Məhkəmə qərarları › İş №1(051)-11/2024

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-11/2024

11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-11/2024 11.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi–Mingəçevir şəhər vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx.xx.2005-ci ildə Yevlax rayonu Xaldan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri Bahar küçəsi 19 №-li evdə qeydiyyatda olmaqla Mingəçevir şəhəri, C.Əliyev küçəsi 26№-li evin 36№-li mənzilində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin, 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq həmin maddələrin tələblərinə əsasən sürücülük vəsiqəsi olmadan, hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol maddənin təsiri altında nəqliyyat vasitəsini 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 60km/saat sürətdən artıq sürətlə idarə etməməli olduğu halda bunlara əməl etməyərək sürücülük vəsiqəsi olmadan, alkoqollu içkilərin qəbulu nəticəsində yüngül dərəcəli sərxoş halda idarə etdiyi «Mercedes Benz C200» markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhərinin A.Məmmədov küçəsi ilə asfalt yolla şəhərin Q.Nəbi küçəsi istiqamətində 60 km/saat sürətdən artıq sürətlə hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, həmin maddənin tələblərinə əsasən sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olduğu halda buna əməl etməyib gəldiyi 60 km/saat sürətdən artıq sürətlə hərəkətini davam etdirərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq şəhərin A.Məmmədov küçəsi 8/1№-li yaşayış binasının bərabərliyində avtomobilin sükanını ani hərəkətlərlə sağa daha sonra sola hərəkət etdirdiyi üçün avtomobilin idarə etməsini itirmiş, avtomobil səkiyə çıxıb ehtiyyat torpaq sahədə qucağında 2022-ci ildə anadan olmuş övladı X4 olan Şahid2 bədəninin sağ nahiyyəsindən avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, Şahid2 yerə yıxılaraq Elvina Quliyevanın sonuncunun altında qalaraq qapalı kəllə-beyin travması, alın sümüyünün qapalı sınığı, baş-beyin maddəsinin əziyi, travmatik beyin qanaxmasının əmələ gəlməsi ilə nəticələnən ağırlıq dərəcəsinə görə yetirilərkən həyat üçün təhlükəli olduğundan ehtiyyatsızlıqdan zərərçəkmiş şəxs X1 ağır zərər vurulmasına, avtomobilin salonunda arxa oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs sol bazu sümüyünün qapalı sınığının əmələ gəlməsi ilə nəticələnən ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda və nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə baş verən gün toyda idi. Toy onların qohumunun toyu idi. Toyda bir stəkan çaxır içmişdir. Həmin gün toya valideynləri ilə gəlmişdir. Maşın anası Qanuni nümayəndə olmuşdur. Maşını anası hərdən ona sürməyə verirdi. Maşını anasından xəbərsiz götürmüş, toydan çıxıb marketə su almağa gəlmişdir. Həmin vaxt dayısı oğlu və dayısı oğlunun dostları da olmuşdur. Maşını götürüb dayısı gilə gedirdi. Maşında dayısı oğlu və dostları da olmuşdur. Maşınla şəhəri gəzdikdən sonra qəzaya düşdülər. Maşınla gedərkən sağa çəkəndə orada olan çökək yerə düşdü və bunun nəticəsində idarə etməni itirdi. Sonrada qəza baş verdi. O, heç kimi vurmayıb. Maşının içindəkilərdən bir nəfər, yəni Zərərçəkmiş şəxs qolu qırılmışdır. Sonra maşından düşüb maşına baxanda qarşı tərəfin adamları onu döydülər. O, maşınla həmin vaxt qəza törədərkən təxminən 60 km surətlə gəlirdi. Qəza baş verən vaxt orada, yəni səkidə heç kim yox idi. Heç kim də həmin vaxt yıxılmamışdır. Həmin vaxt orada bir qadın gördü həmin qadın ona dedi ki, narahat olma sən heç kimi vurmamısan. Ondan sonra da valideynləri gəldi. Ona görə də məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qohumu Şahid6 vasitəsi ilə tanımışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Sənanın işlədiyi Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən mağazada Sənənla birlikdə olarkən, tanışları Şahid5 da zəng edərək həmin mağazaya çağırmışlar. Bir qədər sonra Rauf idarə etdiyi Mercedes Benz markalı avtomobili həmin mağazanın qarşısında saxlayıb mağazaya daxil olaraq içkili olduğunu bildirirb avtomobili onlardan birinin idarə etməsini xahiş etmişdir. Lakin, o, Raufdan maraqlanıb heç bir sənədi olmadığını bildikdən sonra avtomobili idarə etməkdən imtina etmişdir. Bundan sonra Rauf onlardan idarə etdiyi avtomobilə əyləşərək birlikdə Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən Firəngiz şadlıq sarayına getməyi xahiş etdiyi üçün o, avtomobilin arxa oturacağında Sənan isə avtomobilin qabaq oturacağında əyləşmişdir. Rauf avtomobili idarə edib Ş.İ.Xətai küçəsinə çıxmış, orada İlham da avtomobilin arxa oturacağına əyləşmişdir. Lakin, Rauf avtomobili Firəngiz şadlıq sarayı istiqamətində deyil şəhər istiqamətində idarə etməyə başlamışdır. Rauf sərxoş vəziyyətdə olduğundan avtomobili normal idarə etməmişdir. Belə ki, Rauf avtomobili sürətlə sürərək müxtəlif manevrli hərəkətlər eetmişdir. Eyni zamanda Rauf avtomobili işıqforun qırmızı işığında da dayandırmamışdır. Bu səbəbdən də hər üçü Raufdan avtomobili saxlamasını tələb etmişlər. Lakin, Rauf onlara qulaq asmayaraq avtomobili idarə etməkdə davam etmişdir. Eyni zamanda Rauf avtomobili işıqforun qırmızı işığında da saxlamadığı üçün onlar avtomobildən bayıra düşə bilməmişlər. Şəhərin 20 Yanvar küçəsində A.Məmmədov küçəsinə keçərək A.Məmmədov küçsi ilə hərəkətini davam etdirmişdir. Rauf həmin zaman avtomobili təxminən 90-110 km/saat sürətlə idarə edərkən yenə də müxtəlif manevrli hərəkətlər etmiş, belə ki, həmin sürətlə idarə etdiyi avtomobili gah sola gah da sağa çəkmişdir. Həmin hərəkətləri edərkən qəflətən avtomobilin idarəetməsini itirmiş, avtomobil səkiyə çıxıb ehtiyyat torpaq sahədəki ağaca dəyib dayanmışdır. Hadisə nəticəsində avtomobilin salonunda olanlar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müraciət etmişlər. Həmçinin o, ifadəsində baş vermiş yol nəqliyyat hadisəsinə səbəbin Raufun avtomobili yüksək sürətlə idarə edərkən müxtəlif manevrli hərəkətlər olmasını, avtomobil idarə etməni itirdikdən sonra o, arxa oturacaqda yanında əyləşən İlhama dəydiyini, bu səbəbdən də avtomobilin Mədinəni vurub vurmadığını görmədiyini bildirmişdir. Təqsirləndirilən şəxsdən şikayəti yoxdur, lakin xəsarət alması ilə bağlı ona dəymiş maddi ziyanı təqsirləndirilən şəxsdən tələb edir. Odur ki, məhkəmədən ifadəsində göstərilən halların nəzərə alınaraq, qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-cü il tarixdə Şahid2 ilə rəsmi nikaha daxil olub ailə qurmuşlar. Birgə nikahdan 1 övladları var. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində arvadı Mədinə ilə birlikdə Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/1 saylı yaşayış binasının arxasında yerləşən səki ilə piyada hərəkət edərkən azyaşlı övladı Elvina da arvadı Mədinənin qucağında olmuşdur. Düzünə baxarkən A.Məmmədov küçəsində “Əşya Bazarı”-nın baş tərəfində yerləşən işıqfordan hərəkətə başlayan Mercedes Benz markalı avtomobilin sayrışan işıqlardan istifadə edərək müxtəlif manevrli hərəkətlər etdiyini görmüşdür. Belə ki, həmin avtomobili sürücü gah sağ gah da sola manevr etdirərək avtomobili yüksək sürətlə idarə etmişdir. Avtomobil A.Məmmədov küçəsi 8/1 saylı yaşayış binasının baş tərəfinə çatarkən idarəetməni itirib səkiyə çıxaraq üzərilərinə doğru gəlmişdir. Avtomobilin onları vurmasından yayınmaq üçün ehtiyyat torpaq sahəyə doğru qaçmışlar. Avtomobil onun yanından keçib sağ qabaq qanad hissəsi ilə arvadı Mədinəni vurmuşdur. Zərbənin təsirindən Mədinə üzü üstə yerə yıxılmış, qızı Elvina isə Mədinənin altında qalmışdır. Dərhal onlara yaxınlaşıb Mədinəni ayağa qaldırıb, Elvinanı Mədinədən almışdır. Belə ki, Elvina sudurğa keçirdiyindən vəziyyəti pis olmuşdur. Həmin zaman təsadüfən A.Məmmədov küçəsi ilə hərəkətdə olan X6 avtomobili hadisəni görüb avtomobili onların yanında saxlamışdır. İlk olaraq təcili yardım biriqadası avtomobilə nəzər yetirmişlər, o, övladının vəziyyətinin pis olduğunu bildirib Mədinə və övladı Elvinanı X6 avtomobilinə əyləşdirmiş, birlikdə Xəstəxanaya getmişlər. Orada övladına tibbi yardım götərildikdən sonra o, hadisə yerinə qayıtmışdır. Sonradan maraqlanıb hadisəni Şahid3 adlı şəxsin gördüyünü bilmişdir. Həmçinin, o ifadəsində hadisənin baş verməsinə səbəbin avtomobilin sürücüsü yəni, Təqsirləndirilən şəxs sayrışan işıqlardan istifadə edərək yüksək sürətlə müxtəlif manevrli hərəkətlər etdirməsi olduğunu göstərmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Odur ki, məhkəmədən ifadəsində göstərilən halların nəzərə alınaraq, qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-cü il tarixdə Şahid1 ilə rəsmi nikaha daxil olub ailə qurmuşlar. Birgə nikahdan 1 övladı var. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində əri Elvinlə birlikdə Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/1 saylı yaşayış binasının arxasında yerləşən səki ilə piyada hərəkət edərkən azyaşlı övladı Elvina da onun qucağında olmuşdur. Düzünə baxarkən A.Məmmədov küçsində “Əşya Bazarı”-nın baş tərəfində yerləşən işıqfordan hərəkətə başlayan Mercedes markalı avtomobilin sayrışan işıqlardan istifadə edərək müxtəlif manevrli hərəkətlər etdiyini görmüşdür. Belə ki, həmin avtomobili sürücü gah sağ gah da sola manevr etdirərək avtomobili yüksək sürətlə idarə etmişdir. Avtomobil A.Məmmədov küçəsi 8/1 saylı binanın baş tərəfinə çatarkən idarəetməni itirib səkiyə çıxaraq onların üzərinə doğru gəlmişdir. Avtomobilin onları vurmasından yayınmaq üçün ehtiyat torpaq sahəyə doğru qaçmışlar. Avtomobil Elvinin yanından keçib sağ qabaq qənəd hissəsi ilə onu vurmuşdur. Zərbənin təsirindən o, üzü üstə yerə yıxılmış qızı Elvina isə onun altında qalmışdır. Elvin dərhal onlara yaxınlaşıb onu ayağa qaldırmışdır. Daha sonra Elvinanı ondan almışdır. Elvinanın vəziyyəti pis olmuş belə ki, Elvina sudurğa keçirmişdir. Həmin zaman təsadüfən A.Məmmədov küçəsi ilə hərəkətdə olan X6 avtomobili hasisəni görüb avtomobili saxlamışdır. İlk olaraq təcili yardım briqadası avtomobilə nəzər yetirmişlər, Elvin övladının vəziyyətinin pis olduğunu bildirib onu və övladı Elvinanı X6 avtomobilinə əyləşdirmiş Birlikdə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına getmişlər. Həmçinin, o ifadəsində hadisənin baş verməsinə səbəbin avtomobilin sürücüsü yəni, Təqsirləndirilən şəxs sayrışan işıqlardan istifadə edərək yüksək sürətlə müxtəlif manevrli hərəkətlər etdirməsi olduğunu göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qohumu Şahid6 vasitəsi ilə tanımışdır. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Sənan telefon vasitəsi ilə zəng edərək onu işlədiyi mağazaya çağırmışdır. O da Sənanın işlədiyi mağazaya gedərkən Ş.İ.Xətai küçsində yanında Mercedes Benz markalı avtomobil saxlamışdır. Sənan ona avtomobilə əyləşməyi bildirmişdir. O da avtomobilin arxa sağ oturacağında əyləşmişdir. Avtomobili Rauf idarə etmiş, Rəşad arxa sol oturacaqda Sənan isə qabaq oturacaqda əyləşmişdir. Rauf avtomobili idarə edib Nizami küçəsinə çatdıqda Raufun sərxoş olduğunu hiss etmişdir. Belə ki, həmin zaman Rəşad və Sənanda Raufun sərxoş olduğunu ona bildirmişlər. Həmçinin, Rəşad və Sənan ona Raufla birlikdə Firəngiz şadlıq sarayına gedib orada Rauf toy məclisinə daxil olduqdan sonra Raufdan aralaşıb gedəcəklərini bildirmişlər. Lakin, Rauf avtomobili Firəngiz şadlıq sarayı istiqamətində deyil şəhər istiqamətində idarə etməyə başlamışdır. Rauf sərxoş vəziyyətdə olduğundan avtomobili normal idarə etməmişdir. Belə ki, Rauf avtomobili sürətlə sürərək müxtəlif manevrli hərəkətlər etmişdir. Eyni zamanda Rauf avtomobili işıqforun qırmız işığında da saxlamamışdır. Bu səbəbdən də onlar hər üçü Raufdan avtomobili saxlamasını tələb etmişlər. Lakin, Rauf onlara qulaq asmayaraq avtomobili idarə etməkdə davam etmişdir. Eyni zamanda o, avtomobili işıqforun qırmızı işığında da saxlamadığı üçün avtomobildən bayıra düşə bilməmişlər. Şəhərin 20 Yanvar küçəsindən A.Məmmədov küçəsinə keçərək A.Məmmədov küçsi ilə hərəkətini davam etdirmişdir. Həmin zaman avtomobili təxminən 90-110 km/saat sürətlə idarə edərkən yenə də müxtəlif manevrli hərəkətlər etmiş, belə ki, həmin sürətlə idarə etdiyi avtomobili gah sola gah da sağa çəkmişdir. Həmin hərəkətləri edərkən qəflətən avtomobilin idarəetməsini itirmiş, avtomobil səkiyə çıxıb ehtiyyat torpaq sahədəki ağaca dəyib dayanmışdır. Hadisə nəticəsində sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müraciət etmişlər. Həmçinin o, ifadəsində hadisənin baş verməsinə səbəbin Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə 90-110 km/saat sürətlə avtomobili idarə edərkən müxtəlif manevrli hərəkətlər etməsi nəticəsində avtomobilin idarə etməsini itirməsi olduğunu, hadisə baş verən zaman avtomobillin idarə etməsi itirildikdən sonra o, yanında əyləşən Sənana dəymiş buna görə də Raufun idarə etdiyi avtomobilin səkiyə çıxdıqdan sonra kimisə vurmasını görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qohumudur. xx.xx.2023-cü il tarixdə günorta saatlarında o, işlədiyi Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsində yerləşən mağazada Rəşadla birlikdə olarkən tanışları Şahid5 da zəng edərək həmin mağazaya gəlməsini bildirmişlər. Bir qədər sonra Rauf idarə etdiyi Mercedes Benz markalı avtomobili həmin mağazanın qarşısında saxlayıb mağazaya daxil olaraq içkili olduğunu bildirib avtomobili onlardan birinin idarə etməsini xahiş etmişdir. Lakin, Rəşad Raufdan maraqlanıb heç bir sənədi olmadığını bildikdən sonra avtomobili sürməkdən imtina etmişdir. Bundan sonra Rauf onlardan özü idarə etdiyi avtomobilə yərləşərək birlikdə Mingəçevir şəhəri N.Nərimanov küçəsində yerləşən Firəngiz şadlıq sarayına getməyi xahiş etmiş, buna görə də o, avtomobilin qabaq oturacağında Rəşad isə avtomobilin arxa oturacağında əyləşmişdir. Rauf avtomobili idarə edib Ş.İ.Xətai küçəsinə çıxmışdır. Orada İlham da avtomobilin arxa oturacağına əyləşmişdir. Lakin, Rauf avtomobili Firəngiz şadlıq sarayı istiqamətində deyil şəhər istiqamətində idarə etməyə başlamışdır. Rauf sərxoş vəziyyətdə olduğundan avtomobili normal idarə etmədiyi üçün onlar hər üçü Raufdan avtomobili saxlamasını tələb etmişlər. Lakin, Rauf onlara qulaq asmayaraq avtomobili idarə etməkdə davam etmişdir. Şəhərin 20 Yanvar küçəsindən A.Məmmədov küçəsinə keçərək A.Məmmədov küçəsi ilə hərəkətini davam etdirmişdir. Həmin zaman avtomobili hansı sürətlə idarə etməsi yadında olmamışdır. A.Məmmədov küçəsində yollar xarab olduğundan avtomobilin təkəri çökəyə düşmüş, bu səbəbdən də avtomobilin idarəetməsini itirmişdir. Avtomobil səkiyə çıxıb ehtiyyat torpaq sahədəki ağaca dəyib dayanmışdır. Hadisə nəticəsində sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müraciət etmişlər. Həmçinin o, ifadəsində hadisəyə səbəb avtomobilin təkərinin yolda olan çökəyə düşərək sürüşməsi olduğunu, hadisə baş verən zaman o, qabaq oturacaqda əyləşdiyini, lakin sərnişini olduğum avtomobil hər hansı piyadanı vurmadığını göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Raufla heç bir əlaqəsi yoxdur, onu tanımır. O, özü qəza baş verən ərazidə yaşayır. Həmin gün qəza baş verən yerdən getmişdir. Rauf maşınla onun yanından keçib getdi, arxaya çönüb baxanda gördü ki, maşının yan hissəsi qalxdı. Maşın ağaca dəyib dayandı. Qaçaraq onlara köməyə getdi. Həmin vaxt maşın tüstüləyirdi. Sonra dərhal təcili yardım gəldi. Həmin vaxt qadın var idi və orada o, yolun qırağına yıxılmışdır. Həmin qadının yoldaşı olan Elvin adlı şəxs də orada olmuş və uşağı götürərək təcili yardıma mindi. Sonra çıxıb getdilər. Həmin vaxt ətrafda başqa adamlar, həmçinin yolun digər tərəfində mağaza sahibləri də var idi. Maşının ağaca dəydiyini görmüşdür. Lakin maşının orada kiməsə dəydiyini görməmişdir. Sadəcə maşının ağaca dəydiyini görmüşdür. Qadınnın yolun qırağındakı torpaqlıq sahədə olduğunu görmüşdür. O, həmin yerə yaxınlaşanda qadın ayaq üstdə olmuşdur. O, həmin hadisə yerində ifadəsində qeyd etdiklərindən başqa heçnə görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərmişdir ki, Raufu tanıyır. Raufu qəza baş verən günü maşından o, çıxarmışdır. Həmin hadisə təxminən il yarım bundan qabaq olmuşdur. Maşın gələrkən çıxdı səkinin üstünə sonra ağaca dəyib dayandı. Həmin vaxt o, Raufu maşının içindən çıxararaq ona ilkin yardım etdi. Qəza yerində Raufun maşınla kimisə vurduğunu görməmişdir. Bundan əlavə kiminsə xəsarət aldığını da görməmişdir. Həmin vaxt təcili yardım da yolla gedirdi uşaqlar təcili yardımı saxladılar. Orada olan uşaqla qadın qorxmuşdur təcili yardım onları maşına qoyub aparmışdır. Həmin yerdə adam çox deyildi. Bir iki adam var idi. Uşaqla qadın həmin yerdən biraz məsafədə aralıda idi. Raufun idarə etdiyi maşının qəza zamanı kiməsə dəydiyini görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə fakta görə Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. xx.xx.2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Mingəçevir şəhəri, A.Məmmədov küçəsində asfalt yolda sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz C 200» markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2023-cü il tarixli, 256 №-li tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı yüngül dərəcəli sərxoş vəziyyətdə olmuşdur. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə zamanı Şahid2 əynində olmuş gödəkcə götürülmüşdür. Həmin gödəkcəyə baxış keçirilərkən gödəkcənin sağ hissəsində sürtünmə nəticəsində yaranmış zədə olduğu müəyyən edilmişdir. Odur ki, həmin gödəkcə maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlancı otağına verilmişdir. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid4 işlədiyi Mingəçevir şəhəri A.Məmmədov küçəsi 5№-li yaşayış binasının arxasında yerləşən mağazanın girişində quraşdırılmış video müşahidə kameralarının yaddaşında olan hadisə ilə bağlı görüntülər DVD diskə köçürülərək götürülmüşdür. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində hadisə vaxtı qəflətən qarşısına adam çıxdığı üçün idarə etməni itirdiyinə görə avtomobilin səkiyə çıxdığını göstərdiyi üçün həmin görüntülərə baxış keçirilən zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs avtomobili A.Məmmədov küçəsi ilə hərəkət etdirərkən hadisə baş verən zaman avtomobilin qarşısına piyada çıxmamışdır. xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə baş verən zaman avtomobilin salonunda özünə məxsus mobil telefonla vasitəsi ilə hadisə ilə bağlı telefonun yaddaşına qeyd etdiyi hadisə ilə bağlı görüntülər DVD diskə köçürülərək götürülmüşdür. Həmin görüntülərə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs avtomobili A.Məmmədov küçəsi ilə hərəkət etdirərkən qəflətən sükanı sağa və sola çəkdiyi avtomobilin idarə etməsini itirmişdir. xx.xx.2023-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 71№-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - sol bazu sümüyünün qapalı sınığı, qərarda göstərilən xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində yetirilməyə xarakterikdir, ağırlıq dərəcələrinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. xx.xx.2023-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 73№-li rəyindən görünür ki, Şahid2 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - döş və qarının sağ yan səthlərində qançırlar, bərk küt əşyanın (alətin-lərin) əmlə gəlmişlər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yetirilməyə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Xəsarətlərin avtoqəza nəticəsində əmələ gəlməsi inkar edilmir. xx.xx.2023-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 70№-li rəyindən görünür ki, X2 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: - qapalı kəllə-beyin travması, alın sümüyünün qapalı sınığı, baş-beyin maddəsinin əziyi, travmatik beyin qanaxması yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yetirilməyə uyğundurlar, ağırlıq dərəcələrinə görə xəsarətlər yetirilərkən həyat üçün təhlükəli olduğundan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. X2 bədənində olan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə və ananın göstərdiyi kimi hərəkətdə olan avtomobilin qucağında uşaq olan ananı vurması zamanı, ananın uşaqla birlikdə yıxılması nəticəsində göstərilən xəsarətləri ala bilərdi. xx.xx.2023-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/440; 6/1384 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş gödəkcənin üzərində olan izlər hər hansı bərk (küt) predimetlə kontaktda olması, sürtünməsi nəticəsində yaranması mümkündür. Həmin zədələr nəqliyyat vasitəsinin vurması nəticəsində yarana bilər. Tədqiqata təqdim edilən gödəkcənin üzərində və zədə sahəsində lak-boyaya xarakterik hissəciklər aşkar edilmədi. xx.xx.2023-cü il tarixli qərarla təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1145 saylı rəyindən göründüyü kimi istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Mercedes Benz C 200 markalı ** LE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. xx.xx.2023-cü il tarixli qərara əsasən Zərərçəkmiş şəxs zərərçəkmiş qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli qərara əsasən X4 zərərçəkmiş qismində tanınmışdır. xx.xx.2023-cü il tarixli qərara əsasən X2 atası Şahid1 qanuni nümayəndə qismində tanınmışdır. Mingəçevir ŞPŞ-də tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququnun olması barədə Azərbaycan Respublikası DİNnin BDYPİ-nin mərkəzləşdirilmiş bazasında məlumat aşkar edilməmişdir. Yevlax RQİ və TBŞ-dən xx.xx.2014-cü il tarixdə verilmiş AC 371744 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C200” markalı ** LE *** dövlət qeydiyyat nişanlı avtomobil Qanuni nümayəndə mülkiyyətindədir. Mingəçevir ŞPŞ-nin İB-nin müstəntiqi Rəşad Əhmədov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, “Mercedes Benz C200” markalı ** LE *** dövlət qeydiyyat nişanlı avtomobil Qanuni nümayəndə qaytarılmışdır. Elektron axtarış portalından şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış sorğusu ilə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlüdür. Mingəçevir regional “ASAN Xidmət” mərkəzindən xx.xx.2022-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2022-ci il təvəllüdlüdür. Atası Şahid1, anası Şahid2dır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 17 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Mingəçevir ŞPŞ-nin DYPB-nə göndərilmiş, hadisə vaxtı Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz C200” markalı ** LE *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınaraq Mingəçevir ŞPŞ-nin DYPB-nin cərimə meydançasında saxlanılması nəzərə alnmış, xx.xx.2023-cü il tarixli protokolla götürülmüş hadisə zamanı Şahid2 əynində olmuş 1 ədəd gödəkcə maddi sübut kimi tanınaraq Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanılması otağına verilməsi nəzərə alınmış, MTE və PAB-nın 70, 72, 73, 74, 76 № li rəyləri, məhkəmə-trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3/440, 6/1384 №li rəyi, məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2023-cü il tarixli, 8/1145 № li rəyi, hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokol, sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında xx.xx.2023-cü il tarixli, 256 № li tibbi müayinə protokolu, götürmə haqqında protokollar, 2 ədəd DVD disk sübut növü kimi tanınmışdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş Təqsirləndirilən şəxs adına tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəmə tərəflərin iştirakı ilə hadisə yerinə keçirilmiş yerli baxış zamanı müəyyən etdi ki, hadisə yeri Mingəçevir şəhəri A.Məmmədov küçəsi 8/1 saylı yaşayış binasının arxasında yerləşir və ibtidai istintaqda tərtib edilmiş hadisə yerinə baxış protokolu ilə üstüstə düşür. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə dindirilmiş şəxslərin ifadələri, baxış protokolu, ekspert rəyləri, məhkəmə istintaqında keçirilmiş yerli baxış protokolu və digər sənədlərlə müqayisəli şəkildə tədqiq edərək, mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ifadəsində hadisə vaxtı idarə etdiyi avtomobillə qəza törədən zaman avtomobilin Şahid2 dəyməməsi və X3 xəsarət yetirməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla bağlı istinad etdiyi dəlillər işin həqiqi hallarına uyğun olmadığına görə məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-1.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36–cı maddəsinin 1– ci hissəsinin 3–cü bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.2–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–1.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol–hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarının 11-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. AR CM-nin 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. CPM-in 435-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: - cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; - yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; - yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmayan şəxs olmuş, onun təqsirləndirildiyi maddənin sanksiyasında dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə cəza tədbiri seçərkən məhkəmə cinayətin halları, təqsirləndirilən şəxsin vəziyyəti və tələbatı ilə yanaşı cəmiyyətin tələbatını da nəzərə alır. Həmçinin, qanunvericiliyin tələbindən göründüyü kimi ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Lakin məhkəmə qeyd edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs törətdiyi əməl üçün azadlıqdan məhrum etmədən başqa alternativ cəza nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri (CM-in 58.3-cü maddəsi), həmçinin CM-in 86-cı maddəsində sadalanan şərtlər nəzərə alınmalıdır. Belə ki, məhkəmə cəzanı yüngülləşdirən hallar kimi CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman yetkinlik yaşına çatmaması, ilk dəfə hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətməsini, CM-nin 59.2-ci maddəsinə əsasən əməlini qismən etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növü olan azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzasının icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, 295 (iki yüz doxsan beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış “Mersedes Benz C200” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Qanuni nümayəndə qaytarılması nəzərə alınmalı, maddi sübut kimi tanınaraq Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan hadisə vaxtı Şahid2 əynində olmuş 1 ədəd gödəkcə Şahid2 qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 və Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın icrasına nəzarət Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “Mersedes Benz C200” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Qanuni nümayəndə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan hadisə vaxtı Şahid2 əynində olmuş 1 ədəd gödəkcə Şahid2 qaytarılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 295 (iki yüz doxsan beş) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Şahid1 və Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar