Məhkəmə qərarları › İş №1(051)-117/2020

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-117/2020

15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-117/2020 15.10.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs- xx.xx.1960-cı ildə Yevlax rayonu Yuxarı Salamabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Yuxarı Salamabad kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddə hesab olunan 2(iki) ədəd şüşə ampulda ayrı-ayrılıqda çəkiləri 11,850 qram və 10,520 qram, ümumi çəkisi 22,37 qram olan metallik civəni istintaqa məlum olmayan məbədən satış məqsədi ilə qanunsuz əldə edib, əynindəki boz rəngli pençəyin sol içəri cibində saxlayaraq daşımış və xx xxx 2020-ci il tarixdə saat 17:30-da Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Samux küçəsində yerləşən “Şəlalə” restoranının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri Polis Şöbəsinə aparılaraq orada üzərinə şəxsi axtarış və baxış keçirilərkən qeyd olunan çəkidə zəhərli maddə hesab olunan metallik civə əynində olan boz rəngli pencəyin sol içəri cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, Yevlax rayonu Xaldan qəsəbəsi Yuxarı Salamabad kəndində yaşadığı evin yaxınlığında baytarlıq laboratoriyası mövcud olmuşdur. Həmin laboratoriya 1990-cı ilə söküldü. Söküldükdən sonra o, həmin laboratoriyanın söküntü qalıqlarının içərisində 2 ədəd şüşə ampulda metal maddələr tapdı. Həmin maddələri bir neçə şəxsə göstərdikdən sonra onun civə olduğunu bildirdilər. Eşitmişdi ki, civəni televizorun antenasına birləşdirdikdə televizor yaxşı göstərir. O, tapdığı civəni televizorun antenasına birləşdirdi, bir neçə gün orada qalsa da heç bir əhəmiyyəti olmadığını görüb, içərisində civə olan həmin ampulaları yaşadığı evin zirzəmisində, az işlətdikləri, o qədər də yararlı olmayan qabların içərisinə qoydu. Həmin vaxtdan da ampula orada qalmışdır. xx.xx.2018-ci ildə yaşadıqları ev tamamilə yandı. Evdə olan bütün əşyalar, eləcə də diplomu və digər sənədlər də yandı. Evin, bəzi əşyaları içərisində qalmış ampulaları götürüb saxladı. Eşitmişdi ki, civəni alan olur. Son vaxtlar işləmədiyi üçün, digər tərəfdən evinin yanması səbəbindən maddi vəziyyətində çətinliklər yarnmışdı. Buna görə də gizlətdiyi civəni satıb pul əldə etmək fikrinə düşdü. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Mingəçevir şəhərinə gəldi. Evdə saxladığı metallik civəni də üzərində götürdü. Civəni Mingəçevir şəhərinə gətirməkdə məqsədi satmaq idi. Şəhərdə oğlu İbrahimin Elşən adlı tanışı ilə görüşdü. Onlar çay içmək üçün birlikdə yaxınlıqdakı çayxanaya getdilər Görüşüb, söhbət etmək istəməsinin məqsədi Elşən Mingəçevir şəhərində yaşadığı üçün ona da burada iş tapmağa kömək etməyə xahiş etməsi olmuşdur. Elşən hər hansı bir iş yeri olması və ya kiminsə işçi axtarmağı barədə məlumatı olmadığını bildirdi. Sonra o, cibində saxladığı metal ampulaları çıxarıb Elşənə göstərərək dedi ki, içindəki civədir, eşitdiyinə görə civəni alırlar, həmin civəni kimsəyə satmaq mümkündürmü və neçəyə satmaq olar. Elşən də onu ala bilməyəcəyini, eləcə də heç kimə sata bilməyəcəyini dedi. Onlar çayxanadan çıxıb Samux küçəsində yürləşən “Şəlalə” restoranının yanında dayanan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəldi. Polis şöbəsində vəkilin iştirakı ilə üzərinə video çəkiliş aparmaqla baxış keçirdilər. O da əynindəki pencəyin içəri cibindən 2 ədəd şüşə qabın içərisində zəhərli maddə metallik civəni təqdim etdi. Sonra onun və digər iştirkçıların yanında aşkar edilmiş kütlə şüşə qabla birlikdə aptek tərəzisində çəkilərək götürüldü. Əməlindən peşimandır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, o, Mingəçevir şəhər Polis Şöbəsində CAB-nin əməliyyat müvəkkili işləyir. xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşı Şahid1 və o, Yevlax rayonu Yuxarı Salamabad kənd sakini Təqsirləndirilən şəxs zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyt tədbirləri zamanı Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Samux küçəsində yerləşən “Şəlalə” restoranının yaxınlığında görüb ona yaxınlaşaraq, zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etdilər.Təqsirləndirilən şəxs izah edildi ki, vəkilin də iştirakı ilə video-çəkilişdən istifadə edilməklə üzərində baxış keçiriləcəkdir. Təqsirləndirilən şəxs etiraz etmədi. Bundan sonra vəkilin iştirakı ilə video çəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə baxış keçirildi. Baxış zamanı Təqsirləndirilən şəxs təklif olundu ki, üzərində hər hansı zəhərli maddə, psixotrop maddə və saxlanması qanunla qadağan olunmuş əşya vardırsa çıxarıb könüllü təqdim etsin Nizami əynində olan boz rəngli pencəyin sol içəri cibindən siqaretin gümüşü kağızına bükülmüş büküm, həmçinin, əynindəki şalvarın sağ yan cibindən bir qutu “Prima” markalı siqaret, alışqan, sol yan cibindən bir ədəd göz eynəyini və əl dəsmalını, əynindəki ağ rəngli köynəyin sol döş cibindən bir ədəd “kgtel” markalı mobil telefonu çıxarıb təqdim etdi. Təqsirləndirilən şəxs əynində olan pencəyin cibindən çıxarıb təqdim etdiyi siqaretin gümüşü kağız bükümü digər iştirakçıların yanında açılarkən içərisindəkinin şüşə qab olduğu, həmin şüşə qabın içərisindəkinin isə metal rəngli maddə olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin zəhərli maddə civə olduğunu, həmin civəni 1990-cı ildə yaşadığı Yevlax rayonu Xaldan qəsəbəsi Yuxarı Salamabad kəndində yerləşən baytarlıq idarəsinin laboratoriyası sökülən zaman sökülmüş materialların arasından tapdığını, həmin vaxtdan da yaşadığı evin zirzəmisində saxladığını, Mingəçevir şəhərinə satış məqsədi ilə gətirdiyini bildirdi. Təqsirləndirilən şəxs əməli digər Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunan ifadəsi ilə də təsdiq olunur. Məhkəmə iclasında şahid kimi dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 17:00 radələrində o, Mingəçevir şəhər ərazisində gəzərkən Təqsirləndirilən şəxsla görüşdülər. Bir qədər söhbət etdikdən sonra Nizami ona üzərində civə olduğunu və həmin civəni satmaq istədiyini bildirdi. Həmçinin, Nizami ona civənin qramını 5000 manata satdığını da dedi. Bu zaman Nizami üzərindən iki ədəd şüşə qab çıxarıb ona göstərdi. Həmin qaba baxdıqda içərisindəkinin metal rəngli maddə olduğunu gördü. Lakin o, Nizamiyə həmin maddənin hansı məqsədlə istifadə olunması barədə məlumatı olmadığını, eləcə də satılmasının da mümkün olubolmamasını dedi. Nizami də bundan sonra həmin maddəni cibinə qoydu. Bir qədər söhbət etdikdən sonra iki nəfər şəxs yaxınlaşıb özlərini polis əməkdaşları kimi təqdim edərək Nizamini Mingəçevir şəhər Polis Şöbəsinə dəvət etdilər, o isə oradan aralanıb yaşadığı evə getdi. İşin 33-36-cı vərəqində olan məhkəmə kimyəvi ekspertizasının xx xxx 2020-ci il tarixli, 6/864 №li rəyində göstərilir ki, tədqiqita təqdim edilmiş üzərində « Vət. Təqsirləndirilən şəxs üzərindən…» əl yazıları olan zərfdəki 02 ədəd şüşə ampulda ayrı-ayrılıqda təmiz çəkiləri 11.850 qram və 10.520 qram, ümumi çəkiləri 22.37 qram metal parıltıya malik maddələr metallik civədir. Metallik civə Aəzrbaycan Respublikasının xx xxxx 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş “Zəhərli maddələrin siyahısı”na (2 nömrəli əlavə) daxildir. Məhkəmə toplanmış sübutlara məcmuu halda qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddə hesab olunan 2(iki) ədəd şüşə ampulda ayrı-ayrılıqda çəkiləri 11,850 qram və 10,520 qram ümumi çəkisi 22,37 qram olan metallik civəni istintaqa məlum olmayan məbədən satış məqsədi ilə qanunsuz əldə edib, əynindəki boz rəngli pençəyin sol içəri cibində saxlayaraq daşımış və xx xxx 2020-ci il tarixdə saat 17:30-da Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarışı Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri Samux küçəsində yerləşən “Şəlalə” restoranının yaxınlığında saxlanılıb Mingəçevir şəhəri Polis Şöbəsinə aparılaraq orada saat 18:05-də üzərinə şəxsi axtarış və baxış keçirilərkən qeyd olunan çəkidə zəhərli maddə hesab olunan metallik civə əynində olan boz rəngli pencəyin sol içəri cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin əməli törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyi, işdə olan digər sənədlərlə sübuta yetirilir. Ona görə də ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin 68-ci vərəqində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin 70-ci vərəqində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerində müsbət xarakterizə olunur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Aran regional Dövlət Yanğın Nəzarəti idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli yanğın haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs məxsus Yevlax şəhəri Salamabad kəndində yerləşən yaşayış evi daxilində olan bütün əşyaları ilə birlikdə yanaraq məhv olunmuşdur. Cəza təyin edilərkən Təqsirləndirilən şəxs əməlindən peşiman olması, yaşayış yerində müsbət xarakterizə olunması, əvvəllər məhkum olunmaması Cinayət Məcəlləsinin 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəza təyini məsələsini həll edərkən belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İşin 18-ci vərəqində olan şübhəli şəxsi tutma haqqında xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İşin 60-61-ci vərəqlərində olan Mingəçevir şəhər prokurorunun xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə müstəntiqin vəsatəti rədd edilmişdir. İşin 62-63-cü vərəqlərində olan Mingəçevir şəhər Polis Şöbəsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olumuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx xxx 2020-ci tarixdən xx xxx 2020-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2010-cu il tarixli qərarında göstərilir ki, “şərti məhkum etmə, törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayəthüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarınm məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir. Şərti məhkum etmə cəza növü olmasa da cəzanın bir çox xüsusiyyətlərini özündə ehtiva edir. “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir”. Məhkumlar barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsi eyni zamanda BMT-nin həbs edilmə ilə bağlı olmayan tədbirlərə dair standart minimal qaydaların (Tokioqaydaları) 1.2-ci maddəsinə uyğun ədalət mühakiməsinin həyata keçirilməsində, xüsusən məhkumlara davranmada ictimaiyyətin daha fəal iştirak etməsini təmin etmək, habelə məhkumlarda cəmiyyət qarşısında məsuliyyət hissini inkişaf etdirməyə yardım göstərmək məqsədini daşıyır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan mərhum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə yuxarıda qeyd edilən halları, eləcə də yaşını, ailə vəziyyətini cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunması mümkündür və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək, sınaq müddəti müəyyən edilməklə təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Barəsində təyin olunmuş sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə ekspertiza xərci olan 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməlidir. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356-358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixə kimi şübhəli şəxs qismində saxlandığı 2 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1(bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində təyin olunmuş cəzaya Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab edilsin və ona 1(bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün sınaq müddəti təyin edilsin. Barəsində təyin olunmuş sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddətində davranışı üzərinə nəzarət həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs üzərinə vəzifə kimi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 109,90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs alınıb, dövlət büdcəsinə keçirilsin. Hökmün icrası Yevlax rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Vəkil X1 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 180 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm apelyasiya şikayəti və protesti verilmədiyi halda 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar