Məhkəmə qərarları › İş №1(051)-12/2021

Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-12/2021

23.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-12/2021 23.06.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçi–Mingəçevir Şəhər Vəkil Bürosunun vəkili X4, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 iştirakı ilə xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, azərbaycanlı, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Mingəçevir şəhər Məhkəməsinin 23.09.2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 02 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qızı özgə əmlakını gizli olaraq talama məqsədi ilə, 04 fevral 2020-ci il tarixdə, saat 12 radələrində Yevlax şəhərində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında, Ağdaş rayon, Ləki qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus VAZ-2104 markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilə sərnişin qismində əyləşib yol gedərkən, saxlanc yeri hesab olunmayan avtomobilin salonunda qabaq oturacağın yanına qoyulmuş Zərərçəkmiş şəxs1 məxsus 900 manat pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs1 cəmi 900 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 01 aprel 2020-ci il tarixdə saat 09 radələrində taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs2 məxsus VAZ 21015 markalı, 45BX814 dövlət qeydiyyat nişanlı avtomaşını Mingəçevir şəhəri, Təbriz küçəsi ilə hərəkətdə olarkən, saxladaraq, sərnişin kimi ön sağ oturacaqda əyləşib yol gedərkən, Zərərçəkmiş şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən sonuncuya məxsus 210 manat pulunu çıxarmaqla təkrarən oğurluq etmişdir. Bundan əlavə o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 03 aprel 2020-ci il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs3 istifadəsində olan “xxxx” MMC-yə məxsus Mersedes-Sprinter markalı 01AD349 dövlət qeydiyyat nişanlı yük avtomaşnı Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Asan” xidmətin qarşısnda saxladıb sərnişin kimi ön sağ oturacaqda əyləşib, yol gedərkən, zərərçəkmiş Zərərçəkmiş şəxs3 əynində olan qara rəngli qolu qısa gödəkçənin sağ yan cibindən sonuncuya məxsus 155 manat pulu çıxarmaqla təkrarən oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, 04 fevral 2020-ci il tarixdən sonra tanımışdır. 04 fevral 2020-ci il tarixdə, saat təxminən 08 radələrində o, şəxsi işi ilə bağlı Bakı şəhərindən marşrut avtobusu ilə Yevlax şəhərinə getmişdir. Həmin gün saat təxminən 12 radələrində Yevlax şəhərinə çataraq avtovağzalın ərazisində bir qədər piyada gəzmiş, sonra Gəncə şəhərinə gedərək orada gəzmək qərarına gəlmişdir. O, piyada yaxınlıqda olan “Azpetrol” yanacaq doldurma məntəqəsinin qarşısına gəlmişdir. Bir müddət sonra o, yol ilə keçən, hazırda qeydiyyat nömrəsini xatırlamadığı qırmızı rəngli VAZ-2104 markalı avtomobili saxlatmış, həmin vaxt adını bilmədiyi sürücüdən hara getdiyini soruşmuş, sürücü Gəncə şəhərinə getdiyini ona demişdir. O həmin sürücüyə onu da Gəncə şəhərinə aparmasını xahiş etmiş, sürücü razılaşmış, o, ön sağ oturacağa əyləşmişdir. Həmin vaxt sürücü avtomobildə tək olmuş, başqa sərnişin olmamışdır. Yol ilə gedən zaman sürücü ona adının Baba olduğunu, Ağdaş rayonundan olduğunu bildirmişdir. O da adının Sevda olduğunu demişdir. O, yol ilə gedən zaman avtomobilin salonuna göz gəzdirmiş. Bu zaman avtomobilin sürət ötürücüsünün alt hissəsində çoxlu sayda pulların olduğunu görmüşdür. Onun pula ehtiyacı olduğundan, bu səbəbdən həmin pulları gizlincə götürmüşdür. O, söhbət edərək sürücü Zərərçəkmiş şəxs1 başını qatmış, gizlincə ehtiyyatla sol əlini yana uzadaraq sürət qutusunun aşağı hissəsinə qoyulmuş pulları götürüb əynində olan şalvarın sol yan cibinə qoymuşdur. Birlikdə hərəkət edərək Yevlax rayon Aran qəsəbəsinin ərazisinə çatmışlar. Baba avtomobili dayanacaqda saxlamış, o, avtomobildən təcili düşmüşdür. Baba avtomobili sürüb Gəncə istiqamətinə getmişdir. O, yolun əks tərəfinə keçib yol ilə keçən avtobusa əyləşib Yenidən Yevlax şəhər Avtovağzalına qayıtmışdır. Avtovağzalın ərazisində heç kəsin olmadığı yerdə Babanın avtomobilindən götürdüyü pulları saymış, ümumilikdə 900 manat olduğunu görmüşdür. O, bundan sonra avtovağzalda avtobusa əyləşərək Bakı şəhərinə getmişdir. Babanın avtomobilindən götürdüyü 900 manat pulların hamısını qısa müddət ərzində öz şəxsi ehtiyaclarına xərcləmiş, yəni təxminən 10-15 gün ərzində gündəlik qida məhsulları, siqaret və başqa təlabat malları almışdır. Bundan sonra, o, 2020-ci ilin mart ayının 20-21 tarixlərində Mingəçevir şəhərinə gəlmişdir. Onun heç kimi olmadığı üçün və Mingəçevir şəhərində qalmağa yeri olmadığı üçün kafelərdə və parklarda yatmağa başlamışdır. 01 aprel 2020 ci il tarixdə saat 09 radələrində Mingəçevir şəhərində olarkən “VAZ21015” markalı taksi saxlatmışdır. Həmin taksini yaşlı bir kişi idarə edirdi. O, taksiyə yaxınlaşıb, sağ tərəfdən ön sərnişin oturcağına əyləşmişdir. Taksiyə mindikdən sonra həmin sürücü ondan hara getdiyini soruşmuş, o isə cavabında dayanacaqda düşəcəyini demiş və əlavə olaraq pulu olmadığını pula ehtiyacı olduğunu bildirmişdir. Bu zaman həmin şəxs əynindəki şalvarın sağ yan cibindən çoxlu pul çıxarmış və ona 5 ədəd 1 manatlıq əskinaslarla 5 manat pul vermişdir. O, pulları görüb, özünün də pula ehtiyacı olduğu üçün həmin şəxsin pullarını oğurlamaq qərarına gəlmişdir. Avtomobildə birlikdə hərəkət edən zaman o, sol əlini ortadakı saxlanc yerin üstünə qoymuşdur. O, həmin şəxsin cibinə baxan zaman puların bir hissəsinin cibdən göründüyünü görmüş, yavaşca sol əli ilə pulların kənarından tutub cibindən çıxarmışdır. Daha sonra isə bir qədər getdikdən sonra o, avtomobili saxlatmış və avtomobildən enib getmişdir. Avtomobildən endikdən sonra pulları sayan zaman cəmi 200 manat pul olduğunu görmüşdür. O, həmin məbləği öz şəxsi ehtiyaclarıüçün xərcləmişdir. Pulu qurtardığı üçün oğurlamış olduğu həmin pulların hamısını ehtiyacı olduğu üçün xərcləmək qərarına gəlmişdir. Həmin puldan onun üzərində qalmamışdır. Bundan sonra o, həmin hadisədən iki gün sonra yəni, 03 aprel 2020-ci il tarixdə saat 09 radələrində Mingəçevir şəhəri, Properq tərəfdən “Mercedec Sprinter” maraklı avtomobilə əl edib saxlamışdır. Həmin nəqliyyat vasitəsini saxladıqdan sonra sürücü orta yaşlı arıq oğlan ondan hara getdiyini soruşmuş, o isə cavabında körpünü keçdikdən sonra dayanacaqda onu düşürməsini xahiş etmişdir. Həmin şəxs onunla razılaşmış və o, da həmin şəxsin yanındakı sərnişin oturacağına minmişdir. Kür çayı üzərindəki körpüyə çatdıqda o, sol əli ilə sükandan tutub «ver mən də sürüm» demiş, bu zaman o, həmin şəxsin əynindəki qara rəngli jiletin sağ yan cibində pul olduğunu görmüşdür. O, sol əlini salıb həmin şəxsin cibindən pulları götürmüş, bu zaman həmin şəxsin xəbəri olmamışdır. Həmin şəxs onun sükanı tutmağından əsəbiləşmiş və körpünü keçdikdən sonra onu avtomobilən düşürmüşdür. O, avtomobildən düşdükdən sonra pulları saymış, məbləğin cəmi 10 manatlıq və 20 manatlıq əskinaslardan ibarət cəmi 150 manat olduğunu görmüşdür. O, həmin məbləği xərcləyə bilməmişdir, çünki həmin pullar cibindən düşüb itmişdir. O, oğurluq əməlini törədərkən həmin vaxt avtomaşınlarda sərnişin və ya başqa bir şəxs olmamışdır. Bundan başqa o, ifadəsində oğurluq etdiyi şəxsləri tanımadığını, bildirmişdir. Hazırda əməlindən peşmandır. Cinayət ehtiyac üzündən törətmişdir. Zərərçəkmiş şəxslərə dəyən ziyanı imkanı olan kimi ödəyəcəkdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb, ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, onun özünə məxsus VAZ 2104 markalı ** BE *** dövlət nömrə nişanlı avtomobili var. O həmin avtomobillə yüngül yüklər daşıyaraq çörək pulu qazanırmış. 04.02.2020-ci il tarixdə evinin təmiri ilə bağlı Gəncə şəhərinə gedərkən, tikinti materialları almaq üçün evdən 900 manat pul götürmüşdür. Həmin pulları dəftər vərəqinə büküb avtomobildə ön otracağın kənarında sürətlər qutusunu tənzimləyənin yanına qoymuşdur. Təxminən saat 12 radələrində Yevlax şəhəri ərazisinə çatmışdır. Yevlax-Bərdə dairəsi adlanan yerə çatan zaman Gəncə şəhəri istiqamətində yolun kənarında dayanan bir nəfər kişi əl qaldıraraq avtomobili saxlamağını ona bildirmişdir. O, avtomobili saxlamış, həmin vaxt bir qadın onun avtomobilinə yaxınlaşaraq qabaq qapını açıb avtomobilə əyləşmişdir. O, qadına «mən avtomobili sənə yox, əl edən kişiyə saxlamışdım» sözlərini deyib geri dönüb baxan zaman ona maşını saxladan kişinin olmadığını görmüşdür. O, adının sonradan Sevda olduğunu bildiyi qadına hara getdiyini soruşmuş, o, isə Gəncə şəhərinə gedəcəyini bildirmişdir. Sevda da elə həmin tərəfə getdiyini demişdir. O, da həmin şəxsi qadın olduğu üçün avtomobildən düşürtməmiş və Gəncə şəhəri istiqamətində yolunu davam etdirmişdir. Yolda həmin qadınla söhbət edən zaman o, adının Təqsirləndirilən şəxs olduğunu demişdir. Yevlax rayonu Aran qəsəbəsinə çatan zaman Sevda avtomobili saxlatmağını və düşmək istədiyini bildirmişdir. O, avtomobili Aran qəsəbəsində taksilər dayanan yerdə saxlamışdır. Sevda avtomobildən düşmüş, o isə Gəncə istiqamətində yolunu davam etdirmişdir. O, təxminən 200 metr irəli gedəndən sonra sürətlər qutusunu tənzimləyənin yanına qoyduğu 900 manat pulun olmadığını görmüşdür. Həmin vaxt bilmişdir ki, pulu avtomobilə əyləşən Sevda adlı qadın götürmüşdür. O, avtomobillə geri qayıtmış və Sevdanı düşürtdüyü yerə gəlsə də, Sevdanı orada tapa biliməmişdir. Ona görə də dərhal Yevlax rayon polis şöbəsinə gedərək Təqsirləndirilən şəxs onun avtomobilindən 900 manat pul oğurlaması barədə şikayət ərizəsi yazmışdır. Polis şöbəsində Təqsirləndirilən şəxs fotoşəkilini ona göstərmişlər, o, şəkilə baxdıqda həmin şəkildə şəxsin onun 900 manat pulunu oğurlayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Hadisədən uzun müddət keçməsinə baxmayaraq, təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, hətta bir neçə dəfə istintaqdan və məhkəmədən qaçıb yayınmaqla, onu əsassız olaraq get-gələ salmışdır. Hesab edir ki, təqsirləndirilən şəxsin ondan oğurladığı pulları qaytarmaq fikri yoxdur. Ona görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, 01 aprel 2020-ci il tarixdə saat 09 radələrində özünə məxsus olan “VAZ-21015” markalı **-BX-*** nömrə nişanlı avtomobillə taksi kimi fəaliyyət göstərdiyi Mingəçevir şəhəri, Təbriz küçəsində olan zaman əynindəki qara rəngli şalvarının sağ yan cibində təqaüdü olan 2 ədəd 100 manatlıq əskinas, 1 ədəd 5 manatlıq əskinas və 5 ədəd 1 manatlıq əskinaslardan ibarət cəmi 210 manat pul olmuşdur. Həmin yoldakı dayancağın qarşısından keçən zaman bir nəfər orta yaşlı qadın avtomobili saxlatmış və qadın gəlib öndə sağ tərəfdə sərnişin oturacağında əyləşmişdir. O, sonradan adının Sevda olduğunu bildiyi qadından hara getdiyini soruşduqda, Sevda «hara istəyirsən gedək» cavabını vermişdir. Sonra isə əlləri ilə onun bədəninin müxtəlif nahiyyələrinə toxunmağa başlamışdır. O, Sevdadan bu hərkətlərini dayandırmağını tələb etmişdir. Kür çayının üzərindəki körpüyə çatdıqda Sevda hərəkətlərini dayandırmışdır. Mingəçevir şəhəri, H.Əliyev prospektindəki, polis şöbəsinin qarşısındakı dördyolda olan dayanacağa çatdıqda, Sevda avtomobili dayandırmağı ona demiş, sonra isə pul vermədən avtomobildən enmişdir. Təxminən 15-20 dəqiqə sonra Mingəçevir şəhəri, Kür çayı üzərindəki körpünün yanındakı dairəyə gəlib dayanan zaman o, əlini cibinə salıb pulunu yoxladıqda 210 manat pulunun cibində olmadığını anlamışdır. Dərhal Sevdanın onun cibindən pulunu oğurladığını başa düşmüşdür. Bir qədər Sevdanı şəhərdə axtarsa da, tapa bilməmişdir. Hadisədən uzun müddət keçməsinə baxmayaraq, təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, hətta bir neçə dəfə istintaqdan və məhkəmədən qaçıb yayınmaqla, onu əsassız olaraq get-gələ salmışdır. Hesab edir ki, təqsirləndirilən şəxsin ondan oğurladığı pulları qaytarmaq fikri yoxdur. Ona görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, 03 aprel 2020-ci il tarixdə saat 09 radələrində sürücü işlədiyi “xxxx” MMC-nin “Mercedec Sprinter” markalı, **- AD-*** nömrə nişanlı yük avtomobili ilə Mingəçevir şəhəri, “ASAN” xidmətin binasının qarşısından keçirmiş. Bu zaman 1 ədəd 20 manatlıq əskinas, 13 ədəd 10 manatlıq əskinas və 1 ədəd 5 manatlıq əskinaslardan ibarət cəmi 155 manat əmək haqqısı əynindəki gödəkçənin sağ yan cibində olmuşdur. “ASAN” xidmətin binasının qarşısında bir nəfər orta yaşlı qadın ona əl edərək maşını saxlamağını istəmişdir. O, hər gün oradan keçən zaman həmin qadın əl etdiyi üçün avtomobili saxlamaq qərarına gəlmişdir. O, yük avtomobilini saxladıqdan sonra adını sonradan bildiyi Sevda adlı qadına “xxxx” MMC-nin işçisi olduğu və işə getdiyini demişdir. Sevdadan hara getdiyini soruşmuş, o, isə cavabında 20 Yanvar küçəsinə getdiyini demişdir. Sevda isə qabaqda düşə biləcəyini deyib yük avtomobilinə minmiş və qabaqdakı sərnişin oturacağında oturmuşdur. O, yük avtomobilini hərəkətə gətirib Kür çayı üzərindəki körpünün üstünə qalxdıqda, Sevda qəflətən sol əli ilə sükanı tutub sol tərəfə çevirmiş və yük avtomobili yoldan çıxmışdır. O, dərhal sükanı sağa çevirib yola qayıtmış və qadına tərəf yüksək səslə qışqırmış, sonra isə körpünü keçib sağda yük avtomobilini dayandırmış və Sevdanı yük avtomobilinin salonundan yerə düşürmüşdür. Sonra isə yoluna davam etmişdir. Təxminən 10-15 dəqiqə sonra cibinə baxdıqda 155 manat pulunun cibində olmadığnı və Sevdanın onun pulunun oğurladığını başa düşmüşdür. Dərhal geri qayıdıb qadını düşürdüyü yerə baxmış, lakin orada heç kim olmadığını görmüşdür. Bu zaman həmin yerdə duran taksi sürücülərindən Kərim adlı şəxs pulunun cibindən həmin oxşar qadın tərəfindən oğurlandığını ona demişdir. Hadisədən uzun müddət keçməsinə baxmayaraq, təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəməmiş, hətta bir neçə dəfə istintaqdan və məhkəmədən qaçıb yayınmaqla, onu əsassız olaraq get-gələ salmışdır. Hesab edir ki, təqsirləndirilən şəxsin ondan oğurladığı pulları qaytarmaq fikri yoxdur. Ona görə də o, təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 04.04.2020-ci il tarixli şəxsin tanınması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş tanınma istintaq hərəkəti zamanı ona təqdim olunmuş şəxslər arasından Təqsirləndirilən şəxs tanıyaraq təstiq etmişdir. Cinayət işinin materiallarında olan 04.04.2020-ci il tarixli şəxsin tanınması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş tanınma istintaq hərəkəti zamanı ona təqdim olunmuş şəxslər arasından Təqsirləndirilən şəxs tanıyaraq təstiq etmişdir. Cinayət işinin materiallarında 24.07.2020-ci il tarixli, “sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxslər ilə təqsirləndirilən şəxs arasında keçirilmiş tanınma istintaq hərəkəti zamanı tərtib edilmiş protokolları subut növü kimi qəbul edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş 02.04.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 16.04.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən 03 il 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Abşeron Rayon Məhkəməsinin 28.08.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29,177.2.2-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.5-ci maddəsinə əsasən 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28.04.2016-cı il tarixli qərarı ilə 11 ay 02 gün vaxtından əvvəl şərti cəzadan azad olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 19.04.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib CM-nin 69.3-cü əsasən 02 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza CM-nin 70-ci maddəsinə əsasən şərti hesab edilərək 01 il sınaq müddəti müəyyən edilmiş, həmin sınaq müddəti 10.05.2019-cu il tarixdə bitmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə zərərçəkmiş şəxslər X1 900 manat, Zərərçəkmiş şəxs2 210 manat və Zərərçəkmiş şəxs3 155 manat pulunu üzərindən və cibindən çıxarmaqla təkrarən gizli oğurluq etməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə, 04 fevral 2020-ci il tarixdə, saat 12 radələrində Yevlax şəhərində yerləşən «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında, Ağdaş rayon Ləki qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 məxsus VAZ-2104 markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobilə sərnişin qismində əyləşib yol gedərkən saxlanc yeri hesab olunmayan avtomobilin salonunda qabaq oturacağın yanına qoyulmuş Zərərçəkmiş şəxs1 məxsus 900 manat pulu gizli yolla talayıb Zərərçəkmiş şəxs1 cəmi 900 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 01 aprel 2020-ci il tarixdə saat 09 radələrində taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs2 məxsus VAZ 21015 markalı 45BX814 dövlət qeydiyyat nişanlı avtomaşını Mingəçevir şəhəri, Təbriz küçəsi ilə hərəkətdə olarkən saxladaraq sərnişin kimi qabaq sağ oturaçaqda əyləşib yol gedərkən Zərərçəkmiş şəxs2 əynində olan qara rəngli şalvarın sağ yan cibindən sonuncuya məxsus 210 manat pulunu çıxarmaqla təkrarən oğurlamışdır. Bundan əlavə o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 03 aprel 2020-ci ildə saat 09 radələrində Zərərçəkmiş şəxs3 istifadə olan “xxxx” MMC-yə məxsus Mersedes-Sprinter markalı 01AD349 dövlət qeydiyyat nişanlı yük avtomaşnı Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Asan” xidmətin qarşısnda saxladıb sərnişin kimi qabaq sağ oturacaqda əyləşib, yol gedərkən zərərçəkmiş Zərərçəkmiş şəxs3 əynində olan qara rəngli qolu qısa gödəkçənin sağ yan cibindən sonuncuya məxsus 155 manat pulu çıxarmaqla təkrarən oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in məhz 177.2.2 və 177.2.5-ci maddələri ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq təkrarən talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ilə bağlı öz qənaətini onunla əsaslandırır ki, təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət, zərərçəkmiş şəxslərin üzərindən, cibindən və ya avtomobilin saxlanc yeri hesab olunmayan salonundan özgənin əmlakını gizli olaraq təkrar talama məqsədilə zərərçəkmiş şəxslərə ziyan vurmaqla və birbaşa mülkiyyət münasibətlərinə qəsd edən, hüquqazidd cəzalanmalı əməldir. Mülkiyyət–vətəndaş, cəmiyyət və dövlətin fəaliyyətində müstəsna rolu olan zəruri maddi–iqtisadi münasibətdir. Mülkiyyət hüququ isə mülkiyyətçinin əldə etdiyi maddi sərvətlərə malik olmaq, istifadə etmək və ona dair sərəncam vermək kimi faktiki ictimai münasibətlərin məcmusu olmaqla yanaşı, əsas insan hüquqlarının tərkib hissəsidir. Ona görə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxlərin üzərindən, cibindən və ya avtomobilin saxlanc yeri hesab olunmayan salonundan zərərçəkmiş şəxslərə ziyanı vurmaqla təkrar oğurluq etməsi, yalnız mülkiyət münasibətlərinə qəsd etməklə bitmir, habelə həmin cinayət əməli cəmiyyətin və dövlətin maddi iqtisadi fəaliyyətinin sarsılmasına, insan hüquq və azadlıqlarının pozulmasına səbəb olur. Eləcə də, təqsirləndirilən şəxsin əvvəllər də bir neçə dəfə talama cinayəti törətməsi, lakin məhkumluğu ödənilməsinə baxmayaraq, yenidən analoji cinayəti törətməsi, yəni cəzanın çəkilməsindən sonra da öz cinayətkar fəaliyyətini davam etdirməsi, həm onda özünəməxsus “vərdiş”in əmələ gəlməsinə, həm də onun cəmiyyətin maraqları ilə sabit qarşıdurmada olmasına dəlalət edir. Bu hal isə bir daha törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini, həmçinin cinayət törətmiş şəxsin şəxsiyyətinin təhlükəliliyini artırır və həmin cinayətə görə şəxsə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan az ciddi cəza növünün təyin edilməsini, cəzanın məqsədlərinin təmin edilməsi baxımından istisna edir. Ona görə də məhkəmə həmin cinayətin əsas bilavasitə obyektinin cəmiyyətin iqtisadi özülünü təşkil edən, əsas insan hüquqlarının tərkib hissəsi olan, mülkiyyət münasibətləri olduğunu nəzərə alır və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini cəmiyyətin mənafeyi baxımından qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə təyin ediləcək qəti cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qızına azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 iyun 2021–ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “axtarışda olan şəxsin tutulması haqqında” protokol məhz 01.06.2021–ci il tarixdə tərtib olunmuş və həmin gündən də Mingəçevir ŞPŞ-nın MSY-yə təhvil verilmişdir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə mülki iddia verilmədiyindən, zərərçəkmiş şəxslərə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə, həmçinin müəyyən etdi ki, hazırkı cinayət işi üzrə vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 108 manat məhkəmə məsrəfləri dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5–ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 01 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməsin. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 mülki məhkəmə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Vəkil X3 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və göstərilən hüquqi yardıma görə 108 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ34İBAZ******************** saylı hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar