Məhkəmə qərarları › İş №1(050)-99/2024

Masallı Rayon Məhkəməsi Hökm — İş №1(050)-99/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Masallı rayonu İş № 1(050)-99/2024 17.07.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Xəlilov Elvin Asif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Masallı Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Masallı rayonu, Boradigah qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Masallı rayonu, Boradigah qəsəbəsi, Zülfüqarov küçəsi ev 34-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan Masallı RPŞ-nin Boradigah PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 09 mart 2024-cü il tarixdə saat 22 radələrində Masallı rayonu Boradigah qəsəbəsi ərazisində saxlanılaraq RPŞ-yə gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin sol iç hissəsindən 01 ədəd qara rəngli sellofan bükümün içərisindən təmiz çəkisi-465,0 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olsa da, tutulduğu vaxt üzərində heç bir narkotik vasitə olmamışdır. 09 mart 2024-cü il tarixdə təminən saat 13 radələri olardı yaşadığı evdən çıxmış, alış-veriş etmək üçün mağazaya doğru getmişdir. Asfalt yolun kənarı ilə gedərkən yaşadığı evin yaxınlığında olan məsciddən günorta azanı verilən vaxt yanında “Mercedes” markalı, qeydiyyat nömrəsinin sonu 033 olaraq xatırladığı hündür “jeep” maşını yanında saxlamış, üç nəfər mülki geyimli şəxslər avtomobildən düşmüşdülər. Lakin əməliyyat müvəkili Faiq Qurbanov həmin vaxt orada olmamışdır. Bölmənin polis əməkdaşı kimi tanıdığı Astara rayonundan olan şəxs ona X6 getməli olduğunu, bölmə rəisinin onu görmək istədiyini demişdir. Həmin vaxt maşında olan polis əməkdaşlarına çıxıb getmələrini, özünün gəlib bölmə rəisini görəcəyini demişdir. Lakin polis əməkdaşları ona maşına oturması tələb etdiklərindən, etiraz etməyərək maşına oturmuş, həmin vaxt maşında əyləşmiş əməliyyat müvvəkili Şahid1 ona təkidlə əllərini oturacaqların üzərinə qoymasını tələb etmişdir. O da polis əməkdaşının təkidindən sonra əllərinin oturacaqların üstünə qoymuşdur. Birlikdə avtomaşınla Masallı RPŞ-nin X5 inzibati binasının həyətinə daxil olmuşlar. Polis əməkdaşları onu bölmə rəsinin otağına aparmalı olduqları halda, bunun əksinə olaraq digər xidməti otağa aparmışlar. Onu otağa saldıqdan sonra Şahid1 ona narkotik vastələrin dövriyəsinə görə həbsə gedəcəyini demişdir. Orxan Xanmməmdova işlədiyini, evində xəstə anasının olduğunu, iki ildən artq müddətdir ki, narkotik vasitələrin istifadəsi və dövriyyəsi ilə məşğul olmadığını bildirmişdir. Ondan şübhələndikləri təqdirdə həkim müyinəsinəsinə aparılmasını, müayinə edildikdən sonra qanında narkotik vasitələrin tərkibi aşkar olunacağı təqdirdə həbsə getməyə etirazının olmadığını bildirmişdir. Sonradan Bölmənin inzibati binasında onu saxladıqları xidməti otaqda polis əməkdaşları onunla kobud rəftar etməyə başlamışlar, kimsə ona təpik, kimisi isə yumruq atmağa davam etmiş, narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasını məcburi olaraq boynuna almasını və həbsə getməsini bildirmişlər. Boynuna almadığ təqdirdə onu daha ağır maddə ilə ittiham edəcəklərini, üzərinə məcburi qaydada külli miqdarda narkotik vasitə qoyulacağı ilə hədələmişlər. Saat 22 radələrinədək Bölmənin inzibati binasında saxlanılmış, ona müxtəlif işgəncələr verilmiş, hətta əli qandallı şəkildə ayaqlarına dəmir turba keçirməklə dizi üstə yerə çökdürülmüş, inzibati binanın daxilində 6- 7 saat ərzində ayaqlarının altına polis dəyənəyi ilə vurub xəsarət yetirməklə narkotik vasitəni boynuna almasını tələb etmişlər. Həm uzun müddət şiddətə məruz qalmaqla döyüldüyündən, həm də daha ağır ittiham oluna biləcəyini düşünüb qorxduğundan məcburiyyət qarşısında qalaraq hazırki ittihamda verilmiş narkotik vasitəni üzərinə götürəcəyinə razılıq vermişdir. Bundan sonra müdafiəçi dəvət edilmiş, xidməti otaqda təhqiqatçının və polis əməkdaşları olan Şahid1, Şahid3 və Şahid2 şahidliyi ilə videoçəkiliş aparılmaqla üzərinə axtarış keçirilmiş, əvvəlcədən polis əməkdaşlarının planlaşdırdıqları kimi içərisində narkotik vasitə selofan bağlama ona təqdim edilmiş, videoçəkiliş zamanı təqdim edəcəyini bildirmişlər. Üzərində narkotik vasitə olmadığı halda üzərinə narkotik vasitə qoyularaq video çəkiliş zaman söylədiyi sözlərin təkrarlanması bildirilmişdir. O, da məcbur olub polis əməkdaşlarının sözlərini eyni ilə təkrarlamışdır. Bu barədə heç kimə, eləcə də müdafiəçisinə və ailə üzvlərinə heç bir məlumat verməmişdir. İfadəsi alınarkən özünü itirdiyindən narkotik vasitənin ona məxsus olmaması barədə müdafiəçiyə heç bir söz bildirməmişdir. O sonradan da polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı prokurorluq, məhkəmə və digər orqanlara məlumat vermədiyini qeyd etmişdir. O, dəyənəklə ayaqlarının alt hissəsinə vurulduğundan, həmin nahiyədə az bir müddət şişkinliyin olduğunu, lakin gözlə görünən hər hansı xəsarət yaranmadığını qeyd etmişdir. O, həqiqəti məhkəmədə söyləyəcəyini düşünmüşdür. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində mobil telefon olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla özünü tam təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq məhkum olunmuş və cəzasını çəkib qurtarmışdır. Cəzaçəkmə müəssisəsindən çıxdıqdan bir müddət sonra yenidən narkotik vasitə istifadə etməyə başlamış və son dövrlər narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 09 mart 2024-cü il tarixdə günorta saat 15 radələrində yaşadığı qəsəbədən Lənkəran rayonu Qumbaşı kəndinə şəxsi istifadəsi üçün narkotik vasitə almaqdan ötrü getmiş, Lənkəran rayonu Qumbaşı kəndinə çatdıqda, orada yerləşən avtomobil körpüsünün yaxınlığında əvvəl bir dəfə gördüyü və adını bilmədiyi orta yaşlarında olan kişi cinsindən olan şəxs ilə rastlaşmış, həmin adını bilmədiyi şəxs onunla salamlaşmış və narkotik vasitə istəyib-istəməməsi barədə soruşmuşdur. Həmin şəxsə narkotik vasitə olan qurudulmuş marixuana istədiyini demiş, sonuncu yarım kiloqramdan az narkotik vasitə olan qurudulmuş marixuananı 90 manat pul müqabilində sata biləcəyini demiş, üzərində 90 manat pul olduğundan həmin şəxsin dediyi çəkidə narkotik vasitəni almağı, bir müddət narkotik vasitə üçün harasa getməyə ehtiyacı olmayacağını düşünmüş, razılaşaraq narkotik vasitə olan qurudulmuş marixuananı almaq istədiyini demişdir. Həmin şəxs yanından çıxıb getmiş, təxminən 3-4 dəqiqə sonra geri qayıtmış, əlində qara rəngli sellofan paket olmuş, sonuncu qara rəngli sellofan torbanın içərisini açıb narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş, əynində olan şalvarın yan cibindən 90 manat pul çıxardıb həmin şəxsə vermiş və 1 ədəd qara rəngli sellofan paketdə olan narkotik vasitə qurudulmuş marixuananı almışdır. Narkotik vasitə olan sellofan paketi əlində saxlayacağı halda diqqət çəkəcəyini düşünmüş, həmin paketin ağzın bağlayıb əynində olan qara rəngli qış gödəkçəsinin alt hissəsində gizlətmiş, daha sonra oradan piyada yaşadığı Masallı rayonu Boradigah qəsəbəsinə geri qayıtmış, üzərində olan narkotik vasitəni istifadə etməkdən ötrü axşam olmasını gözləmişdir. 09 mart 2024-cü il tarixdə təqribən saat 22 radələrində Masallı rayonu Boradigah qəsəbəsi ərazisində yaşadığı evin yaxınlığında yerləşən asfalt yolun kənarında piyada gəzişərkən tanımadığı 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış, xidməti vəsiqələrini göstərib X5 əməkdaşları olduqlarını bildirmişlər, polis əməkdaşları üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğundan Masallı RPŞ-nin Boradigah PB-nə dəvət etmişlər. Polis əməkdaşlarına hər hansı bir etiraz etməmiş, Boradigah PB-də özünü təhqiqatçı Bəhmən Əsgərli kimi təqdim edən polis əməkdaşının xidməti otağına aparılmış, orada şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmiş, öz istəyi əsasında dövlət hesabına Masallı rayon Vəkil Bürosunun vəkili Əliheydər Hüseynov müdafiəçisi təyin edilmişdir. Müdafiəçisinin iştirakı ilə videogörüntü aparılmaqla üzərinə baxış keçirilməzdən öncə qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanın üzərində olub-olmaması barədə təhqiqatçı Bəhmən müəllim sual vermiş, üzərinə şəxsi axtarış keçirələcəyini görüb əynində olan qara rəngli gödəkçəsinin sol alt hissəsində saxladığı içərisində qurudulmuş marixuana olan 1 ədəd qara rəngli sellofan paketi çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. İştirakçılara sellofan paketin içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu və Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 90 manata aldığını bildirmişdir. Üzərinə və əynində olan paltarlara şəxsi axtarış keçirilən üzərindən qanunla qadağan olunmuş başqa maddə və ya əşya aşkar olunmamış, təqdim etdiyi 1 ədəd sellofan paketdə olan narkotik vasitə qurudulmuş marixuana elektron tərəzidə çəkilərək 479 qram olması müəyyən olmuş, üzərindən aşkar olunmuş 1 ədəd sellofan paketdə olan narkotik vasitə qurudulmuş marixuana iri zərfdə qablaşdırılmış, zərfin üzərisi imzalanaraq möhürlənmiş, protokol tərtib olunmuş və tərəfindən imzalanmışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki zor və ya psixi təzyiq göstərilmədiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin Boradigah PB-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 09 mart 2024-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Masallı rayonu Boradigah qəsəbəsi Zülfüqarov küçəsi ev 34-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz qəbulunda, üzərində gəzdirməkdə və istifadəsində şübhəli olması qeyd olunmuşdur. Həmin məlumat üzrə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılıb Boradigah PB-nə gətirilməsi ilə əlaqədar tərəfindən “təxirə salınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi” haqqında qərar qəbul olunmuşdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 22 radələrində Masallı rayonu Boradigah qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılmış, həmin vaxtı orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmaq üçün əlverişli şərait olmadığına görə sonuncunu Boradigah PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs razılaşmış, Boradigah PB-nin inzibati binasında təhqiqatçı, polis kapitanı Bəhmən Əsgərlinin xidməti otağına gətirilmiş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunmuş, dövlət hesabına öz istəyi əsasında Masallı rayon Vəkil Bürosunun vəkili X3 müdafiəçisi təyin edilmişdir. Bundan sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, könüllü olaraq təqdim etməsi təhqiqatçı Bəhmən Əsgərli tərəfindən təklif olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini anlayıb əynində olan qara rəngli gödəkçəsinin iç hissəsində gizlətdiyi 1 ədəd qara rəngli sellofan torbanı çıxardıb iştirakçılara təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, narkotik vasitəni həmin günü saat 15 radələrində Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən 90 manata şəxsi istifadəsi məqsədilə aldığını bildirmiş, Təqsirləndirilən şəxs əynində olan geyim əşyalarına təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilən zaman üzərindən qanunla qadağan edilmiş başqa hər hansı bir maddə və ya əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan paketdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək 479 qram olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə iri zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri imzalanaraq DİNnin 107 saylı möhürü ilə möhürlənmiş, şəxsi axtarış və götürmə barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır.Əməliyyat tədbirinə getdikləri vaxt üzərində mobil telefon olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Masallı RPŞ-nin Boradigah PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 və Boradigah PB-nin sahə polis nəfəri Şahid3 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixdə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair CD-yə baxış keçirilmiş, videoçəkilişə baxış zamanı Təqsirləndirilən şəxs əynində rəngli gödəkçəsinin iç hissəsində gizlətdiyi 1 ədəd qara rəngli sellofan bağlamanı çıxardıb iştirakçılara təqdim etməsi, təhqiqatçının verdiyi suallara cavab olaraq təqdim etdiyi selofan bağlamanın içində sellofan bükümdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, narkotik vasitəni həmin günü saat 15 radələrində Lənkəran rayonu Qumbaşı kəndində tanımadığı şəxsdən 90 manata şəxsi istifadəsi məqsədilə aldığını bildirmiş, müdafiəçinin verdiyi suala cavab olaraq polis ıəməkdaşları tərəfindən saxlanılıb bölməsinə gətirilərkən ona qarşı fiziki zor və ya psixi təsir göstərilmədiyini bildirməsi müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə-bioloji ekspertizasının 10 mart 2024-cü il tarixli, 19/227 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə.....” sözlər və imzalar olan bir ədəd paketdəki, 1 ədəd bükülüdə təmiz çəkisi: -465,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr” siyahısına daxildir (Siyahı İ). Marixunananın təmiz çəkisi 465,0 qram, tədqiqata sərf olundu 0,1 qram, qalıq 464,9 qamdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X9 Yoxlamanın nəticələrinə dair 11 mart 2024-cü il tarixli 249 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və KANNABİNOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (POLİNARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “əşyanın maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, 09 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq çəkisi-464,9 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin saxlanc anbarına verilmişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə video çəkilişin aparılmasına dair 1 ədəd CD disk sübut növü kimi tanınmaqla cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sorğu əsasında Masallı RPŞ-dən daxil olmuş əməliyyat tapşırığının cavab raportundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu Boradigah qəsəbəsi Zülfüqarov küçəsi ev 34-də yaşayan Təqsirləndirilən şəxs 09 mart 2024-cü il tarixdə üzərindən aşkar edilərək götürülmüş 465,0 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı Təqsirləndirilən şəxs narkotik vasitənin alüdəçisi olduğundan Lənkəran rayonu Qumbaşı kəndində kimliyinin müəyyən edilməsi mümkün olmayan şəxsdən almış və şəxsi istifadəsi məqsədi ilə üzərində saxlamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və xx.xx.2021-ci il tarixli 1(050)- 91/2021 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən barəsində “8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci tarixli Qərarının 4-cü bəndi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay müddətə azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs hazırki cinayəti törətdiyi zaman məhkumluğu ödənildiyindən hazırda məhkumluğu omayan şəxsdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı rayon Boradigah qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, X2 rayonu, Boradigah qəsəbəsi, S.Zülfüqarov küçəsi ev 34-də qeydiyyatda olmaqla yaşayır, bir nəfərdən ibarət ailə üzvü vardır və yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş mötəbər sübutlar, o cümlədən şahidlərin ifadələri, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi barədə video çəkiliş aparılması barədə CD, eləcə də işin faktiki halları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli olması tam sübuta yetirilmişdir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi şifahi vəsatətlə müraciət edərək hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxsin hansı saatda və hansı ərazidə polis əməkdaşları tərəfindən saxlanılmasını müəyyən etmək məqsədi ilə mobil telefon nömrəsinin anten dairələrinin müəyyən edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsinə əsasən polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində mobil telefon olmamasını, polis əməkdaşlarının isə mobil nömrələrinin hansı anten dairələrdə olması ilə bağlı məlumatların iş üçün hər hansı əhəmiyyət kəsb etməyəcəyi qənaətinə gələrək müdafiəçinin vəsatətini təmin etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadə ilə ittihamda qeyd olunan hallar üst-üstə düşür və bu hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs polis şöbəsində 09 mart 2024-cü il tarixdə ona qarşı zor tətbiq edildiyini bildirmiş, lakin həmin vaxtdan məhkəmə istintaqı başlanandək kifayət qədər vaxtı olmasına baxmayaraq, bu barədə müdafiəçisinə, ailə üzvlərinə və aidiyyəti orqanlara məlumat verməmişdir. Halbuki təqsirləndirilən şəxsin müraciət etməsinə mane ola hal mövcud olmamışdır. Çünki şəxsin barəsində ibtidai istintaq dövründə azadlığın məhdudlaşdırılması ilə bağlı olmayan “polisin nəzərəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş, şəxs uzun müddət ərzində sərbəst olduğu halda, ona qarşı edilmiş zorakılıq hərəkətləri ilə bağlı aidiyyəti orqanlara müraciət etməməsi onu göstərir ki, ona qarşı hər hansı qanunsuz hərəkətə yol verilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan marixuananın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 5 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmədə müəyyən edilir ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan xeyli miqdarda 1 ( bir) ədəd qara rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 465 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Göstərilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (əvvəllər analoji cinayət törətməsini), cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsini nəzərə alaraq, hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 09 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və tutulmuş şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsinə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 11 mart 2024-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə Masallı RPŞ-nin müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6.-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması (məhkəməyədək, habelə birinci və apellyasiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1. və 158.2.2. və 158.3.-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq həbsdə saxlandığı müddət ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1 və 93.1.4-cü maddələrinə əsasən tibbi xarakterli məcburi tədbirlər cinayət törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə təyin edilə bilər. Hazırkı cinayət işi üzrə alınmış müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs polinarkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından qeyd edir ki, hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan və aparılmış ekspert tədqiqatından sonra qalıq qalan 464,9 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsi görüntülərini özündə əks etdirən CD disk iş materiallarında saxlanılmalıdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 346.1.20-ci maddəsinin tələbinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə qüvvəsində saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.22-ci maddəsinin tələbnə əsasən cəzanın çəkilmə müddətinin hansı tarixdən başlanılması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun hökm elan olunduğu gündən, yəni 17 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21-ci maddəsinin tələbinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs aparılmış ekspertizanın dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Hökmün maddi sübut ilə bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 354, 356-358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə 09 mart 2024-cü il tarixdən 11 mart 2024cü il tarixədək tutularaq saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına daxil edilməklə ondan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməklə dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli hökm elan olunduğu gündən, yəni 17 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində polinarkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Masallı Rayon Polis şöbəsində saxlanılan və ekspert tədqiqatından sonra qalıq çəkisi-464,9 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması barədə görüntüləri özündə əks etdirən 01 ədəd “CD” disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutla bağlı hissəsinin icrası Masallı Rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar