Məhkəmə qərarları › İş №1(051)-10/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-10/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-10/2024 22.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Mingəçevir şəhər «Konsensus» Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1992-ci ildə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində xx.xx.2023-cü ildə həbs qətimkan tədbiri seçilmiş və hazırda ƏN PX-nin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2022-ci ilin mart-aprel ayları ərzində vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evinin sənədlərini düzəltdirəcəyini yalandan vəd edərək 12 mart 2022-ci il tarixdə Ağdaş şəhərində yerləşən "Humanitar Kollec"in qarşısında 500 manat, həmin ilin mart ayının sonlarında Ağdaş şəhəri ərazisində 1500 manat, həmin ilin aprel ayının ortalarında Mingəçevir şəhərində “Daşınmaz Əmlak” idarəsinin qarşısında 1000 manat olmaqla ümumilikdə 3000 manat məbləğdə pulunu alaraq Zərərçəkmiş şəxs1 3000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2022-ci ilin aprel-may ayları ərzində vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 2 ünvanda yaşayan Zərərçəkmiş şəxs1 onun atasına məxsus avtomobil təmiri sexinin ərazisini genişləndirməklə, həmçinin həmin sexin yerləşdiyi ərazinin sənədlərini düzəltdirəcəyini yalandan vəd edərək 2022-ci ilin may ayında Ağdaş şəhərində yerləşən keçmiş kinoteatr binasının qarşısında 2000 manat, həmin ayın sonlarında Ağdaş şəhəri ərazisində 200 manat və həmin ayın sonlarında Ağdaş şəhərində 800 manat olmaqla ümumilikdə 3000 manat məbləğdə pulunu alaraq zərərçəkmiş şəxsə 3000 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o. təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2022-ci ilin may-iyul ayları ərzində vahid niyyətlə əhatə olunan qəsdlə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə istifadədən dayandırılmış elektrik dirəklərini çıxardaraq dəyərinin 50 faizini dövlətə ödəyib, digər 50 faizini şərikli gəlir olaraq əldə edəcəkləri ilə bağlı işi qurmaq adı ilə, 2022-ci ilin may ayının sonlarında Ağdaş şəhəri ərazisində yerləşən keçmiş kinoteatr binasının qarşısında 800 manat, həmin ilin iyun ayının ilk günlərində Ağdaş şəhəri ərazisində 500 manat, həmin ayın ortalarında Yevlax şəhər ərazisində 700 manat, həmin ayın ortalarında Bakı şəhəri, Nəsimi rayon ərazisində 500 manat və həmin ilin iyul ayının ilk günlərində Ağdaş şəhəri ərazisində 500 manat olmaqla ümumilikdə 3000 manat məbləğdə pulunu alaraq zərərçəkmiş şəxsə 3000 manat məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ilin sentyabr ayının əvvəllərində Şahid2 idarə etdiyi avtomobildə sərnişin kimi Mingəçevir şəhərindən yaşadığı Ağdaş şəhərinə gedərkən, həmin avtomobildə olan digər sərnişin Zərərçəkmiş şəxs2 Şahid2 özünə məxsus Ağdaş rayonu, Qumlaq kəndində yerləşən həyətyanı sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarış almaq istədiyini və bunun yollarını axtardığını dedikdə, onların arasında olan söhbəti eşidib, tamah niyyəti ilə Zərərçəkmiş şəxs2 məxsus əmlakı, onun etibarından sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək qərarına gəlmiş və bu əməlini törətməyin üsulu kimi yalandan özünü Zərərçəkmiş şəxs2 Mingəçevir Bələdiyyəsinin əməkdaşı kimi təqdim edib, ona həyətyanı torpaq sahəsinə çıxarış almaqda köməklik edə biləcəyini bildirməklə, 2022-ci ilin təxminən sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs2 zəng edərək Göyçay şəhərində yerləşən "Arxiv İdarəsindən ona məxsus torpaq sahəsinə dair sənədləri götürmək məqsədilə həmin idarəyə getdiyini, lazımi sənədləri götürmək üçün 225 manat məbləğdə pul verilməli olduğunu deyib, ilkin olaraq Ağdaş şəhəri ərazisində Zərərçəkmiş şəxs2 225 manat məbləğdə, torpaq sahəsinə dair qalan sənədləri düzəltmək adı ilə təxminən 1 həftə sonra Ağdaş şəhər avtovağzalında əlavə olaraq 150 (yüz əlli) manat məbləğdə, habelə 2022-ci ilin sentyabr ayının sonlarına yaxın yenə də torpaq sahəsinə dair sənədlərin düzəldilməsi adı ilə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Mingəçevir Bələdiyyəsinin inzibati binasının qarşısında 226 manat məbləğdə, sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə torpaq sahəsinə dair sənədləşdirməni yekunlaşdıracağını vəd verib Zərərçəkmiş şəxs2la Mingəçevir şəhər Bələdiyyəsinin qarşısında görüşərək ondan 74 manat pul alaraq Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib, onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 ümumilikdə 675 (altı yüz yetmiş beş) manat məbləğdə pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 oğuna maddi ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, pul məbləğləri ittiham aktında qeyd edildiyi kimi Zərərçəkmiş şəxs1 9000 deyil, təxminən 7000-7200 manat həcmində ziyan vurmaqla dələduzluq etmişdir. Zərərçəkmiş şəxs1 qarşı həm ev sənədlərinin düzəldilməsində, həm onun atasına aid avtomobil sexinin sənədlərinin düzəldilməsinə, həm də onunla elektrik dirəklərinin çıxarılaraq satışı ilə bağlı iş qurmaq məsələsində ona qarşı dələzudluq etməyi ilə bağlı özünü qismən təqsirli bilmiş, Zərərçəkmiş şəxs1 9000 manat deyil, təxminən 7000-7200 manat məbləğdə pul almışdır. Həmin həmin məbləğləri Zərərçəkmiş şəxs1 ona hissə-hissə, ayri-ayrı vaxtlarda, 400 manat, 300 manat, 500 manat, bundan sonra bir dəfə 1000 manat, daha sonra 2000 manat, qalan məbləğlər 300 manat, 400 manat, 500 manat verilmişdir. Mənsurdan aldığı pulun 5000 manatını işi düzəltmək üçün Elsevər adlı şəxsə vermişdir. İşi tam görəcəyi təqdirdə isə pulun hamısını həmin şəxsə verəcəkdir. İş alınmadığından Mənsurdan aldığı pulun 2100 manatını qaytarmışdır. Həmin vaxtı Mənsur pulunu ondan tam istəyirdi hissə-hissə istəmədi. O səbəbə görə Mənsurun pulunu qaytara bilməmişdir. Zərərçəkmiş şəxs2la bağlı epizodda isə özünü tam təqsirli bilir. Həmin epizod üzrə Zərərçəkmiş şəxs2 675 manat pul almışdır. Həmin pulu Ağdaşdan Mingəçevirə gələndə Vüqar adlı taksi sürücünün maşınında Anardan almışdır. Həmin pulu Anardan onların həyətyanı torpaq sahəsinə sənəd düzəltəmək məqsədi ilə almışdır. Lakin sonradan onun sənədləşmə işi düzəlmədi. Ondan aldığı pulları da onun özü ilə yollarda istifadə etmiş, yanacaq və digər məsrəflərə sərf olunmuşdur. Bu iş başlayandan hər gün sənədləşmə ilə bağlı Mingəçevirə gəlib gedirdi. Hər gün gəldikcə 10 manatlıq yanacaq üçün vəsait xərcləyirdi. O, bir daha qeyd edir ki, onun Zərərçəkmiş şəxs1 aldığı pulun ümumi məbləği 7000-7200 manat təşkil edir. Həmin məbləğdən artıq Mənsurdan pul almamışdır. Alınan bütün məbləğlər nəğd qaydada hissə-hissə olaraq Mənsurdan almışdır. O, zərərçəkənlərə dəymiş ziyan ödəməkdən imtina etmir. Lakin hazırda azadlıqda olmadığı üçün zərəçəkənlərə dəymiş ziyanı ödəyə bilmir. Əgər azadlığa çıxarsa zərərçəkənlərlə razılığa gəlib həmin ziyanı ödəməyə hazırdır. Hazırda zərərçəkən şəxslərlə barışıq əldə etmişdir. Odur ki, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 8 ildir ki, tanıyır, münasibətləri yaxşı olmuşdur, aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 2018-ci ildə hazırda dəqiq olaraq xatırlamadığı vaxtda İsa ona Ağdaş rayonu, Gürcüva kəndində yerləşən torpaq sahəsini öz adına keçirməkdə ona kömək etmiş, belə ki, həmin torpaq sahəsinə dair sənədləri hazırlamışdır. Bundan sonra o, İsanın yenidən ona torpaq sənədlərini düzəldəcəyinə inanmışdır. xx.xx.2022-ci il tarixdə İsa ilə Ağdaş şəhərində söhbət edən zaman İsa ona Mingəçevir şəhərində əmlak komitəsində işlədiyini bildirmişdir. O da həmin vaxt yaşadığı evin sənədlərini hazırlamaq istədiyini İsaya dedikdə, İsa ona evin sənədlərini düzəldə biləcəyini vəd etmişdir. Bundan sonra İsa həmin vaxt mobil telefonla danışmış, sonra 500 manat pul verməli olmasını ona bildirmişdir. Elə həmin gün o, X4 kollecinin qarşısında anası Şahid1 yanında 500 manat pul vermişdir. Bundan sonra o, özü idarə etdiyi və özünə məxsus avtomobillə İsanı Mingəçevir şəhərinə aparmışdır. İsa Mingəçevir şəhərində yerləşən əmlak komitəsinin qarşısında düşmüş və özü tək həmin komitəyə aid olan binaya getmişdir. Təxminən 20 dəqiqə sonra İsa geri qayıtmış və ona evin sənədlərinin hazır olacağını, lakin bu barədə heç kimə bir söz deməsini bildirmişdir. O, da İsa ilə razılaşmış və Ağdaş rayonuna qayıtmışdır. Təxminən 10 gün sonra İsa ondan 1500 manat pul istəmişdir ki, sənədlərin xərci 3000 (üç min) manat olacaqdır və pulun bir hissəsini də vermək lazımdır. Qalan pulu isə sənədləri götürən zaman verilməlidir. Təxminən 20-25 gün sonra İsa ona sənədlərin hazır olduğunu bildirdikdə birlikdə Mingəçevir şəhərinə getmişlər. Həmin əmlak komitəsinə aid binanın qarşısında İsa avtomobildən düşərək binaya gedib, təxminən yarımsaat sonra geri qayıtmış və evin sənədlərini gətirmişdir. Həmin vaxt İsaya qalan 1000 (min) manat pulu da vermişdir. Bundan sonra o, İsanın həqiqətən də ona kömək etdiyinə inanmışdır. Bundan təxminən 2 həftə sonra o, İsadan atasına məxsus avtomobil təmiri sexini özəlləşdirə bilibbilməyəcəyini soruşduqda İsa həmin yeri özəlləşdirməklə yanaşı həmçinin həmin yeri bir qədər də genişləndirəcəyini də vəd etmişdir. Belə ki, atasına məxsus avtomobil təmiri sexinin sahəsi 24 kvadrat metrdir, lakin İsa həmin yeri 60 kvadrat metr ölçüyədək genişləndirə biləcəyini söz vermiş, buna görə də ondan 3000 (üç min) manat pul alacağını bildirmişdir. O da İsa ilə razılaşmışdır. Təxminən 2022-ci ilin may ayında o və anası Aruzunun yanında Ağdaş şəhərində yerləşən keçmiş kinoteatr binasının qarşısında İsaya 2000 (iki min) manat pul vermişdir. İsa da qalan pulu sənədlər hazır olduqda verməsini bildirmişdir. İsaya pul verdikdən təxminən 10 gün sonra İsa ona bir sənəd gətirərək, sexin icarə müqaviləsinin başa çatdığı üçün şəhər bələdiyyəsi Qarayevlə danışaraq yeni müqavilə bağladığını bildirmişdir. Bunun müqabilində ondan 200 manat almışdır. Həmin gün, günorta saatlarında İsa ilə birlikdə sexin 200 manat rüsumunu verməkldən ötrü Mingəçevir şəhərinə getmişlər. Yol gedən zaman İsa ona yaxşı iş tapdığını, bunun sayəsində çoxlu gəlir əldə edə biləcəklərini demişdir. O da İsadan işin nədən ibarət olduğunu soruşmuşdur. Həmin vaxt İsa yüksək gərginlik xətlərinin istifadə müddəti başa çatan dirəkləri kəsərək təmizləmək müqabilində dövlətə 50 faiz pul köçürməyin lazım olduğunu, qalan 50 faizin onlara qalacağını bildirmişdir. Həmçinin İsa həmin şəxslərlə danışıb, onlara 800 manat məbləğdə pul verilməli olduğunu, dirəklərlə bağlı sənədləri hazırlayan şəxsin adının Telman müəllim olduğunu bildirmişdir. Daha sonra onlar birbaşa Mingəçevir şəhərində yerləşən əmlak komitəsinin binasının qarşısına getmişlər. İsa 800 manat pul verdikdən sonra Telman müəllimin onlara sənəd verəcəyini, bundan sonra işə başlaya biləcəklərini bildirmişdir. Bundan iki gün sonra 800 manat pul tapıb, Ağdaş şəhərində yerləşən keçmiş kinoteatr binasının qarşısında həmin pulu İsaya vermişdir. Bundan sonra onlar yenidən Mingəçevir şəhərinə gəlmişlər. İsa Telman müəllimin onlara sənədləri verəcəyini bildirmişdir. İsa yenə də həmin binaya girib, təxminən yarımsaat sonra geri qaıtmış, həmin vaxt İsa ona bir "arayış" verib, 2-3 gün sonra işə başlaya biləcəyini bildirmişdir. Təxminən 4-5 gün sonra İsa Telman müəllimin işçilərinə pul vermək lazım olduğunu bildirib, elektrik dirəklərindən bir neçəsini nümunə kimi kəsib götürməli olduğunu bildirmişdir. Həmin vaxt o, İsaya ilkin olaraq 500 manat məbləğdə pul vermişdir. Təxminən iki gün sonra İsa ona işə başlamaq üçün FHN-na, ETSN- nə və Yevlax RPŞ-na pul verməli olduğunu, əks halda sənədlərin ləğv olunacağını bildirmişdir. Bunun müqabilində ondan 700 manat pul istəmişdir. O da İsaya 700 manat pul vermiş və birlikdə Mingəçevir şəhərinə getmişlər. İsa yenə də avtomobildən düşərək gedib, təxminən 20 dəqiqə sonra qayıdıb ona başqa işlərin çıxdığını deyib, Ağdaş şəhərinə tək qayıtmalı olduğunu bildirmişdir. Bundan təxminən 2 gün sonra İsa ona Bakı şəhərinə getməli olduqlarını və Tofiq müəllim adlı şəxsə 500 manat məbləğdə pul verməli olduqlarını bildirmişdir. Onlar Bakı şəhərinə gedən zaman yolda, hazırda xatırlamadığı yerdə İsaya 500 manat vermişdir. Bakı şəhərində «Memar Əcəmi» metrostansiyasının yaxınlığında bir yerə getmişlər, bu zaman İsa anidən ondan aralaşmış və təxminən 10 dəqiqə sonra geri qayıdaraq pulu verdiyini bildirmiş və hər şeyin qaydasında olduğunu demişdir. Növbəti gün Ağdaş rayonuna qayıtmışlar. Bakı şəhərindən qayıtdıqdan təxminən 10-15 gün sonra hazırda dəqiq olaraq xatırlamadığı vaxtda İsa ona sexin sənədlərinin hazır olduğunu bildirmişdir. İsa sənədləri Ağdaş şəhərində yerləşən keçmiş kinoteatr binasının qarşısında sənədləri ona vermiş, o da qalan 800 manat pulu İsaya vermişdir. Bundan təxminən 3-4 gün sonra İsa işlə əlaqədar olaraq Sabirabad rayonuna gedərək Telman müəllimin digər əməkdaşına 500 manat pul verməli olduqlarını bildirmişdir. Buna görə də 500 manat pul tapmış, həmin gün Sabirabad rayonuna getməzdən əvvəl Ağdaş şəhəri ərazisində həmin pulu İsaya vermiş, axşam saatlarında isə onlar avtomobil ilə Sabirabad rayonuna getmişlər. Gecə saat 01 radələrində hazırda xatırlamadığı yerdə İsa avtomobildən düşərək bir neçə şəxslə görüş keçirməli olduğunu bildirmiş, o isə İsanı avtomobildə gözləmişdir. Təxminən 3-4 saat sonra İsa geri qayıdaraq, işlərin düzəldiyini 10-15 gün ərzində işə başlayacaqlarını bildirmişdir. Bundan sonra onlar yenidən Ağdaş rayonuna geri qayıtmışlar. Lakin İsanın dediyi müddət keçdikdən sonra işin başımadığı üçün İsaya zənglər etməyə başlamışdır. İsa da hər dəfəsində bir bəhanə taparaq işlərin tezliklə başlayacağını bildirmişdir. Lakin iş düzəlmədiyi üçün o, İsanın onu aldatdığından şübhələnmişdir. Buna görə də İsanın ona verdiyi sənədləri yoxlatmaq üçün Ağdaş rayonunda yerləşən daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmişdir. Həmin xidmətdən İsanın ona verdiyi sənədlərin hər birinin saxta olduğunu və onların heç birinin hüquqi əsasının olmadığını bildirmişlər. Bundan sonra İsanın onu aldatdığını və pulunu ələ keçirdiyini anlamışdır. Beləliklə, Təqsirləndirilən şəxs onun ümumilikdə 9000 (doqquz min) manat məbləğdə pulunu 2022-ci ilin mart-iyul aylarında 3 dəfə olmaqla hər dəfəsində 3000 (üç min) manat olmaqla ələ keçirmişdir. Hal-hazırda da Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan qismən 3000 manat məbləği ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslə barışıq əldə etmiş, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını bildirmiş məhkəmədən qanuna müvafiq qərar qəbul etməsini xahiş etmişdir. İş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəmə istintaqında iştirak edə bilməmiş, lakin ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təxminən 2022-ci ilin sentyabr ayında tanıdığı Ağdaş rayon sakini Şahid2 məxsus olan və taksi fəaliyyəti göstərdiyi «Mersedes Benz 190» markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonuna gedən zaman avtomobildə tanışı Şahid2 yaşadığı Ağdaş rayonu, Qumlaq kəndində yerləşən fərdi həyət evinə çıxarış almaq istədiyini bildirən zaman, həmin avtomobildə sərnişin qismində gedən və əvvəllər tanımadığı, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs ona özünün Mingəçevir Bələdiyyəsində işlədiyini və yaşadığı fərdi həyət evinə çıxarış almaqda ona köməklik edə biləcəyini bildirmişdir. O da bu səbəbə görə Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs ona zəng vuracağını və lazım olduqda sənədlərin düzəlməsi qarşılığında pul alacağını bildirmişdir. Bundan təxminən 1 həftə sonra Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsi ilə Göyçay rayonuna gedəcəklərini bildirərək, arxivdən sənədlərin götürülməsi üçün 225 manat pul lazım olduğunu bildirmişdir. O, da bu səbəbə görə taksi fəaliyyəti ilə məşğul olan tanışı Şahid2 məxsus olan avtomobillə Təqsirləndirilən şəxs Ağdaş rayonundan götürərək, Göyçay rayonuna avtovağzalın yaxınlığına gedərək, avtomobildə Təqsirləndirilən şəxs 225 manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobildən düşüb gedərək, bir qədər sonra geri qayıtmışdır. Bundan sonra isə birlikdə Ağdaş rayonuna geri qayıtmışlar. Bundan təxminən 1 həftə sonra Təqsirləndirilən şəxs ondan sənədlərin düzəlməsi üçün 150 manat pul istədiyinə görə o da Şahid2 yanında Ağdaş rayonunda yerləşən avtovağzal yaxınlığında Təqsirləndirilən şəxs 150 manat pul vermişdir. Bundan təxminən 1 həftə sonra isə Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsi ilə zəng vuraraq, Mingəçevir şəhər Bələdiyyəsinin qarşısına onu çağıraraq, evin sənədlərinin düzəlməsi üçün ondan 226 manat pul gətirməsini istəmişdir. O da bu səbəbə görə Şahid2 məxsus olan avtomobillə Mingəçevir Bələdiyyəsinin qarşısına gələrək, yaxınlıqda olan Parkda Təqsirləndirilən şəxsla görüşərək, Şahid2 yanında Təqsirləndirilən şəxs 226 manat pul vermişdir. Sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsi ilə zəng vuraraq, yaşadığı fərdi həyət evinin sənədlərinin düzəlməsi üçün təkrar olaraq onu Migəçevir Bələdiyyəsinin qarşısına çağıraraq, 74 manat pul gətirməsini istəmişdir. O da bu səbəbə görə Şahid2 məxsus olan avtomobillə təkrar olaraq, Mingəçevir Bələdiyyəsinin qarşısına gələrək, yenə də yaxınlıqdakı pakrda Təqsirləndirilən şəxsla görüşərək, Şahid2 yanında İsa İsmayıova 74 manat pul vermişdir. Ümumilikdə Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Qumlaq kəndində yerləşən fərdi həyət evinə çıxarış almaq üçün 675 manat pul vermişdir. Lakin bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Qumlaq kəndində yerləşən fərdi həyət evinin çıxarışını istəyən zaman Təqsirləndirilən şəxs hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamışdır. O da Təqsirləndirilən şəxs onu aldatmasını anlayaraq, xx.xx.2022-ci il tarixdə DİN-in 102 xidmətinə zəng vuraraq, bu barədə məlumat vermişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 sonradan xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram göndərərək Təqsirləndirilən şəxs ilə öz aralarında razılığa gəldiklərini və ondan heç bir şikayəti olmadığını bildirmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsndə göstərmişdir ki, 2018-ci ildə İsa oğlu Mənsura Ağdaş rayonu, Gürcüva kəndində yerləşən torpaq sahəsini öz adına keçirməkdə kömək etmişdir. xx.xx.2022-ci il tarixdə oğlu Mənsur ona sənədlərini düzəltməkdə İsanın yenə onlara kömək edəcəyini, ilkin olaraq ona 500 manat pul verməli olduğunu deyib, elə həmin gün Mənsur X4 kollecinin qarşısında 500 manat məbləğdə pul vermişdir. Həmin vaxtdan sonra Mənsur onlara lazım olan bütün sənədlərin İsa tərəfindən düzəldiləcəyini demişdir. İsa Mənsurdan ümumilikdə 9000 (doqquz min) manat məbləğdə pulu 2022-ci ilin mart-iyul aylarında vəd verdiyi 3 məsələyə görə, hər dəfəsində 3000 (üç min) manat olmaqla vermişdir. Belə ki, birinci dəfə evlərinin sənədlərini, ikinci dəfə onlara məxsus avtomobil təmiri sexinin sənədlərini düzəldəcəyi və sahəsini artıracağını, həmçinin Mənsurla birgə iş qurmaq adı ilə aldadaraq alıb, ələ keçirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs Ağdaş rayon sakini kimi tanıyır. Özünə məxsus olan «Mersedes Benz 190» markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobillə şəhərlərarası taksi fəaliyyəti ilə məşğul olur. Təxminən 2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs Mingəçevir şəhərindən Ağdaş rayonuna sərnişin kimi aparan zaman yolda avtomobilinə Zərərçəkmiş şəxs2 da sərnişin kimi əyləşmişdir. Yolda Zərərçəkmiş şəxs2 ona yaşadığı Ağdaş rayonu, Qumlaq kəndində yerləşən fərdi həyət evinə çıxarış almaq istədiyini bildirən zaman avtomobildə oturan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Mingəçevir Bələdiyəsində işlədiyini və ona yaşadığı fərdi həyət evinə çıxarış almaqda köməklik edə biləcəyini bildirmişdir. Zərərçəkmiş şəxs2 da bu səbəbə görə Təqsirləndirilən şəxs bu təklifi ilə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 zəng edəcəyini, lazım olduqda sənədlərin düzəlməsi qarşılığında pul alacağını bildirmişdir. Bundan təxminən 1 həftə sonra Zərərçəkmiş şəxs2 ona mobil telefon vasitəsi ilə zəng edərək, Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsi ilə zəng etdiyini, onu Göyçay rayonuna aparmağı xahiş edərək, torpaq sahəsinin sənədləşmə işinə və bu səbəbdən də arxivdən sənədlərin götürülməsi üçün 225 manat pulu İsaya verməli olduğunu bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs2 taksi fəaliyyəti göstərdiyi avtomobillə Təqsirləndirilən şəxs Ağdaş rayonundan götürərək, Göyçay rayonuna avtovağzalın yaxınlığına gedərək, Zərərçəkmiş şəxs2 avtomobildə Təqsirləndirilən şəxs 225 manat pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs avtomobildən düşüb gedərək, bir qədər sonra geri qayıtmışdır. Bundan sonra isə onlar birlikdə Ağdaş rayonuna geri qayıtmışlar. 1 həftə sonra Zərərçəkmiş şəxs2 ona mobil telefon vasitəsi ilə yenidən zəng edərək, Təqsirləndirilən şəxs ondan sənədlərin düzəlməsi üçün 150 manat pul istədiyini demişdir. Onlar birlikdə Ağdaş rayonunda yerləşən avtovağzalın yaxınlığına getmişlər. Zərərçəkmiş şəxs2 avtovağzalın yaxınlığında Təqsirləndirilən şəxs 150 manat pul vermişdir. Bundan təxminən 1 həftə sonra Zərərçəkmiş şəxs2 ona mobil telefon vasitəsi ilə zəng vuraraq, Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsi ilə zəng etdiyini, onu Migəçevir Bələdiyyəsinin qarşısına çağıraraq, evin sənədlərinin düzəlməsi üçün ondan əlavə olaraq 226 manat pul gətirməsini istədiyini bildirmişdir. Bu səbəbə görə Zərərçəkmiş şəxs2 ona məxsus olan avtomobillə Mingəçevir Bələdiyyəsinin qarşısına gedərək, Bələdiyyənin qarşısında olan parkın içərisində Təqsirləndirilən şəxsla görüşərək, onun yanında Təqsirləndirilən şəxs 226 manat məbləğdə pul vermişdir. Sonuncu dəfə isə xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs2 ona təkrar mobil telefon vasitəsi ilə zəng edərək, Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsi ilə zəng etdiyini, yaşadığı fərdi həyət evinin sənədlərinin düzəlməsi üçün təkrar olaraq onu Mingəçevir Bələdiyyəsinin qarşısına çağıraraq, 74 manat pul gətirməsini istədiyini bildirmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs2 ona məxsus avtomobillə təkrar olaraq, Mingəçevir Bələdiyyəsinin qarşısına gedərək, Bələdiyyənin qarşısında olan parkda Təqsirləndirilən şəxsla görüşərək, onun yanında Təqsirləndirilən şəxs 74 manat məbləğdə pul vermişdir. Zərərçəkmiş şəxs2 ümumilikdə onun yanında Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Qumlaq kəndində yerləşən fərdi həyət evinə çıxarış almaq üçün 675 manat məbləğdə pul vermişdir. Lakin bundan sonra Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs yaşadığı Ağdaş rayonu, Qumlaq kəndində yerləşən fərdi həyət evinin çıxarışını istəyən zaman Təqsirləndirilən şəxs hər dəfə Zərərçəkmiş şəxs2 müxtəlif bəhanələr gətirməyə başladığı üçün Zərərçəkmiş şəxs2 da Təqsirləndirilən şəxs onu aldatmasını başa düşərək şikayət etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi, material üzrə cinayət işinin başlanması və işin istintaq aparılması üçün aidiyyati üzrə göndərilməsi haqqında 16 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmiş və eyni tarixli qərarla barəsində axtarış və tutulma haqqında qərar qəbul edilmişdir . xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, təsirləndirilən şəxs qismində tutulmalı olan Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilib istintaqa təqdim olunduğu vaxtadək dayandırılmışdır. 28 mart 2023-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və cinayət işinin istintaqı davam etdirilmişdir. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Ağdaş rayon Məhkəməsinin 4(014)-24/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. 22 aprel 2023-cü il tarixli cinayət işinin digər cinayət işinə birləşdirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinə birləşdirilmişdir. 30 noyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və cinayət işinin başlanılaraq aidiyyati üzrə göndərilməsi barədə qərardan görünür ki, cinayət işinin başlanmnasının rədd edilməsi haqqında Ağdaş RPŞ-nin İQ-nun baş müstəntiqi polis mayaru Ruslan Cavadov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmişdir. 03 dekabr 2022-ci il tarixli cinayət işinin icraata götürülməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə başlanmış cinayət işi icraata götürülmüşdür. 04 dekabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. 05 yanvar 2023-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, ********* №-li cinayət işi tizrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2023-cü il tarixli cinayət işi üzrə ibtidai istintaqın dayandırılması barədə qərardan görünür ki, ********* №-li cinayət işi tizrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, həmin tarixdə cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Şəki şəhəri ərazisində saxlanılaraq Ağdaş RPŞ-nin MSY-nə təhfil verilmişdir. 08 mart 2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə ********* №-li cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini İİ dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədovun xx.xx.2023-cü il tarixli qərarı ilə ********* №-li cinayət işi üzrə istintaq müddəti 2 ay müddətinə - 5 ayadək, yəni 04 aprel 2023-cü il tarixdən 04 iyun 2023-cü il tarixədək uzadılmışdır. Ağdaş rayon Məhkəməsinin 4(014)-29/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs həbs müddəti 1 ay 20 gün müddətinə yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixli əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. 11 may 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə ona həmin maddədə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. 12 may 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının CM-nin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmışdır. 05 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İşdə olan zərərçəkən Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan qismən 3000 manat məbləği ödənilmişdir. Ona görə də təqsirləndirilən şəxslə barışıq əldə etmiş, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığını bildirmişdir. İşdə olan zərərçəkən Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə göndərilmiş teleqramdan görünür ki, zərərçəkən şəxs Təqsirləndirilən şəxs ilə aralarında razılığa gəlmişlər ondan şikayəti yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmişin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi və ziyanın qismən ödənilməsi CM-nin 59.1-ci maddəsinə əsasən, həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini qismən etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini tam etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə ilk dəfə az ağır cinayət törətməsini, eyni zamanda təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 11 ay 15 gün təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs qətimkan” tədbiri dəyişdirilərək başqa yerə getməmək barəsində iltizam qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Ağdaş rayonunun ərazisində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağdaş rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Ağdaş ayonu İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351- 353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı cəmi 11 ay 15 gün CM-nin 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, cəmi 1 il 11 ay ona təyin edilmiş 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 1 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini və Ağdaş rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək barəsində iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək barəsində iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Ağdaş rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Ağdaş rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut və digər məhkəmə məsrəfləri yoxdur. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar