sonra onu xidməti otağa gətirmişlər. Polis geyimində olan bir nəfər özünü təhqiqatçı Abbasağa Paşayev kimi təqdim etmişdir. Təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutularaq üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bildirildikdən sonra ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istəyini bildirmiş və vəkil Müdafiəçi hüquqlarının müdafiəçisi kimi dəvət olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsi ilə təhqiqatçı üzərinə şəxsi axtarış keçirməyə başlamışdır. Təhqiqatçı ona üzərində istifadəsi və gəzidirlməsi qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməyini təklif etmişdir. O da əynində olan şalvarın arxa tərəfindən belinə keçirdib saxladığı bir ədəd tapançanı, əynində olan gödəkçənin sağ yan cibindən həmin tapançaya aid olan içərisində 08 ədəd patron olan sandıqcanı təqdim etmişdir. Təhqiqatçı tərəfindən “Makarov” tipli tapançaya baxış keçirilən zaman həmin tapançanın üzərində nömrəsinin olmadığını bildirmidir. Daha sonra isə sandıqcanın içərisində olan patronlar sandıqcadan çıxarılıb bir-bir masanın üzərinə yığılmış və ümumilikdə 08 ədəd patron olması müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş bir ədəd tapança, bir ədəd tapança darağı və 08 ədəd patron zərfə qoyularaq qablaşdırılmışdır. Qablaşdırılan zərfin üzərinə qeydlər edildikdən sonra zərflin üzəri tərəflərindən imzalanmaqla təsdiq edilmişdir. Bundan sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefon, bir ədəd 50 qəpik, iki ədəd 20 qəpik və bir ədəd 10 qəpik pul vahidləri, həmin şalvarın sol yan cibindən bir ədəd Redmi markalı mobil telefon, arxa sağ cibindən ümumilikdə 352 manat pul aşkar edilmişdir. Aşkar edilmiş həmin əşyalar da eyni qaydada zərfə qoyularaq qablaşdırılmış və tərəflərindən üzəri imzalanaraq təsdiq edilmişdiur. Bundan sonra təhqiqatçı aşkar edilmiş tapançanı haradan və nə zaman əldə etməyi, istifadə edib-etməməyi, hər hansı bir şəxsin tapançanı gəzidrməyindən məlumatının olub-olmaması barədə sual vermişdir. O, isə həmin tapançanı təxmninən 15-20 gün əvvəl Masallı rayonunda yerləşən “İstisu” istirahət zonasına gedən yolda meşədən tapdığını, bu barədə hər hansı bir şəxsin məlumatının olmamasını, həmin silahdan istifadə etmədiyini, lakin üzərində gəzdirdiyini bildirmişdir. Videoçəkilişlə aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti qurtardıqdan sonra isə təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş və protokolu imzaları ilə təsdiq etmişlər. Polis əməkdaşları tərəfindən ona heç bir fiziki güc və yaxud zor tətbiq edilməmişdir. O, Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 24/290 nömrəli ekspert rəyi ilə tanış olmuşdur. Həmin rəydə qeyd edilən silah, 08 ədəd patron və bir ədəd daraq ona məxsusdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Masallı rayonu Ərkivan qəsəbəsində yaxınlaşaraq polis əməkdaşları olduqlarını, onun qanunsuz olaraq üzərində odlu silah saxlamasında və gəzdirməsində şübhəli olduqlarını bildirmişlər. Həmin vaxt hadisə yerində üzərinə baxış keçirilməsi üçün əlverişli şərait olmadığı üçün RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində təhqiqatçı Abbasağa Paşayevin xidməti otağında videoçəkiliş vasitəsi ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində istifadəsi və gəzidirilməsi qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməyini təklif etmişdir. Təqsirləndirilən şəxs də əynində olan şalvarın arxa tərəfindən belinə keçirdib saxladığı bir ədəd tapançanı, əynində olan gödəkçənin sağ yan cibindən həmin tapançaya aid olan içərisində 08 ədəd patron olan sandıqçanı təqdim etmişdir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs aşkar edilmiş tapançanı haradan və nə zaman əldə etməyi, istifadə edib-etməməyi, hər hansı bir şəxsin tapançanı gəzdirməyindən məlumatının olub-olmamasını soruşmudur. Təqsirləndirilən şəxs isə həmin tapançanı Masallı rayonunda yerləşən “İstisu” istirahət zonasına gedən yolda meşədən tapdığını, bu barədə hər hansı bir şəxsin məlumatının olmamasını, həmin silahdan istifadə etmədiyini, lakin üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iş materiallarında olan Təqsirləndirilən şəxs üzərində axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın arxa tərəfindən 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli, yivii odlu silah hesab edilən, texniki cəhətdən saz və atəş üçün yararlı oian “Makarov” konstruksiyalı PM modelli tapança, əynində olan gödəkcənin sağ yan cibindən 08 ədəd Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli, döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadə və atəş üçün yararlı olan “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançaların ştat patronları və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsi hesab edilən, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı oian döyüş sursatı hesab edilməyən daraq aşkar edilməsi müəyyən edildi. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 24/290 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahını təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Silahın istehsalçı tərəfində göstərilən texniki konsturiktiv xassələrinə görə güllənin maksimal uçuş məsafəsi 315 m-ə qədərdir. Tədqiqata təqdim edilmiş 08 ədəd patronlardan 07 ədədi zavod üsulu ilə 2010-cu ildə, 01 ədədi isə zavod üsulu ilə 2012-ci ildə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidirdarağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır, döyüş sursatı hesab edilmir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-11/2-3496/2024 saylı məktubundan görünür ki, 01 ədəd №-si silinmiş Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri idarənin “Güllə-Giliz” kartotekasında “Arsenal” avtomatlaşdırılmış balistik eyniləşdirmə sistemi vasitəsilə yoxlanılmışdır. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Cinayət işində olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi və üzərindən aşkar aşkar olunara götürülmüş 01 ədəd Makarov PM tipli modelli tapançanın, həmin tapançanın üzərində olan döyüş sursatı hesab edilən 08 (səkkiz) ədəd patronun və tapançanın komplekt hissəsi hesab edilən 1 (bir) ədəd sandıqçanın tapıldığı yeri əyani olaraq göstərməsi ilə ifadəsinin yerində yoxlanılacağı izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Masallı rayonu Qəriblər kəndi ərazisinə “İstisu” sanatoriyasına doğru olduqlarını bildirmişdir. Bundan sonra o, şöbənin müvəqqəti saxlama yerinə təhkim olunmuş xidməti avtomobilə mindirilmiş və onun qeyd etdiyi Masallı rayonu Qəriblər kəndi istiqamətində avtomobil hərəkətə başlamışdır. Masallı rayonu Qəriblər kəndi ərazisində yerləşən “İstisu” sanatoriyasına gedən yola çatdıqdan sonra həmin sanatoriyaya çatmamış Təqsirləndirilən şəxs avtomobilin saxlanılmasını istəmişdir. Onun qeyd etdiyi yerdə avtomobil saxlandıqdan sonra Təqsirləndirilən şəxs avtomobildən düşürülmüşdür. O, avtomobilin dayandığı ərazinin həmin silahı, döyüş sursatını və onun komplekt hissələrini tapdığı ərazi olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs meşə dolayının içərisinə doğru hərəkət edərək ətrafında xırda gövdəli ağaclar olan meşə ağacının yanında dayanaraq üzərindən aşkar edilmiş Makarov PM tipli modelli tapançanı, həmin tapançanın 08 ədəd patronunu və patron yerləşdirilən darağı tapdığı yerin həmin yer olmasını, tapançanı, tapançanın patronlarını daraqla birlikdə tapançanın içərisində olduğunu bildirmişdir. Cinayət işində olan Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı rayon Ərkivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Şiriyev X7 rayonu, Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla xx.xx.1947-ci il təvəllüdlü atası X1, xx.xx.1981-ci il təvəllüdlü qardaşı X2, xx.xx.1975-ci il təvəllüdlü bacısı X5, xx.xx.2015-ci il təvəllüdlü qohumu X3, xx.xx.1997-ci il təvəllüdlü qohumu X9, xx.xx.2005-ci il təvəllüdlü qohumu X10, xx.xx.2020-ci il təvəllüdlü qohumu X6 və xx.xx.2022-ci il təvəllüdlü qohumu X4 ibarət ailə tərkibində yaşayır və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirildiyi üçün o, həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdırlar. Təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddə üzrə özünü təqsirli bilməməsi onun özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək rədd edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsində göstərilir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 4-cü bəndində qeyd olunur ki, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində isə göstərilir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Onun əməlində cinayətin təhlükəli residivi vardır. Cinayətin təhlükəli residivi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilir. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat- Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 228.4cü maddələri ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq edilməklə 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsi tətbiq edilərək 5 il 5 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş. Daha sonra Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 228.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsi tətbiq edilərək 3 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hər iki hökm üzrə məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmişdir. Buda onu göstərir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlində cinayətin təhlükəli residivi vardır. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmasını, eləcədə ağır cinayət əməli törətməsi ilə bağlı məhkum olunmasını, məhkumluğunun ödənilməməsini və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada götürülməməsini, onun cinayətin təhlükəli residivi olmasını, cinayət törətməyə meyilli şəxs olmasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda və qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin residivi təhlükəli sayılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Təqsirləndirilən şəxs Azərbyacan Respulikasının Cinayət Məcəlləsinin 65.2ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Həmçinin Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs şəxsiyyətini pis səciyyələndirməklə təyin olunacaq cəzanın şəxsin islah olunması yönümündə yetərli olmasını nəzərə alaraq daha sərt cəza yolu ilə azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərdə tutulduğudan Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin 4(050)-8/2024 saylı 08 fevral 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 06 fevral 2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələblərinə əsasən cəzanın çəkilmə müddətlərinin hansı tarixdən başlanılması məsələsinə də baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmağa başlandığı 06 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə Masallı Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd Makarov konstruksiyalı PM modelli odlu silah sayılan tapança, ekspertizada istifadə edildikdən sonra 5 ədəd qalmış döyüş sursatı sayılan patronlar və tapançanın komplekt hissəsi hesab edilən 1 (bir) ədəd sandıqça (daraq) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin silah-sursat və xüsusi vasitələrlə təminat şöbəsinə təhvil verilməli, video çəkilişin aparılmasını özündə əks etdirən 1 ədəd video CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə iş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini müzakirə edərək müsadirə ediləcək əmlakın olmamasını müəyyən etdi. İş üzrə məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzaçəkmənin əvvəli 06 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis şöbəsində saxlanılan 01 ədəd nömrəsi silinmiş, zavod üsulu ilə istehsal olunmuş 9 mm kalibrli, yivii odlu silah hesab edilən, texniki cəhətdən saz və atəş üçün yararlı olan “Makarov” konstruksiyalı PM modelli tapança, 05 ədəd Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli, döyüş sursatı hesab edilən, təyinatı üzrə istifadə və atəş üçün yararlı olan “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançaların ştat patronları və tapançanın komplekt hissəsi hesab edilən 1 (bir) ədəd sandıqça (daraq) hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təchizat İdarəsinin Silah-sursat və xüsusi vasitələrlə təminat şöbəsinə təhvil verilsin. Hökmdən elan edildiyi vaxtdan, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə Masallı Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar