Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-100/2022 04.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Konsensus vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1984-cü ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda, qeydiyyatda olmaqla, yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 43,853 qram olan, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəki özü ilə daşıyaraq yaşadığı ünvan 2 ünvanına gətirmiş, həmin narkotik vasitənin 39,974 qram olan hissəsini bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində yaşadığı mənzilin sanitar qovşağında olan güzgülü rəfin altında gizlədərək saxlamış, əldə etdiyi həmin narkotik vasitə - tiryəkin 3,879 qram hissəsini isə bir ədəd şəffaf rəngli sellofan bükümdə əynindəki qara rəngli qolsuz gödəkcəsinin sol iç cibində saxlayaraq, özü ilə daşımış, xx.xx.2022-ci il tarixdə saat 18:55 radələrində Mingəçevir Şəhər Polis X1 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Mərkəzi Bazarın yaxınlığında saxlanılıb həmin tarixdə saat 19:20 radələrində ünvan 3 ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək, orada üzərinə şəxsi axtarış keçirilərkən, 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən İ siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan tiryəkin şəxsi istehlak miqdarının yuxarı həddi 0,5 qram müəyyən edildiyi halda, bir ədəd şəffaf sellofan bükümdə içərisində təmiz çəkisi 3,879 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək onun əynindəki qara rəngli qolsuz gödəkcənin sol iç cibindən, həmçinin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən, yaşadığı Mingəçevir şəhəri, N. Nərimanov prospekti 30/1 saylı evin 56 saylı mənzilinə axtarış keçirilərkən həmin mənzilin sanitar qovşağında olan güzgülü rəfin altından 39,974 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, hazırda heç bir yerdə işləmir və əvvələr də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində yaşadığı evin yaxınlığında olan zibilliyin yanından keçən zaman yerdə bir ədəd “Argo” siqaretinin qutusunu görmüş və qutunun görünüşündən hiss etmişdir ki, qutunun içərisində nə isə var. O, qutunu yerdən götürüb içərisinə baxıb siqaret qutusunun içərisində şəffaf sellofan büküm olduğunu görmüşdür. Bükümü açdıqda bükümün içərisindəki kütlənin narkotik vasitə olan tiryək olmasını bilmişdir. O, özü əvvəllər də dəfələrlə narkotik vasitə olan tiryəkdən istifadə etdiyindən həqiqətən də həmin kütlənin tiryək olmasına əmin olmuşdur. Həmin vaxt ətrafda heç kim olmamışdır. O, bükümü cibinə qoymuş və yaşadığı evə getmişdir. Həmin vaxt evdə həyat yoldaşı X5 olmuşdur. O, evdə sanitar qovşağına keçmiş və qapını arxadan bağlamışdır. Daha sonra cibindən həmin kütləni çıxardaraq, üzərindən istifadə etməsi üçün bir qədər qırmış və qalanını sanitar qovşağında, güzgülü rəfin altında gizlətmişdir. Onu da qeyd etmişdir ki, o, narkotik vasitədən istifadə edərkən evin sanitar qovşağında istifadə etmiş və damarına şpristlə vurmuş, həmin şprist və istifadə etdiyi şüşə qabları da sanitar qovşağında, rəfin altında gizlətmişdir. Daha sonra o, həyətə düşmüş və çayxanaya getmişdir. Cibindən götürdüyü tiryəkdən bir qədərini qırmış və onu isti çayla içmişdir. Qalanını isə cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 18:55 radələrində Mingəçevir şəhəri Mərkəzi Bazarın yaxınlığında olarkən şəxsi istifadəsi üçün üzərində saxladığı narkotik vasitə olan tiryək də üzərində olmuş və polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində X11 ona vəkil təyin olunmuş və ona hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. Həmçinin ona bildirilmişdir ki, üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəkdir. O da üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qolsuz gödəkcənin sol iç cibindən içərisində narkotik vasitə tiryək olan sellofan büküm polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Qutuda olan kütlə rəngindən və spesifik iyindən narkotik vasitə olan tiryəkdir. Sonra onun və digər iştirkçılarm yanında aşkar edilmiş kütlələr elektron tərəzisində çəkilmiş və sellofan bükümdə olan kütlənin ümumi çəkisi 3,97 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində yaşadığı evin yaxınlığında zibilliyin yanından keçən zaman yerdən bir ədəd “Argo” markalı siqaret qutusunun içərisində şəffaf rəngli sellofan bükümdə tapdığını, həmin narkotik vasitədən istifadə etdiyini və qalan narkotik vasitənin isə yaşadığı evdə olmasını bildirmişdir. Narkotik vasitə tərəzidə çəkildikdən sonra həmin sellofan büküm onun və digər şəxslərin iştirakı ilə zərfə qoyularaq möhürlənmişdir. Zərfin üzərinə o da imza etmişdir. Sonra polis işçiləri üzərinə baxış zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Bundan sonra, polis əməkdaşları onu Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli yaşadığı mənzilə axtarış aparmaq üçün verilmiş qərarla tanış edərək, mənzilə axtarış keçirmək istədiklərini bildirmişlər. O da yaşadığı mənzildə narkotik vasitə olduğunu bildirmiş və mənzildə axtarış keçirilməsinə etiraz etməmişdir. Polis əməkdaşları və vəkil ilə birgə yaşadığı mənzilə baxış keçirməyə getmişlər. Həmin vaxt o, mənzildə narkotik vasitə olan tiryək olduğunu səmimi etiraf etmiş və onu təqdim etmək istədiyini bildirmişdir. Bundan sonra, mənzilin sanitar qovşağmdakı güzgülü rəfin altında gizlətdiyi içərisində narkotik vasitə tiryək olan 01 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlələr elektron tərəzisində çəkilmiş və sellofan bükümün ümümi çəkisi 40,57 qram olmuşdur. Həmin tiryəki satmaq məqsədi olmamışdır. Hazırda Əməlindən peşmandır. Himayəsində iki nəfər azyaşlı uşağı vardır. Ona görə də məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Mingəçevir ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 18:55 radələrində Mingəçevir ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid3, Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili X6 və o, Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Mərkəzi Bazarın yaxınlığında olan zaman onu görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirilib polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Məmmədov X2 ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil X11 dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs izah olunmuşdur ki, qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi deyil. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qolsuz gödəkcənin sol iç cibindən içərisində narkotik vasitə tiryək olan 01 ədəd şəffaf rəngli sellofan bükümü könüllü olaraq təqdim etmişdir. Təqdim olunmuş həmin şəffaf sellofana bükülmüş büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən onun əynindəki qara rəngli qolsuz gödəkcənin sol iç cibindən şəffaf rəngli sellofana bükülmüş bükümün içərisində narkotik vasitə tiryəkə oxşar olan kütlə müəyyən edilmişdir. Həmin sellofana bükülmüş içərisində narkotik vasitəyə oxşar kütlə olan həmin büküm elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə tiryəkə oxşar kütlənin ümumi çəkisi isə 3,97 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə olan kütlənin narkotik vasitə tiryək olduğunu və həmin narkotik vasitəni 2 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 30/1 saylı binanın yaxınlığında məişət tullantılarının atıldığı zibilliyin yanından keçərkən “Argo” markalı siqaret qutusunu görüb götürdüyünü və həmin qutunun içərisindən narkotik vasitə olan tiryək olduğunu, həmin narkotik vasitənin bir hissəsini şəxsi istifadəsi məqsədilə üzərində gəzdirdiyini, bir hissəsini isə gələcəkdə də istifadə etmək məqsədilə yaşadığı evdə saxlamasını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına baxış keçirilməsi ilə bağlı Mingəçevir şəhər Məhkəməsinin qərarı elan olunmuşdur. Həmin qərar əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvana Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid3, Şahid2, onun və vəkil X7 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzilin sanitar qovşağında olan güzgülü rəfin altından bir ədəd sellofan bükümdə narkotik vasitə olan tiryək olduğunu bildirərək, onu təqdim etmişdir. Təqdim olunmuş həmin 01 ədəd sellafon büküm Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən 1 ədəd sellofan bükümün içərisində tiryəkə oxşar narkotik vasitə olan kütlə müəyyən edilmişdir. Həmin sellafon bükümdə olan narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Narkotik vasitə tiryəkə oxşar kütlənin ümumi çəkisi isə 40,57 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə qablaşdırılmış, üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş və zərflərin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilib götürülmüş bir ədəd sellofan bükümdə olan kütlənin tiryək olduğunu və həmin narkotik vasitəni də 2 gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə yaşadığı Mingəçevir şəhəri N.Nərimanov küçəsi 30/1 saylı binanın yaxınlığında məişət tullantılarının atıldığı zibilliyin yanından keçərkən “Argo” markalı siqaret qutusunu görüb götürdüyünü və həmin qutunun içərisindən narkotik vasitə olan tiryək olduğunu və narkotik vasitə tiryəkin bir hissəsini şəxsi istifadəsi məqsədilə üzərində saxladığını, bir hissəsini isə gələcəkdə istifadəsi üçün yaşadığı mənzilin sanitar qovşağmdakı güzgülü rəfin altında saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, şahid Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid3 da ifadəsində şahidlər Şahid1 və Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli qolsuz gödəkcənin sol iç cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə içərisində çəkisi 3,879 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı, Mingəçevir şəhəri, N.Nərimanov küçəsi, ev 30/1, mənzil 56 ünvanına baxış keçirilmiş və həmin mənzildəki sanitar qovşaqda olan güzgülü rəfin altından bir ədəd şəffaf rəngli sellofan büküm və bir ədəd mavi rəngli plasmas qabın içərisində üç ədəd istifadə edilmiş şpris və üç ədəd baş hissələri qırıq, içi boş şüşə qab və iki ədəd siqaretin gümüşü rəngli boş kağız parçaları aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 Bölməsinin məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/326 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi - 3,879 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitətiryəkdir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş kütlə ...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi-39, 974 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- tiryəkdir. Tədqiqata təqdim edilmiş tiryəklər tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan 08 iyun 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı mənzildən aşkar edilib götürülmüş, ekspertizadan sonra təmiz qalıq çəkisi 43,653 qram olan narkotik vasitə-tiryək iş üzrə əhməiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir Cinayət işinin materiallarında olan Gəncə şəhəri Narkoloji Dispanserinin ambulator məcburi narkoloji-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 789 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Məmmədov X2 şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 17 noyabr 2021-ci il tarixdə barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndi tətbiq edilərək, Qərarın 36-cı bəndinə əsasən ona təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra cəzadan azad olunması qərara alınmışdır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər Məhkəməsinin 1(051)-41/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək, 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Ədliyyə Nazirliyi Penitensiar xidmətin Şəki penitensiar müəsissəsinin rəisi tərəfində xx.xx.2021-ci il tarixdə verilmiş, Amnistiya aktının tətbiq edilməsi barədə qərardan görünür ki, “8 Noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilsin, amnistiya qərarının 36-cı bəndinə əsasən onun cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilsin. Cinayət işinin materiallarnda olan Şəki Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 7(075)- 300/2021 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 43.853 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəki satış məqsədi olmadan qanunsuz əldə edib saxlamaqla ictimai təhlükəli əməli törətmişdir. Onun əməllərində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 43,853 qram olan, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəki özü ilə daşıyaraq yaşadığı ünvan 2 ünvanına gətirmiş, həmin narkotik vasitənin 39,974 qram olan hissəsini bir ədəd şəffaf rəngli sellofan torbanın içərisində yaşadığı mənzilin sanitar qovşağında olan güzgülü rəfin altında gizlədərək saxlamış, əldə etdiyi həmin narkotik vasitə - tiryəkin 3,879 qram hissəsini isə bir ədəd şəffaf rəngli sellofan bükümdə əynindəki qara rəngli qolsuz gödəkcəsinin sol iç cibində saxlayaraq, özü ilə daşımış, xx.xx.2022-ci il tarixdə saat 18:55 radələrində Mingəçevir Şəhər Polis X1 Qrupunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən Mərkəzi Bazarın yaxınlığında saxlanılıb həmin tarixdə saat 19:20 radələrində ünvan 3 ünvanda yerləşən Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilərək, orada üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd şəffaf sellofan bükümdə içərisində təmiz çəkisi 3,879 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryək onun əynindəki qara rəngli qolsuz gödəkcənin sol iç cibindən, həmçinin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən, yaşadığı Mingəçevir şəhəri, N. Nərimanov prospekti 30/1 saylı evin 56 saylı mənzilinə axtarış keçirilərkən həmin mənzilin sanitar qovşağında olan güzgülü rəfin altından 39,974 qram çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”sının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə olan tiryəkin şəxsi istehlak miqdarının yuxarı həddi 0,5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsaslanaraq, himayəsində iki nəfər azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2– ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan vətəndaşın şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəyəsində xx.xx.2009-cu il tarixdə doğulmuş Fidan və xx.xx.2014-cü il tarixdə doğulmuş Ayxan adlı azyaşlı uşaqları vardır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olubolmaması ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 17 noyabr 2021-ci il tarixdə barəsində Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndi tətbiq edilərək, Qərarın 36-cı bəndinə əsasən ona təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra cəzadan azad olunmuşdur. Bununla da görünür ki, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndi tətbiq edilməklə cəzadan azad edilmişdir. Belə olan halda təqsirləndirilən şəxsin üzərindən məhkumluq götürülmüşdür. Ona görə də onun əməlində cinayətin residivi yaranmamışdır. Belə ki, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 7-ci bəndində imperativ qaydada göstərilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzanı çəkib qurtardığı gündən iki il keçməmiş, yenidən qəsdən cinayət törətsə də, barəsində tətbiq edilmiş Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 7-ci bəndinə əsasən üzərindən məhkumluq götürüldüyünə görə onun əməlində cinayətin residivi müəyyən edilmir və həmin hal cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.2–ci maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsə almanın əvvəli şübhəli şəxs kimi tutulduğu vaxtdan yəni, xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət də daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, cəzanın məqsədlərinə uyğun hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən ona cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması baxımından Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, təmiz qalıq çəkisi 43.653 qram olan narkotik vasitə tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17 və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatlarının dəyəri olan 69 manat 10 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X9 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 210 manat məhkəmə məsrəfi dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZN AZ521BAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1(bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 07 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 43,653 qram olan narkotik vasitə-tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 69.10 manat (altmış doqquz manat on qəpik) məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Vəkil X9 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 210 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-100/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-100/2022
04.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver