Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-100/2024 20.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – Mingəçevir şəhər vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə 1 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzası xx.xx.2023-cü il tarixdə başa çatmış, məhkumluğu ödənilməmiş və üzərindən götürülməmiş, Mingəçevir Şəhər məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İT-də saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Bayramov X2 şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilməsinə, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməməsinə və ödənilməməsinə baxmayaraq islah olunmayaraq 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 109.1-ci bəndinə əsasən narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdarının təmiz halda qramlarla aşağı həddi 5 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi bir ədəd sellofan torbanın içərisində xeyli miqdarda, yəni təmiz çəkisi 305,0 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı satış məqsədi olmadan əynindəki qara rəngli qış gödəkcəsinin sol iç cibində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 17:50 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin X1 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Sahil küçəsində saxlanılaraq Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13№-li ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə gətirilib ŞPŞ-nin inzibati binasında saat 18:45-dən saat 18:56-dək olan müddət ərzində üzərinə şəxsi axtarış keçirilən zaman həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində bildirdi ki, hazırda heç bir yerdə işləmir. O, narkotik vasitələrin müxtəlif növlərindən istifadə etdiyi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunduğunu bildirmişdir. Hadisə ilə əlaqədar olaraq göstərmişdir ki, təxminən 5-6 ay bundan əvvəl Ağdaş rayonu, Şor Dəhnə kəndində olarkən yolun kənarında 1 ədəd kol görmüşdür. O, həmin kolu tanıdığından qeyd olunan bitkinin narkotik tərkibli çətənə bitkisi olmasını bilmişdir. Həmin çətənə bitkisini qurudaraq gələcəkdə istifadə etmək məqsədilə üzərində götürmək qərarına gəlmişdir. Buna görə də çətənə bitkisini özü ilə götürmüşdür. Əldə etdiyi çətənəni qurudaraq istifadə etmək üçün 1 ədəd sellofan torbada Mingəçevir şəhəri, Sahil küçəsində yerləşən meşəlik ərazidə gizlətmişdir. Həmin narkotik vasitədən hissə-hissə olmaqla istifadə etməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində narkotik vasitəni gizlətdiyi yeri dəyişmək, həmçinin həmin narkotik vasitədən bir qədər istifadə etmək üçün Mingəçevir şəhəri Sahil küçəsində olan meşəlik əraziyə getmişdir. Həmin sellofan torbanı əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibinə qoymuşdur. Həmin meşəlik ərazidən çıxdıqdan sonra təxminənn saat 17:50 radələrində Mingəçevir şəhər Sahil küçəsində hərəkətdə olan zaman “Kazımın kafesi” deyə adlandırılan ərazinin yaxınlığında olan zaman polis əməkdaşları onu saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaaı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində X5 ona vəkil təyin olunmuş və ona hüquqlarını müdafiə edəcəyi izah olunmuşdur. Polis şöbəsində vəkilin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. Həmçinin ona üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən də istifadə ediləcəyi bildirilmişdir. O üzərinə şəxsi axtarış keçirilərkən video çəkiliş keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl qanunla saxlanılması qadağan olunan hər hansı əşya varsa çıxarıb təqdim etməsi ona bildirilmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən 1 ədəd sellofan torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kağız bükümdə olan kütlə elektron tərəzisində çəkilmiş və həmin kütlənin ümumi çəkisi 310 qram olmuşdur. Bundan sonra polis əməkdaşlarının sorğusuna cavab olaraq həmin narkotik vasitə qurudulmuş marixuananı təxminən 5-6 ay əvvəl Ağdaş rayonu, Şor Dəhnə kəndində olan zaman çətənə bitkisini yığıb qurutmaqla əldə etdiyini, sonra narkotik vasitədən hissə-hissə olmaqla istifadə etdiyini, narkotik vasitə olan qurudulmuş marixuananın qalan üzərindən aşkar olunan hissəsini şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Hazırda əməlindən peşmandır ona görə də barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Mingəçevir ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2024-cü il tarixdə saat 17:50 radələrində Mingəçevir ŞPŞ-nin X1 əməliyyat müvəkkli, polis baş leytenantı X7 ilə birlikdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zaman Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Sahil küçəsində olan zaman onu görüb yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğunu bildirmişlər və Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-nə gətirilmişdir. Polis şöbəsinə vəkil X5 dəvət olunmuş və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə keçiriləcəyi və bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmə keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakının məcburi olmaması izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş və baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkcəsinin sol iç cibindən bir ədəd sellofan torbanı təqdim etdi. Təqdim olunmuş həmin bir ədəd sellofan torba Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən sellofan torbanın içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. İçərisində narkotik vasitəyə oxşar kütlə olan həmin bir ədəd sellofan torba elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuanaya oxşar kütlənin ümumi çəkisi 310 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd sellofan torbada olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni təxminən 5-6 ay əvvəl Ağdaş rayonu, Şor Dəhnə kəndi ərazisində olan çətənə bitkisini yığıb qurutmaqla əldə etdiyini, şəxsi istifadəsi məqsədilə həmin kütləni 1 ədəd sellofan torbanın içərisinə qoyaraq gizlətdiyini, xx.xx.2024-cü il tarixdə üzərindən aşkar olunan sellofan torbada olan narkotik vasitə olan qurudulmuş marixuananı istifadə etmək və yerini dəyişmək üçün gizlətdiyi yerdən götürüb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş Şahid1 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, məhkəmə ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:25 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli qış gödəkcəsinin sol yan iç cibindən 1 ədəd sellofan torbanın içərisində 310 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. xx.xx.2024-cü tarixli baxış keçirilməsi barədə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesini özündə əks etdirən DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin sol yan cibində özü ilə daşıdığı narkotik vasitə qurudulmuş marixuananın aşkar edilməsi müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16-2-17/285 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik...” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd sellofan torbanın içərisindəki təmiz çəkisi – 305,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. xx.xx.2024-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 763 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Mingəçevir şəhər Məhkəməsinin 4(051)-16/2024 saylı xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdən 30 avqust 2021-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) gün müddət, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmış və üzərində qəti olaraq 1(bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Mingəçevir şəhər məhkəməsinin 1(051)-78/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət (cəmi 2 gün) CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 01 (bir) il 8 (səkkiz) ay azadlıqdan məhrum etmə cəzasından çıxılaraq onun üzərində qəti olaraq 01(bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökmün icrası barədə xx.xx.2024-cü il tarixli 1(051)-78/2024 saylı göstərişdən görünür ki, Təqsirləndirilən şəxs haqqında 1(051)-78/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü icra edilməsi üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına göndərilmiş, hökm 27 may 2024-cü il tarixdə qanuni qüvvəsini almışdır. Mingəçevir şəhər rayonlararası Psixonevroloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 696 saylı arayışdan görünür ki, Bayramov X2 şəhər rayonlararası Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Mingəçevir şəhər rayonlararası Narkoloji Dispanser tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1132 saylı arayışdan görünür ki, Bayramov X2 şəhər rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Mingəçevir şəhər MKT İB tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 426 saylı arayışdan görünür ki, Bayramov X2 şəhəri A.Məmmədov 2-ci döngə 7 ünvanda qeydiyyatdadır. İşdə olan xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Mingəçevir şəhəri A.Məmmədov 2-ci döngə 7d- qeydiyyatsız yaşayan, X6 yaşadığı müddətdə MKT-na heç bir şikayət daxil olmamışdır. 18 mart 2024-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş, ekspertizadan sonra təmiz qalıq çəkisi 304,9 qram olan narkotik vasitə-qurudulmuş marixuana ********* № li cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 66.1. Cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.5. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaqın gedişatında, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM-nin 59.2) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Bayramov X2 Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə bununla bağlı qeyd edir ki, Bayramov X2 Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır ki, bu da CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs barəsində olan Mingəçevir şəhər Məhkəməsinin 1(051)- 78/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməkdə davam edir və hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri sonuncu hökmdən əvvəl xx.xx.2024-cü il tarixdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Mingəçevir Şəhər Məhkəməsinin 1(051)- 41/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəza Mingəçevir şəhər Məhkəməsinin 1(051)- 78/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı, Təqsirləndirilən şəxs qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 16 mart 2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı, İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məhsul saxlanca verilmiş təmiz çəkisi 304,9 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi ) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. (CPM- 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Bayramov Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(051)- 78/2024 saylı hökmü ilə təyin edilmiş 1 (bir) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məhsul saxlanca verilmiş təmiz çəkisi 304,9 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 35,97 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-100/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-100/2024
20.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver