Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-103/2025 21.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1999-cu il tarixdə Ağdam rayonu, Şotlanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, məhkumluğu olmayan, Ağdam rayonu, Nəmirli Ərazi Dairəsi, Şotlanlı kəndində qeydiyyatda olmaqla, Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 109.1 -ci bəndinə əsasən narkotik vasitə olan qurudulmuş marixuananın xeyli miqdarının təmiz halda qramlarla aşağı həddi 5 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 02 (iki) ədəd kibrit qutusunun içərisində xeyli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 7,05 qram və 7,10 qram olmaqla ümumi təmiz çəkisi 14,15 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı satış məqsədi olmadan əynindəki boz rəngli dəri gödəkcənin sol yan cibində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 17:04 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Şəfa bağ massivi, 6-cı küçədə saxlanılaraq, həmin ünvanda saat 17:06-dan saat 17:12-dək olan müddət ərzində üzəri yoxlanılarkən həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana əynində olan boz rəngli dəri gödəkcənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, hazırda şəhər ərazisində və əksər vaxtlarda Mingəçevir şəhəri, Şəfa bağ massivində “zibillik” adlandırılan və zibil qalıqlarının atıldığı ərazidə müxtəlif plastik və dəmir materialdan olan su qablarının toplayıb satmaqla məşğul olur. Epizodik olaraq narkotik vasitələrdən də istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 09 radələrində Mingəçevir şəhəri, Şəfa bağ massivində “zibillik” adlandırılan ərazinin yaxınlığında su qablarının toplanması ilə məşğul olan zaman yerdə 2 ədəd kibrit qutusunun olmasını görmüşdür. Həmin kibrit qutuları maraqlı gəldiyi üçün onları yerdən götürüb açmış və kibrit qutularının içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bilmişdir. Belə ki, o, həmin narkotik vasitədən istifadə etdiyindən, tapdığı kütləni də rəngindən, iyindən və görünüşündən tanımışdır. Həmin narkotik vasitəni istifadə etmək məqsədilə götürüb əynindəki boz rəngli dəri gödəkcənin sol yan cibinə qoyaraq üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 17:04 radələrində Mingəçevir şəhəri, Şəfa bağ massivi 6-cı küçədə piyada hərəkət edən zaman polis əməkdaşları onu saxlayaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib yaranmış zərurət ilə əlaqədar olaraq video çəkilişdən istifadə olunmaqla üzərinin yoxlanılacağını bildirmişlər. Həmçinin saxlanılan zaman ona qanunvericiliklə müəyyən olunmuş hüquq və vəzifələri izah olunmuşdur. Sonra üzəri yoxlanılarkən əynindəki boz rəngli dəri gödəkcənin sol yan cibindən 2 ədəd kibrit qutusu və həmin gödəkcənin sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuana olan 2 ədəd kibrit qutusu ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olduğu kibrit qutularından birinin çəkisi 9,89 qram, digərinin çəkisinin 9,94 qram olması müəyyən olunmuşdur. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə alınmasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-ın ə/m-li vəzifəsində, polis baş leytenantı rütbəsində xidmət edir. Bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Mingəçevir ŞPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkilləri, polis kiçik leytenantı Şahid3 və polis leytanantı Şahid2 ilə birlikdə Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Şəfa bağ massivi 6-cı küçədə piyada hərəkət edən zaman görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu və üzərinin yoxlanılması zərurətinin yaranmasını bildirmişlər. Təqsirləndirilən şəxs da buna etiraz etməmişdir. Həmin yerdə videoçəkilişdən istifadə etməklə Təqsirləndirilən şəxs üzəri yoxlanılmışdır. Yoxlama keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki boz rəngli dəri gödəkcəsinin sol yan cibindən 2 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutuları açılarkən hər iki kibrit qutusunda olan kütlələrin narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Narkotik vasitəyə oxşar kütlələrin olduğu kibrit qutuları ayrı- ayrılıqda elektron tərəzidə çəkilmişdir. Kibrit qutularından birincisi çəkilən zaman çəkisi 9,89 qram, ikinci kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlənin çəkisinin 9,94 qram olması müəyyən olunmuşdur. Həmin kibrit qutuları zərflərə qoyularaq qablaşdırılmış, zərflərin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş içərisində narkotik vasitə qurudulmuş marixuana olan 2 ədəd kibrit qutusunu xx.xx.2025-ci il tarixdə saat 09 radələrində Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən məişət tullantılarının atıldığı “zibillik” adlandırılan ərazidə taparaq şəxsi istifadəsi üçün üzərində saxladığını, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində isə polis əməkdaşları tərəfindən saxlanılmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlar tərəfindən Mingəçevir ŞPŞ-yə gaparılmışdır. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Mingəçevir Vəkil Bürosunun növbədə olan vəkili X2 dəvət olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsi üçün üzərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin aşkar olunaraq götürülməsinə dair tərtib olunmuş videoçəkiliş maddi sübutlarla birlikdə şəhər polis şöbəsinin təhqiqatçısına təhvil verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirakı mümkün olmamış Şahid3 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid3 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzəri yoxlanılarkən onun əynində olan boz rəngli dəri gödəkcəsinin sol yan cibindən 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri 9,89 qram və 9,94 qram çəkidə narkotik vasitə qurudlumuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/44 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 2 ədəd kibrit qutusu.“ yazısı, adlar və imzalar olan 01 (bir) ədəd zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutularında, ayrı-ayrılıqda təmiz çəkiləri - 7,05 qram və 7,10 qram, ümumi çəkiləri -14,15 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 02 (iki) ədəd kibrit qutularında olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 364 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 15 yanvar 2025-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 7,05 qram və 7,10 qram olmaqla ümumi xalis təmiz çəkisi 14,15 qram kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadan məhkəmə-bioloji ekspertizasının tədqiqatına hər obraza 0,02 qram sərf edildikdən sonra qalan qalıq 14,11 qram olan narkotik vasitə-qurudulmuş marixuana iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* №-li cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilərək saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-in 234.2-ci maddəsi ilə ittiham elan edilməsi rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumilikdə cəmi 14,15 qram çəkidə narkotik vasitə - qurudulmuş marixuananın əldə edilməsi mənbəsini müəyyən etmək məqsədilə ********* №-li cinayət işindən material ayrılması qərara alınmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 14,15 qram çəkidə, kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayıb daşımaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrəşikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 02 (iki) ədəd kibrit qutusunun içərisində xeyli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 7,05 qram və 7,10 qram olmaqla ümumi təmiz çəkisi 14,15 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı satış məqsədi olmadan əynindəki boz rəngli dəri gödəkcənin sol yan cibində saxlayaraq daşımış, xx.xx.2025-ci il tarixdə saat 17:04 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Şəfa bağ massivi, 6-cı küçədə saxlanılaraq, həmin ünvanda saat 17:06-dan saat 17:12-dək olan müddət ərzində üzəri yoxlanılarkən həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana əynində olan boz rəngli dəri gödəkcənin sol yan cibindən aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət törətməsini, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun barəsində cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən verilmiş xx.xx.2025–ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2025–ci il tarixdə saat 17:04-da şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi barədə və təqsirləndirilən şəxsin MSY-dən dərhal azad edilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, o, xx.xx.2025–ci il tarixdə saxlandığı Mingəçevir ŞPŞ–nin MSY– dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmaqla, barəsində Azərbaycan Respublikası CM– in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata da alınmalıdır. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu iləəldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş tədqiqatlara sərf olunduqdan sonra təmiz qalıq çəkisi 14,11 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekspertiza tədqiqatının dəyəri olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunu ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 22:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvəyyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs götürülmüş, tədqiqatlara sərf olunduqdan sonra təmiz qalıq çəkisi 14,11 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 34 manat 55 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-103/2025
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-103/2025
21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver