Məhkəmə qərarları › İş №1(051)-113/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-113/2020

17.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-113/2020 17.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi- Müdafiəçi iştirakı ilə, xx.xx.1993-cü ildə Yevlax rayonu, Havarlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Yevlax rayonu, Havarlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq 1 (bir) ədəd kibrit qutusunun içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 5,82 qram olan narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2020-ci il tarixdə saat 23:05 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Ala qapı” deyilən ərazidə saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə –qurudulmuş marixuana Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-nin MSY-də onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, mütəmadi olaraq narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində yaşadığı Yevlax rayonu, Havarlı kəndində siqaret almaq üçün piyada gedən zaman avtobus dayanacağının yanında yerdən bir ədəd kibrit qutusu tapmışdır. O həmin kibrit qutusunu açıb baxmış və əvvəllər narkotik vasitələrdən istifadə etdiyi üçün açıb baxdıqda içərisindəkinin narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, içərisində qurudulmuş marixuana olan kibrit qutusunu əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoyaraq gizlətmişdir. xx.xx.2020-ci il tarixdə saat 23:05 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Ala qapı” adlanan ərazidə olan zaman tapdığı narkotik vasitə olan qurudulmuş marixuana əynindəki göy rəngli şalvarın sağ yan cibində olmuşdur. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində hüquqlarının müdafiəsi üçün dəvət edilmiş vəkil X1 iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirmişlər. O da üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli şalvarın sağ yan cibindən içərisində qurudulmuş marixuana olan bir ədəd kibrit qutusu polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Həmin kibrit qutusunda olan kütlənin spesifik iyindən və rəngindən narkotik vasitə qurudulmuş marixuana olması müəyyən olunmuşdur. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş kütlə elektron tərəzisində çəkilmiş və kibrit qutusunun ümumi çəkisi 9,32 qram olmuşdur. Əməlindən peşmandır. Hazırda Mingəçevir şəhərində kirayədə yaşayır və işləyir. Cavanlığını və ilk məhkumluğunun olmasını nəzərə alaraq barəsində yüngül cəzanın seçilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olmuş məlumatlar əsasında onun tərəfindən Təqsirləndirilən şəxs barəsində əməliyyat qeydiyyat işi açılmışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını müəyyən etmək məqsədilə “vətəndaşların sorğusu” əməliyyat-axtarış tədbiri keçirilməsi barədə tərəfimdən müvafiq qərar qərar qəbul edilmiş və həmin qərar Mingəçevir şəhər polis şöbəsinin rəhbərliyi tərəfindən təsdiq edilmişdir. xx.xx.2020-ci il tarixdə saat təxminən 23:05 radələrində Mingəçevir ŞPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis leytenantı Şahid1 və o Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Ala qapı” adlanan ərazidə olarkən görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdik. Polis şöbəsinə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün vəkil Müsaqif Hüseynov dəvət olundu və vəkilin iştirak ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumat olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış keçiriləcəyi bildirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etməmiş və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusu çıxarıb stolun üzərinə qoydu. Həmin 1 ədəd kibrit qutusu Təqsirləndirilən şəxs və digər iştirakçıların yanında açılarkən bükümün içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə olan kütlə olması müəyyən edildi. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi video çəkiliş vasitəsi ilə lentə alındı. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkildi. Həmin 1 ədəd içərisində qurudulmuş marixuana olan kibrit qutusunun ümumi çəkisi 9,32 qram oldu. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırıldı, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürləndi və zərfin üzəri və bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prossesdə iştirak edən şəxslər tərəfindən imzalandı. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 1(bir) ədəd kibrit qutusunun içərisindəkinin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı özü istifadə etmək məqsədi ilə üstündə saxladığını, həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində yaşadığım Yevlax rayonu, Havarlı kəndində siqaret almaq üçün piyada gedən zaman avtobus dayanacağının yanında yerdən taparaq əldə etdiyini və üzərində saxladığını bildirdi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan 1(bir) ədəd kibrit qutusu aşkar edilmiş və həmin büküm Təqsirləndirilən şəxs və digərlərinin iştirakı ilə qablaşdırılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-bioloji ekspertizasının xx xxx 2020-ci il tarixli 17/276 №-li rəyinə əsasən tədqiqata təqdim olunmuş üzərinə “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş....” sözləri yazılmış zərfin içərisindəki bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,82 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işində olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 648 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materialarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq 1 (bir) ədəd kibrit qutusunun içərisində şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 5,82 qram olan narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən əldə edib üzərində saxlayaraq daşımış və xx.xx.2020-ci il tarixdə saat 23:05 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Ala qapı” deyilən ərazidə saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə –qurudulmuş marixuana Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 ünvanında yerləşən Mingəçevir ŞPŞ-nin MSY-də onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Yevlax rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” və “qətimkan tədbiri seçmək haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci ildən xx xxx 2020-ci il tarixədək 2 gün müddətinə şübhəli şəxs kimi həbsdə saxlanılmışdır. Təqsirləndirilən şəxs xx xxx 2020-ci ildən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini, Mingəçevir şəhəri və Yevlax rayonu ərazi hüdüdlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 34,55 manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,80 qram marixuana Azərbaycan Respublikası CPMnin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Vəkil Hüseynov Müsaqif oğluna ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 132 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxx 2020-ci ildən xx xxx 2020-ci il tarixədək 2 gün gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini, Mingəçevir şəhəri və Yevlax rayonu ərazi hüdüdlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Yevlax rayon İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun. Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 5,80 qram marixuana qalığı məhv edilsin. İş üzrə 34,55 manat məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Vəkil Hüseynov Müsaqif oğluna ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 132 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olduğu andan (həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan) 20 gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar