Məhkəmə qərarları › İş №1(050)-94/2025

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-94/2025

17.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-94/2025 17.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ X1 (sədrlik edən), Məhkəmə iclasının katibi X4, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (Şəhər) Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Masallı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1958-ci il tarixdə Saatlı rayonu Molday kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, təqaüdçü, əvvəllər məhkum olunmamış, Saatlı rayonu Soltanabad kəndində qeydiyyatda olan, Masallı rayonu Viləş kəndində yaşayan barəsində “polisin nəzarəti alına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “Vaz2105 minik” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Masallı-Yardımlı avtomobil yolunun Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən asfalt yolda üzü Masallı şəhəri istiqamətində saatda təxminən 50 kilometr sürətlə hərəkətdə olarkən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, həmçinin hadisənin qarşısını almalı olduğu halda, buna əməl etməyərək həmin yolun hərəkət hissəsinin sol kənarından sağa doğru hərəkət edən piyada, əvvəllər tanımadığı Saatlı rayonu Molday kənd sakini Zərərçəkmiş şəxs avtomobilin ön hissəsi ilə ehtiyatsızlıqdan vurmuş, nəticədə Zərərçəkmiş şəxs açıq kəllə beyin travması, baş beynin silkələnməsi, sağ təpə sümüyünün yerini dəyişən sınığı və sol təpə nahiyəsinin əzilmiş yarası kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aid bədən xəsarətləri alması ilə nəticələnən ehtiyatsızlıqdan yolnəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, idarə etdiyi avtomobillə Ərkivan qəsəbəsindən Masallı rayonu istiqamətində hərəkət etmişdir. Ərkivan qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsində avtomobilinə yanacaq doldurub çıxdıqdan sonra qarşıdan qaraltı gəldiyini görmüş və onun hərəkətdə olduğu yolun sol tərəfindən sağ tərəfinə bir nəfər şəxsin qəflətən qaçmasını görüb “bu nə edir görəsən” demişdir. O, nəqədər çalışıb avtomobili yolun sağına çəkmiş olsa da, heç bir xeyri olmamışdır. Daha sonra əyləci bassada həmin şəxs idarə etdiyi avtomobilin sol tərəfinə dəyərək avtomobilin üzərinə düşmüşdür. Daha sonra isə həmin şəxs arxası üzərində asfalt yola dəymişdir. Eləcədə zərərçəkmiş şəxs həmin vaxt içkili vəziyyətdə olmuşdur. Sonra X8a zəng olunmuş və hadisə yerinə X8 maşını gəlib zərərçəkmiş şəxsi xəstəxanaya aparmışdır. Oda xəstəxanaya getmişdir. Zərəçəkmiş şəxsə lazımı yardımları etmişdir. Hadisədən sonra zərərçəkmiş şəxsə yardım göstərməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yaşlı və xəstə olmasını nəzərə alaraq ona cəza verilməməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun səmimi ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının rəyi, cinayət işinə əlavə edilmiş və məhkəmə iclası zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə yadında qalmamışdır. İbtidai istintaq zamanı hadisə ilə bağlı ifadə vermişdir və ifadəsində hər bir şeyi qeyd etmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı dindirilən zaman verdiyi ifadəsindən görünür ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində ailə üzvləri ilə birlikdə Lerik rayonundan Masallı şəhəri ərazisində yerləşən “Xan” adlı şadlıq sarayında keçiriləcək toy mərasiminə gəlmişlər. O və onun ailə üzvləri birlikdə toyda bir qədər oturub iştirak etdikdən sonra o, və ailə üzvləri toydan çıxıb Lerik rayonuna qayıtmaq istəmişlər. Onlar eyni maşında olmuşdur. Avtomobili tanımadığı və sifariş etdiyi taksi sürücüsü idarə etmişdir. O, Masallıya gələrkən öz maşını üçün benzin almaq məqsədilə 10 litr həcmində qab götürmüşdür. Masallı rayonu Ərkivan qəsəbəsi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinə çatdıqda o, özü üçün benzin almaq qərarına gəlmiş və taksi sürücüsündən maşını saxlamasını istəmişdir. Sonra avtomobildən düşüb benzin qabını da götürüb yanacaqdoldurma məntəqəsinə getmiş və benzin qabını doldurmaq istəmişdir. Qabı doldurduqda qabın nasaz olduğunu və benzinin yerə axdığını görüb yolu qarşı tərəfə keçib marketdən yapışqanlı lent almaq istəmişdir. Buna görə də yolu əks tərəfə keçərkən qarşı tərəfdən gələn avtomobili görməmiş və yolu keçərkən qəflətən həmin avtomobil onu vuraraq yerə yıxmışdır. Hadisə nəticəsində o, yola yıxılmış və özündən getmişdir. Gözünü açdıqda isə Masallı rayon xəstəxanasında olmuşdur. Orada həkimlər ona ilkin tibbi yardım göstərmiş və sonra təxminən 1 həftə xəstəxananın reanimasiya şöbəsində yatmışdır. Sonra isə həkimlər onu evə buraxmışlar. Hadisə Masallı rayonu, Ərkivan qəsəbəsində yerləşən avtomobil yolunda baş vermişdir. Onu vuraraq xəsarət yetirən avtomobil “Vaz2105” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil olmuşdur. Hadisə nəticəsində o, baş nahiyəsindən və bədəninin müxtəlif nahiyəsindən xəsarətlər almışdır. Həmin onu vuraraq xəsarət yetirən Vaz2105” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili adını sonradan, yəni xəstəxanada bildiyi Vidadi adlı şəxs idarə etmiş və həmin vaxt Vidadinin avtomobilində kiminsə olub-olmadığını bilmirdi. Lakin onunla birlikdə özü gəldiyi avtomobildə arvadı Xatirə, qardaşı arvadı Ruhəngiz və anası Lətafət olmuşdur. Həmin vaxt oraya bir neçə nəfər şəxs də gəlmiş, lakin o, həmin şəxslərin heç birini tanımamışdır. O, yolu asta qaçışla qaçaraq keçmiş, lakin hava qismən yağmurlu və qaranlıq olduğundan yolun hərəkət hissəsində avtomobilin gəlməsini görməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs onun əridir. Hadisə zamanı o, əri ilə bir avtomobildə olmuşdur. Yaşadıqları kəndə getdikləri zaman qəza baş vermişdir. Hadisə zamanı əri avtobillə Zərərçəkmiş şəxs vurmuşdur. Hadisə zamanı o, avtomobildə arxa oturacaqda oturmuşdur. Havanın qaranlıq vaxtı olmuş və o, hadisənin baş vermə anını görməmişdir. Hadisə baş verdikdən sonra onun halı pisləşmiş, “ölüb-dirilmişdir”. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid2 Kəmran qızının ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun əridir, Vaz2105 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs isə əvvəllər tanımamışdır. Onların qohumu Masallı rayonu ərazisində yerləşən “xan” şadlıq sarayında toy mərasimi təşkil edəcəyi səbəbi ilə onları da toya dəvət etmişdir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində, Lerik rayonu Vamazqon kəndindən əri Zərərçəkmiş şəxs, qayınanası Şahid4 və qaynı arvadı Rühəngiz Şiriyeva ilə birlikdə Masallı şəhəri ərazisində yerləşən “Xan şadlıq” sarayına qohumunun toy şənliyinə gəlmişdirlər. Toy şənliyində bir qədər iştirak etdikdən sonra, saat təxminən 18:50 radələrində, əri Zərərçəkmiş şəxs, qayınanası Şahid4 və qaynı arvadı Rühəngiz Şiriyeva ilə birlikdə çıxıb gəldikləri taksiyə əyləşib Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən YDM-nə gəlmişdir. Çünki əri Zamin evdən çıxarkən öz maşınına benzin almaq məqsədilə qab da götürmüşdür. Həmin vaxt əri Zərərçəkmiş şəxs taksi sürücüsünə maşını saxlamasını bildirmiş və sonra maşından düşüb özü ilə götürdüyü qaba benzin doldurmaq üçün yolun sağ kənarında yerləşən yanacaqdoldurma məntəqəsinə getmişdir. Az sonra Zamin onların yanına gələrək demişdir ki, qab yararsız olduğu üçün marketə gedib yapışqanlı lent alıb qayıdacaq. Zamin yolun əks istiqamətində olan mağazaya yapışqan almaq məqsədilə getmişdir. Zamin yolu asta addımlarla keçdiyi zaman Ərkivan qəsəbəsindən, İsgəndərli dairəsinə tərəf hərəkətdə olan “Vaz 2105” markalı avtomobil sürətlə hərəkətdə olduğu üçün Zamini vurmuşdur. Həmin vaxt Zaminin baş nahiyəsi “Vaz 2105” markalı avtomobilin ön şüşəsinə dəymiş və zərbənin təsirindən Zamin yolun kənarına yıxılmışdır. Daha sonra onlar maşından düşüb Zaminin yanına getmiş və Zaminin yerdə halsız vəziyyətdə uzandığını görmüşdür. Həmin vaxt oraya tanımadığı bir neçə nəfər şəxs də toplaşmış və həmin şəxslərdən kimsə təcili-tibbi yardıma zəng edərək oraya çağırmışdır. Az sonra hadisə yerinə X8 işçiləri gəlib Zamini xəstəxanaya aparmışlar. Saatlı rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış və həmin şəxslə hər hansı ədavəti olmamışdır. Məhkəmə istintaqında iştirak etməsədə ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 və Şahid4 məhkəmə istintaqında tədqiq edilməklə elan olunmuş ifadələrindən görünür ki, onlar, oxşar məzmunlu ifadə verərək Şahid2 Kəmran qızının ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid5 ifadəsindən görünür ki, o, 3 ilə yaxındır ki, Masallı rayonu Ərkivan qəsəbəsində yerləşən “Arkoil” YDM-də operator işləyir. Lerik rayon sakini Zərərçəkmiş şəxs və Saatlı rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış və həmin şəxslərlə heç bir ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində o, yanacaqdoldurma məntəqəsində işdə olarkən adını sonradan bildiyi Zamin adlı şəxs yolun əks tərəfindən əlindən 10 litrlik su qabını götürüb yanacaqdoldurma məntəqəsinə gəlmişdir. Həmin vaxt o, da digər avtomobilə benzin vururmuş. Həmin şəxs az sonra qaçaqaça yolu əks istiqamətə getmiş və bu vaxt hansısa avtomobilin əyləcinin və tappıltı səsini eşitmişdir. Daha sonra Zaminin düşdüyü avtomobildən bir neçə nəfər qadının da maşından düşərək qışqıra-qışqıra Zaminə tərəf getməsini görmüşdür. O, bir qədər irəli getmiş və Zaminin yolun əks tərəfində yerə yıxılmasını və yanında Vaz2105 markalı avtomobilin dayanmasını görmüşdür. O, bu vaxt həmin şəxsi maşını vurmasını bilmiş və DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Daha sonra isə X8a zəng edərək hadisə yerinə həkimlərin gəlməsini xahiş etmişdir. Həmin vaxt ora bir neçə nəfər kənar şəxslər də toplaşmışlar. Az sonra hadisə yerinə təcili-tibbi yardım maşını gəlmiş və Zamini yerdən götürüb Masallı rayon mərkəzi xəstəxanasına aparmışdırlar. Həmçinin hadisə yerinə polis əməkdaşları da gəlmiş, hadisə yerini müayinə edərək getmişdirlər. O, da işlədiyi yanacaqdoldurma məntəqəsinə qayıtmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş əməliyyat Statistik İnformasiya idarəsi tərəfindən tələbnaməyə verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli 8/3166 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən: «Vaz-2105 markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol-hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 978 saylı rəyindən görünür ki, vət.Zərərçəkmiş şəxs açıq kəllə beyin travması, baş beynin silkələnməsi, sağ təpə sümüyünün yerini dəyişən sınığı və sol təpə nahiyəsinin əzilmiş yarası müəyyən olundu, müəyyən olunan xəsarətlər ağır bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtomobil qəzası zamanı hərəkətdə olan avtomobilin qabarıq hissələrin təsirindən və zərbənin təsirindən tullanılaraq yer örtüyünə çırpılması nəticəsində əmələ gələ bilərdi, törənmə müddəti tibbi sənəddə qeyd olunan 05 oktyabr 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. İş materiallarında olan BD № 057138 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şahadətnaməsindən görünür ki, “Vaz-2105” markalı, **-BN-***1 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxsdur. İş materiallarında olan AE № 501694 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs «BC» dərəcəsi ilə nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsi Şirvan regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin xx.xx.2025-ci il tarixli 3-13- 16-7/2-1343/2025 saylı məktubundan görünür ki, ilk dəfə xx.xx.1987-ci il tarixdə Şirvan regional qeydiyyat-imtahan idarəsi tərəfindən vət. Təqsirləndirilən şəxs AVQ-742654 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Lakin sonradan həmin sürücülük vəsiqəsi etibarlıq müddətinin bitməsi ilə əlaqədar xx.xx.2013-cü il tarixdə (etibarlıq müddəti xx.xx.2023-cü ilə qədər olan) AE-501694 saylı sürücülük vəsiqəsinə dəyişdirilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, “Vaz-2105” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materiallarına əlavə edilmiş Saatlı rayonu İcra Hakimiyyəti Başçısının Soltanabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayonu, Soltanabad kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv, hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə düzgün olaraq tövsüf edilmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini Azərbaycan Respublikası CM-in 59.1.1-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması 59.1.13-cü maddəsinə, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərməsi üçün tədbirlər görməsini, zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayətinin olmamasını, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamının 8-ci bəndində qeyd edilir ki, - ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmçinin həmin Sərəncamın 10-cu bəndində qeyd edilir ki, cəza siyasətinin humanistləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, aşağıdakı istiqamətlərdə qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər: - cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi; törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması. Həmçinin həmin Sərəncamın 13-cü bəndinə əsasən məhkəmələrə tövsiyə edilir ki: cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; - cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xatakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdiran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli, 5 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyat keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzalarını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən müəyyən edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbi baxımından Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus “Vaz-2105” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması nəzərə alınmalı və iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Masallı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs məxsus “Vaz-2105” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilmədiyi halda elan olunduğu andan 20 gün sonra qanuni quvvəyə minir. Sədrlik edən: Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar