Məhkəmə qərarları › İş №1(051)-104/2025

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-104/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-104/2025 01.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Mingəçevir şəhər Şəfa bağ massivi 2-ci küçə nömrəsiz evdə yaşamış, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(107)-92/2023 saylı qərarına əsasən 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzadan 1 (bir) ay 21 (iyirmi bir) gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, barəsində həbs qətimkan tədbiri seçilərək 2 saylı Gəncə İT-da saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli Mingəçevir şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixli Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə qəti 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixli Salyan rayon Məhkəməsinin qərarı ilə cəzadan 1 (bir) ay 21 (iyirmi bir) gün vaxtından əvvəl şərti azad edilmiş olunsa da, məhkumluğunun ödənilməməsi, qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməməsinə baxmayaraq islah olunmamış, 28 iyun 2005-ci il tarixli "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına, görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Qanunun 2-ci siyahısının 115-ci bəndinə əsasən psixotrop maddə metamfetaminin xeyli miqdarının aşağı həddi 0,15 qram müəyyən edildiyi halda satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 0,194 qram kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamini əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibində saxlayaraq daşımış, 21 yanvar 2025-ci il tarixdə saat 22 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, Müşfiq Rəhimov küçəsi 8A saylı evin yaxınlığında saxlanılaraq həmin yerdə saat 22:35-dən 22:43-dək olan müddət ərzində Mingəçevir şəhər polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən üzəri yoxlanılarkən əynindəki qara rəngli qış gödəkçəsinin sol yan cibindən 01 (bir) ədəd qızılıağ rəngli kağız bükümdə həmin çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində bildirdi ki, o, əvvəllər narkotik vasitə istifadə etmişdir. 21 yanvar 2025-ci il tarixdə saat 22:33 radələrində ünvan 3 ünvanının qarşısı ilə piyada hərəkətdə olan zaman olarkən polis əməkdaşları onu saxlayıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, bu səbəbdən üzərini video çəkilişlə yoxlayacaqlarını bildirmişlər. Yoxlama aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah olunmuşdur. Yoxlama aparılmazdan əvvəl ona üzərində narkotik vasitə və ya psixotrop maddə, qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməyi təklif olunmuş, həmin təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd "Samsung" markalı mobil telefon və sol yan cibindən isə 1 ədəd içərisində psixotrop maddə metamfetamin olan kütləni təqdim etmişdir. Sonra təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilmiş və ümumi çəksinin 0.35 qram olması müəyyən olunmuşdur. Sonra həmin kütlə qablaşdırılmış və üzəri tərəfindən imzalanmışdır. Sorğu zamanı üzərindən aşkar olunmuş metamfetamini Mingəçevir şəhəri Bağlar adlanan ərazidən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, kiməsə satmaq və ya vermək niyyətinin olmadığını bildirmişdir. Bundan sonra onu polis şöbəsinə gətirmişlər və hüquqlarının müdafiəsi üçün ona müdafiəçi təyin olunaraq vəkil təqdim olunmuşdur. O, müdafiəçiyə etirazı olmamasını bildirmiş, sonra müdafiəçi Fərid Əliyevin və polis əməkdaşlarının habelə onun iştirakı ilə içərisində üzərindən aşkar olunmuş metamfetamin olan zərf və "samsung' markalı mobil telefon videoçəkilişlə təhqiqatçıya təqdim olunmuş bu barədə baxış və götürülmə keçirilməsinə dair protokol tərtib olunmuş və protokol Fərid Əliyevin və proses iştirakçıları tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunmuş metamfetamini təxminən 7-8 gün əvvəl Mingəçevir şəhəri Şəfa bağlarından yerdən tapmışdır. Əvvəllərdə narkotik vasitə istifadə etmişdir, üzərində gəzdirməkdə məqsədi şəxsi istifadəsi üçün olub. Həmin metamfetaminə oxşar kütlədən kiməsə satmaq və ya vermək niyyəti olmamışdır. Himayəsində 2 azyaşlı uşağı vardır. Əməlindən peşmandır. Odur ki, daha yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nın əməliyyat müvəkkili vəzifəsində polis leytenantı xüsusi rütbəsində xidmət edən X2 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə daxil olmuş məxfi məlumatda Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlayaraq daşıması bildirilmişdir. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2025-ci il tarixdə saat saat 22 radələrində Mingəçevir ŞPŞnin CAB-nın əməliyyat müvəkkilləri polis mayoru Şahid1, polis kiçik leytenantı Şahid3 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri, Müşfiq Rəhimov küçəsi 8A saylı evin yaxınlığında piyada hərəkətdə olarkən saxlatmışlar. Ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib üzərində yoxlama aparılacağını bildirmişlər. Orada mobil telefonla Şahid1 tərəfindən videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilmişdir. Yoxlama zamanı ilk olaraq təklif edilib ki, üzərində daşınması saxlanılması qanunla qadağan olunmuş əşya vardırsa təqdim etsin. Bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibində bir ədəd bükümdə saxladığı psixotrop maddə metamfetamin olan kütləni təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş bükümlə birlikdə ümumi çəkisi 0,35 qram olması müəyyən olunmuş və daha sonra möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə metamfetamin olmasını özü istifadə etmək məqsədilə əldə edərək üzərində saxlayaraq daşımasını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə aparılan yoxlama zamanı başqa qeyri-qanuni əşya aşkar olunmamışdır. Daha sonra yoxlama keçirilməsinə dair protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs həm tərtib olunmuş protokolu həm də qablaşdırılmış zərfi imzalamışdır. Bundan sonra polis şöbəsinin inzibati binasına gəlmişlər və raportla prosessual araşdırma aparılması üçün müraciət etmişlər. Daha sonra təhqiqatçı Tural Nəsirov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, ona dövlət hesabına müdafiəçi təyin olunaraq vəkil Fərid Əliyev təqdim edilmişdir. Daha sonra müdafiəçi Fərid Əliyev və şübəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə içərisində maddi sübut qablaşdırılmış zərfə təhqiqatçı Tural Nəsirov tərəfindən baxış və götürmə keçirilmişdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. İş üzrə məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin CABnın baş əməliyyat müvəkkili vəzifəsində polis mayoru xüsusi rütbəsində xidmət edən Şahid1 məhkəmə istintaq zamanı Şahid2 Ələkbər oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini birdaha təsdiq etmişdir. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid3 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadəsini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 Şahid1 və Şahid2 Ələkbər oğlu ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:55-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(051)-7/2025 saylı qərarından görünür ki, Mingəçevir ŞPŞ-nin İB-də istintaq olunan cinayət işi üzrə AR CMnin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilərək hesablanmanın əvvəli xx.xx.2025-ci il tarixindən hesablanmışdır. xx.xx.2025-ci il tarixli yoxlama protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilən zaman onun əynindəki qara rəngli gödəkçənin sol yan cibindən 1 ədəd bükümdə ümumi (bükümülə birlikdə) çəkisi 0,35 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. xx.xx.2025-ci il tarixli baxış və götürmə protokolu ilə təhqiqatçı Tural Nəsirov tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılaraq götürülmüş içərisində maddi sübut olan zərfə baxış və götürmə keçirilmişdir. xx.xx.2025-ci il tarixdə müstəntiq tərəfindən Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri tərəfindən xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə yoxlama keçirilməsinə dair tərtib olunmuş protokola əlavə edilmiş bir ədəd DVD-diskə tərəfindən baxış keçirilmişdir. DVD-ə diskə müstəntiq tərəfindən baxış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin sol yan cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar olunaraq qablaşdırılıb götürülməsi müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə müstəntiq tərəfindən Mingəçevir ŞPŞ-nin TB-nin təhqiqatçısı Tural Nəsirov tərəfindən xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində yoxlama keçirilərkən aşkar olunaraq götürülüb qablaşdırılmış içərisində maddi sübut olan zərfə baxış və götürmə keçirilməsinə dair tərtib olunmuş protokola əlavə edilmiş bir ədəd DVDdiskə tərəfindən baxış keçirilmişdir. DVD-ə diskə müstəntiq tərəfindən baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin zərfin içərisində olan kültənin psixotrop maddə metamfetamin olmasını və üzərindən aşkar olunaraq qablaşdırılmasını bildirməsi müəyyən edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 22 yanvar 2025-ci il tarixli 3-16-16-17/2-61/2025 saylı rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində “vət Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə ...”sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd qızıl-ağ rəngli kağız bükümdə, təmiz çəkisi 0,194 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 484 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən də görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli Mingəçevir şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixli Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə qəti 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixli Salyan rayon Məhkəməsinin qərarı ilə cəzadan 1 (bir) ay 21 (iyirmi bir) gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(107)-92/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs qəti olaraq 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Maddi sübut kimi tanımaq haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ilkin xalis çəkisi 0,194 qr olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 0,144 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Mingəçevir şəhər Rayonlararası Psixonevroloji Dispanserinin 429 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Abbasov X3 şəhər Rayonlararası Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü Aylin və xx.xx.2016-cı il təvəllüdlü Ömər adlı uşaqları vardır. İşdə olan 8 saylı MİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu müddətdə 8saylı MİS-ə heç bir şikayət və ya bu tipli digər məlumat daxil olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını (CM-nin 59.2-ci maddəsi) və himayəsində 2 azyaşlı uşağının olmasını (CM-nin 59.1.4) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(107)-92/2023 saylı qərarı üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(107)-92/2023 saylı qərarı ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır ki, bu da CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(107)-92/2023 saylı qərarı üzrə olan məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin residivini CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən, ona təyin ediləcək cəza təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasının son həddinin yarısından az olmamalıdır. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzaçəkmə müddətinin başlanğıcı 21 yanvar 2025-ci il tarixdən hesablanmalı, (CPM-158.2.1), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji kabinetdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məhsul saxlanca verilmiş, qalıq çəkisi 0,144 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 69,10 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni 21 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşadığı yer üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0,144 qram psixotrop maddə metamfetamin qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 69,10 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar