Məhkəmə qərarları › İş №1(051)-112/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-112/2022

25.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-112/2022 25.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs və müdafiəçisi– Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1998-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, hazırda barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 118,75 qram olan narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlayaraq daşımış və 30 mart 2022-ci il tarixdə saat 04:15 radələrində Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Arena ” çay evinin yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 05:05 radələrində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 2-ci siyahının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda, əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 2.65 qram, əynindəki qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd sarı rəngli sellofan torbada təmiz çəkisi 116,10 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etmişdir. Halhazırda fərdi əməklə məşğul olub ailəsini dolandırır. 27 mart 2022-ci il tarixdə saat 14 radələrində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən qum karxanasının yanında balıq tutmaq istəyən zaman yaxınlıqdakı daşın altında 1 ədəd sarı rəngli sellofan torbanı gördüyündən, əyilib götürmüş, həmin torbanı açıb içərisinə baxanda, içərisindəki kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olmasını anlamışdır. Narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyinə görə torbanın içərisində olan narkotik vasitəni iyindən, quruluşundan, rəngindən tanıdığından gələcəkdə istifadə etmək üçün bükümü əynindəki qara rəngli gödəkçənin sol iç cibinə qoyaraq oradan uzaqlaşmışdır. Sonradan həmin narkotik vasitədən bir müddət istifadə etmişdir. Torbanı isə yaşadığı binanın zirzəmisində gizlətmişdir. xx.xx.2022-ci il tarixdə gecə saat 04:10 radələrində həmin torbanı binanın damında gizlətmək üçün zirzəmidən götürüb bayıra çıxmış, torbadakı kütlənin üzərindən şəxsi istifadəsi üçün bir qədər ağ rəngli kağızda narkotik vasitə-qurudulmuş marixuana götürüb əynindəki cins şalvarın sol yan cibinə qoymuş, torbanı damda gizlətməyə isə macal tapmamışdır. Belə ki, həmin vaxt mülki paltarda olan şəxslər yaxınlaşıb onu saxlayaraq özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deməklə, onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-yə getmişdir. Polis şöbəsində ona müdafiəçi kimi X4 hüquqlarını müdafiə edəcəyi bildirilmiş və həmin vəkil ona təqdim edilmişdir. Polis şöbəsində xx.xx.2022-ci il tarixdə saat 05:05 dəqiqədə vəkil X4 iştirakı ilə onun üzərinə baxış və götürmə keçiriləcəyi izah olunmuşdur. Daha sonra onun üzərinə video çəkiliş aparmaqla baxış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd içərisində sənədlər olan qara rəngli pul qabı, 1 ədəd alışqan və 2 ədəd siqaret dənəsi, 1 ədəd «İPHONE» markalı mobil telefon, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd ağ rəngli kağız bükümün və əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd sarı rəngli sellofan torbanın içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlələr olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar 02 (iki) ədəd qurudulmuş marixuana kütlələrinin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, 1 ədəd ağ rəngli bükümün və 1 ədəd sarı rəngli sellofan torbanın içrəsindəki kütlələrin, ümumi çəkisi 3.71 (üç tam yüzdə yetmiş bir) qram və 120 (yüz iyirmi) qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin kütlələr onun və digərlərinin iştirakı ilə zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzərinə o da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış və götürmə zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o da imza etmişdir. Həmin narkotik vasitə barədə ailə üzvlərinə və ya digər şəxslərə hər hansı məlumat verməmiş, narkotik vasitəni saxlamaqda məqsədi özü istifadə etmək olmuşdur. Həmin narkotik vasitədən heç kimə satmaq və ya vermək məqsədi olmamışdır. Hazırda əməlindən peşimandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhər polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 30 mart 2022-ci il tarixdə məxfi əməkdaşdan ona Mingəçevir şəhər sakini Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əmliyyat məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəfindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2022-ci il tarixdə saat 04:15 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Sadıqov X1 şəhəri H.Əliyev prospektində yerələşən «Arena» çay evinin qarşısı ilə piyada hərəkətdə olan zaman ona yaxınlaşaraq saxlayıb barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Sadıqov X1 ŞPŞ-yə gətirilmişdir. Polis şöbəsində növbətçi vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə aparılacağı, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmənin keçiriləcəyi zamanı video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmadığı izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşyanın olduğu halda, könüllü çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd içərisində sənədlər olan qara rəngli pul qabı, 1 ədəd alışqan və 2 ədəd siqaret dənəsi, 1 ədəd «İPHONE» markalı mobil telefon, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd ağ rəngli kağız bükümün və əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd sarı rəngli sellofan torbanın içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Bükümün və sellofan torbanın içərisi nəzərdən keçirilərkən içərisindəki kütlələrin iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlələr olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin elektron tərəzidə çəkisi ölçülmüşdür. Həmin kütlələrin ümumi çəkisi 3.71 (üç tam yüzdə yetmiş bir) qram və 120 (yüz iyirmi) qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar 02 (iki) ədəd kütlələrin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Qeyd olunan narkotik vasitəyə oxşar kütlələr zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol İlqar Əliyevin özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış, bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd ağ rəngli kağız bükümün və 01 (bir) ədəd sarı rəngli selofan torbanın içərisində olan kütlələrin narkotik vasitə “qurudulmuş marixuana” olduğunu, həmin “qurudulmuş marixuana”nı 27 mart 2022-ci il tarixdə saat 14 radələrində Mingəçevir şəhəri, 20 Yanvar küçəsində yerləşən qum karxanasının yanında balıq tutmaq istəyən zaman suyun kənarında olan daşın altından içərisində «qurudulmuş marixuana»ya oxşar kütlə olan 1 ədəd sarı rəngli sellofan torbanı taparaq əynindəki qara rəngli rəngli gödəkçənin sol iç cibinə qoyub gizlədərək saxladığını bildirmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin xidməti vəzifəsinin icrası ilə bağlı məhkəmə istintaqında iştirak edə bilməmiş, şahid Mingəçevir şəhər Polis Şöbəsi NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid1 da Şahid2 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd içərisində sənədlər olan qara rəngli pul qabı, 1 ədəd alışqan və 2 ədəd siqaret dənəsi, 1 ədəd «İPHONE» markalı mobil telefon, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd ağ rəngli kağız bükümün və əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd sarı rəngli sellofan torbanın içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlələr aşkar edilərək götürülmüşdür. İş üzrə tərtib edilmiş xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd içərisində sənədlər olan qara rəngli pul qabı, 1 ədəd alışqan və 2 ədəd siqaret dənəsi, 1 ədəd «İPHONE» markalı mobil telefon, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd ağ rəngli kağız bükümün və əynindəki qara rəngli gödəkçənin sol iç cibindən 1 ədəd sarı rəngli sellofan torbanın içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin məhkəmə-bioloji ekspertizasının 30 mart 2022-ci il tarixli 17/289 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ....kütlə...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli kağız bükümdə, təmiz çəkisi - 2,65 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş ....kütlə...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd sarı rəngli sellofan torbada, təmiz çəkisi - 116,10 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd ağ rəngli kağız bükümdə və 01 (bir) ədəd sarı rəngli sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 730 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “maddi sübut kimi tanınma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 (bir) ədəd ağ rəngli kağız bükümdə və 01 (bir) ədəd sarı rəngli sellofan torbada ilkin xalis təmiz çəkisi 118.75 qram olan, kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadan məhkəmə-bioloji ekspertizasının tədqiqatına 0,10 qram sərf edildikdən sonra qalan qalıq 118.65 qram olan narkotik vasitə - qurudulmuş marixuana iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, hərtərəfli və obyektiv hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 118,75 qram olan narkotik vasitə qurudulmuş marixuananı daşıyaraq üzərində saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 118,75 qram olan narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlayaraq daşımış və 30 mart 2022-ci il tarixdə saat 04:15 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən Mingəçevir şəhər H.Əliyev prospektində yerləşən “Arena ” çay evinin yaxınlığında saxlanılıb Mingəçevir ŞPŞ-yə gətirilərək həmin tarixdə saat 05:05 radələrində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd kağız bükümdə təmiz çəkisi 2,65 qram, əynindəki qara rəngli gödəkçənin sol iç cibindən bir ədəd sellofan torabada təmiz çəkisi 116.10 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tam, hərtərfli və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət törətməsini, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2022–ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər 5 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuş və onun barəsində 5 saylı MİS-ə qonşular tərəfindən hər hansı rəsmi şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY–dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, həbsdə saxlamanın müddəti ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəlləniun 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–yə məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 118.65 qram olan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticə hissəsində göstərilən məsələlərdən biri də məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 35 manat 97 qəpik məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə ittiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli, onun barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 30 mart 2022-ci il tarixdən 31 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 25 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq çəkisi 118.65 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 35.97 (otuz beş manat, doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar