Məhkəmə qərarları › İş №1(051)-103/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №1(051)-103/2020

27.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 1(051)-103/2020 27.07.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mirzəliyev Hüseyn Seyfulla oğlunun sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, 01dekabr 1960-cı ildə Yevlax rayonun Tanrıqullar kəndində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Mingəçevir şəhəri, M.S.ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs spirtli içki qəbul edərək xx.xx.2020-ci tarixdə saat 11 radələrində Mingəçevir şəhəri, M.S.Ordubadi küçəsi 9 nömrəli evə qayıtdıqdan sonra sərxoş vəziyyətdə evə gəldiyinə ona irad bildirən oğlu Zərərçəkmiş şəxsla şəxsi münasibətlər zəminində mübahisə etmiş və həmin vaxt Zərərçəkmiş şəxs başına və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri vuraraq ona sağ qoltuqaltı nahiyədə və sol qulaq seyvanında sıyrıqlar, döş qəfəsində yara və təpə nahiyədə hematoma xəsarətləri ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə səhər saat 10 radələrində evdən çıxıb, yaşadığı evin yaxınlığında yerləşən kafedə bir neçə bakal pivə içmiş, təxminən saat 11 radələrində evə qayıtmış, evdə içkili olduğu üçün həyat yoldaşı ilə arasında sözlü mübahisə olmuş, sonuncunun üstünə qışqırmış, oğlu Xəzər bu zaman onun üstünə gələrək, anasına səsini yüksəltməsini ona irad tutmuş, həmin vaxt oğluna bu məsələyə qarışmamasını bildirərək yumruqla onun başına və bədəninə zərbələr vurmuş, səsini kəsməsini demiş, həyat yoldaşı Sevil onları aralaşdırmış, sonra evdən çıxıb getmiş, oğlunu ona söz qaytardığı üçün yumruqla vurmuşdur. Hazırda oğlu Zərərçəkmiş şəxs üzr istəyib onunla barışmışdır. Qeyd olunanlara əsasən barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır, onunla birlikdə yaşayır, atası spirtli içki aludəçisidir, içki içən zaman evdə mübahisə yaradır, içki içmədiyi zaman münasibətləri normal olur, xx.xx.2020-ci il tarixdə atası səhər tezdən evdən çıxmış, təxminən saat 11 radələrində evə içkili vəziyyətdə daxil olmuş, həyətə daxil olan kimi onu və ailə üzvlərini təhqir etmiş, özü və anası ona söyüş söyməməsini, özünü ələ almasını bildirmişlər, bu zaman sonuncu onun üzərinə hücum çəkərək evdə onun başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr vurmuş, onun əlindən qaçıb evdən çölə çıxmış, atası onun arxası ilə qaçmış, daha sonra evə girib qapını bağlamış, bundan sonra anası atasını sakitləşdirmiş, hadisə barədə dərhal DİN-in 102 zəng xidmətinə məlumat vermiş, atası polis əməkdaşlarına xəbər verməsini eşidib evdən çıxıb getmiş, bir qədər sonra xalası Şahid2 oraya gəlmiş, bir qədər sonra da polis əməkdaşları hadisə yerinə gəlmiş, həmin vaxt ərizə ilə müraciət etmiş, hadisə vaxtı yanında anası Sevil olmuş, daha sonra isə xalası Şahid2 da gəlmişdir. Hazırda atası Təqsirləndirilən şəxs ilə barışmışdır. Buna görə də onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid2 ifadələri ilə Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadələrində göstərilən xüsusatlar təsdiq olunmuşdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək barışdıqlarını bildirmişlər, bu əsasa görə iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını öyrənməklə aşağıdakılara əsasən hesab edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan və məhkəmə baxışında araşdırılmış məhkəmə-tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 422 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: sağ qoltuqaltı nahiyədə və sol qulaq seyvanında sıyrıqlar, döş qəfəsində yara və təpə nahiyədə hematoma, küt əşyanın (alətin-lərin) təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundur, ağırlıq dərəcələrinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa yüngül zərər vurmaya aid olduğu müəyyən edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizələrdən görünür ki, onlar barışmışlar. Zərərçəkmiş şəxs isə Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarından görünür ki, təqsirləndirilən şəxslə zərər çəkmiş barışmış, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərər çəkmişlə barışması qəbul edilməli və cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və maddi sübut yoxdur. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CMnin 73-cü, CPM-nin 37.2, 40.2.2, 43.1.2, 321.2.1 və 384.1.3-cü maddələrini rəhbər tutaraq qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar