Azərbaycan Respublikası adından HÖKM Mingəçevir şəhəri İş № 1(051)-12/2024 28.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Əminə Malik qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – Mingəçevir şəhər vəkil bürosunun vəkili X2 iştirakı ilə xx.xx.1983-cü ildə Ağdam rayonu Seyidli kəndində anadan olmuş, Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Kərimov X1 şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmədən və qanunla müəyyən edilmiş qaydada üzərindən götürülmədən islah olunmamış, 28 iyun 2005ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən 1-ci siyahının 5-ci bəndinə əsasən şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edildiyi halda, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi 1 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 1,254 qram olan narkotik vasitə heroini əldə edib, əynindəki qara rəngli şalvarının sağ yan cibində saxlayaraq daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 02 mart 2023-cü il tarixdə saat 00:40 radələrində Mingəçevir şəhəri Məshəti küçəsində yolun kənarında saxlanılıb, Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 №-li ünvanda yerləşən Mingəçevir ŞPŞ-yə gətirilərək və həmin tarixdə saat 01:40-dan saat 01:50-dək olan müddət ərzində üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd polietilen bükümün içərisində təmiz çəkisi 1,254 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində bildirdi ki, o, narkotik vasitə olan heroindən əvvəllər də istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə o, Mingəçevir şəhəri Az Dres qəsəbəsi ərazisində olan zaman yolun kənarında yerdə 1 ədəd polietilen büküm olmasını görmüşdür. Həmin bükümü götürüb açanda içərisində narkotik vasitə heroin olmasını müəyyən etmişdir. Daha sonra şəxsi istifadəsi üçün həmin bükümü əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə təxminən saat 00:40 radələrində Az Dress qəsəbəsi Məshəti küçəsində yolun kənarında dayanan zaman polis əməkdaşları ona yaxınlaşmışlar. Özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Mingəçevir şəhər polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinə gəldikdən sonra o, şübhəli şəxs qismində tutulmuş, ona hüquq vəzifələri izah olunmuş, həmçinin dövlət hesabına müdafiəçi ilə təyin olunmaq hüququ izah edilmişdir. O da maddi vəziyyəti zəif olduğu üçün dövlət hesbına müdafiəçi ilə təmin olunması üçün ərizə vermişdir. Daha sonra növbədə olan vəkil X5 ona dövlət hesabına müdafiəçi təyin olunmuş və təqdim olunmuşdur. Müdafiəçiyə və cinayət prosesinin digər iştirakçılarına etirazı olmadığını bildirdikdən sonra polis şöbəsinin inzibati binasında videoçəkilişlə üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı o, əynindəki qara rəngli şalvarın sağ yan cibində saxladığı içərisində narkotik vasitə heroin olan bükümü təqdim etmişdir. Sorğu zamanı həmin bükümün içərisindəki kütlənin narkotik vasitə heroin olmasını, həmin bükümü Mingəçevir şəhəri Az Dress qəsəbəsi ərazisində taparaq əldə etdiyini və satış məqsədi olmadığını, həmin bükümü şəxsi istifadəsi məqsədilə üzərində saxladığını bildirmişdir. Daha sonra həmin kütlə elektron tərəzidə çəkilərək boş zərfdə qablaşdırılmış o da həmin zərfi imzalamışdır. Şəxsi axtarış və götürmə barədə protokol tərtib olunmuş, protokolun doğruluğunu imzası ilə təsdiqləmişdir. Hazırda özü xəstədir və xəstəliyi ilə əlaqədar müalicə alır. Himayəsində üç nəfər az yaşlı uşağı vardır. Etdiyi əməldən peşmandır. Qeyd olunanları nəzərə alıb həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak edə bilməmiş, Şahid1 və Şahid2 məhkəmə iclasında tədqiq edilərək elan olunmuş ifadələrini də, ittihamın mahiyyəti üzrə qanuni həll edilməsi zamanı sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 01:30-da CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Eyni tarixli qərarla təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. İş üzrə tərtib edilmiş xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara şalvarın sağ yan cibindən olan bir ədəd sellofan bükümün içərisində çəkisi 1,76 qram narkotik vasitə - heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş üzrə AR ƏN MEM X4 materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 16/284 №-li rəyinə əsasən, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə...” sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi – 1,254 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsasılanaraq yoxlanıldı və müəyyən olundu ki, heroin “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahının İ bəndinə daxildir. İş üzrə xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınmaq haqqında qərarddan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ekspertizadan sonra ümumi təmiz qalıq çəkisi 1,204 qram narkotik vasitə olan – heroin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Mingəçevir ŞPŞ-nin maddi sübutların saxlanc otağına verilmişdir. İş üzrə xx.xx.2023-cü il tarixli qərarla təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 671 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(051)-121/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdən 02 iyun 2022-ci il tarixədək 2 gün şübhəli şəxs qismində həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması hökm edilmişdir. Cinayət işinə əlavə olunmuş 18 mart 2023-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnaməyə əsasən, Kərimov X1 şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırlması cəzasına məhkum edilmiş məhkumluğu ödənilməmiş şəxsdir. Cinayət işinin materiallarına əlavə edilmiş Mingəçevir şəhər İcra və Probasiya xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cəzasının icrası ilə bağlı qeydiyyata alınmışdır. Cəzasının 1 il 6 ay 02 günü icra olunmuş, 5 ay 24 günü icra olunmamış qalmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Kərimov X1 şəhər Mingəçevir şəhər Qaçqın və Məcburi köçkünlər üçün salınmış 594 mənzilli qəsəbə 4 saylı evin 37 saylı mənzilində yaşadığı müddətdə barəsində heç bir şikayət heç bir şikayət daxil olmamışdır. İşdə olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X8 adlı uşaqları vardır. Mingəçevir şəhər rayonlararası Narkoloji Disponser tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 923 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Mingəçevir şəhər rayonlararası Narkoloji Disponserdə qeydiyyatdır. Mingəçevir şəhər rayonlararası Psixonevroloji Disponser tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 760 saylı arayışdan görünür ki, Kərimov X1 şəhər rayonlararası Psixonevroloji Disponserdə qeydiyyatda durmur. Sübutların qiymətləndirilməsi haqqında 26 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan olunmuş ittiham və həmin tarixdə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvədə saxlanılmış, xx.xx.2023-cü il tarixli protokolla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertizadan sonra təmiz qalıq çəkisi 1,204 qram olan narkotik vasitə heroin maddi sübut, materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/284 saylı, məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 671 saylı rəyləri sübut növü tanınmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökmlə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində az yaşlı uşaqlarının olmasını (CM-nin 59.1-ci), həm ibtidai istintaqın gedişatında, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM-nin 59.2-ci) cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü üzrə olan azadlığın məhdudlaşdırılması cəzasını çəkməkdə davam edir və buna görə də həmin şəxsə cəza tətbiq edərkən hökmləri məcmusu ilə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. İş materiallarında olan hökmün qanuni qüvvəyə minməsinə dair göstərişdən də aydın olduğu kimi Mingəçevir şəhər Məhkəməsinin 1(051)- 121/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünün (Məhkum xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsində qeydiyyata alınmışdır) qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini xx.xx.2023-cü il tarixdə törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu kimi cəza təyin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Mingəçevir şəhər Məhkəməsinin 1(051)-121/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü üzrə məhkumluğu azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətə görə məhkumluq olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətin residivi zamanı nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), daha əvvəl də onun azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması, buna baxmayaraq, yenidən qəsdən eyni cinayət əməlini törətməsi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Mingəçevir şəhər Məhkəməsinin 1(051)-121/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona cəza təyin edilməli (CM-67.1), Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 1 (bir) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutularaq 1 (bir) gün ona təyin edilmiş qəti cəzadan çıxılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin başlanğıcı məhkəmədə həbs edildiyi tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və məhkəmə iclas zalından dərhal həbs edilməli, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ–də məhsul saxlanca verilmiş 1,204 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344– 349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Mingəçevir şəhər Məhkəməsinin 1(051)-121/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş və çəkilməmiş qalan 5 (beş) ay 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 2 (iki) ay 27 (iyirmi yeddi) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona 1 (bir) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlandığı 1 (bir) gün müddət həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər tutularaq 1 (bir) gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 2 (iki) ay 29 (iyirmi doqquz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 28 mart 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-də məsul saxlanca verilmiş, təmiz çəkisi 1,204 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan, 20 (iyirmi) gün müddətinə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №1(051)-12/2024
Mingəçevir Şəhər Məhkəməsi Hökm — İş №1(051)-12/2024
28.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver