Məhkəmə qərarları › İş №1(051)-113/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-113/2022

04.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-113/2022 04.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və müdafiəçi–Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1994-cü ildə Mingəçevir şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahının 12-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 (beş) qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ağ rəngli sellofan torbada təmiz çəkisi 135.20 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı üzərində gəzdirərək əynindəki boz rəngli paltonun sol iç cibində gizlədib saxlayaraq daşımış, xx.xx.2022- ci il tarixdə saat 23:45 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən binanın yaxınlığında saxlanılıb ünvan 3 ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada xx.xx.2022-ci il tarixdə saat 00:15 dəqiqədə üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana onun əynindəki boz rəngli paltonun sol iç cibindən aşkar edilib götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etmişdir. Hal-hazırda fərdi əməklə məşğul olub ailəsini dolandırır. 2022ci ilin fevral ayında gəzmək üçün Oğuz rayonuna getmiş, orada xatırlamadığı kəndin ərazisində gəzən zaman yabanı halda bitmiş çətənə bitkilərinə rast gəlmişdir. Ətrafı müşahidə edərək heç kimin olmadığına əmin olduqdan sonra kollara yaxınlaşmışdır. Arada-bir İstifadə etdiyi üçün onların çətənə bitkiləri olmasını anlamışdır. Bundan sonra aralaşıb mağazalardan birində sellofan torba alaraq çətənə bitkilərinin yanına qayıtmışdır. Həmin bitkilərin yarpaqlarından sellofan torbaya yığaraq sellofan torbanı əynindəki paltonun sol iç cibinə qoyaraq Mingəçevir şəhərinə qayıtmışdır. Evdə olan zaman həmin kütlədən istifadə etməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə saat 23:40 radələrində yaşadığı ünvan 5 ünvanında yerləşən binanın qarşısında piyada gəzişərkən, Oğuz rayonunda olarkən əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuana əynindəki boz rəngli paltonun sol iç cibində olmuşdur. Həmin vaxt mülki paltarda olan şəxslər yaxınlaşıb saxlayaraq, özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deməklə onu polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə Mingəçevir ŞPŞ-nə gəlmişdir. Polis şöbəsində müdafiəçi kimi X5 ona təqdim olunaraq hüquqlarını müdafiə edəcəyi bildirilmişdir. Polis şöbəsində xx.xx.2022-ci il tarixdə saat 00:15 dəqiqədə vəkil X4 iştirakı ilə üstündə şəxsi axtarış və götürmə keçiriləcəyi izah olunduqda üzərində axtarış aparılmasına etiraz etməmişdir. Üzərində axtarış aparılmazdan əvvəl üzərində qanunla saxlanılması qadağan olunan hər hansı əşya olubolmaması soruşulmuş, olduğu təqdirdə isə çıxarıb könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən video çəkiliş aparmaqla üzərində axtarış aparılacağı halda hal şahidlərinin iştirakının məcburi olmadığı izah edildikdən sonra video çəkiliş tətbiq etməklə üzərində axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan, 1 ədəd «LD» markalı siqaret qutusu, 1 ədəd 20 manatlıq, 4 ədəd 5 manatlıq pul əskinasları və əynindəki boz rəngli paltonun sol iç cibindən 1 ədəd ağ rəngli sellofan bükümdə içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bükümün içərisi polis əməkdaşları tərəfindən nəzərdən keçirilərkən içərisindəki kütlənin iyindən və görünüşündən narkotik vasitə olan «qurudulmuş marixuana»ya oxşar kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildiyini, 2022-ci ilin fevral ayında Oğuz rayonunda, xatırlamadığı kəndin ərazisində gəzən zaman yabanı halda bitmiş çətənə kollarının yarpaqlarından toplayıb sellofan torbada gizlədərək özü istifadə etmək məqsədi ilə əynindəki boz rəngli paltonun sol iç cibinə qoyub gizlədərək saxladığını etiraf etmişdir. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd qurudulmuş marixuana kütləsinin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar olunmuş kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 140 (yüz qırx) qram olmuşdur. Tərəzidə çəkildikdən sonra həmin kütlə onun və digərlərinin iştirakı ilə zərfdə qablaşdırılaraq möhürlənmiş, zərfin üzərinə o, da imza etmişdir. Daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış və götürmə zamanı yazmış olduqları protokolu oxumuşlar və həmin protokolun düzgünlüyünə o, da imza etmişdir. Qurudulmuş marixuana narkotik vasitəsini əldə etmək üçün Oğuz rayonun ərazisində yabanı halda bitmiş çətənə bitkilərinin yarpaqlarını topladığı ərazini dəqiq xatırlamadığından bilavasitə göstərə bilməmişdir. Həmin narkotik vasitə barədə ailə üzvlərinə və ya digər şəxslərə hər hansı məlumat verməmiş, narkotik vasitəni saxlamaqda məqsədi özü istifadə etmək olmuşdur. Həmin narkotik vasitədən heç kimə satmaq və ya vermək məqsədi olmamışdır. Hazırda əməlindən peşmandır. Himayəsində iki azyaşlı uşağı vardır. Ona görə də məhkəmədən ifadəsində göstərdiyi halların nəzərə almasını və ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Mingəçevir ŞPŞ-nin CAB-nin əməliyat müvəkkili vəzifəsində işləyir. 30 mart 2022-ci il tarixdə məxfi əməkdaşdan ona Mingəçevir şəhər sakini Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirilməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2022-ci il tarixdə saat 23:40 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid1lə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Həsənli X3 şəhəri Ərəş küçəsi 2 ünvanında yerləşən binanın qarşısında piyada hərəkətdə olan zaman ona yaxınlaşaraq saxlayıb barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Mingəçevir ŞPŞ-yə gətirilmişdir. Polis şöbəsinə vəkil X5 dəvət olunmuş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və istifadə etməsi ilə əlaqədar, barəsində əməliyyat məlumatı olmasını bildirib onun üzərinə öz razılığı ilə şəxsi axtarış və götürmə aparılacağı, bu zaman video çəkilişdən istifadə olunacağı bildirilərək, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs qanunvericiliyə əsasən şəxsi axtarış və götürmənin keçiriləcəyi zaman video çəkilişdən istifadə olunacağı halda hal şahidlərinin iştirakı məcburi olmadığı izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsinə bu zaman video çəkilişdən istifadə edilməsinə etiraz etməmiş, şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşyanın olduğu halda, könüllü çıxarıb təqdim etməsi təklif olunmuşdur. Bundan sonra onun və digərlərinin iştirakı ilə Mingəçevir ŞPŞ-də vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan, 1 ədəd «LD» markalı siqaret qutusu, 1 ədəd 20 manatlıq, 4 ədəd 5 manatlıq pul əskinasları və əynindəki boz rəngli paltonun sol iç cibindən 1 ədəd ağ rəngli sellofan bükümdə içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlə aşkar edilərək götürülmüşdür. Bükümün içərisi nəzərdən keçirilərkən içərisindəki kütlənin iyindən və görünüşündən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin elektron tərəzidə çəkisi ölçülmüşdür. Həmin kütlənin ümumi çəkisi 140 (yüz qırx) qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar 01 (bir) ədəd kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Qeyd olunan narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırımış, zərfin üzəri AR DİN-in Mingəçevir ŞPŞ-nin 76 nömrəli möhürü ilə möhürlənmiş, zərfin üzəri, bu barədə tərtib olunmuş protokol Təqsirləndirilən şəxs özü, prosesdə iştirak edən şəxslər tərəfindən imzalanmış, bütün hərəkətlər video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş 01 (bir) ədəd ağ rəngli sellofan bükümün içərisində olan kütlənin narkotik vasitə “qurudulmuş marixuana” olduğunu, həmin “qurudulmuş marixuana”nı 2022-ci ilin fevral ayında Oğuz rayonunda xatırlamadığı kəndin ərazisində gəzən zaman yabanı halda bitmiş çətənə kollarının yarpaqlarından toplayıb sellofan torbada gizlədərək özü istifadə etmək məqsədi ilə əynindəki boz rəngli paltonun sol iç cibinə qoyub gizlədərək saxladığını bildirmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirakı mümkün olmamış, Şahid1 Mehman oğlunun məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid1 Mehman oğlu da Şahid2 ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 30 mart 2022-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusu, 1 ədəd alışqan, 1 ədəd «LD» markalı siqaret qutusu, 1 ədəd 20 manatlıq, 4 ədəd 5 manatlıq pul əskinasları və əynindəki boz rəngli paltonun sol iç cibindən 1 ədəd ağ rəngli sellofan bükümdə içərisində tünd yaşıl rəngdə, ovuntu halında, kəskin spesifik iyli 140 (yüz qırx) qram çəkidə, narkotik vasitə «qurudulmuş marixuana»ya oxşar kütlə aşkar edilməsi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/287 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə “vət. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş ....kütlə...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli sellofan torbada, təmiz çəkisi - 135.20 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 728 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionoidlərdən sui istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd ağ rəngli sellofan torbada ilkin xalis çəkisi təmiz çəkisi 135.20 qram olmaqla çəkidə küs tar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadan məhkəmə-bioloji ekspertizasının tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalan qalıq 135.15 qram olan narkotik vasitə - qurudulmuş marixuana iş üçün əhmiyyət kəsb etdiyindən maddi sübut kimi maddi sübut kimi tanınaraq saxlanılması üçün Mingəçevir ŞPŞ-yə təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqadrından artıq miqdarda narkotik vasitə hesab edilən “qurudulmuş marixuana” əldə edib üzərində daşımaqla, ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ağ rəngli sellofan torbada təmiz çəkisi 135.20 qram olan küstar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananı üzərində gəzdirərək əynindəki boz rəngli paltonun sol iç cibində gizlədib saxlayaraq daşımış, xx.xx.2022-ci il tarixdə saat 23:45 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanında yerləşən binanın yaxınlığında saxlanılıb ünvan 7ünvanda yerləşən Mingəçevir şəhər Polis Şöbəsinə aparılaraq orada xx.xx.2022-ci il tarixdə saat 00:15 dəqiqədə üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana onun əynindəki boz rəngli paltonun sol iç cibindən aşkar edilib götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahı”da narkotik vasitə olan qurudulmuş marxuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı hədləri 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı hədləri 500 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, himayəsində iki nəfər azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–in BƏSİİ tərəfindən xx.xx.2022–ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il tarixdə doğulmuş Əsnad və xx.xx.2020-ci il tarixdə doğulmuş Həcər adlı uşaqları vardır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhəri 2 saylı Mənzil İstismar Sahəsi tərəfindən xx.xx.2022–ci il tarixdə verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddətdə onun barəsində 2 saylı Mənzil İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Mingəçevir ŞPŞ–nin MSY–dən dərhal azad edilmişdir. Bununla da təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunu ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 00:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması üçün Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsaəsn mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir Həmin Məcəlləniun 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş təmiz çəkisi – 135.20 qram olan, müəyyən hissəsi tədqiqatlara sərf olunduqdan sonra qalıq çəkisi 135.15 qram olan narkotik vasitəqurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsdən ekpertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 qəpik məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 30 mart 2022-ci ildən 31 mart 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq, 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunu ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 00:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvəyyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs götürülmüş , təmiz qalıq çəkisi 135.15 qram olan narkotik vasitəqurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 35 manat 97 qəpik (otuz beş manat doxsan yeddi qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar