Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-117/2022 14.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, müdafiəçi–Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində kamera nəzarətçisi işlədiyi ünvan 2 ünvanda yerləşən "xxxx" marketində iş vaxtı bitdikdən sonra marketin ümumi qapısından çıxaraq marketin açıq vəziyyətdə olan arxa hissəsində yerləşən anbar otağının qapısından içəri qanunsuz daxil olub, anbarda salfetkalar yığılmış vitrinin yuxarısına çıxaraq gizlənib, saat 23 radələrində marketin işçiləri mağazadan çıxdıqdan sonra anbar otağından öz xidməti otağına keçmiş, orada onunla eyni otaqda əyləşən mağaza müdirinin istifadəsində olan dəmir seyfin kilidinin açıq olmasını gördükdə seyfdən ümumilikdə 7085 manat nəqd pulu gizli olaraq talayıb, supermarketin təhlükəsizlik kameralarının ötürdüyü video görüntüləri itirmək məqsədi ilə iki ədəd ümumi dəyəri 2300 manat olan DVR yaddaş qurğularını açıb gizli talayaraq ümümilikdə 9385 manat məbləğində zərərçəkmiş hüquqi şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, ünvan 2 ünvanında yerləşən "xxxx" supermarketdə kamera nəzarətçisi vəzifəsində işləmişdir. İşi, supermarketin içərisində və ətrafında quraşdırılmış təhlükəsizlik kameralarının ötürdüyü görüntülərə supermarketdə anbar hissədə yerləşən müdirlə birlikdə əyləşdiyi otaqda baxaraq nəzarət etməkdən ibarət olmuşdur. Həmçinin kameraların qeydə aldığı görüntülərə nəzarət etmək üçün ümumi sistemə nəzarət ona həvalə edilmişdir. Gündəlik iş saatı 10 saat olmuşdur. Marketin müdiri Şahid1 və o, eyni otaqda əyləşmişdir. Allahyarın əyləşdiyi hissədə dəmir seyf olmasını və gündəlik marketdən alqı-satqının pullarının günün sonunda müdirin otağında həmin seyfdə saxlanmasını bilmişdir. Seyfin açarı bir ədəd olmuş və ancaq müdirdə olmuş, bazar günü isə müdirin istirahət günü olduğundan, açar müdirin müavinində olmuşdur. Bir neçə dəfə müdirin açarı seyfin üstündə qoyub getməsini görmüşdür. xx.xx.2022-ci il tarixdə müdir Şahid1 işdə olmuşdur. Həmin gün saat 22:00-da o, iş vaxtı bitdiyi üçün işdən çıxıb getdiyini bildirmişdir. Müdir də həmin vaxt öz otağında, yəni onun da işlədiyi otaqda əyləşmişdir. O, marketin əsas giriş qapısından çıxmış və sonra marketin kənarından fırlanıb və arxa qapısının yanına gəlmişdir. Həmin vaxt arxa dəmir qapının açıq olmasını bilmişdir. Arxa qapıdan anbara girmiş və anbarda salfetkalar yığılan vitrinin 3-cü mərtəbəsinə çıxmış və orada salfetkaların arxasında gizlənmişdir. Həmin vaxt mobil telefonu da üzərində olmuşdur. Təxminən saat 23 radələrində Şahid1 işıqları söndürmüş və çıxmışdır. Bu zaman bilmişdir ki, marketin işçiləri çıxıb gediblər. Çünki müdir Şahid1 ən sonda marketi tərk edir. Marketdə heç kim qalmamasından əmin olduqdan sonra o, gizləndiyi vitrindən aşağı düşmüşdür. Daha əvvəllər işləyərkən geyindiyi papaqlı gödəkçəsini anbardan götürüb geyinmiş, daha sonra müdirin otağının qapısı açıq olmuşdur və həmin otağa keçmişdir. Seyfə yaxınlaşmış və seyfin açarı üstündə olmasını görmüşdür. Bundan sonra seyfi açaraq içərisində topa halda olan nəqd pul vəsaitlərini götürmüş və bir ədəd sellofanda olan qəpikləri də götürüb bir paketə toplamışdır. Daha sonra arxa qapıdan daxil olması və anbarda salfetkalar olan vitrində gizlənməsinin marketin təhlükəsizlik kameralarına düşdüyünü bilərək buna görə də kameraların görüntülərini yadda saxlayan DVR aparatlarını sökmüşdür. Həmin aparatların içərisində olan yaddaş kartları ilə birlikdə söküb götürmüşdür, ilk olaraq pulu və DVR qurğularını aparmaq istəsə də, sonra böyük olduqlarını və apara bilməyəcəyini başa düşmüş, buna görə də supermarketin içərisindəki kameraların görüntülərini yadda saxlayan DVR aparatını mağazanın anbarında vitrinin altına atmışdır. Lakin supermarketin anbar hissəsini və marketin ətrafının görüntülərini yadda saxlayan DVR aparatını isə oğurluq etməsi aşkar olunmasın deyə, özü ilə götürmüşdür. Daha sonra marketin ümumi zalına keçmiş, orada vitrinlərin arxasında yerləşən pəncərələrə yaxınlaşmış, pəncərəni açmış və küçəyə baxmış,kimsə olmamasını dəqiqləşdirmiş və pəncərədən tullanaraq küçəyə düşmüşdür. Daha sonra ara küçəyə keçmiş bir qədər irəli gedib və məktəbin yaxınlığından keçib tanımadığı bir taksiyə əyləşərək yaşadığı evə getmişdir. Evdə ailə üzvlərinin xəbəri olmadan qaraja keçərək pul vəsaitlərini qarajda gizlətmişdir. Qəpik pulları kombi qurğusu yerləşən başqa tikiliyə qoymuş, DVR aparatını isə qarajın üstünə tullamışdır. Daha sonra xx.xx.2022-ci il tarixdə hadisə ilə əlaqədar polis şöbəsinə dəvət olunduqda etdiyi oğurluq əməlini etiraf etmiş, daha sonra marketə getmiş, orada DVR aparatını vitrinin altından çıxardıb təqdim etmiş, daha sonra yaşadığı mənzilə gəlmiş və qarajda saxladığı pul vəsaitlərini, qarajın üstündə olan digər DVR aparatını və kombi olan tikilidə saxladığı qəpik vəsaitləri təqdim etmişdir. Polis əməkdaşları pul vəsaitini sayanadək həmin pulun və qəpiklərin məbləğini bilməmiş və hər hansı məbləğdə pul xərcləməmişdir. Oğurluq etməkdə ona kimsənin köməkliyi olmamış, tək oğurlamış, nə oğurluqdan əvvəl, nə də sonra kimsənin bu barədə məlumatı olmamışdır. Oğurluq etdiyi həmin seyfə hər hansı əşya qoymaq yaxud götürmək səlahiyyəti olmamışdır. İşlədiyi müddətdə də həmin seyfə heç zaman müdaxilə etməmişdir. Seyf onun işlədiyi otaqda yerləşsə də, onun seyfə müdaxilə etmək səlahiyyəti olmamışdır. Daha əvvəllər hər hansı başqa oğurluqda iştirakı olmamışdır. Törətdiyi cinayət əməllərindən səmimi şəkildə peşmandır, cinayət nəticəsində zərərçəkmiş hüquqi şəxsə vurulmuş maddi ziyan ödənilmiş və onunla barışmışlar. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, ona həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Qədiroğlu MMC-nin direktor köməkçisi vəzifəsində işləyir. ünvan 2 ünvanda yerləşən "xxxx" supermarketin müdiri Şahid1dur. Anbar müdiri isə Şahid2dur. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində Şahid2 ona zəng edərək supermarketdə olduğunu və oğurluq olmasını bildirmişdir. Bundan sonra o, həmin supermarketə getmiş və məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində supermarket işçilər tərəfindən bağlandıqdan sonra naməlum şəxs tərəfindən supermaketin anbar yerləşən hissəsində olan müdirin və supermarketin müşahidə kameralarına nəzarət edilən yerin yerləşdiyi otaqdan oğurluq edilmişdir. Həmin otaqda yerləşən müdirdə açarı olan seyfdən 7085 manat nəqd pul, iki ədəd marketin müşahidə kameralarının qeydə aldığı görüntüləri saxlayan 2 ədəd DVR qurğusu və iki ədəd yaddaş kartı da oğurlanmışdır. Həmin DVR qurğularının və yaddaş kartlarının ümumi dəyəri təxminən 2350 manat təşkil edir. Mağazanın vitrinlərindən və ərzaq məhsullarından hər hansı oğurluq olması müəyyən edilməmişdir. Buna görə də oğurluq olması barədə Mingəçevir ŞPŞ-nə şikayət etmişdir. Bununla belə E.Babyevin əməli nəticəsində "xxxx" MMC-yə dəymiş maddi ziyan tamamiylə ödənilmişdir və onlar barışmışlar. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyə ərizə ünvanlayaraq səhhətində problem olduğuna görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Ona görə də məhkəmə Şahid1 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixədək ünvan 2 ünvanında yerləşən "xxxx" supermarketin müdiri vəzifəsində işləmişdir. O, müdir vəzifəsində işlədiyi müddətdə onun xidməti otağı supermaketin anbar hissəsində yerləşmişdir. Həmin otaqda onunla yanaşı, marketin təhlükəsizlik kameralarına nəzarət edən nəzarətçi şəxs də oturmuşdur. Belə ki, bütün kameraların ötürdüyü görüntülərə onun əyləşdiyi otaqda quraşdırılmış sistem vasitəsilə nəzarət edilmişdir. Xidməti otağında dəmir seyf olmuş və seyfin açarı yalnız onun özündə olmuşdur. Lakin gərək olduqda müdir müavini Orxan adlı şəxs də həmin seyfdən istifadə edə bilmişdir. Gündəlik supermaketin alqı-satqısından yığılan pullar həmin seyfə qoyulmuşdur. Onunla eyni otaqda kamera nəzarətçisi işləyən Təqsirləndirilən şəxs olsa da, onun həmin seyfə dair heç bir səlahiyyəti olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs nə seyfə pul qoymaq, nə oradan pul götürmək kimi hər hansı formada istifadə edə bilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 22 radələrində kamera nəzarətçisi işləyən Elşən ona bildirmişdir ki, iş vaxtı bitib və o, evə gedir. Elşən həmişə olduğu kimi otağı tərk edib getmişdir. Daha sonra iş vaxtı qurtarmış, marketin bütün işçiləri marketi tərk etmiş və hamıdan sonra marketi o, bağlayıb getmişdir. Marketdən çıxmazdan əvvəl seyfə qəpik və pul olmaqla, cəmi 7085 manat pul qoymuşdur. Növbəti gün özünün istirahət günü olduğundan, Orxanın işə gəlib seyfdən pulu götürüb kassalara pul paylaya bilməsi üçün seyfin açarını özü ilə aparmamış və otaqda qoyub getmişdir. Lakin sonrakı gün xx.xx.2022-ci il tarixdə səhər saatlarında ona zəng olunaraq seyfdən pulların və həmin otaqda olan kameraların yaddaş qurğusunun oğurlanmasını bildirmişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Ona görə də məhkəmə Şahid2 məhkəmə iclasında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixədək ünvan 2 ünvanda yerləşən "xxxx" supermarketin anbar müdiri vəzifəsində işləmişdir. Vəzifəsi anbara malların qəbulu və vitrinlərə düzülməsini təmin etmək olmuşdur. Marketin müdiri Şahid1 olmuş, onun xidməti otağı anbar hissədə ayrıca otaqda yerləşmişdir. Həmin otaqda onunla yanaşı kamera nəzarətçisi işləyən Təqsirləndirilən şəxs oturmuşdur. Müdir əyləşən otaqda seyf olmuş, həmin seyfin açarı yalnız müdirdə olmuşdur. Lakin həftədə 1 gün müdirin istirahət günü olanda işə gəlmədiyi üçün seyfin açarı özündə olmuş və o, özü seyfdən pul vəsaitlərini götürüb marketin kassalarına paylamışdır. xx.xx.2022-ci il tarixdə hamı işdən çıxıb getdikdən sonra müdir Şahid1 növbəti gün yəni 3 aprel 2022-ci il tarixdə istirahət günü olduğu üçün onunla əlaqə saxlayaraq növbəti gün işə gəlməyəcəyini, buna görə də seyfin açarını özü ilə aparmayacağını və otaqda qoyacağını bildirmişdir. xx.xx.2022-ci il tarixdə o, işə gələndə marketin pəncərəsi açıq olmasını görmüş, bundan sonra dərhal anbar otağına keçəndə salfetkalar olan vitrinin dağınıq olmasını görmüş, daha sonra müdir otağına keçəndə seyfin qapısının açıq olmasını və içərisinin boş olmasını görmüşdür. Oğurluq olması məlum olduqda MMC-nin direktor müavini Nümayəndə məlumat vermişdir. Daha sonra məlum olmuşdur ki, marketdən 7085 manat dəyərində nağd pul və iki ədəd DVR aparatı oğurlanmışdır. Daha sonralar da həmin oğurluğu supermaketin işçisi Təqsirləndirilən şəxs etməsi məlum olmuşdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında yerləşən "xxxx" supermarketdə oğurluq baş verdiyi yer anbar hissəsində yerləşən müdir otağında olan dəmir seyfdir, həmçinin supermarketin vitrinlərindən hər hansı əşya oğurlanmamışdır. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli baxış və götürmə protokolundan da görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə işlədiyi supermaketdə seyfdən oğurladığı pul vəsaitləri, iki ədəd DVR yaddaş aparatları, 1 ədəd DVR yaddaş aparatını supermarketin anbarında vitrinin altından aşkar olunaraq götürülmüş, həmçinin digər DVR aparatı Elşən Babyevin yaşadığı Mingəçevir şəhər, M.Bəkirov küçəsi, ev 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində olan tikilinin damında, 6939 manat nəğd pul vəsaitlərini həmin tikilinin içərisində, 18,20 manat qəpikdən ibarət pul vəsaitlərini isə mənzilin həyətində yerləşən digər tikilidən aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixdə tərtib edilmiş DVD diskə baxış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs işlədiyi supermarketin müdir otağından dəmir seyfdən pul vəsaitlərini götürməsi və marketin təhlükəsizlik kameralarının yaddaş qurğularını açmışdır. Cinayət işinin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 86 nömrəli mütəxəssis rəyindən görünür ki, 2 ədəd Çin Xalq Respublikası istehsalı, “@yhua” markalı, DVR aparatının 2022-ci il aprel ayına təxmini dəyəri 2300 manat təşkil edir. Cinayət işinin materiallarında olan maddi sübut kimi tanınma haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixli baxış və götürmə protokolu ilə götürülmüş, 6957 manat 20 qəpik vəsaiti və 2 ədəd DVR aparatı iş üzrə əhəmiyyət kəsb etdiyindən, maddi sübut qismində tanınmış və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ərizəsi nəzərə alınaraq ona qaytarılmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurlaması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində kamera nəzarətçisi işlədiyi ünvan 2 ünvanda yerləşən "xxxx" marketində iş vaxtı bitdikdən sonra marketin ümumi qapısından çıxaraq marketin açıq vəziyyətdə olan arxa hissəsində yerləşən anbar otağının qapısından içəri qanunsuz daxil olub, anbarda salfetkalar yığılmış vitrinin yuxarısına çıxaraq gizlənib, saat 23 radələrində marketin işçiləri mağazadan çıxdıqdan sonra anbar otağından öz xidməti otağına keçmiş, orada onunla eyni otaqda əyləşən mağaza müdirinin istifadəsində olan dəmir seyfin kilidinin açıq olmasını gördükdə seyfdən ümumilikdə 7085 manat nəqd pulu gizli olaraq talayıb, supermarketin təhlükəsizlik kameralarının ötürdüyü video görüntüləri itirmək məqsədi ilə iki ədəd ümumi dəyəri 2300 manat olan DVR yaddaş qurğularını açıb gizli talayaraq ümümilikdə 9385 manat məbləğində zərərçəkmiş hüquqi şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin, ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş hüquqi şəxə dəymiş ziyanı ödəməsini və onunla barışıq əldə etməsini, himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını, həmçinin həmin Məcəllənin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, hərbi vəzifə borclarını layiqincə yerinə yetirdiyinə (Aprel döyüşlərində) görə təltif edildiyini, qardaşının Vətən müharibəsi iştirakçısı olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində zərərçəkmiş hüquqi şəxsə vurduğu ziyanı tamamilə ödəmiş, onunla razılıq əldə etmiş, hazırda zərərçəkmiş hüquqi şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il tarixdə doğulmuş Mələk və xx.xx.2020ci il tarixdə doğulmuş Ağakərim adlı uşaqları vardır. Cinayət işinin materiallarında olan 14 saylı MİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində onun barəsində 14 saylı MİS-ə heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2016-cı il tarixli fəxri fərmandan görünür ki, Təqsirləndirilən şəxs “26 iyun – Silahlı Qüvvələr Günü” münasibəti ilə döyüş və ictimaisiyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə, nümunəvi hərbi intizamına və vəzifə borclarını layiqincə yerinə yetirilməsində fərqləndiyinə görə təltif olunub. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası medalının vəsiqəsindən görünür ki, AR Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 250s saylı sərəncamı ilə Təqsirləndirilən şəxs qardaşı olan X2 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdə tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan tutulmuş şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022–ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həbsdən azad edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 03 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin həbsdə qaldığı 03 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 06 gün müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin cəzanın icrası ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin edilmiş cəzanı çəkərkən, onun üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub– olmaması məsələsini həll etməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bundan əlavə, həmin Məcəllənin 132.1.5-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. İş üzrə maddi sübut olan 6957.20 manat pulun və 2 ədəd DVR aparatının zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2022–ci il tarixdən xx.xx.2022–ci il tarixədək həbsdə saxlanıldığı 03 gün müddət Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 6957.20 manat pulun və 2 ədəd DVR aparatının zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №1(051)-117/2022
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-117/2022
14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver