Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-96/2025 11.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü ildə Masallı rayonu, Qızılağac kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli-himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan bir ədəd bükümdə xeyli miqdarda narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 05 fevral 2025-ci il tarixdə, saat 16:10-da Masallı RPŞ-nin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamaqda və istifadəsində şübhəli olduğundan Masallı rayonu Qızılağac kəndində saxlanılmış, həmin yerdə üstü yoxlanılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd göy rəngli sellofana bükülmüş təmiz çəkisi -0,881 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər Masallı Rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, sonradan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Uzun müddətdir narkotik vasitədən istifadə edir. Tutulmamışdan təxminən 20 gün əvvəl qəbir daşı düzəltmək üçün Lənkəran rayonu, Qumbaşı kəndində getmişdir. Orada tanımadığı şəxslə rastlaşmış, həmin şəxslə söhbət zamanı onun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Bədənindəki ağrılar səbəbindən narkotik vasitədən istifadəyə ehtiyacı olduğundan həmin şəxsdən onun üçün narkotik vasitə əldə etməsini xahiş etmişdir. Tanımadığı şəxs ona bir büküm narkotik vasitə tiryək olduğunu dedikdən sonra razılaşaraq, 30 manat pulun müqabilində şəxsi istifadəsi üçün bir selofan bükümdə narkotik vasitə tiryək əldə etmişdir. Narkotik vasitəni əldə etdikdən sonra tanımadığı yol maşını ilə yenidən Masallı rayonuna qayıtmış, oradan da evinə getmişdir. xx.xx.2025-ci il tarixdə saat 15 radələrində yaşadığı Masallı rayonu Qızılağac kəndindəki yaşayış evindən çıxaraq başında yaranan ağrıları sakitləşdirmək məqsədilə özündə olan tiryəki istifadə etmək üçün özünə uyğun yer axtarmağa başlamışdır. Qızılağac kəndi ərazisində əvvəllər yanacaqdoldurma məntəqəsi kimi fəaliyyət göstərmiş, hazırda isə fəaliyyəti dayandırılmış yerin arxa hissəsində yerləşən otlaq sahəsində olarkən üç nəfər mülki geyimdə olan şəxslər videoçəkiliş aparmaqla ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini təqdim edərək Masallı RPŞ-nin əməkdaşları olduğunu demiş, şübhəli olduğuna görə onu saxladıqlarını bildirmişlər. Ona baxış keçirilməmişdən qabaq üzərində narkotik vasitə olub-olmamasını soruşmuş, olduğu halda təqdim etməsini təklif etmişdir. Etiraz etməyərək, əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd büküm narkotik vasitəni və şalvarının sol yan cibindən isə özünə məxsus bir ədəd “Xiaomi Redmi” markalı mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşı Şahid1 təqdim etdiyi bükülüyə baxdıqda həqiqətən də narkotik vasitə olduğunu görmüş, həmin bükülüdə nə olduğunu haradan əldə etdiyini soruşduqda, bükülüdə narkotik vasitə tiryək olduğunu demiş, həmin narkotik vasitəni təxminən 20 gün əvvəl Lənkəran rayonu ərazisində tanımadığı şəxsdən 30 manat pul müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi narkotik vasitə olan bükülü elektron tərəzidə çəkilmişdir. Daha sonra Masallı RPŞ-yə aparılmışdır. RPŞ-də təhqiqatçının xidməti otağına aparıldıqdan sonra o, şübhəli şəxs qismində saxlanılmış, daha sonra Müdafiəçi dəvət edilmişdir. İzahatı alındıqdan sonra Masallı RPŞ-nin MSY-yə təhvil verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona verilən sullara cavab olaraq bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə gətirilərkən və polis şöbəsində saxlanıldığı müddətdə ona qarşı heç bir fiziki güc və ya psixi təsir olunmamış, üzərindən aşkar olunmuş bir bükümdə narkotik vasitə tiryək özünə məxsus olmuş, həmin tiryəki ona satan şəxsi əvvəllər tanımamışdır. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, xəstə olduğunu, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, işin məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübut növləri ilə aşağıdakı qaydada tam sübuta yetirilir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə ona Masallı rayonu Qızılağac kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, bununla bağlı əməliyyat qrupu yaradılmış, həmin qrupun rəhbəri o, üzvləri isə RPŞnin CAB-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Şahid3 təyin edilmişlər. xx.xx.2025-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Masallı rayonu Qızılağac kəndində piyada hərəkətdə olması barədə məlumat əldə etdikdən sonra qrupun üzvəri ilə birlikdə oraya getmiş, həmin yerdə saat 16:10-da Təqsirləndirilən şəxs tək piyada hərəkətdə olduğunu görmüş və həmin vaxtı videoçəkilişlə yaxınlaşıb orada Təqsirləndirilən şəxs saxlamışlar. Sonra ona xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələri istifadə etməkdə və üzərində daşımaqda şübhəli olduğunu bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs bir qədər düşündükdən sonra üzərində narkotik vasitə tiryəkin olduğunu bildirərək əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd göy rəngli sellofan bükümü və əynindəki şalvarın sol yan cibindən isə bir ədəd Xiaomi markalı mobil telefonu çıxardıb təqdim edərək, təqdim etdiyi bükümdə tiryək olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində narkotik vasitə tiryək olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitə tiryəki haradan, kimdən və neçəyə əldə etdiyini soruşduğu vaxt sonuncu həmin bükümü təxminən 20 gün əvvəl Lənkəran rayonu ərazisində tanımadığı şəxsdən 30 manat pul müqabilində şəxsi istifadəsi üçün əldə edib üzərində daşıdığını bildirmişdir. Daha sonra həmin bükümü elektron tərəzidə çəkmiş və ümumi çəkisinin 0,96(sıfır tam yüzdə doxsan altı) qram olduğunu müəyyən etmişdir. Bundan sonra narkotik vasitə tiryək olan büküm və Xiaomi markalı mobil telefon tərəfindən götürülərək qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılsa da, onun üzərindən istifadəsi və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və maddə aşkar olunmamışdır. Bundan sonra sənədləşmə işlərinin davam etdirilməsi üçün Təqsirləndirilən şəxs Masallı RPŞ-yə aparılmışdır. Polis Şöbəsinə gəldikdən sonra bununla əlaqədar onun tərəfindən protokol yazılmış, həmin protokolu Təqsirləndirilən şəxs və iştirak edən şəxslərə ucadan oxumuş, iştirakçılar imzalamışlar. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş həmin tiryəkə bənzər kütləni, mobil telefonu və üzəri yoxlanılan zaman çəkilmiş videogörüntünün əks olunduğu 01 ədəd video diski RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Asiman Abdullayevə təqdim etmişdir. X3 tərəfindən həmin əşyalara videoçəkiliş vasitəsilə baxış keçirilərək götürülmüşdür. Təqsirləndirilən şəxsə qarşı heç bir zor tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Şahid3 Şahid1 ifadəsinə uyğun məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 üzürlü səbəblərdən məhkəmə istintaqında iştirak etmədiyi üçün ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: Təqsirləndirilən şəxsin yerində saxlanılaraq üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və X7, Masallı RPŞnin KTQ-nun baş inspektor kriminalisti Şahid3 tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 16:10-da Masallı rayonu, Qızılağac kəndi ərazisində saxlanılaraq üzəri yoxlanılan zaman özü qara rəngli şalvarının sağ yan cibindən bir ədəd göy rəngli sellofan bükümü və əynindəki şalvarın sol yan cibindən isə bir ədəd Xiaomi markalı mobil telefonu çıxardıb təqdim təqdim etmiş, təqdim etdiyi bükümün içərisində narkotik vasitə tiryək olduğunu, həmin metamfetamini təxminən 20 gün əvvəl Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən 30 manat pulun müqabilində şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini demişdir. Əməliyyat müvəkkili tərəfindən təqdim olunmuş həmin bir ədəd bükümə baxış keçirərkən onun narkotik vasitə tiryəkə bənzər maddə olduğunu görmüş, sonra həmin tiryəkə bənzər maddəni sellofanla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 0,96 (sıfır tam yüzdə doxsan altı) qram olduğunu müəyyən edilmişdir. Daha sonra həmin narkotik vasitə tiryəkə bənzər maddəni və Xiaomi markalı mobil telefonu ayrı-ayrılıqda içi boş olan kağız zərflərə qoyaraq qablaşdırmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində qeyd olunandan başqa qanunla qadağan olunmuş hər hansı maddə və predmet aşkar olunmamışdır. Masallı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Asiman Abdullayev tərəfindən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən əməliyyat-axtarış tədbiri zamanı aşkar edilmiş əşyalara keçirilən baxışın video görüntülərini əks etdirən CD diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən olunmuşdur ki, Masallı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1 və X7, Masallı RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Şahid3 tərəfindən əməliyyat-axtarış tədbiri zamanı saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış maddə olan zərf və mobil telefon olan zərf və baxış keçirilməsi barədə video görüntünü əks etdirən CD disk təhqiqatçıya təqdim edilmişdir. Təqdim edilmiş zərfdəki bükümə təhqiqatçı baxış keçirən zaman 01 bükümdə tiryəkə bənzər narkotik vasitə olmuş və həmin büküm elektron tərzidə çəkilərkən 0,96 qram olmuş, digər zərfə açılaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Xiaomi markalı mobil telefona baxış keçirilmiş, daha sonra təhqiqatçı tərəfindən iştirakçılarla bərabər Təqsirləndirilən şəxs yerində saxlanılmaqla üzərinə baxış keçirilməsini əks etdirən CD diskə baxış keçirilmişdir. Masallı RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Mehrabov saday Dönməz oğlu tərəfindən müdafiəçisi Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində dindirilməsinin görüntülərini əks etdirən CD diskə məhkəmə iclsasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, müstəntiq tərəfindən şübhəli şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona verilən sualları tam şəkildə cavablandıraraq törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 06 fevral 2025-ci il tarixli 19/45 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş üzərində bir tiryəkə bənzər kütlə.....” sözlər və imzalar olan zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi: -0,881 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Tiryəkin təmiz çəkisi 0,881 qram, tədqiqata sərf edildi -0,1 qram, qalıq -0,781 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X8 Yoxlamanın nəticələrinə dair xx.xx.2025-ci il tarixli 55 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. “Maddi sübutun tanınması və təhvil verilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi 0,781 qram olan narkotik vasitə tiryək maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 ədəd “CD” disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər X2 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli 556 saylı arayışından görünür ki, Masallı rayonu, Qızılağac kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs xx.xx.2010-cu ildən Lənkəran Şəhər Psixatriya Xəstəxanasında qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X5 Hüquqi Şəxsin ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 674 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəliyin əlamətləri aşkar olunmur, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də ittiham olunan Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən və Masallı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(050)-24/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 02 il 08 ay 07 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2020-ci il tarixli hökm qüvvəsində saxlanılmış, xx.xx.2022-ci ildə Masallı rayon Məhkəməsinin qərarı ilə 05 ay 23 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2023-cü ildə cəzanı tam şəkildə çəkib qurtardığından şöbənin qeydiyyatından çıxarılmışdır. Masallı rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 2- 223/25-62-16 saylı məktubdan görünür ki, Masallı rayon Məhkəməsinin 7(050)-124/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 5 ay 23 gün müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Cəza müddəti xx.xx.2023-cü il tarixdə başa çatdığından Masallı rayon İcra və Probasiya Şöbəsinin probasiya qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs hazırki cinayəti törətdiyi zaman məhkumluğu ödənildiyindən hazırda məhkumluğu omayan şəxsdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı rayon Qızılağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Əliyev X6 rayonu, Qızılağac kəndində qeydiyyatda olmaqla yaşayır, iki nəfərdən ibarət (onlardan biri azyaşlı uşaqdır) ailə üzvü vardır və yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə video çəkilişin aparılmasına dair CD disklər, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü bəndində göstərilir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Azərbaycan Respublikası 2005-ci il 28 iyun tarixli qanun ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan tiryəkin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri -0,5 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda 1 ( bir) ədəd sellofan bükümdə təmiz çəkisi -0,881 qram təşkil edən xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4cü maddəsinə əsasən himayəsində 1 azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşını, o cümlədən cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də islah olunmasını mümkün hesab etməklə ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə bununla bağlı qeyd edir ki, təqsirləndirilən şəxsin üzərində aşkar edilmiş 0,881 qram tiryəkin miqdarı az olmaqla, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə” siyahının İ hissəsində göstərilmiş tiryəkin xeyli miqdarının (0,5-50 qram) aşağı həddinə yaxın, yəni 0,5 qrama yaxın çəkidə olmuşdur. Məhkəmə hesab edir ki, bu halın özü şəxsin təhlükəliliyinin aşağı olduğunu və azadlıqda qalacağı halda, yenidən cinayət törətmək ehtimalının az olduğunu göstərir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə həmçinin Cinayət Məcəlləsinin 52-1.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını qanuni və məqsədə müvafiq hesab edir. Cəzaçəkmə müddətinin əvvəli Masallı rayon İcra və probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2205-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsinə xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:10-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2025-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Masallı RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın şübhəli şəxs qismində tutularaq saxlandığı müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla ondan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan -0,781 qram narkotik vasitə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə həvalə olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarında dəyişiklik edilməsi barədə xx.xx.2025-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 110 manat pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutularaq saxlandığı 05 fevral 2025-ci il tarixdən 07 fevral 2025-ci il tarixədək olan 2 (iki) gün müddətin hər 1 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) günü hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Masallı rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspert tədqiqatından sonra qalıq çəkisi -0,781 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmasını, üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi barədə videogörüntüləri özündə əks etdirən 03 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş müvafiq olaraq Masallı rayon Vəkil bürosunun vəkili Müdafiəçi 10 saat üçün nəzərdə tutulan 110 (bir yüz on) manat pul dövlət büdcəsinin vəsaiti hesabından tutulub Masallı rayon «Kapital Bank»dakı hesabına köçürülsün. (kod-990003611, VÖEN **********1, hesablaşma hesabı ********************) ödənilsin. Hökmün icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Masallı Rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №1(050)-96/2025
Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-96/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver