Məhkəmə qərarları › İş №1(051)-118/2022

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-118/2022

05.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-118/2022 05.09.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin, rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi- Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci ildə Mingəçevir şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ailəli, 2 az yaşlı uşağı olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli Mingəçevir şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay, 08 gün müddətinə azadlığının məhdudlaşdırılmasına, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin olunmuş cəzası 1 il azaldılmasına, xx.xx.2022-ci il tarixdə cəza müddəti baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülmədiyi halda islah olunmamış, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 2-ci siyahısının 19-cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd sellofan torbada şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 113,07 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib, əynindəki qara rəngli gödəkçənin sol iç hissəsində saxlayaraq daşımış, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirləri nəticəsində 28 mart 2022-ci il tarixdə saat 21 radələrində Mingəçevir şəhər Naxçıvan küçəsində saxlanılıb, Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 22:00 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol iç hissəsindən bir ədəd ağ rəngli sellofanın içərisndə qara rəngli sellofan torbada təmiz çəkisi 113,07 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 27 mart 2022-ci il tarixdə saat 11 radələrində şəhərin F.Əzimov küçəsi 3 saylı binanın arxasında təmizlik işləri aparan zaman orada olan ağacın gövdəsinin boşluq hissəsində sellofana bükülmüş büküm tapmış, bükümün içərisinə baxan zaman orada başqa sellofana bükülmüş büküm olduğunu görmüşdür. Bükümü açıb içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Özü əvvəllər də qurudulmuş marxuana istifadə etdiyinə görə həmin kütləni tanımış özü istifadə məqsədilə götürüb əynindəki gödəkçənin içəri hissəsinə qoymuşdur. Həmin gün o, bükümdəki kütlədən bir qədər götürüb çəkərək istifadə etmişdir. 28 mart 2022-ci il tarixdə təxminən saat 21 radələrində şəhərin Naxçıvan küçəsində dayanacaqda olan zaman biri mülki geyimdə, digəri polis geyimində olan polis əməkdaşları ona yaxınlaşmışlar. Onlar özlərini təqdim edib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyini deyib onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarının qanuni tələblərinə etiraz etməmiş və polis işçiləri ilə birlikdə Mingəçevir ŞPŞ-yə gəlmişdir. Polis şöbəsində hüquq və vəzifələri izah olunmuş, maddi vəziyyəti uyğun olmadığından dövlət hesabına müdafiəçi təyin olunmasını ərizə ilə xahiş etmişdir. Daha sonra ona vəkillərin növbətçilik cədvəlindən növbətçi vəkil olan X2 müdafiəçi təyin edərək təqdim etmişlər. Müdafiəçiyə və cinayət prosesi iştirakçılarına etirazı olmadığını bildirmişdir. Daha sonra polis şöbəsinin inzibati binasında növbətçi hissənin qarşısında videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi izah olunmuş, etiraz etmədikdə videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı gödəkcəsinin içəri sol sinə hissəsində saxladığı sellofana bükülmüş həmin bükümü, şalvarının sol yan cibində olan Prima siqaret qutusunu və alışqanı polis işçilərinə təqdim etmişdir. Sellofan açılarkən polis əməkdaşları içərisindəki kütlənin nə olduğunu soruşmuş, o da həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, 27 mart 2022-ci il tarixdə tapdığını və bir dəfə istifadə etdiyini bildirmişdir. Üzərinə şəxsi axtarış zamanı isə əlavə qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Şəxsi axtarış və götürmə kameraya çəkilmiş, həmçinin bükümün fotoşəkilləri çəkilmişdir. Aşkar olunmuş qurudulmuş marixuana tərəzidə çəkilmiş və sellofan bükümlə birlikdə çəkisi 135 (yüz otuz beş) qram olmuşdur. Həmin büküm zərfə qoyularaq eksertizaya təqdim edilməsi üçün qablaşdırılmış və üzəri möhürlənmişdir. O özü habelə müdafiəçisi Rafiq Yusifov da zərfin üzərinə imza etmişlər. Şəxsi axtarış və götürmə barədə polis işçiləri tərəfindən protokol tərtib olunmuş, ucadan oxunmuş, protokola da özü və müdafiəçisi Rafiq Yusifov imza etmişlər. Üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı bir gün öncə şəhərin F.Əzimov küçəsi 3 saylı binanın arxasında ağacın boşluğundan taparaq əldə etmişdir. Həmin kütlədən bir dəfə istifadə etmiş. Həmin narkotik vasitə qurudulmuş marixuananı götürüb saxlamaqda məqsədi həmin narkotik vasitədən özü istifadə etmək olmuşdur. Həmin narkotik vasitə olan qurudulmuş marixuananı heç kimdən satın almamışdır, həmçinin özü qurudulmuş marixuananı kimsəyə satmamış, satış məqsədi olmamışdır. Əməlini etiraf etməsini və səmimi peşmanlığını və himayəsində 2 nəfər azyaşlı uşaq olmaqla ailədə yeganə gəlir gətirən şəxs olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Mingəçevir şəhər Polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət edir, 28 mart 2022-ci il tarixdə məxfi əməkdaşdan Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı almış, həmin məlumatın yoxlanılması üçün tərəflərindən “Vətəndaşların sorğusu” əməliyyat axtarış tədbirinin keçirlməsinə dair qərar qəbul olunmuş və həmin qərar şöbə rəhbərliyi tərəfindən təsdiq olunmuşdur. Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi çərçivəsində xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Mingəçevir ŞPŞ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı Şahid2 və o, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə əlaqədar keçirilən əməliyyat tədbirləri zamanı Mingəçevir şəhəri Naxçıvan küçəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs izah olunmuşdur ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Mingəçevir ŞPŞ-nə məlumat daxil olmuşdur. Buna görə də üzərinə şəxsi axtarış və götürmə keçiriləcəkdir. Buna görə də Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs dövlət hesbına müdafiəçi təyin olunmuş və vəkil X3 dövlət hesabına müdafiəçi təyin olunmuş. daha sonra müdafiəçinin də iştirakı ilə Mingəçevir ŞPŞ-nin Növbətçi Hissəsinin qarşısında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan qış gödəkçəsinin içəri sol hissəsində içərisində bir ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin bükümün içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olmasını və bir gün əvvəl Mingəçevir şəhər F.Əmirov küçəsində ağacın içərisindən taparaq əldə etdiyini bildirmişdir. Daha sonra həmin büküm elektron tərəzidə çəkilərək qablaşdırılılıb götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş Təqsirləndirilən şəxs və müdafiəçisi Rafiq Yusifov da həmin protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun aralarında hər hansı ədavətləri və düşmənçilikləri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan gödəkcənin içərisndə gizlədərək saxladığı 1 ədəd ağ sellofana bükülmüş büküm içərisində ümumi təmiz çəkisi 135 qram olan olan narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 17/279 №-li rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində ““Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...” sözləri yazılmış zərfin içərisindəki, iç-içə keçirilmiş 01 (bir )ədəd sellofan torbada, təmiz çəkisi 113,07 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işi materiallarında olan xx.xx.2022-ci il tarixli qərarla təyin edilmiş məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 852 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabionidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji disponserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan sübutların qiymətləndirilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd ağ sellofana bükülmüş büküm içərisində ümumi təmiz çəkisi 135 qram olan olan narkotik vasitə-qurudulmuş marixuana iş üzrə təyin edilmiş məhkəmə kimyəvi ekspertizasının keçirilməsi zamanı tədqiqata sərf olunan müəyyən qram olan narkotik vasitə kütlələrindən sonra yerdə qalan ümumi çəkisi 113,02 qram olan narkotik vasitə qurudulmuş marixuana iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. İş materialarında olan DİN BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnamədən də görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli Mingəçevir şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay, 08 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin olunmuş cəzası 1 il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəza müddəti bitmiş, lakin məhkumluğu ödənilməmiş və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülməmiş şəxsdir. İş materiallarında olan 2 saylı MİS-in xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Y.Mənsurov küçəsi ev 1, mənzil 26 ünvanında yaşadığı müddətdə barəsində heç bir ərizə və ya şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin (şəkilsiz) surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-ci il təvəllüdlü Həsənov Əfqan və xx.xx.2014-cı il təvəllüdlü Həsənov Vilayət adlı az yaşlı uşaqları vardır. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 127-ci maddəsinə əsasən, qeyd olunan ekspert rəylərini işin digər halları ilə bağlı surətdə qiymətləndirərək sübut kimi qəbul edir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar biri digərinə uyğun gəlməklə bir-birini tamamlayır. Sadalanan sübutlar mötəbərdir və təqsirləndirilən şəxsə elan olunmuş ittihamın təsdiq olunması üçün kifayət edir. Sübutlar arasında ittihamda göstərilən hallara dair ziddiyyət yoxdur. Məhkəmə yuxarıda sadalanan, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusuna qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli Mingəçevir şəhər məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həmin məcəllənin 69.3-cü maddəsinə əsasən 01 il 05 ay, 08 gün müddətinə azadlığının məhdudlaşdırılmasına, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin olunmuş cəzası 1 il azaldılmasına, xx.xx.2022-ci il tarixdə cəza müddəti baxmayaraq məhkumluğu ödənilmədiyi və qanunla müəyyən olunmuş qaydada üzərindən götürülmədiyi halda islah olunmamış, 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 2-ci siyahısının 19cu bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə qurudulmuş marixuananın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edildiyi halda istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd sellofan torbada şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 113,07 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib, əynindəki qara rəngli gödəkçənin sol iç hissəsində saxlayaraq daşımış, Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirləri nəticəsində 28 mart 2022-ci il tarixdə saat 21 radələrində Mingəçevir şəhər Naxçıvan küçəsində saxlanılıb, Mingəçevir ŞPŞ-yə gətirilərək, həmin tarixdə saat 22:00 radələrində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol iç hissəsindən bir ədəd ağ rəngli sellofanın içərisndə qara rəngli sellofan torbada təmiz çəkisi 113,07 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ona ittiham edildiyi maddənin sanksiyası ilə nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində 2 az yaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, törətdiyi əməli səmimi etiraf etməsini və peşmançılıq hissi keçirməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə, törədilmiş cinayətin az ağır cinayət olmasını, onun cəzasını yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların isə olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, belə ki, ailədə yeganə gəlir gətirən şəxs olmasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası ilə bağlı olmayan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs ibtidai araşdırmada həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə, onun cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhəri İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət işi materiallarında olan şübhəli şəxsin tutulması haqqında 28 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarında olan qətimkan tədbiri seçmək və müvəqqəti saxlama yerindən azad etmək haqqında 30 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və həmin tarixdə o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs 28 mart 2022-ci ildən 30 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində 2 gün həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini, Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunmalı və narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polis nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CPM-nin 197 və 198-ci maddələrinə əsasən iş üzrə 35 manat 97 qəpik ekspertiza xərci təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 113.02 qram qurudulmuş marixuana Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən məhv edilməlidir. Məhkəmə yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 351-353, 356, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 mart 2022-ci ildən 30 mart 2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-nin 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə saat 22:00-dan 06:00-dək yaşayış yerini, Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı Mingəçevir şəhər İcra və Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb olunsun və narkoloji dispanserdə qeydiyyata alınsın. Hökmün icrası Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 113,02 qram qurudulmuş marixuana qalığı məhv edilsin. İş üzrə 35 manat (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məbləğdə ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olduğu andan 20 (iyirmi) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən Apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar