Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-104/2024 10.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1990-cı ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-34/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitmiş, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-61/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bərdə rayonu, Hacallı kəndində qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 02 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 2-ci siyahının 115-ci bəndinə əsasən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən psixotrop maddə metamfetaminin aşağı həddi üçün 0.15 qram müəyyən edildiyi halda, istintaqa məlum olmayan mənbədən istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0.642 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini satış məqsədi olmadan əynindəki boz rəngli şalvarın sağ yan cibində saxlayaraq daşımış və barəsində Mingəçevir Şəhər Məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli hökmü ilə 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra Mingəçevir şəhər X3 Saxlama Yerinin kamerasına yerləşdirilməzdən əvvəl X4 əməkdaşları tərəfindən saat 17:20-dən saat 17:24-dək olan müddət ərzində üzərinə axtarış keçirilərkən həmin çəkidə psixotrop maddə metamfetamin onun əynində olan boz rəngli şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, hazırda da psixotrop maddə metamfetamindən istifadə edir. Rəhim adlı şəxsi Bakı şəhər sakini kimi tanıyır. Tanışlarından Rəhimin psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitmişdir. Rəhim hazırda Bakı şəhərində yaşayır. Aprel ayının təxminən 21-22-si Bakı şəhərində olarkən Rəhim adlı şəxslə Bakı şəhəri Nəsimi rayonu Memar Əcəmi metrostansiyasının yaxınlığında görüşərkən ondan “şüşə" adlandırdıqları psixotrop maddə istəmişdir. Rəhim də ona "şüşə” adlandırdıqları psixotrop maddə olduğunu və həmin maddənin 1 qramını ona 50 (əlli) manata sata biləcəyini bildirmişdir. O da Rəhimlə razılaşmışdır. Aralarında olan razılığa əsasən bir qədər sonra Bakı şəhəri Nəsimi rayonunda yerləşən M.Əcəmi metrostansiyasının yaxınlığında Rəhimlə görüşmüşdür. Orada Rəhimə 50 manat məbləğdə pul vermişdir. Rəhim də ona 1 ədəd siqaretin gümüşü kağız bükümündə 1 qram çəkidə şüşə adlandırdıqları psixotrop maddəni vermişdir. Bir qədərini özü istifadə etmişdir. 23 aprel 2024-cü il tarixdə axşam saatlarında Mingəçevir Şəhər Məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməyinə dair cinayət işi üzrə yekun məhkəmə iclası olmuşdur. Ona görə də o, məhkəmə prosesində iştirak etmək üçün Mingəçevir şəhərinə gəlmişdir. Məhkəmə prosesində iştirak edərkən aldığı psixotrop maddə də üzərində olmuşdur. Həmin psixotrop maddəni əynində olan şalvarın sağ yan cibində gizlədərək saxlamışdır. Məhkəmə prosesində iştirak etmişdir. Məhkəmənin hökmünə əsasən 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkəmə zalından həbs edilmişdir. Daha sonra Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Mingəçevir şəhər X3 Saxlama yerinə yerləşdirilmək üçün Mingəçevir şəhər Polis Şöbəsinin inzibati binasına aparılmışdir. X4 kamerasına yerləşdirilməzdən əvvəl otaqların birində üzərində yoxlama aparılmışdır. Həmin zaman ona təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O da üzərində olan 2 ədəd mobil telefonu, içərisində 110 manat məbləğdə pul olan pul kisəsini və 1 ədəd içərisində psixotrop maddə metamfetamin olan siqaretin gümüşü kağız bükümünü çıxarıb təqdim etmişdir. Həmin bükümdə psixotrop maddə metamfetamin olmuşdur. Bundan sonra digər polis əməkdaşları müvəqqəti saxlama yerinə gəlmişlər. Ondan aşkar edilmiş 1 ədəd gümüşü-kağız bükümdə olan psixotrop maddənin ondan götürələcəyi bildirilmişdir. Həmçinin, proses video kamera vasitəsi ilə həyata keçirilmişdir. Təqdim etdiyi bir ədəd siqaretin gümüşü kağız bükümü açılıb baxıldıqda bükümdə olan kütlənin ağ rəngli, kəskin iyə malik, kristallik kütlə, yəni psixotrop maddə olduğu müəyyən edilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş, siqaretin gümüşü kağız bükümü ilə birlikdə çəkisi 0,78 qram olmuşdur. Bundan sonra o, polis əməkdaşlarının sorğusuna cavab olaraq bildirmişdir ki, həmin maddəni 2024-cü ilin aprel 21-22-si Bakı şəhəri M.Əcəmi Metrostansiyasının yaxınlığında Rəhim adlı şəxsdən almışdır. Tərəzidə çəkildikdən sonra həmin büküm onun və digər şəxslərin iştirakı ilə bir ədəd zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları baxış keçirilən zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Rəhim adlı şəxsin şəxsiyyəti barədə məlumata malik deyildir, onun telefon nömrələrini bilmir. Rəhim adlı şəxs daima Bakı şəhəri Nəsimi rayonunda yerləşən M.Əcəmi metrostansiyasının yaxınlığında olduğu üçün o, həmin yerə gedib orada gözləyir. Rəhim adlı şəxs həmin yerdə görünəndə Rəhimə yaxınlaşıb ondan psixotrop maddə almışdı. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən ifadəsində göstərilən halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Mingəçevir ŞPŞ-nin MSY-nin əməkdaşıdır. xx.xx.2024-cü il tarixdə saat 17:10-da Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Əliyev X1 şəhər X3 Saxlama Yerinin kamerasına yerləşdirilməsi üçün Mingəçevir ŞPŞ-nin MSY-nə daxil olmuşdur. DİN-nin müvafiq təlimatına əsasən tutulmuş və ya həbs edilmiş şəxs MSY-nin kameralarına yerləşdirilməzdən əvvəl onun üzərinə axtarış keçirilir. Buna görə də Təqsirləndirilən şəxs kameraya yerləşdirilməzdən əvvəl MSY-nin müvafiq otağında üzərinə MSY-nin rəisi Şahid1la birlikdə yoxlanış aparılmışdır. Yoxlanış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd gümüşü-ağ rəngli kağız büküm aşkar edilmişdir. Bükümə baxılarkən bükümdə olan kütlənin şəffaf rəngli kristallik maddə olduğu müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş gümüşü-ağ rəngli kağız bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra bu barədə Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət edilmişdir. Daha sonra Təhqiqat Bölməsinin təhqiqatçısı polis baş leytenantı Qoşqar Əhmədli MSY-nə gələrək Təqsirləndirilən şəxs aşkar olunmuş gümüşü-ağ rəngli kağız bükümə baxış keçirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümə baxılarkən bükümdə olan kütlənin şəffaf rəngli kəskin iyli kristallik maddə, yəni psixotrop maddə metamfetaminə oxşar kütlə olduğu müəyyən edilmişdir. Daha sonra bu barədə protokol tərtib edilərək Təqsirləndirilən şəxs aşkar edilmiş gümüşü-ağ rəngli kağız büküm götürülmüşdür. Bu barədə tərtib edilmiş protokola digər iştirakçılarla bərabər o da imza etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin xidməti ezamiyyətdə olduğuna görə məhkəmə istintaqında iştirakı mümkün olmamış, Şahid1 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid1 da Şahid2 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilərkən onun əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd kağız bükümdəki narkotik vasitəyə oxşar kütlə aşkar edilərək götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız büküm elektron tərəzi ilə çəkildikdə 0.78 qram narkotik vasitəyə oxşar kütlə olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilərkən onun əynindəki boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd gümüşü-ağ rəngli kağıza bükülmüş psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-17/392 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürüldü....'' sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 0,642 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İ siyahı). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 795 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 301 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ŞƏXSİYYƏTİN PSİXONEVROTİK POZUNTUSU XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.8 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, öz hərəkətlərinə cavab verə bilmək və onlara rəhbərlik etmək etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs ŞƏXSİYYƏTİN PSİXONEVROTİK POZUNTUSU XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.8 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, öz hərəkətlərinə qiymət vermək, hərəkətlərini ölçüb biçmək və onları idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, cinayət işi üzrə götürülmüş 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan 0,050 qram psixotrop maddə kütlələrindən sonra yerdə qalan ümumi çəkisi 0,592 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-34/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-61/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası CM–in 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəza çəkmə müddətinin əvvəli 23 aprel 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2024–cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Əliyev X1 Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən, məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0.642 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əynindəki boz rəngli şalvarın sağ yan cibində saxlayıb daşımaqla ictimai təhlükəli əməli törətmişdir. Onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 1 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0.642 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini satış məqsədi olmadan əynindəki boz rəngli şalvarın sağ yan cibində saxlayaraq daşımış və barəsində Mingəçevir Şəhər Məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli hökmü ilə 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra Mingəçevir şəhər X3 Saxlama Yerinin kamerasına yerləşdirilməzdən əvvəl X4 əməkdaşları tərəfindən saat 17:20-dən saat 17:24-dək olan müddət ərzində üzərinə axtarış keçirilərkən həmin çəkidə psixotrop maddə metamfetamin onun əynində olan boz rəngli şalvarın sağ yan cibindən aşkar edilib götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs Əliyev X1 Şəhər Məhkəməsinin 1(051)-61/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 7 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, hökm çıxarılmazdan əvvəl cinayət törətmişdir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ifadəsində kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini 2024-cü ilin 21-22 aprel tarixlərində Bakı şəhərində Memar Əcəmi metrostansiyasının yaxınlığında Rəhim adlı şəxsdən aldığını göstərmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin əldə etdiyi andan cinayət əməlinin törədilməsi başa çatmışdır. Bu da o nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxsin baxılan cinayət işi üzrə cinayət əməlini hökm çıxarılmazdan əvvəl törətmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 234.1-ci maddəsinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı birinin başa çatması anında bu maddədə nəzərdə tutulan cinayət başa çatmış hesab olunur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə cinayət əməli Təqsirləndirilən şəxs tərəfindən hökm çıxarılmazdan əvvəl törədildiyinə görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, hazırki cinayət əməklini məhkumluğu dövründə törətməsini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası və Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-61/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını AR CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaqla, birinci hökmlə çəkilmiş cəza qəti cəza müddətinə hesablanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.2–ci maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-61/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxsin cəzasının əvvəli 23 aprel 2024-cü il tarixdən hesablanmışdır. Bundan başqa təqsirləndirilən şəxs əvvəlki iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Ona görə də hazırkı cinayət işi üzrə həmin müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona cinayətlərin məcmusu üzrə təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün müddət təyin edilmiş qəti cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini, zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəlləniun 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertizadan sonra yerdə qalan ümumi çəkisi 0,592 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsində və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 71 manat 94 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və həbsdə olması nəzərə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yeni hökm üzrə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-61/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM–in 66.2–ci maddəsinə əsasən qismən toplanmaqla ona 1 (bir) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvvəlki cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası CM–in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlıqdan məhrumetmənin 1 gününə bərabər tutularaq, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 3 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı birinci hökm üzrə çəkilən cəza qəti cəza müddətinə hesablanmaqla 23 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertizadan sonra yerdə qalan ümumi çəkisi 0,592 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 71.94 manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-104/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-104/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver